Müasir geosiyasətin mükəmməl elmi-nəzəri tədqiqi

Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara adekvat cavab verməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən siyasət yeritməsindən bilavasitə asılıdır. Təcrübə göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridən, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, coğrafi məkan münasibətlərindən irəli gələn problemləri düzgün dəyərləndirən dövlətlər tez bir zamanda qarşıya qoyduqları məqsədlərə yetişə bilirlər.

 

Ərazisinə, iqtisadi və hərbi qüdrətinə rəğmən, müasir dövrdə bütün dövlətlər yerləşdikləri regionun əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmağa, milli maraqlarını maksimum səmərəli realizə etməyə çalışırlar. Xarici siyasətin bu hədəflər üzərində gerçəkləşdirilməsi isə təkcə dövlətlərin iqtisadi qüdrəti, zəngin təbii ehtiyatları, coğrafi-siyasi yerləşməsi ilə şərtlənmir. Diplomatik fəaliyyətin effektivliyi, sadəcə, ayrı-ayrı ölkələrin daxili və xarici siyasətinin liberal xarakteri - hamılıqla qəbul olunmuş demokratik dəyərlərə tolerant münasibəti, beynəlxalq sülh və təhlükəsizliyə layiqli töfhə verməsi, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləməsi ilə də ölçülmür. Bu sahədə müsbət nəticələri təmin edən vacib amillərdən biri də dövlətlərin yerləşdikləri coğrafi məkana münasibətlərini adekvat dəyərləndirmək imkanları ilə bağlıdır. Başqa sözlə, yerləşdiyi coğrafi məkanın təbii sərvətlərini, iqtisadi potensialını, tranzit-kommunikasiya imkanlarını, habelə qonşu ölkələrlə münasibətlərinin hazırkı vəziyyətinin durumunu, gələcək inkişaf perspektivlərini, subregional inteqrasiyasi meyillərini və digər amilləri nəzərə almadan çevik və səmərəli diplomatiyadan danışmaq mümkün deyildir.

Dövlətlərin uzunmüddətli milli maraqları, məkan xarakteristikası və bu əsasda yürütdüyü xarici siyasət arasındakı qarşılıqlı əlaqələr isə müasir dövrdə məhz geosiyasət elmi vasitəsilə tədqiq olunur. Bu mənada, geosiyasət həm də dövlətlərin coğrafi-siyasi maraqları əsasında formalaşan, mürəkkəb struktura malik olan münasibətlər sistemi kimi xarakterizə olunur. Geosiyasət hər bir dövlətin beynəlxalq münasibətlər sistemindəki yerini - onun yerləşdiyi coğrafi məkanı, ərazisini, təbii sərvətlərini, iqtisadi-hərbi gücünü, əhalisinin sayını, demokratik inkişaf səviyyəsini, əmək resurslarını, qonşularla münasibətlərini və digər mühüm amilləri öyrənən elm sahəsi kimi ötən əsrin birinci yarısında formalaşmışdır.

Açıq demək lazımdır ki, keçmiş İttifaq dövründə geosiyasət müstəqil elm sahəsi kimi tədqiq olunmamış, eyni zamanda, dövlətlər arasındakı geosiyasi münasibətlər sırf "soyuq müharibə" dövrünün ideoloji qəlibləri prizmasından təhlil edilmişdir. Respublikamız müstəqillik qazandıqdan sonrakı dövrdə isə bu sahədə aparılan elmi tədqiqatlar müəyyən mənada səthi və pərakəndə təsir bağışlamış, Azərbaycan dilində geosiyasət mövzusunda dərsliklər olmamışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun yeni çapdan çıxmış "Geosiyasət" kitabı bu istiqamətdə ilk fundamental, sistemli araşdırma olmaqla, nəzəri-politoloji səviyyəsi, aktuallığı, fakt zənginliyi, ensiklopedik səciyyə daşıması ilə diqqəti çəkir. "Aypara-3" nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş əsərlə qısaca tanışlıq belə, onun geosiyasət mövzusunda sanballı nəşr - dərs vəsaiti olduğunu əminliklə söyləməyə ciddi əsaslar verir.

