Azərbaycan xalçası YUNESKO-nun
qeyri-maddi mədəni irs siyahısına daxil olub
Bu nağılı çoxumuz bilirik. Mövzuya giriş kimi yenidən yada salmalı olduq. Qədim zamanlarda şah oğlu bir gözəl qıza elçi düşür. Qız çox ağıllı və uzaqgörən imiş. Onu var-dövlət maraqlandırmırmış. Bu səbəbdən də oğlandan soruşur ki, hansı sənətin sahibisən? Şah oğlu təəccüblə deyir: \"Nə sənət, məgər taxt-tac, mal-mülk, şahlıq, bütün bu büsatlar mənim deyilmi?\" Qız etiraz edərək deyir: \"Var-dövlət gəldi-gedərdi. İnsanın peşəsi, sənəti, işi-gücü olmalıdır\". Qızın ağıllı sözləri və həm də qənirsiz gözəlliyi şah oğlunu məcbur edir ki, tez zaman ərzində bir sənət sahibi olsun. Beləliklə, o, xalça toxumağı öyrənir.
Bu hadisədən çox illər keçir. Bir dəfə gəzinti zamanı şah oğlu yadellilər tərəfindən əsir götürülür. O, zindanda olarkən qəsbkarlara bildirir ki, xalçaçıdır. Əgər ona icazə versələr və istədiyi məmulatları alsalar, o, xalça toxumaqla həmin insanlara daha çox xeyir verər. Beləliklə, zindanda toxuduğu xalçanı özlərinin əyalətində satmağı təklif edir. Təbii ki, o xalçalarda müəyyən işarələr vasitəsilə yerini, yurdunu nişan verir. Beləliklə, xalça şah sarayına gəlib çıxır. Xanım xalçanı görən kimi işarəsi anlayır. Bununla da şah oğlu dustaqlıqdan xilas olur. Çox ibrətamiz hadisədir. Həqiqətən də xalçaçılıq şahlıqdan ucada dayanır.
Mənbələrdə göstərilir ki,
xalçanın ilk vətəni qədim Misir olub. Sonralar oradan bütün
dünyaya yayılıb. Əslində, xalça sənətinin
meydana gəlməsi Şərq xalqlarının mədəni
nailiyyətlərindən xəbər verir.
Azərbaycanda
da xalçaçılığın tarixi çox qədimdir.
Onun ilk nümunələrinin meydana gəldiyi dövr
eramızdan xeyli əvvələ təsadüf edir. Ölkədə
aparılan qazıntılar zamanı üzə çıxan
bir sıra hana hissələri, xalça və palaz
qalıqları təsdiqləyir ki,
xalçaçılıq çox qədimdən Azərbaycan
məişətində əsas yerlərdən birini tutub. Təəssüf
ki, zaman-zaman müxtəlif işğalçıların
basqınlarına məruz qalan vətənimizdə bir
çox maddi sərvətlər kimi,
xalça-palazımız da qarət edilərək çox
uzaq ölkələrə aparılıb.
\"Azərbaycan
etnoqrafiyası\" adlı kitabın
\"Xalçaçılıq\" bölümündə
göstərilir: \"Orta əsrlərdə Azərbaycanda
xalça istehsalı artıq kütləvi şəkil
almışdı. Azərbaycan şəhərlərində
geniş çeşiddə xalça-palaz məmulatı
toxunurdu. Monqol hücumlarından çox əvvəl
xalça-palaz toxuculuğu spesifik istehsal texnikasına malik
olub ənənəvi yun toxuculuğunda ilk bəsit əmək
bölgüsünü əks etdirirdi\". Tarixi faktlar təsdiqləyir
ki, o zaman monqollar Azərbaycandan minlərlə xalça qarət
edib aparmışlar.
Mütəxəssislərin
fikrincə, Azərbaycanda dörd böyük
xalçaçılıq məktəbi olub: Təbriz,
Quba-Şirvan, Qarabağ və Gəncə. Bu məktəblərin
də hər birinin özünəməxsus istehsal məktəbləri
və rəngbərəng çeşniləri olub. Bizə elə
gəlir ki, burada Naxçıvan
xalçaçılığının da özünəməxsus
yeri var. Çünki Naxçıvan xalçaçılarının
toxuduğu müxtəlif xalça məmulatlarında həm
bu məktəblərin hər birinin təsiri, həm də
özəl çeşnilərin, təkrarsız
naxışların mövcudluğu inkaredilməzdir.
Xalçaya
təkcə bəzək əşyası kimi yox, həm də
evə istilik gətirən, gözəllik bəxş edən
dekorativ-tətbiqi sənətin ən zəngin sahəsi kimi
baxılıb. Ondan təkcə yaşayış evlərinin
səliqə-sahmanında deyil, həm də lap qədimdən
ictimai binaların döşəmə və divarlarında bədii
tərtibat yaratmaq üçün istifadə edilib. Xüsusilə
də bölgələrdə qızların xalça-palaz toxuması
çox vacib sayılıb. Uzun qış gecələrində
nənələrin məhəbbətlə qurduğu hanalarda
qız-gəlinlərin ürəyindən süzülüb gələn
naxışların min bir rəngi nəinki evdən-evə, həm
də eldən-elə sevinc, etibar daşıyıb.
