Bu yerlərin dəyişməyən rəngi var

 

Burada dünya öz rəngindədir, heç birini itirməyib. Burada həyat maraqsız, darıxdırıcı və sönük deyil, bir az nağıl kimidir. Yaşamaq, ayaq üstə durmaq üçün bir kimsə o birinin haqqına sahib çıxmır, varına-qazancına göz dikmir. Əksinə, burada camaat bir-birindən dolanır, əlinin zəhməti ilə yaşam mücadiləsi verir, haqqını bilir. Əlbəttə, halallıqla. Sən demə, dünyanın qəbul etdiyi ən ali insan hüquqları haqqında qanunlar, qərarlar halalca yaşamaq deməkmiş.

Payızın qızıl çağıdır burada: heyva ağacının üstündə bir-ikisi qalıb, əzgilin, xurmanın yarpaqları tökülüb. Saysan, hərəsinin üstündə üç-dörd dənəsi ancaq olar. Sakitcə külək əsir, yarpaqlar elə yumşaq, elə usdufca yerə tökülür ki, pıçıltısı iliyə işləyir. Məhz burada dərk edirsən ki, düzgün yaşamaq üçün yeni \"kəşfə\", ya da əlavə rənglər uydurmağa ehtiyac yoxdur. Bütün yaradılan da yalnız insan üçündür. Bircə bunu dərk edə bilsə idik!

Burada insan haqqının tərifi, teoremirahat anlaşılır. O, insan olduğu üçün malik olduğu haqların sahibidir, ya da o, haqqa sahib olmaq üçün savaşır, əlləşib-vuruşur. Dünyanın hər qütbündə, hər küncündə, köşəsində olduğu kimi, bu bir immunitetdir. Demirəm ki, bura ideal bir məkandır, yox, adicə bir kənddir, Ağdamın İmamqulubəyli kəndi.

 

Kənddən bir az aralıda yurd-yuvasını itirmiş o biri kənd camaatı üçün yaşayış məskəni salınıb. Əslində burada yaşam şərtləri daha çətindir. Vətən, yurd həsrəti boğaza dirənib, duz yükü qədər ağırdır. Adamların gözündəki \"öz ev-eşiyimizə, qapı-bacamıza nə vaxt dönəcəyik?\" sualları cavablanmadıqca, bu həsrət daha dərinlərə işləyir. Amma gözlərini, dizlərini nurdan, təpərdən salmır, inamla, ümidlə işıqlı sabahları gözləyir bu sadə, təmkinli, dözümlü insanlar. Birpozulmuş haqq və hüquqlarının bərpasını, işğal olunmuş vətənlərinin qaytarılacağını.

Bir həftəyədək bu nağıla oxşayan kəndin qonağı olduq. Havası çox təmizdir, dumanlı-çiskinli payız sabahlarında şehdən yerə ayaq basmaq olmur. Payız axşamlarını ifadə etməkdə acizəm. Toran qarışanda tarladan dönən qız-gəlinlərin şaqraq səs-küyü, örüşdən gələn mal-qaranın, qoyun-quzunun mələşməsi səslərin əsrarəngiz mənzərəsini yaradır...

Bayram günü səhər obaşdan hər evə qurban payı verdilər. Heç kəs bilmədi ki, bu pay hardandır, kimdəndir. Mərasim televeziya kameraları, xüsusi müxbirlərlə müşayiət olunmurdu. Halallığın şahidə ehtiyacı yoxdur. Nuridə xala alatorandan qaz-hinduşkanı, toyuq-cücəni dənə çağırır. Sanki 160 evlik obanı yuxudan oyadırdı. Çox keçmədən hamı gündəlik vəzifəsini yerinə yetirmək üçün başındaydı. Tayadan ot alıb qoyun-quzuların axurunu dolduran kim, səhər yeməyi üçün samovar qaynadan, süfrə açan kim, malı örüşə aparan kim, payız yarpaqlarının \"xalı hördüyü\" həyət-bacanı süpürən kim. Adama elə gəlir ki, dünyanın ən ali insan hüquqlarını bu adamlar yazıb, sosial ədalət prinsipinə buradaki qədər heç yerdə əməl olunmur. Sabah açılanda günboyu hərə edəcəyini bəri başdan bilir. Burada əməl olunan sosial ədalət prinsipləri, insanların mənəvi azadlığı, özünəgüvəni normativ aktlarla çərçivələnməyib. Söhbətin mövzusu insan hüququ olanda ilk növbədə ağlagələn sosial haqqdır, sosial ədalətdir. Dövlət quruculuğunun əsas prinsiplərindən biri cəmiyyətin sosial durumunun dinamik inkişafıdır. Məqsəd odur ki, vətəndaş dövlətdən asılı, ələbaxım vəziyyətə düşmədən özünün sosial problemlərini həll etsin, dolanışığını özü qursun, rifah içində yaşasın. Əlbəttə, dövlət hər bir vətəndaşına sahib çıxır, hər zaman əhalinin sosial cəhətdən zəif, az müdafiə olunan təbəqəsinin qayğısını üzərinə götürür. İmamqulubəylidə belədir. Bu kənddə hər ailənin 2-3 otaqlı evi, 12 sot torpaq sahəsi, daimi suyu, qazı işığı var. Sərf olunan qaz, su elektrik xərcləri dövlət hesabınadır. Bəlkə paytaxtda mavi qaz o qədər vaxtında təzyiqlə gəlmir, nəinki burada. Bundan başqa, hər evə dördgözlü qaz sobası bağ-bağatı suvarmaq üçün 150 metrlik su borusu da hədiyyə edilib. Gediş-gəliş yolları hamarlanıb, həyətlərə çınqıl-daş tökülüb.