Gərgin elmi axtarışların, dərin təhlil və ümumiləşdirmələrin nəticəsi kimi ərsəyə gəlmiş kitabda geosiyasətin müstəqil elm sahəsi kimi yaranması, əsas anlayışlarının formalaşması və inkişafının tarixşünaslığına nəzər salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqoriyaları, aktorları ilə bağlı klassik geosiyasət xadimlərinin, müasir tədqiqatçıların baxışları təhlil olunur. Müxtəlif dövrləri, fərqli geosiyasi məktəbləri təmsil edən siyasətşünasların elmi nəzəriyyələri araşdırılaraq qarşılıqlı şəkildə müqayisə olunur. Əsərdə, həmçinin orta əsrlərdən başlayaraq müasir dövrə qədər dünyada cərəyan edən əsas geosiyasi hadisələr, planetin geosiyasi xarakteristikası, geosiyasi güc mərkəzləri və onlar arasındakı münasibətlər tədqiq olunur. Qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxış, milli dövlət maraqları uğrunda mübarizə, yeni dünya nizamı, bəşəriyyəti təhdid edən amillər, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti, perspektivləri haqqında əsərdə geniş məlumat verilir, oxucunun geosiyasi biliklərini, təsəvvür və anlayışlarını dərinləşdirən materiallar təqdim olunur.

Qloballaşma və demokratikləşmə tendensiyasının geniş vüsət aldığı müasir dövrdə geosiyasət elminin nəzəri-praktik əhəmiyyəti əsaslı dərəcədə yüksəlmişdir. Bu nöqteyi-nəzərdən hazırda siyasətşünasların, tarixçilərin və politoloqların qarşısında duran mühüm vəzifələrdən biri də müasir dünya dövlətlərinin geosiyasi maraqlarını dərindən öyrənərək, buna nəzərən yeni dünya nizamının xarakterini, qarşılıqlı əlaqələrin inkişaf prioritetlərini müəyyənləşdirməkdir. Bu istiqamətdə sanballı elmi tədqiqatların aparılması həm də beynəlxalq münasibətlərin perspektiv mənzərəsini proqnozlaşdırmaq, futuroloji təhlillər aparmaq baxımından vacibdir. Son illərdə müasir beynəlxalq münasibətlər sisteminin tədqiqi sahəsində sanballı, biri-birindən maraqlı politoloji tədqiqatların müəllifi kimi tanınan tarix elmləri doktoru, professor Əli Həsənov "Geosiyasət" əsərində bu vəzifənin öhdəsindən də uğurla gəlmişdir.

XIX fəsildən ibarət dərslikdə beynəlxalq münasibətlər sisteminin mühüm elementi olan geosiyasət anlayışına tarixi və müasir aspektdən nəzər salınmış, onun predmeti, tədqiq obyekti araşdırılmış, elm sahəsi kimi əhəmiyyəti, aktuallığı əsaslandırılmışdır. Dərs vəsaitinin hazırlanması zamanı Azərbaycanın, eləcə də bir çox xarici ölkə alimlərinin və mütəxəssislərin əsərlərinə istinad olunmuş, elmi ümumiləşdirmələr aparılmış, dəyərli nəticələr çıxarılmışdır. Bu və digər məziyyətlərinə görə yeni kitab respublikada geosiyasi münasibətlərin nəzəri-konseptual əsaslarına həsr olunmuş mükəmməl tədqiqat nümunəsi kimi qiymətləndirilməlidir.

