Bakıda Azərbaycan və Türkiyə əməkdaşlığının inkişafına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir
Noyabrın 27-də Beynəlxalq Atatürk Düşüncə Təşkilatı (BADT) və Tələt Paşa Komitəsinin təşəbbüsü ilə Bakı dəniz vağzalının konfrans zalında beynəlxalq konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, 14 ölkədən 90-dək nümayəndənin iştirak etdiyi konfrans qondarma \"erməni soyqırımı\", Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, Azərbaycan-Türkiyə əməkdaşlığının və lobbiçiliyin gücləndirilməsi, eləcə də beynəlxalq terrorizmlə mübarizə mövzularına həsr olunmuşdur.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra tədbiri açan Azərbaycan Atatürk Düşüncə Təşkilatının sədri İslam Əliyev Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığın ən yüksək səviyyədə olduğunu bildirərək, ortaq maraqlarımızın təmin edilməsi, eləcə də dünyada qondarma \"erməni soyqırımı\" iddialarının ifşa edilməsi istiqamətində diaspor qurumlarının birgə fəaliyyət göstərməsinin zəruriliyini vurğulamışdır.
Tələt Paşa Komitəsinin nümayəndəsi Cüneyt Akalın, akademik Budaq Budaqov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Svetlana Bayramova, Türkiyə Atatürkçü Düşüncə Dərnəyinin idarə heyətinin üzvü Alparslan İşıklı və digərləri xalqlarımız arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində konfransın əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Sonda konfransın bəyannaməsi
qəbul edilmiş və iki
qurum arasında əməkdaşlıq
müqaviləsi imzalanmışdır.
Azərbaycan.- 2010.- 28 noyabr.- S. 4.