Əbədiyaşarlıq zirvəsi fəth edən dirijor

 

Xalqımızın dünya mədəniyyəti və incəsənətinə bəxş etdiyi istedadlı və unudulmaz simalardan biri dirijor və bəstəkar, özünün ifaçılıq fəaliyyəti ilə Azərbaycanın musiqi tarixində böyük rol oynamış Niyazi Zülfüqar oğlu Hacıbəylidir. O, dahi bəstəkar Üzeyir bəyin böyük qardaşı Züfüqar bəyin oğlu idi.

Niyazi dühası bütün musiqi dəyərləndiricilərinin qəlbini fəth etmişdi. Dahi bəstəkar Qara Qarayevdən tutmuş konservatoriya tələbələrinədək hamı Niyazini maestro deyə çağırırdı.

Niyazi Avropa və Asiya ölkələrinin bir çoxunda dinləyicilərin intəhasız sevgisini qazanmışdı. Ən müxtəlif musiqi janrlarında yazılmış əsərlərin bədii ideya məzmununa dərindən nüfuz edə bildiyinə görə ifa etdiyi əsərlərin mürəkkəb konsepsiyasını və üslub xüsusiyyətlərini ətraflı açıqlamaqla dinləyiciləri məftun qoyurdu. Buna görə də onun adı dünya ölkələrinin çox görkəmli dirijorlarının adları ilə bir sırada çəkilir.

Niyazi bütün həyatı boyu Azərbaycan bəstəkarlarının yeni əsərlərinin ilk ifaçısı, ilk interpretatoru idi. Qara Qarayevin, Cövdət Hacıyevin, Arif Məlikovun əsərlərinin dərinliyini və bədii ifadəliliyini dinləyicilərə tam genişliyi ilə çatdırırdı. Fikrət Əmirovun, Soltan Hacıbəyovun əsərləri Niyazinin ifasında tam parlaqlığı və incə çalar genişliyi ilə səslənirdi.

1970-ci ildə Fikrət Əmirovun yazdığı \"Portretlər\" adlı yeddihissəli vokal-simfonik poemada milli incəsənətin görkəmli şəxsiyyətlərinin - dramaturq Cəfər Cabbarlının, müğənni Bülbülün, şair Səməd Vurğunun, bəstəkar Üzeyir Hacıbəylinin və dirijor Niyazinin musiqi vasitəsilə obrazları əks olunmuşdur. Müəllif əsərin ideyasını şərh edərkən istedadlı dirijor Niyazinin musiqi portreti haqqında danışaraq belə demişdi: \"Azərbaycan bəstəkarlarının az əsəri tapılar ki, çox istedadlı dirijor Niyazi onlara həyat vəsiqəsi verməsin. Bu istedadlı ustadın yaradıcılıq simasını mən orkestr skersosu formasında açmağa çalışmışam. Ona görə ki, mən bu skersoda orkestr pultu arxasında dayanan Niyazini görə bilmişəm. Bu musiqi hissəsinin məğzinə bəstəkar Niyazinin əsərlərinin intonasiyası hopmuşdur\".

Niyazinin fantastik musiqi duyumu var idi. O, notlarda əks olunmuş bütün səs uyarlıqlarını düzgün fərqləndirə bilirdi. Elə olurdu ki, bəzi müəlliflər məşq zamanı orkestr səslərindəki qələtləri tutmaqda çətinlik çəkirdilər. Belə bəstəkarlara maestro yarızarafat deyirdi: \"Siz musiqi bəstələmisiniz, yaxud ancaq not işarələrini yazmısınız\".

Onun çox fenomenal musiqi yaddaşı var idi. Partituranı ötəri nəzərdən keçirərkən sanki not vərəqlərinin bir-birinin ardınca fotosunu çəkirdi. Bu xüsusiyyəti ona partituranı kitab kimi oxumaq imkanı verirdi. Auditoriyaya və ifaçılara təsir göstərmək qabiliyyətinə malik dirijorlara mənsub sənətkar idi. Müəllif mətninə, xüsusilə də klassik bəstəkarların mətnlərinə çox hörmətlə yanaşırdı, ifaçılardan orijinalın ruhuna riayət olunmasını qətiyyətlə tələb edirdi. Buna baxmayaraq, keyfiyyətin yaxşılaşması naminə öz həmkarlarının əsərlərində düzəlişlər də edirdi.