Maddi mənəvi
sərvətlərimiz əsrlər boyu yurdumuza
şan-şöhrət gətirsə də, bəlalarımız
da az olmayıb. Şəki Xan sarayının,
Şirvanşahların, Naxçıvandakı Xan evinin, bir
sıra məbədlərin, malikanələrin
xalça-palazları qarətçilər tərəfindən
aparılıb. Londonun Viktoriya və Albert muzeyində
nümayiş etdirilən məşhur \"Şeyx Səfi\"
xalçasının 500 ildən artıq yaşı var. Təbriz
xalçaçılıq məktəbinin nümunələrindən
olan digər iki xalçamız da - \"Dörd fəsil\"
və \"Ov səhnəsi\" Nyu-Yorkun Metropoliten muzeyində
nümayiş etdirilir. Bəzən dəhşətə gəlirsən
ki, Qarabağ xalçaçılığının tipik
nümunəsi olan və XVII əsrdə toxunmuş
\"Qoca\" adlı çeşni Nyu-Yorkun Metropoliten muzeyinə
necə gedib çıxıb? Ümumiyyətlə,
Qarabağda toxunan və nənələrimizin məhz bu yerlərə
məxsus çeşniləri ilə möhürlənən
nəbati naxışlı, güllü, göllü
xalçaları dünyanın neçə-neçə
muzeyində, qalereyasında nümayiş etdirilir. Məsələn,
Drezden Şəkil Qalereyasında Qarabağda toxunmuş
\"Bağçada güllər\", Tiflis şəhərində
\"Balıq\" çeşnili xalçalar
saxlanmaqdadır. Bizə məlum olanlar bunlardır. Kim bilir,
xarici ölkə vətəndaşlarının şəxsi
kolleksiyalarında, evlərində Azərbaycan
xalçaçılarının hələ qədim
dövrlərdə toxuduqları neçə sənət
nümunəsi öz beşiyinə boylana-boylana qalıb.
Azərbaycan
xalçaları böyük bir dəryanı, ümmanı
xatırladır. Vaxtilə insafsızcasına qarət edilsə
də, bu gün böyük ürəklə pay verilsə də,
bitib-tükənmir. Qarət vəhşilikdir. Bu cür əldə
edilən hər bir maddi sərvətin üstündə
öz halal sahibinin gözü var. Bağışlamaq isə
hədiyyədir, sahibinin səxavətindən, böyük
ürək sahibi olmasından xəbər verir. Bu mənada Azərbaycan
xalçalarının xoş sorağı dünyanı
bürüyüb. Rəsmi görüşlərdə,
müxtəlif tədbirlərdə Azərbaycan
xalçaçılarının böyük məhəbbətlə
araya-ərsəyə gətirdikləri müxtəlif
kompozisiyalı, butalı, naxışlı xalçalar
yüksək səviyyədə hədiyyə edilir. Əcnəbilər
bizim milli xalçalarımıza vurğun kəsilirlər.
Min illər boyu da belə idi, indi də. Əgər Şərq
bütövlükdə xalçaçılığın təşəkkülündə,
təkamülündə əsas rol oynayıbsa, onun
aparıcı qüvvəsi məhz Azərbaycandır. Hələ
XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizin
elə bir bölgəsi yoxdur ki, orada
xalçaçılıq güclü şəkildə
inkişaf etməmiş olsun. Hətta
xalçaçılığın mərkəzləri var
idi. Quba, Bakı, Şamaxı, Göyçay, Şuşa,
Laçın, Cəbrayıl, Qubadlı, Qarakilsə, Zaqatala və
sairə. Xalçalar haqqında müxtəlif
nağıllar, dastanlar yaranıb. Ornamentli, süjetli
xalça qrupları daha çox məşhur olub.
Çeşni rəngarəngliyi, bəzək məziyyətləri,
texnoloji xüsusiyyətləri, nəbati motivli ornamentləri,
klassik naxışları ilə fərqlənən Azərbaycan
xalçaları uzun əsrlər inkişaf yolu keçərək
dövrümüzə qədər gəlib
çıxıb. Bu günlərdə dünyaya yayılan
bir məlumat bizim qürur və sevincimizi daha da
artırdı. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə
Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan
xalçası bu mötəbər qurumun mədəni irs
siyahısına daxil edilib. Bu, Azərbaycan mədəniyyətinin
növbəti uğurudur.