Burada insanlar varlı deyillər, kasıb da yaşamırlar. İcma özünün dolanışıq meyarını elə müəyyənləşdirib ki, başqalarına kömək üçün ehtiyac duymur. Novruz dayı bu kəndin ağsaqqallarındandır. Deyir ki, hamı eyni səviyyədə yaşayır, bir-birinə himayəçidir: \"Yaxşı əməl gündə neçə dəfə üzünü günçıxana, günbatana çevirib ibadət etməklə bitmir. Gərək dara düşəndə özünü itirməyəsən, yaxşı-yaxşı düşünüb çıxış yolu axtarasan, çətinliyə düşənə kömək edəsən. Özümüzü ayaq üstə saxlamaq üçün dövlət bizə gərəkdirsə edib, indi qalır haqqımızı, hüququmuzu vəzifəmizi bilək, yaşayışımızı istədiyimiz kimi qurmağı bacaraq. Mən qarğı şələsini kəndin o başından daşıyıram. Bilirəm ki, bu, qadın, uşaq işi deyil, oğlum sürücüdür, fəhlələri səhər sahəyə aparıb axşam gətirir. Bunu etməliyəm ki, ailəmə köməyim dəysin, yəni yaşımın o çağıdır ki, gücüm buna çatır\".

Novruz dayı tez-tez əlini alnına günlük eləyib Ağdama tərəf baxır: \"Bir neçə gündür ki, səhərlər qatı duman olur, yaxşı görə bilmirəm. Hava açıq olanda dağlarımız, Daş karxanası, Uzundərə, Şahbulaq, Koroğlu qalası, Maqsudlu kəndləri ovuc içi kimi görünür, bala. Şər qarışanda o tərəfə baxa bilmirəm, tək-tük yerlərdə işıq yanır, dünyam dağılır, elə bilirəm düşmən mənə acıq verir. İnşallah, çox keçməz o işığı biz yandırarıq, hamılıqla\".

Bütün kəndlərdə olduğu kimi, erkən oyanmaq vərdişi var bu yurdda. Ev-eşik, qapı-baca sahmana salındıqdan, məktəblilər dərsə yollandıqdan sonra cavan qız-gəlinlər qəsəbənin girəcəyindəki döngəyə toplaşıb maşın gözləyirlər. O biri kəndlərdə pambıq, soğan çuğundur yığmağa gedirlər. Şəfiqə əlli-ayaqlı, işgüzar qadındır. Dan söküləndən toran qarışanadək işləyir. Neçə vaxtdır ki, pambığa soğana gedirmiş, indi çuğundur yığırlar: \"Bu il çoxlu çuğundur əkilib İmişlidəki şəkər zavodu üçün. Mövsüm çatanda pambıq alağına da gedirik. Şükür, pis deyil, əməkhaqqını gündəlik işimizə görə alırıq, bir çox problemlərimizi həll etməyə çatır. edək, ailəmiz, balalarımız, dolanışığımız üçün çalışırıq. Qapımızdaki əkin-biçin qar düşənə qədər əlimizdən tutur. Həyətimizdəki əkənəyin üstündə hələ lobya, bibər, badımcan, göy-göyərti var\".