O həm də eruditliyi ilə başqalarından fərqlənirdi. Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının üzvü kimi məqalələrin yüksək elmi səviyyədə hazırlanması üçün qüvvəsini əsirgəmirdi. Şən və hazırcavablığı, incə yumoru, adamlarla ünsiyyət yaratmaq bacarığı ilə redaksiya əməkdaşlarının rəğbətini qazanmışdı. Bu dahilik səviyyəsinə yüksəlmiş böyük şəxsiyyət çox sadə və mehriban adam idi. Özünü elə aparırdı ki, tərəf-müqabilləri onun böyük şöhrət sahibi olduğunu az qala unudurdular. Uzaq keçmişdə şahidi olduğu hadisələri maraqla danışırdı. Bir dəfə mənə başına gələn bir əhvalatı danışdı: \"Günlərin birində nənəm Şirin xanım (Üzeyir bəyin anası) mənim fortepiano çaldığımı görüb bu musiqi alətində \"Heyratı\" çalmağımı istədi və dedi ki, \"Heyratı\" havasına oynamaq istəyir. Nənəmin istəyini dərhal yerinə yetirərək \"Heyratı\" çalan kimi o, oynamağa başladı. Mən onun oynamağına baxa bilmədiyimə görə, indinin indisində də heyifsilənirəm. Axı \"Heyratı\" ritmik muğamdır, rəqs havası deyil. Görəsən, nənəm onu mənə məlum olmayan hansı rəqs üslubunda oynadı, ritmi necə tutdu? Heyif ki, görmədim və bilmədim. İndi əlimdən təəssüflənməkdən savayı heç nə gəlmir\".

Maestro həm də Allah adamı idi. Danışırdı ki, xarici ölkələrin konsert salonlarında dirijor pultu arxasına keçəndən sonra nəzərlərimi Allah dərgahına yönəldib ürəyimdə deyirəm: \"Allahım, mənə kömək ol ki, xalqımın, Vətənimin adını uca saxlaya bilim, çalğım uğurlu olsun ki, Vətənimə alnıaçıq, fəxrlə dönüm\".

Niyazi Azərbaycan musiqisinə dərindən nüfuz etməklə çox nümunəvi ifa qabiliyyəti nümayiş etdirir, çaldığı əsərin başlıca ideyasını diqqətə çatdıra bilirdi. Fikrət Əmirovun muğamlarını və özünün \"Rast\" muğamını, Qara Qarayevin \"İldırımlı yollarla\" baletindən süitanı böyük ruh yüksəkliyi ilə ifa edirdi.

Bir dəfə çox təcrübəli konsertmeyster Anisim Aleksandroviç Berlin məşqlərin birindən sonra Niyazinin əlini əlinə alıb demişdi: \"Baxın, maestronun xariqələr yaradan qızıl əllərinə\".

Niyazi bəstəkarlıq və dirijorluq fəaliyyəti ilə yanaşı, böyük vətənpərvər maarifçi idi. Deyirdi ki, bütün Şərq aləmində ilk dəfə milli opera yaradan, müasir simfonik və balet əsərləri ilə bir çox Avropa ölkələrini ötüb keçən Azərbaycan xalqı özünün yüksək intellektual səviyyəsinə görə bütün müsəlman ölkələri xalqlarına nümunədir.

Buna görə də çalışırdı ki, Azərbaycan bəstəkarlarının yaratdıqları simfonik əsərləri başqa xalqlarla yanaşı, respublikanın bölgələrində yaşayan sadə adamlara dinlətməyi və başa düşməyi öyrətsin. Azərbaycanın elə bir şəhər və rayonu yox idi ki, Niyazi orada konsert verməsin. O, Fransaya qastrol səfərindən qayıdandan sonra istedadlı musiqi nəzəriyyəçisi və yazıçı Kərim Kərimovu evinə dəvət edib Azərbaycanın cənub rayonlarına simfonik orkestrlə getmək arzusunu bildirmişdi. Kərim Kərimov həmin konsertlərdə bir mühazirəçi kimi çıxış etməli idi. Niyazi ona mühazirələrə ciddi hazırlaşmasını tapşırmışdı. Kərimov az qala Niyaziyə \"Maestro, siz nə qəribə adamsınız, belə yorucu xarici səfərdən sonra Monte Karlonun gözəl kurortlarında istirahət etmək əvəzinə, respublikamızın ən isti rayonlarına getmək istəyirsiniz\" - demək istəmiş, amma susmağı lazım bilmişdi. Qastrol səfəri bir ay çəkməli, Salyandan başlayıb Astarada başa çatmalı idi. Qastrol səfərinə simfonik orkestrin altmış nəfər musiqiçisinin və müğənnilərdən Lütfiyar İmanovla Sona Aslanovanın qatılması nəzərdə tutulmuşdu. Musiqiçilər gedən avtobusu maestroya böyük hörmət əlaməti olaraq Ələt stansiyasına qədər iki nəfər avtomobil müfəttişi müşayiət etmişdi. Konsertləri uğurla keçən orkestr üzvləri Bakıya qayıdarkən maestro bir tarla düşərgəsinin yanında avtomobili saxlatdırıb düşəndən sonra orkestrantlar da düşüb artezian quyusunun suyundan içmişdilər. Yol kənarının yaxınlığında üstü şiferlə örtülmüş talvar maestronun diqqətini çəkmişdi. Niyazi aşpaz qadına yaxınlaşıb kimin üçün yemək hazırladığını soruşmuşdu. Qadın cavab vermişdi ki, Səməd Vurğun adına kolxozun pambıqçı qızları üçün xörək hazırlayır.