Yadımıza
bədnam qonşularımızın milli-mənəvi sərvətlərimizə
yönəlmiş acgöz hərəkətləri
düşdü. Ötən əsrin ortalarında onlar Ermənistan
adlanan ərazidə azərbaycanlıların
yaşadığı qəsəbə və kəndləri gəzərək
çox hiyləgərcəsinə bəd əməllərini
həyata keçirirdilər. Ya pul, ya da fabrikdə toxunmuş
təzə xalçaları sadə, ürəyigeniş
soydaşlarımıza təklif edərək köhnə, qədim
xalçaları onların əllərindən
alırdılar. Yadımdadır, uşaq vaxtı qoca nənəmdən
qalmış klassik bir xalçanı apararaq təzə
xalçaya dəyişmişdim. Məsləhətləşməmiş
etdiyim bu naşı hərəkətə görə
anamın danlağını indi də ürəkağrısı
ilə xatırlayıram. Kimsənin ağlına gəlmirdi
ki, bizim köhnə, rəngi solmuş
saydığımız çox qədim xalçaları
sonralar ermənilər müxtəlif müzeylərdə
öz adlarına çıxaraq nümayiş etdirəcəklər.
İndi
Azərbaycan xalçasının YUNESKO-nun Mədəni
İrs Siyahısına daxil edilməsi məhz bir ədalətsizliyə
də son qoyacaq. Daha ermənilər bizim
xalçalarımızı dünyaya öz adları ilə
çıxara bilməyəcəklər. Çünki Azərbaycan
xalçalarının kimə məxsusluğunu təsdiqləyən
pasportu - kataloq və lazımi sənədləri beynəlxalq
şəkildə təsdiq edilib.
Azərbaycan
xalçalarının bu gün dünyanı dolaşan
xoş sorağında Heydər Əliyev Fondunun böyük
xidməti var. Məhz bu Fondun təşəbbüsü ilə
Böyük Britaniyanın London şəhərində təşkil
olunan \"Azərbaycan: uçan xalçalarla nağıllar
aləminə\" sərgisi bir daha Azərbaycan
xalçalarının gözəlliyini,
orijinallığını, nəfis naxışlarla diqqət
çəkən əfsunluğunu Avropaya yaydı.
Heydər
Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri
Leyla Əliyevanın sərginin açılışı
zamanı söylədiyi fikirlər qonaqların diqqətini
çəkdi: \"Azərbaycan xalçaları bütün
Avropada məşhur olmuşdur. Bu heç də təsadüfi
deyildir. Çünki Azərbaycan əfsanəvi İpək
yolu üzərində yerləşir. Bu yol isə təkcə
ticarət yolu deyil, eyni zamanda dəyərlərin və mədəniyyətlərin
mübadiləsi üçün geniş bir dəhliz idi. Min
il əvvəl olduğu kimi, Azərbaycan bu gün də hər
bir qonağa açıq ölkədirE\"
Böyük
Britaniyanın mədəniyyət naziri Ed Veyzi sərgiyə
baxaraq öz təəssüratlarını heyrətli bir ifadə
ilə dilə gətirmişdi: \"Azərbaycan
xalçaları əsrarəngizdir\".
Əslində,
Azərbaycan xalçalarının Londonda təntənəli
nümayişi əsl xalça bayramına çevrildi. Bu rəngarəng
aləm bir daha xalqımızın milli kimliyini, arzu və istəklərini
naxışların, ornamentlərin dili ilə tərcüməsiz,
şərhsiz seyrçilərə çatdırdı.
Bu da
faktdır ki, hələ qədim zamanlarda Azərbaycana gələn
xarici ölkə səyyahları da öz xatirələrində,
qələmə aldıqları salnamələrdə Azərbaycan
xalçaçıları barədə də öz fikirlərini
yazırdılar. Hətta bir çox Avropa rəssamları
öz tablolarında Azərbaycan xalçalarında olan təsvirlərdən,
işləmələrdən istifadə ediblər. Bu gün
Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyi fəaliyyət göstərir. Bu muzeyin
fondlarında müxtəlif növ çeşnidə
xalçalar qorunur. Azərbaycanda xalçaçılıq məktəbi
özünün inkişaf dövrünü yaşayır.
\"Azərilmə\" MMC-nin yaradılması isə
xalçaçılıq sənətinin yeni mərhələyə
qədəm qoyduğundan xəbər verir. Ölkə
başçısı cənab İlham Əliyevin sərəncamı
ilə orijinal memarlığı ilə diqqəti çəkən
Xalça Muzeyi binasının tikilməsi bu nadir və
gözəl sənət növünə dövlətimizin
qayğısından xəbər verir. Azərbaycan mədəniyyətinin
yorulmaz təbliğatçısı və böyük hamisi
kimi məşhurlaşan Heydər Əliyev Fondunun həyata
keçirdiyi layihələrdə isə
xalçalarımızın milli və dünyəvi dəyəri
daha da artmaqdadır.
Flora XƏLİLZADƏ
Azərbaycan.-
2010.- 28 noyabr.- S. 6