bp kəndli gənclərin
biliklərə və peşələrə yiyələnməsinə
dəstək verir
bp şirkəti Azərbaycanda bir sıra iri neft-qaz və ixrac layihələrinə əməliyyatçılıq etməklə yanaşı, həm də genişmiqyaslı sosial proqramlar həyata keçirir. Həmin proqramlar müxtəlif illərdə ayrı-ayrı adlar altında reallaşsa da, məqsədləri eynidir. Onlar bir qayda olaraq davamlı iqtisadi inkişafa dəstək vermək, sosial infrastrukturu təzələmək, kiçik və orta sahibkarlığın daha da irəliləyişinə kömək etmək kimi məqsədlər daşıyır.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və \"Şahdəniz\" qazını daşıyan Cənubi Qafqaz Boru Kəmərinin keçdiyi ərazilərdə yerinə yetirilən \"Davamlı İnkişaf Təşəbbüsləri\" adlı geniş proqram da bu qəbildəndir. Sözügedən proqram tərtib olunarkən kənddə böyüyən gənc nəsil də yaddan çıxmayıb. Başqa sözlə, bp Azərbaycan uşaqlarının və gənclərinin dostu olduğunu bir daha təsdiqləyib. Şirkətin əməkdaşlarından və jurnalistlərdən ibarət qrup BTC və CQBK boyunca yerləşən bölgələrə səfər zamanı həmin ərazilərin uşaqlarına və gənclərinə dəstəyin əyani şahidi oldular.
Goranboy rayonunun Qurbanzadə kəndinin uşaqları cari dərs ilinin əvvəlindən bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə tikilmiş yeni məktəbdə təhsil alırlar. Təhsil ocağının tikintisinə yönəldilmiş 104059 manat ümumi vəsaitin 67820 manatını bp və tərəfdaşları ödəyib. Kənd icmasının üzvü Almaz Bayramova söylədi ki, bp-nin Qurbanzadə camaatı ilə dostluğu xeyli vaxtdır davam edir. Şirkətin və tərəfdaşlarının köməyi ilə kəndarası yollar təmir edilib, icma mərkəzi tikilib, artezian quyuları qazılıb və s. Məktəb binasının tikilməsi də icmanın təşəbbüsü ilə baş verib və kənd sakinləri övladlarına bu töhfənin ərsəyə gəlməsində iştirakı olan bütün təşkilatlara öz minnətdarlıqlarını bildirirlər.
Şəmkir rayonunun Dəllər Cəyir kənd orta məktəbində isə bp və tərəfdaşları qazanxana və istilik sisteminin quraşdırılmasına dəstək veriblər. İndiyə qədər qış aylarında sinif otaqlarını isitmək problemə çevrilirdi. Sobalar odunla qalanırdı. Bəzən sinfi tüstü bürüyürdü. Keçən ilin noyabr ayından isə qazanxananın tikilməsinə və istilik sisteminin quraşdırılmasına başlandı. İşlər bu ilin avqust ayında sona çatdırıldı. Sonra sistem sınaqdan keçirildi və nəticədə aydın oldu ki, cəmi iki saat müddətinə binanın tam qızdırılması mümkündür.
Bu sistemin əhəmiyyəti böyükdür. Belə ki, qış aylarında müəllim və şagirdlər arasında xəstələnmə halları azalacaq, dərsə davamiyyət artacaq, müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsinə imkan yaranacaq.
bp uşaqların və gənclərin təkcə biliklər əldə etməsinə deyil, peşə yönümünə, hətta müxtəlif peşələrə yiyələnməsinə də kömək göstərir. \"Usta yanında şagird\" proqramı ilə Azərbaycanın bölgələrində onlarla gənc peşəyə yiyələnib. Onlar həm insanlara xidmət edir, həm də öz dolanışıqlarını təmin edirlər.
Tovuz rayonunun Düz Qırıxlı kəndində biz bp-nin dəstəyi ilə əmək fəaliyyətinə başlamış bir gənclə tanış olduq. O, bərbər Zöhrab Abbasovdur. Zöhrabın cəmi 17 yaşı var. Amma artıq peşəyə də yiyələnib, özü üçün xudmani, rahat bərbərxana da açıb.
Bu, Düz Qırıxlı kəndində cari il martın 15-dən iyunun 30-dək keçirilmiş \"Usta yanında şagird\" proqramının nəticəsində mümkün olub. Bu proqrama əsasən, 17-30 yaşlarında 14 nəfər gənc kurslara cəlb edilib. Yəni, onlara müxtəlif peşələrə yiyələnmək üçün hazırlıq kursları keçirilib. Kurslar kompüter biliklərinin qazanılmasını, mobil telefon, avtomühərrik təmirçisi, bərbər, diş texniki kimi peşələrin öyrənilməsini əhatə edib. Bundan sonra gənclər biznes planlarının hazırlanması üzrə sınağa çəkilib. Müsabiqədə qalib gələn Zöhrab Abbasova qrant verilib. Həmin qrant hesabına gənc bərbər iş otağı üçün kreslo, şkaf, güzgü, stol və iki stul əldə edib.
Öyrəndik ki, həmin proqram üzrə daha bir gənc diş texniki peşəsinə yiyələnib və hazırda Bakı şəhərində fəaliyyət göstərir.
Biz bp və tərəfdaşlarının BTC boyu ərazilərdə həyata keçirdiyi sosial layihələrin yalnız bir qismini gördük və onlardan söhbət açdıq. Əslində isə onlar çoxdur. Əsasən mikrolayihələr adlandırılsa da, onların əhəmiyyəti və gətirdyi fayda böyükdür. Təsadüfi deyil ki, bp və tərəfdaşları bu layihələrin uğurunu Azərbaycanda gördükləri böyük işlərdə qazandıqları müvəffəqiyyətlərin bir hissəsi kimi dəyərləndirirlər.
F.Sadıqlı
Azərbaycan.- 2010.- 28 noyabr.- S. 5.