Türkdilli Xəbər Agentlikləri Birliyinin məşvərət toplantısı keçirilmişdir
İstanbulda Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) məşvərət toplantısı keçirilmişdir.
Toplantını giriş sözü ilə açan TKA Baş Məclisinin sədri, AzərTAc-ın baş direktoru Aslan Aslanov bildirmişdir ki, son illər fəaliyyətini intensivləşdirmiş birliyin işində qardaş türkdilli informasiya agentliklərinin iştirakının daha da gücləndirilməsi zəruridir. Dövlətlərimizin başçıları türk dünyasının birliyinin möhkəmlənməsinə böyük diqqət yetirirlər. Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Baş katibliyi Bakıda yerləşən və əlaqələri gündən-günə güclənən bu qurumun fəaliyyəti TKA-ya üzv olan agentliklər tərəfindən daha fəal işıqlandırılmalıdır. Birliyin Baş Məclisinin Qazaxıstanda keçiriləcək növbəti iclasında daimi katibliyin yaradılması və üzvlük haqları məsələsi də gündəliyə salınmalıdır.
Aslan Aslanov təklif etmişdir ki, uzun illər TKA-nın tədbirlərində fəal iştirak etmiş Şimali Kiprin xəbər agentliyinin keçmiş baş direktoru Əmir Ərsoya təşəkkür məktubu hazırlansın.
Anadolu Agentliyinin baş direktoru Hilmi Bengi bildirmişdir ki, türk dünyasının formalaşması konsepsiyasında mühüm rol oynayan TKA-nın fəaliyyəti AzərTAc-ın sədrliyi dövründə daha da güclənmişdir. Biz Baş Məclisin VII iclasının Bakıda keçirilməsinə qayğı göstərən və türk dünyasının birliyi üçün diqqətini əsirgəməyən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümüzü bildiririk.
Qazaxıstanın \"Kazinform\" Agentliyinin baş direktoru Dauren Diyarov Baş Məclisin növbəti iclasına onun rəhbərlik etdiyi agentliyin ev sahibliyi etmək istədiyini bildirmişdir.
Toplantıda çıxış edən Şimali Kiprin TAK Xəbər Agentliyinin baş direktoru Pərihan Əziz, \"Başinform\" Agentliyi baş direktorunun müavini Alik Şakirov, \"Tatar-inform\"un əməkdaşı Dinar Qalibov Baş Məclisin 2008-ci ilin may ayında Bakıda keçirilmiş iclasında TKA-ya tamhüquqlu üzv qəbul olduqlarından məmnunluqlarını bir daha diqqətə çatdırmış və təşkilatın fəaliyyətində daha fəal iştirak edəcəklərini bildirmişlər.
Sonra TKA-nın internet saytının fəaliyyəti ilə bağlı texniki heyətin hesabatı dinlənilmiş və müvafiq təkliflər verilmişdir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.-
2010.- 28 noyabr.- S. 4.