Tanınmış alim kitabın giriş hissəsində tədqiqatın elmi aktuallığını onunla izah edir ki, sürətlə inkişaf edən, dəyişən və qloballaşan dünyada bəşəriyyəti təhdid edən hadisə və proseslər geniş geosiyasi təhlilə, qlobal düşüncəyə və peşəkar tədqiqata söykənən elmi cavabını gözləyir. Geosiyasətçi alim V.A.Derqaçovdan iqtibas gətirən müəllif yazır ki, elmi-tərəqqinin zəfər dövrü kimi səciyyələnən XX əsr bəşəriyyəti düşündürən və narahat edən, hər bir ölkəyə gələcəyini məntiqi elmi əsaslarla planlaşdırmağa imkan verən universal elm sahəsi yarada bilməmişdir. Fəqət, SSRİ-nin dağılması və sosializm düşərgəsinin süqutundan sonra müstəqillik əldə edərək beynəlxalq münasibətlərin subyektinə çevrilmiş dövlətlərdə müxtəlif geosiyasi mərkəzlər geniş tədqiqatlar apararaq özlərinin milli təhlükəsizlik məsələlərinin həlli, milli maraq dairələrinin və hədəflərinin qorunması, təhlükəsizlik doktrinalarının yaradılması və s. strateji vəzifələrin reallaşdırılması zərurəti ilə üzləşmişlər. Məhz bu zərurət hər bir ölkənin siyasi və elmi dairələrindən, müvafiq rəsmi strukturlarından geniş geosiyasi tədqiqatların, strateji araşdırmaların aparılmasını tələb edir.

Əsərin giriş hissəsində həmçinin vurğulanır ki, müasir dövrdə geosiyasət elminin əsas vəzifəsi həm də beynəlxalq siyasətdə müxtəlif açıq və qapalı cəmiyyətləri dəyərləndirmək, fərqli iqtisadi-sosial, ekoloji, dini, mədəni vəziyyəti olan ölkələrdə qarşılıqlı əlaqələri düzgün planlaşdırmaq və münasibətlər yaratmaq baxımından hər bir dövlətin ali rəhbərlərində, siyasi və ictimai xadimlərdə, idarəçilik, hərbi təhlükəsizlik və strateji planlama ilə məşğul olan məmurlarda, bir sözlə, milli elitada geosiyasi düşüncə yaratmaqdan, geosiyasi təfəkkürü inkişaf etdirməkdən ibarətdir.

Əsərin "Geosiyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyasi ideya və nəzəriyyələrinin tarixşünaslığı" adlanan birinci fəslində planetin XIX əsrə qədərki ilkin geosiyasi ideya və mənbələrinin qısa tarixşünaslığına nəzər salınır, qədim Çin və Hindistanın, yunanların və romalıların geosiyasi təlimləri, ərəb dünyasının qədim geosiyasi konsepsiyaları təhlil olunur. Müəllif araşdırmalarının nəticəsi olaraq yazır ki, qədim dünyanın filosof, səyyah və tarixçilərindən tutmuş, XVI-XIX əsrlərin strateq dövlət başçıları və onların ətrafındakı intellektual mütəfəkkirlərə qədər - hər kəs yaşadığı ölkə və ərazinin təbii, coğrafi, tarixi, mədəni, hərbi və geosiyasi məsələlərini öyrənir, cəmiyyət həyatını planlaşdırır, idarə edir, qonşularla bu və ya digər münasibətlər qurur, ünsiyyətə daxil olurdu. Sadəcə, həmin dövrdə bu fəaliyyəti ümumiləşdirən və elmi əsaslarla formalaşdıran geosiyasət adlı elmi mərkəzlər yox idi. Coğrafi amillərin və təbii hadisələrin beynəlxalq siyasətə, dövlətlərin fəaliyyətinə təsirinin öyrənilməsi müvafiq olaraq geosiyasi tədqiqatların və nəzəriyyələrin intensivləşməsinə təkan versə də, həmin dövrdə bu tədqiqatlar əsasən, digər elmlərin - fəlsəfə, tarix, coğrafiya, hərbi strategiya və s. çərçivəsində aparılırdı. Bütün bunlarla yanaşı, tarix elmləri doktoru, professor Əli Həsənov qeyd edir ki, qədim dünyada geosiyasi problemlərə maraq təsadüfi deyil, bir çox obyektiv proseslərin təsiri altında yaranmışdır. Müəllif bu fəsildə geosiyasət elmi ilə bağlı ilk baxışların formalaşmasında antik yunan mütəfəkkirləri - Miletli Falesin, Anaksimandrın, Herodotun, Fukididin, Platonun, Aristotelin xidmətlərini önə çəkir. Qədim Romanın - Mark Siseron, Strabon, Avreliy Avqustin kimi görkəmli alimlərinin geosiyasətlə bağlı düşüncələri, eyni zamanda, orta əsrlərin geosiyasət nəzəriyyəçilərinin araşdırmaları barədə məlumat verir.