İnsanlar burada mənəvi cəhətdən azaddırlar, bəlkə belə olmasaydı, rənglər qarışardı, mənzərə gördüklərimiz kimi olmazdı. Qəsəbədə məskunlaşan əhalinin sosial təminatının ödənilməsi üçün zavod, fabrik başqa strukturlar olmasa da, bayaq dediyimiz kimi, vətəndaşlara özlərinin sosial problemlərini həll etmək üçün imkanlar yaradılıb. Mal-qara, ev quşları saxlamaq, torpağı əkib-becərmək üçün hərənin 12 sot sahəsi var. Bazarlıq etmək üçün Quzanlı, Bərdə bazarına ehtiyac qalmır. Solmaz xala deyir ki, bu kənddə çiyələyi ilk dəfə qapıya mən saldım, sonra da hamının qapısında bir-bir əkdim. İndi kəndin yarısının bağçası çiyələklikdi, yazda həm mürəbbəmizi bişiririk, uşaqlarımız yeyir, qalanını da satır, ya da başqa şeylə əvəzləşdiririk: \"Beş-altı ildir bura köçməyimizə baxmayaraq, hamının bağında hər növ meyvə ağacı, əkin-biçini var. Elə evlər var ki, qoz-fındıq mövsümündə xeyli qazanc əldə edir. Yazqabağı calaq alıb əkirik, torpaq bərəkətlidir, yerə düşən bir dən havayı getmir\".

Çox vaxt bazarlaşmada pula ehtiyac olmur, hərə qapısında əkib-becərdiyi, mer-meyvəni, qatığı-südü, pendiri başqa məhsulla dəyişdirir. Xeyir işdə, yas mərasimində hamı bir-birinin yanındadır.

Yalçının peşəsi dərzilikdir. Dolanışığı da camaatdandır, müştəri ilə qiymət danışmır. Kim versə, \"Allah cibinə bərəkət versin\", - deyir: \"Birinə gödəkcə, birinə kostyum tikirəm ya təzə aldığı paltarın əyər-əskiyini düzəldirəm. Hamımız qohum-qonşuyuq, kimə demək olar ki, mən bunu beş manata yox, baha tikirəm. Bəzən birinin pulu olmayanda toyuq-cücə, yumurta gətirir, ya da heç gətirmir. Başa düşüb yola verməliyik. Əkin vaxtı gələndə hamı bir-birinə yardım edir ki, heç kimin torpağı boş qalmasın. Bəzən əvvəlcə birinin, sonra o birinin həyətini təpir, arat edir, toxum səpir, şitil basdırırıq ki, azuqəsini toplasın.

Qənirə xala şəhid Nofəl Məmmədovun anasıdır. Həyat yoldaşı Musa müəllim oğlundan sonra çox yaşamayıb. Dörd uşağı Qənirə xala tək böyüdüb, oxudub. Böyük oğlu ilə qızı ailəlidir, Bakıda yaşayırlar: \"Bir dəfə bilmirəm hansısa xarici ölkədən beynəlxalq təşkilatların nümayəndələri gəlmişdi. Şəhid anası kimi məni danışdırdı. Soruşdu ki, sənin huquqlarını kimlər pozur, məmurlar çoxmu incidir səni, evdə ərin döyürmü? Cavab verdim ki, mənim hüququmu sizlər pozursunuz, terrorçuları müdafiə edib bizi vətənsiz qoymusunuz! Ərim ölüb, sayənizdə oğlum şəhid olandan sonra atası dözmədi! Onlara dedim ki, insan haqqına hörməti, dəyəri görmək, öyrənmək istəyirsinizsə BMT-yə, Cenevrəyə getməyin, gəlin bu saf insanlardan öyrənin, görün insan hüququ nədir, necə qorunur və kimlər tərəfindən pozulur! Axırıncı gəlişləri oldu, daha buralara dönmədilər\".

Qloballaşan dünyada insan hüquqları, haqları nə qədər universallaşsa da, milli-siyasi mədəniyyətin ayrılmaz hissəsidir. Bütün haqqhüquqlar xalqın və millətin daşıdığı milli dəyərlərin sintezindən formalaşır. Başqa cür mümkündeyil. Bu kənddə gördüklərimiz insan haqlarının necə qorunduğunun ən bariz tablosudur. İnsanlar burada qarşılıqlı anlaşma və mehribanlıq şəraitində yaşayırlar. Bir-birinin haqqına hörmət etməklə, eyni zamanda, özlərinin hüquqlarını bilərək yaşamaq uğrunda mücadilə aparırlar. Ələbaxımlıqdan uzaq, umacaqsız! Bu, onların həyatında, məişətində güzgü kimi görünür. Hər sabah əllərini günlük edib həsrətlə boylandıqları vətəni qorumaq üçünhaqq savaşına hazırdırlar bu kəramətli adamlar.

 

 

 

 

Azərbaycan.- 2010.- 28 noyabr.- S. 5.