Niyazi pambıqyığan qızlara tərəf baxıb \"Görəsən, indi neçə dərəcə isti olar? - deyə soruşmuşdu. Lütfiyar İmanov: \"Azı 40 dərəcə\", - deyə cavab vermişdi. Maestro dərindən ah çəkərək \"bu qızlar əsl əmək qəhrəmanlarıdır\", - demişdi. Sonra da bütün musiqiçilərə öz alətlərini götürüb tarla məntəqəsinə gəlmələrini tapşırmışdı. Musiqiçilər bir yerə yığışandan sonra Niyazi elan etmişdi ki, musiqiçilər vaxt itirmədən tarla düşərgəsində pambıqçı qızlar üçün konsert verəcəklər.

Zərb alətləri, arfa və kontrabas çalanlar avtomobilin açıq banının üstündə oturmuşdular. Digər musiqiçilər isə avtomobilin ətrafında yer almışdılar. Orkestr \"Koroğlu\" operasının uvertürasını çalmağa başlayanda pambıqçı qızlar səsə axışıb gəlmişdilər. Onlar orkestrantların ətrafına düzülüb təəccüblə musiqi alətlərinə baxmağa başlamışdılar. Aşpaz qadın maşındakı litavranı göstərərək Kərim Kərimovdan soruşmuşdu: \"Ay qardaş, bu qazanı haradan almısınız, yerini deyin, biz də alaq. Yoxşa qazanımız kiçikdir, bütün manqalar üçün şorba bişirə bilmirəm\".

Qızlar gülməyə başlayanda aşpaz qadın pərtliyini gizlətməyərək: \"Görməmişəm, bilmirəm\", - demişdi.

Kərim Kərimov danışırdı ki, orkestr Niyazinin dirijorluğu ilə Üzeyir bəyin qızmar günəş altında \"Koroğlu\" operasının uvertürasını çalmağa başlayanda musiqiçilərin heç biri Niyazinin belə böyük ilhamla dirijorluq etdiyini xatırlamırdı. Adama elə gəlirdi ki, o, tarla düşərgəsində yox, dünyanın ən böyük konsert salonlarının birində, ən mötəbər dinləyicilərinin qarşısında çıxış edir. Sonra orkestr \"Leyli və Məcnun\" operasının uvertürasını, \"Arazbarı\"\" və \"Qaytağı\"nı notsuz çalmışdı. Lütfiyar İmanov Səid Rüstəmovun \"Sürəyya\" mahnısını oxuyanda qızların gözləri sevincdən yaşarmışdı.

Konsert qurtarandan sonra Niyazi pambıqçı qızlardan soruşmuşdu ki, hərəsi gündə neçə kiloqram pambıq yığa bilir. Manqa başçısı demişdi ki, 30 kiloqramdan 90 kiloqramadək. Niyazi pambıqçı qızlara müraciətlə \"indi siz əyləşib nahar edin, musiqiçilər sizin yerinizə pambıq yığacaq\". Musiqiçilər tarlaya səpələnəndən sonra Niyazi də belinə önlük bağlayıb həyat yoldaşı Həcər xanımla pambıq yığmağa girişmişdi. Yarım saat keçəndən sonra musiqiçilər adambaşına yüz qram pambıq yığıb tər içində, bellərini tuta-tuta düşərgədə yığdıqları məhsulu çəkdirəndən sonra məlum olmuşdu ki, orkestrin bütün üzvləri Niyazi ilə birlikdə üç kiloqram pambıq yığmışlar.