Əsərin "Klassik geosiyasət: XIX əsrin ikinci-XX əsrin birinci yarısında Qərb geosiyasi məktəblərinin əsas ideya və nəzəriyyələri" fəslində kontinental Avropa, ingilis-amerikan klassik geosiyasət məktəbinin yaranması, xarakteristikası, əsas nəzəriyyələri haqqında ətraflı məlumat verilir. Müəllif yazır ki, XIX əsrin II yarısından başlayaraq dünyanın bəzi ölkələrində milli geosiyasət məktəbləri yaranmış və öz ərazilərinin, qonşu torpaqlarının, ətraf ölkələrin məkan və insan resurslarını, təbii-coğrafi xüsusiyyətlərini, planetin maddi və mənəvi zənginliklərini öyrənməyə başlamışlar. "Məhz bu dövrdən tədqiqatçılar geosiyasətçiləri milli və dövlət mənsubiyyətindən, təlqin etdikləri ideya və nəzəriyyələrin yönündən, hansı dövlətin maraqlarını əks etdirməsindən asılı olaraq müxtəlif qruplara ayırmışdılar. Bunların içərisində ən çox yayılanı və ən məşhurları: klassik Avropa kontinental məktəbi; ingilis-amerikan Atlantik mərkəzləri; Rusiya, Çin, Yaponiya və b. imperiya dövlətlərinin ayrı-ayrı geosiyasət mərkəzləri və müasir dünyada mövcud olan digər ideya məktəbləri hesab olunur. Bu mərkəzlərin hər biri müxtəlif milli və dövlət maraqlarına əsaslanan meyarlara söykənərək, planetin mühüm geosiyasi, hərbi, geostrateji və siyasi məsələlərini tədqiq etmiş və etməkdədirlər" - deyə müəllif kitabın II fəslində vurğulayır.

Əsərin "İkinci dünya müharibəsi dövründə əsas iştirakçı dövlətlərin geosiyasi konsepsiyaları və hədəfləri" adlanan III fəsli Almaniya, Yaponiya, SSRİ, Böyük Britaniya və ABŞ-ın geosiyasətinə, "XX əsrin ikinci yarısı və müasir dövrdə Qərb ölkələrinin geosiyasəti" fəsli isə Avropa kontinental və ingilis-amerikan Atlantik geosiyasətinin xarakteristikasına, əsas konsepsiya və nəzəriyyələrinə həsr olunmuşdur. "Rusiya geosiyasət məktəbi: formalaşması, nəzəri mənbələri, xarakterik xüsusiyyətləri və əsas konsepsiyaları" adlanan V fəsildə isə Rusiya geosiyasət məktəbindən bəhs edilir, rus alimlərinin orta əsr və yeni dövr geosiyasi nəzəriyyələri təhlil olunur.

VI fəsil isə "Türklərin geosiyasi baxışları və nəzəriyyələri" adlanır. Burada osmanlı türklərinin, habelə Türkiyə Cümhuriyyətinin banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün geosiyasi baxışları barədə ətraflı məlumat verilir. Bundan başqa, Türkiyənin "soyuq müharibə" dövründəki və müasir geosiyasətinə elmi rakursdan nəzər salınır, müqayisə və ümumiləşdirmələr, təhlillər aparılır. Tarix elmləri doktoru, professor Əli Həsənov müasir Türkiyə geosiyasətində müəyyən dəyişikliklərin müşahidə olunduğunu da haqlı olaraq qeyd edir: "Son beş ildə Türkiyənin dövlət, o cümlədən xarici siyasətində müəyyən geosiyasi xətt dəyişikliyi müşahidə olunmaqdadır. Xüsusən, AKP (Adalet və Kalkınma Partiyası) təkbaşına hakimiyyətə gələndən sonra Türkiyə dünyada və bölgədə bir qədər fərqli, daha müstəqil geosiyasi xətt yürütməyə cəhd göstərir, öz milli maraqlarının təmin olunmasını, xarici ölkələrlə, beynəlxalq geosiyasi aktorlarla münasibətlərini, özünün bu və digər siyasi addımlarını əvvəlki illərdə olduğu kimi, "NATO və ABŞ-ın nizam-intizamlı və sözəbaxan tərəfdarı" kimi deyil, "müstəqil dünya statusu" ilə reallaşdırmağa çalışır".

