"Şifahi ənənəli Azərbaycan professional musiqisi: Muğam-dəstgahlar və zərbi-muğamlar" kitabının təqdimatı

 

Noyabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda ittifaqın katibi, xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun rus dilində nəşr edilmiş \"Şifahi ənənəli Azərbaycan professional musiqisi: Muğam-dəstgahlar və zərbi-muğamlar\" kitabının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tanınmış musiqiçilərin və sənətşünasların qatıldığı tədbiri açan ittifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycan musiqisinin inkişafında, tədqiqində və tədrisində, eləcə də milli musiqimizin tanıdılmasında R.Zöhrabovun xidmətlərini yüksək qiymətləndirmişdir.

Bildirmişdir ki, R.Zöhrabov XXI əsr Azərbaycan entomusiqişünaslıq elminin görkəmli alimidir.

Digər çıxışlarda da nəşrin əhəmiyyətindən, R.Zöhrabovun yaradıcılığından söhbət açılmışdır. Qeyd edilmişdir ki, R.Zöhrabovun elmi yaradıcılıq sahəsi olduqca genişdir. Lakin musiqişünasın əsas elmi axtarış sahəsi məhz şifahi ənənəli Azərbaycan professional musiqisinin aparıcı janrı olan muğam sənətidir. Muğam-dəstgahlarının, kiçikhəcmli muğamların, zərbi-muğamların, təsnif və rənglərin elmi təhlili onun fəaliyyətinin əsas sahələrini təşkil edir. Təsadüfi deyildir ki, alimin işıq üzü görmüş 20 kitabından 12-si bilavasitə muğam sənətinin tarixi-nəzəri aspektdə araşdırılmasına həsr olunmuşdur. Qeyd edilmişdir ki, kitab Azərbaycan musiqisində özünəməxsus yeri olan muğam-dəstgahların və zərbi-muğamların tədqiqində mühüm mənbə rolunu oynayacaqdır.

Muğam sənətinin musiqişünaslarımız tərəfindən öyrənilməsi istiqamətində tədqiqatların müntəzəm aparıldığını və bu sahənin nəzəri əsaslarının hazırlandığını diqqətə çatdıran R.Zöhrabov bildirmişdir ki, dahi Üzeyir Hacıbəyli və digərləribu mövzuya müraciət etmişlər. Ancaq bu sahə nəzəri cəhətdən hərtərəfli təhlil olunmamışdır. İlk dəfə olaraq məhz bu kitabda şifahi ənənəli Azərbaycan professional musiqisi - muğam-dəstgahlar və zərbi-muğamlar nəzəri cəhətdən hərtərəfli təhlil olunmuşdur.

Kitabda muğam janrları, onların bədii-poetik məzmunu haqqında ətraflı məlumat verilir, ahəngliyin əsasları, bir sıra musiqi tematikasının xüsusiyyətləri, çoxsəslilik, muğam-dəstgahlar və zərbi-muğamların ritmik təşkili məsələləri araşdırılır. Əsərdəki not materialları, sxemlər professional Azərbaycan musiqisi janrlarının çoxşaxəliliyi haqqında məlumat verməklə yanaşı, onların öyrənilməsi istiqamətində müxtəlif yanaşmaları göstərir. Kitabda muğam-dəstgahların və zərbi-muğamların orijinal mətnləri rus dilində tərcümələri ilə birlikdə təqdim olunur.

Kitab musiqişünaslar, etnomusiqişünaslar, bəstəkarlar, xalq musiqi alətlərinin ifaçıları, aliorta ixtisas musiqi məktəblərinin tələbələri və pedaqoqları üçün nəzərdə tutulmuşdur.

Sonda Azərbaycan muğamlarından ibarət kompozisiya təqdim edilmişdir.

 

Azərbaycan.- 2010.- 28 noyabr.- S. 7.