1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin təşəbbüsü ilə partiya funksionerləri üçün filarmoniyada simfonik konsertlər təşkil edilirdi. Konsertlərin təşkili Niyaziyə həvalə olunmuşdu. Dinləyicilərə Çaykovskinin fortepiano və orkestr üçün 1 nömrəli konserti, Raxmaninovun 2 nömərəli fortepiano konserti və digər asan qavranılan musiqi əsərləri təqdim olunurdu. Partiya funksionerlərinin bu tədbirdən yayınmamaları üçün birinci katib özü də konsertlərə müntəzəm gəlirdi. Niyazi konsertlər haqqında giriş mühazirələri oxunulması üçün Moskvadan Rusiyanın əməkdar incəsənət xadimi, musiqi tənqidçisi Janna Dozorsevanı Bakıya dəvət etmişdi. Orkestr ifaya başlamazdan əvvəl Dozorseva səhnəyə çıxaraq bu və ya digər əsər barədə məlumat verir, sonra Niyazi orkestri dilləndirirdi. Məqsəd simfonik əsərlərin xəbərsiz partiya funksionerlərini heç olmazsa, incəsənət nümunələrindən azacıq da olsa baş çıxartmaq səviyyəsinə qaldırmaq idi.

Orkestrin bədii rəhbəri və baş dirijoru Niyazi Vətən övladlarının demək olar ki, hamısının Avropa musiqisi ilə tanış olması üçün filarmoniyada klassik rus və Avropa bəstəkarlarının seçilmiş simfonik əsərlərindən ibarət silsilə konsertlər təşkil edir, həmin konsertlər üçün birillik abonement kitabçaları nəşr etdirirdi. Həmin kitablar Elmlər Akademiyasının əməkdaşları, Bakının ali və orta təhsil məktəblərinin müəllim və tələbələri arasında yayılırdı. Belə konsertlərin proqramına bir konsert mövsümündə Bethovenin doqquz simfoniyası, Çaykovskinin altı simfoniyası, Motsartın və Verdinin məşhur \"Rekviem\"i və başqa əsərləri daxil edilmişdi. Konsertlərin birinci hissəsində bu əsərlərdən biri, ikinci hissədə isə Azərbaycan bəstəkarlarının yeni simfonik əsərləri ilk dəfə ifa olunurdu. Həmin konsertlərdə Niyazi ilə yanaşı, dünyanın görkəmli dirijorları - Aleksandr Qauk, Yevgeni Mravinski, Nikolay Anosov, Kirill Kondraşin, Kurt Zanderlinq, Leo Ginzburq dirijorluq edirdilər. Konsertlərin əvvəlində musiqi tənqidçisi Kərim Kərimov rus dilində giriş mühazirəsi oxuyur və hər ifa olunan əsərə annotasiya verirdi. Abonement konsertlərində filarmoniyanın geniş salonu həmişə dinləyici ilə dolu olurdu. O vaxtlar Niyazinin bədii rəhbər və baş dirijoru olduğu Azərbaycan Dövlət Simfonik Orkestri keçmiş Sovetlər İttifaqının ən güclü musiqi kollektivi hesab edilirdi. Orkestrin simli qrupunda Bəhram Məmmədzadə, Azad Əliyev, Nazim Rzayev, Rauf Əhmədov, violençel çalanlar Sabir Əliyev, Davud Qədimov, Fərhəng Quluzadə, arfa çalanlar Aida Abdullayeva, Sima Xəlilova, kontrabas çalan İlyas Hüseynov və digər ustad sənətkarlar fəaliyyət göstərirdi.

Azərbaycan Dövlət Simfonik Orkestrinin nəfəs alətləri qrupu Avropa orkestrləri içərisində də ən güclü qrup sayılırdı. Orkestrdə truba çalanlar Kərim Babayev, Elşad Əfəndiyev, trombon çalanlar Ağakərim Əliyev, Şamil Qurbanov, voltorna çalan Rəşid Cəfərov, klarnet çalan Qulam Səmədov, Zeynal Yəhyayev, fleyta çalan Ələkbər İskəndərov, qoboy çalanlar Fuad Sadıqbəyov, Rasim Cəfərov, faqot çalan Alxaz Əliyev və başqa istedadlı azərbaycanlı musiqiçilər əsl sənət nümunələri göstərirdilər.