Əsərin "Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları" adlanan VII fəslində nəzəri məsələlərin araşdırılmasına daha çox diqqət ayrılmışdır. Bu fəsildə geosiyasət anlayışı, onun obyekti, predmeti, kateqoriyaları, funksiyaları, tədqiqat metodları, aktorları, habelə geosiyasətdə məkan təsəvvürü və məkan praktikası kimi məsələlər geniş izah olunmuşdur. Professor Əli Həsənovun qənaətincə, müasir dünyanın geosiyasi strukturunun əsaslarını və xarakteristikasını, qloballaşan və transmilliləşən dünyada dövlətlərarası münasibətlərin tənzimlənməsini, milli və dövlət maraqlarının tarazlığını, nizamını, dinamizmini, beynəlxalq və regional inteqrasiya proseslərini yalnız geosiyasi anlayışların, kateqoriyaların dəqiq, hərtərəfli qavranılması və təsnifatı yolu ilə həyata keçirmək mümkündür. Geosiyasət siyasi institutların, ilk növbədə, dövlət və dövlət birliklərinin məkan ərazisinə nəzarətinin əsaslarını, imkanlarını, forma və mexanizmlərini öyrənir. Onun kateqoriyaları geosiyasi məkanın xarakteristikasının, strukturunun və inkişaf dinamikasının müxtəlif aspektlərini əks etdirərək, çətin və mürəkkəb geosiyasi məsələlərin qavranılmasında tədqiqatçılar üçün açar rolunu oynayır. Müasir geosiyasət ənənəvi tədqiqat obyektləri ilə yanaşı, ayrı-ayrı dövlət və dövlət birliklərinin dünyadakı çoxşaxəli transmilli nəqliyyat-kommunikasiya vasitələrinə, əlverişli məkanlara, planetin maddi və mənəvi resurslarına təsir və nəzarət imkanlarını, bütün həyati sahələr üzrə dövlətin təhlükəsizliyini, milli maraqlarını və s. məsələləri tədqiq etməyə başlayır. Müəllif vurğulayır ki, geosiyasətin predmetinə həm keçmişdə, həm də müasir dövrdə bir qayda olaraq dünya və regional problemlərin həllində geosiyasi subyektlər arasındakı qarşılıqlı münasibətləri aid edirlər.

Əsərin "Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrlər və modellər" adlanan VIII fəslində dünyanın geosiyasi strukturunun formalaşması xüsusiyyətləri, dünya sisteminin təsnifatı, bu strukturun dövrləri və xarakterik xüsusiyyətlərinə diqqət yetirilir. Nəhayət, "Müasir dünya sistemi və onun geosiyasi reallıqları" adlı IX fəsildə isə müasir dünya sisteminin xarakteristikası verilir, yeni geosiyasi meyillər sadalanır, dünyanın iqtisadi həyatının inkişafından, dövlətlərin geoiqtisadi maraqlarından, dünya siyasi məkanının qloballaşmasından və suveren dövlətlərin hüquqlarından danışılır, dünya informasiya məkanından söz açılır.

Tarix elmləri doktoru, professor Əli Həsənovun gərgin zəhməti hesabına ərsəyə gəlmiş "Geosiyasət" dərsliyi müasir beynəlxalq münasibətlərin əsas elementi kimi çıxış edən geosiyasət anlayışının obyektiv qavranılması və nəzəri-politoloji aspektlərinin öyrənilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Ümidvarıq ki, geosiyasət anlayışı barədə kifayət qədər dolğun elmi təsəvvür formalaşdıran kitab təkcə siyasətşünas, tarixçi və filosoflarda deyil, ümumilikdə, milli intellektual elitada böyük maraq doğuracaqdır.

 

Alış QASIMOV,

Bakı Dövlət Universitetinin kafedra müdiri,

hüquq elmləri doktoru, professor

Azərbaycan.- 2010.- 30 noyabr.- S.5.