Dastanlarda izi qalan ustad
Azərbaycan aşıq ədəbiyyatının dərin qatlarının üzə çıxmasında elmi və ədəbi ictimaiyyətin ayrı-ayrı nümayəndələrinin müstəsna xidmətləri var. Bu əvəzedilməz sərvətin toplanıb dünya ədəbiyyatı inciləri sırasına qovuşması istiqamətində müstəqil dövlətimizin yürütdüyü mədəniyyət siyasəti ilə yanaşı, Heydər Əliyev Fondunun da həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət daşıyır. Aşıq sənətinin YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsi bu sahənin inkişafına yeni, həm də beynəlxalq təkan verdi.
Dastan və nağıl dilli ozanlarımızdan bizlərə, sonrakı nəsillərə qalan yadigarlar təkcə sənət nümunələri deyil, həm də onların ardıcıllarıdır. Aşıqlar arasında da belə ünlü sənətkarlar həmişə diqqət çəkib. Dədə Qorquddan bugünümüzədək yol gəlmiş ozan-aşıq sənəti böyük türk dünyasına bir çox kamil sənətkarlar, ölməz ustadlar, yaradıcı aşıqlar bəxş edib. Bu ilin oktyabrında respublikamızda I Beynəlxalq Aşıq Festivalının keçirilməsi də bir daha adıçəkilən ulu ozan sənətinin unikal milli sərvət olduğunu ortaya qoydu. Çünki milli-mənəvi sərvətlər xalqın tarixi keçmişini, onun zəngin mədəni irsə malik olduğunu təsdiqləyən faktlardandır.
Ozan-aşıq sənətinin kamil ustadlarından sayılan Hüseyn Bozalqanlı da unudulmaz el aşıqlarından biri olub. Tovuzun Bozalqanlı kəndində dünyaya gəlmiş Hüseyn çox erkən yaşlarından ərəb və fars dillərini mükəmməl öyrənərək mədrəsə təhsili almışdır. Hələ 12 yaşında ikən qafiyəli danışan və şeirlər qoşan Hüseyn cəmi üç ay ustad yanında (onun Aşıq Məmmədqulunun sevimli şəyirdlərindən biri olması barədə xeyli məlumat əldə edilib) şəyirdlik məktəbi keçmişdir. Bu müddət bəs edib ki, o, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər kimi azman saz-söz sənətkarlarının sırasında layiqli yer tutsun. Belə sənətkarlar isə haqq aşığı kimi tanınıblar.
Sazı sinəsində, sözü köksündə elləri dolaşan aşıq Hüseyn Bozalqanlı hələ sağlığında təkcə Azərbaycanın ayrı-ayrı mahallarında deyil, İranda, Türkiyədə və digər qonşu ölkələrdə də tanınmışdır. \"Qırmızı\" rədifli qoşmasında aşıq özü də buna işarə etmişdir:
Aşıq Hüseyn telli sazı əlində,
Hər suala cavabı var dilində.
Adı bəlli Azərbaycan elində,
Dolanmışam hər obanı qırmızı.
Aşıq Hüseyn Bozalqanlı irsinin toplanıb nəşr edilməsi təkcə onun yaradıcılığına deyil, klassik aşıq ədəbiyyatı nümunələrinin qorunub saxlanmasına və gələcək nəsillərə çatdırılmasına dövlət qayğısının bariz nümunəsidir. Onu da qeyd edək ki, indiyə kimi aşığın beş kitabı işıq üzü görmüşdür.
Bozalqanlı Aşıq Hüseynin yaradıcılığında vətənpərvərlik, torpağa, yurda, anaya məhəbbət əsas mövzu olmuşdur. Göyçə-Qazax-Tovuz-Gəncə, bir sözlə, qərb aşıq məktəbinin klassiklərindən sayılan Hüseyn Bozalqanlını heç də ötəri yerə dastan yaradıcısı və yaşadıcısı adlandırmamışlar. O, \"Koroğlu\" dastanının bilicisi olduğundan, \"Koroğlunun Toqat səfəri\", \"Bağdad səfəri\", \"Həmzənin Qıratı aparması\", \"Koroğlunun vuruşması\" və s. dilindən lentə alınmışdır. Aşıq Hüseyn Bozalqanlı özü də bir neçə dastanın (\"Tanrıverdi\", \"Nəriman\", \"Xanlar\", \"Hacı Tağı\", \"Aşıq Hüseynin Tiflis səfəri\") müəllifi olmuşdur.
Atası Məşədi Cəfərqulu kimi, o da dövrünün təkcə saz-söz sənətkarı deyil, el-oba təəssübkeşi, comərdliyi ilə yadda qalmışdır. Deyişmələr zamanı heç vaxt irəli keçməyən aşıq bununla tərəf-müqabilinin nəyə qadir olduğunu öyrənir və beləliklə, ona ustadcasına qalib gələrmiş.