Musiqi mədəniyyətinin fəal təbliğçisi olan Niyazi həm də Azərbaycanda bir sıra musiqi festivallarının təşkilatçısı olmuşdu. O, inqilabi mahnıların birinci ümumittifaq festivalının keçirilməsini reallaşdırmışdı. Niyazi Cənubi Qafqazın simfonik orkestrləri festivalını da təşkil etmişdi, Bəstəkarlar İttifaqı plenumlarında və qurultaylarında bütün proqramların, çıxışların təşkilatçısı idi.

Niyazinin əməyi yüksək qiymətləndirilmişdi. O, SSRİ-nin xalq artisti, SSRİ-nin və Azərbaycan SSR-in Dövlət mükafatları laureatı adlarına layiq görülmüşdü. 70 illiyi ilə əlaqədar 1982-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi.

O, bir müddət (1961-1962-ci illərdə) Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru olmuş, Arif Məlikovun \"Məhəbbət əfsanəsi\" baletini həmin dövrdə tamaşaya qoymuşdu. Leninqradın rütubətli havası səhhətinə pis təsir etdiyindən dirijorluq fəaliyyətini uzun müddət davam etdirə bilməmiş, Bakıya qayıtmışdı. Niyazi təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də - İranda, Çexoslovakiyada, Macarıstanda, Fransada, İngiltərədə, Çində, Hindistanda, Monqolustanda, Almaniyada və digər ölkələrdə də məşhur dirijor kimi tanınırdı. O, Çexoslovakiyanın Bela Bartok medalına, Karl-Marks-Ştadt şəhərinin medalına, Hindistanın Cavahirləl Nehru mükafatına və digər mükafatlara layiq görülmüşdü.

Onun Türkiyə ilə sıx əlaqələri var idi. Türkiyədə P.Çaykovskinin \"Yevgeni Onegin\", \"Qaratoxmaq qadın\" operalarına, Jorj Bizenin \"Karmen\" operasına, türk bəstəkarı Adnan Sayqunun \"Koroğlu\" operasına dirijorluq etmişdi. Niyazi 1978-ci ildə Türkiyəyə növbəti səfərdən qayıdandan sonra \"Simfonik orkestr üçün türk miniatürləri\"ni bəstələmişdi.

1942-ci ildə Mikayıl Rəfilinin librettosu əsasında \"Xosrov və Şirin\" lirik-romantik kamera operasını yazmışdı. 1949-cu ildə yazdığı \"Rast\" simfonik muğamı bəstəkar-dirijora böyük şöhrət qazandırmışdı.

Ötən əsrin 50-ci illərində bəstəkarın yaradıcılığında məişət və estrada janrına meyil özünü göstərmişdi. O, Rauf Hacıyev ilə birlikdə \"Kolxoz suitası\"nı (1953-cü ildə), 1954-cü ildə isə özünün \"Konsert vals\"ını , \"Uşaq xoru və simfonik orkestr üçün suita\"sını yazmış, bir sıra xalq mahnılarını (\"Çal oyna\", \"Qara gözlər\" və s.) işləmişdi.

Niyazinin ötən əsrin 60-cı illərində Kuybışev Opera və Balet Teatrının sifarişi ilə Hindistanın görkəmli yazıçısı Rabindranat Taqorun ədəbi-musiqi yaradıcılığı motivləri əsasında yazdığı \"Çitra\" baleti\" (1962-ci il) incəsənət sahəsində əlamətdar hadisə kimi dəyərləndirilmişdi. 1970-ci ildə Niyazi həmin baletin musiqisi əsasında suita ərsəyə gətirmişdi.

Niyazi 1938-ci ildən Üzeyir Hacıbyov (Hacıbəyli) adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru kimi fəaliyyət göstərirdi və həmin ildən də Azərbaycan Milli Opera və Balet Teatrının direktoru işləyirdi. \"Zaqatala süitası\" adlı ilk irihəcmli simfonik əsərini yazmışdı. Həmin əsər illərin bəstəkar yaradıcılığının ən yaxşı əsərlərindən biri idi.

Azərbaycanın dirijorluq məktəbinin təşəkkül tapması, inkişaf etməsi Niyazinin adı ilə bağlıdır. O, Azərbaycan xalqının qəlbində dərin iz buraxmış, ölkənin ən istedadlı dirijoru və bəstəkarı kimi sevilmiş, əbədiyaşarlıq zirvəsini fəth etmişdir.

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2010.- 28 noyabr.- S. 7.