Aşıq Hüseyn Bozalqanlı Dədə Ələsgərə çox yaxın olmuşdur. Tədqiqatçılar söyləyirlər ki, fitri istedadına görə, Aşıq Ələsgər onun xətrini çox istəyirmiş
Qurbani, Abbas Tufarqanlı, Vaqif kimi ölməz sənətkarların ədəbi irsindən fərqlənən Hüseyn Bozalqanlının aşıq poeziyasının bütün formalarında yaratdığı şeirlər (gözəlləmələr, müxəmməslər, divanilər, təcnislər, qoşma və gəraylılar, dodaqdəyməzlərE) bu gün də el sənətkarlarının dilinin əzbəridir.
Bu məşhur el sənətkarı təkcə aşıqlığı ilə deyil, ictimaiyyətin də tanınmış simalarından biri kimi həmişə diqqət mərkəzində olmuşdur. Ona görə də öz dövrünün tarixi şəxsiyyətləri ilə daim ünsiyyət qurmuş və onların məhəbbətlərini qazanmışdır. 1917-1922-ci illərdə Həmid Sultanovun tapşırığı ilə Aşıq Hüseyn, Aşıq Mirzə və Xəyyat Mirzədən ibarət aşıqlar məclisi təşkil edilərmiş. Metex qalasında həbsdə olarkən Nəriman Nərimanovla yaxından tanışılğı ona \"Qoca Şərqin Nərimanı gəlirmi?\" şeirini və \"Nəriman\" dastanını yazmağa sövq etmişdır.
Aşıq sənətinin vurğunu Səməd Vurğunun Hüseyn Bozalqanlını \"Əli qılınclı şair\" adlandırması heç də təsadüfi deyildi. Bədahətən şeir deməkdə pərgar olan aşıq Şərqin klassiklərindən Sədi Şirazini, Firdovsini, M.Füzulini, N.Gəncəvini əzbər söyləyərmiş. Satira janrına daim üstünlük verən, bunu özünün müxəmməslərində təsdiqləyən H.Bozalqanlı M.Ə.Sabirin əsərlərini sevə-sevə mənimsəmişdir. Onun \"Geri dur\" müxəmməsi də məhz bu qəbildən olan yaradıcılıq nümunələrindəndir. 1940-cı ildə qələmə aldığı \"Bilin\" adlı müxəmməsi buna parlaq misaldır:
Səhər durur kolxozçular,
Tarlaya kotan aparır.
Qəprətivə gələn malı
Kölgədə yatan aparır.
Növbədəki durub baxır,
Qarzınka atan aparır.
Artıq çıxan qazanc pullar
Özünə cibistandı, bilin!
Aşıq Hüseyn Bozalqanlı dövründə baş verən ictimai-siyasi hadisələrə heç zaman biganə olmamışdır. 1906-cı ildə baş verən erməni-müsəlman davası, millət qırğını ilə bağlı \"Lənət\" şeirində qəzəbini belə ifadə etmişdir:
Kəsib dar bərəni, deyirlər dayan:-
\"Hayes, türkes - ermənisən, müsəlman\"?!
Arifsənsə, mənasını anla, qan,
Gizlində min əməl tutana lənət!
Xalq yaradıcılığına dərindən bələd olan aşığın şeirlərindəki ibrətamiz sözlər, zərb-məsəllər də çoxluq təşkil edib. Onun fəlsəfi fikirləri, dini baxışları sınaqdan dəfələrlə çıxarılmış xalq deyimlərindən qidalanmışdır ki, bu da dünyagörüşünün zənginliyindən soraq verir:
Cəlili-Cabbarım, Qadiri-Muxtar,
Altı gündə bu dünyanı çəkibdi.
On səkkiz min aləm, küllü hər nə var,
Ərşi-kürşü, Nuh-asimanı çəkibdi.
Ədəbi ictimaiyyətdə özünəməxsus yeri olan aşıq 1937-ci ildə Azərbaycan Yazıçılıar İttifaqının üzvü və bu birliyin nəzdində fəaliyyət göstərən Aşıqlar bölməsinin rəhbəri seçilmişdir. Ustad, eyni zamanda, I və II Aşıqlar qurultaylarının, həmçinin Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin iştirakçısı olmuşdur.
Yaradıcılığı o zaman dövlət tərəfindən yüksək
qiymətləndirilən aşıq \"Şərəf
nişanı\" ordeni və fəxri fərmanla
mükafatlandırılmış, Azərbaycanın əməkdar
incəsənət xadimi adına layiq görülmüşdür.
Bütün bunlar ustad
aşığın yaradıcılığına el və xalq məhəbbətinin
göstəricisidir ki, onun
bədii irsi toplanaraq son illər geniş oxucu auditoriyasına
çıxarılmışdır. Ustad
aşığın irsinin tədqiqinin davam etdirilməsi onu
göstərir ki, o, dastanlaşan ömür
sahiblərindən biridir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2010.- 28
noyabr.- S. 6.