Tarixin təhrifi, Serj Sarkisyanın illüziyaları
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin \"Azərbaycan\" qəzetinin səhifələrində çap olunmuş \"Gorus-2010: Absurd teatrı mövsümü\" adlı genişhəcmli məqaləsini (4 noyabr, 2010, ¹ 243) oxuduqca xəyal məni bir qədər əvvəllərə - elə də uzaq olmayan keçmişə apardı. XXI yüzilliyin astanasında ovaxtkı sovetlər birliyində ölkə idarəçiliyində yaranmış hərki-hərkilikdən istifadə edən erməni separatçıları \"Böyük Ermənistan\" xülyalarını reallaşdırmaq üçün əllərinə fürsət düşdüyünü zənn edərək Azərbaycanın yeni-yeni ərazilərini, eləcə də Dağlıq Qarabağı ələ keçirmək üçün özlərinin tarixi saxtakarlıqlarının yeni mərhələsinə qədəm qoydular. Böyük cidd-cəhdlə bütün tarixi faktları və həqiqətləri təhrif edərək bu ərazilərin özlərinin \"dədə-baba torpaqları\" olduğunu elan etdilər və bir sıra üzdəniraq havadarlarının dəstəyi ilə geniş təbliğat kampaniyasına rəvac verdilər. Z.Balayan, S.Kaputikyan, Q.Starovoytova, S.Xandzadyan, R.Köçəryan və onlarla başqa erməni separatçıları Cənubi Qafqaz tarixini əsaslı şəkildə saxtalaşdırmaq, Azərbaycan torpaqlarının onlara məxsusluğu barədə uydurmaları həqiqət kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxdılar.
Tarixən erməni xislətinə xas olan başqa xalqların tarixini və mədəniyyətini mənimsəyərək özlərinə uydurma tarix, vətən və \"qədim\" mədəniyyət axtarmaq yolunun yolçusu olan ermənilərin bu dəst-xətti, təbii ki, yeni deyildi. Törətdiyi bəd əməllərə görə Balkan ərazilərindən çıxarılıb özgə torpaqlarına qovulan, İran, Türkiyə ərazisinə səpələnən və qırmızı imperiyanın yardımı ilə köçü müvəqqəti olaraq Azərbaycan torpaqlarına ötürülən ermənilər Cənubi Qafqazda saya-hesaba gəlməyən qarətlərə, qətliamlara rəvac vermiş, əsrin başlanğıcında imperiya qüvvələrinin təzyiqi sayəsində Azərbaycanın şöhrətli xanlıqlarından biri olan tarixi İrəvan xanlığı ərazisində özlərinin dövlətini yarada bilmişdi. Bununla kifayətlənməyən ermənilər bir ovuc əhalisi olan dövlətlərinin ərazisini yeni-yeni torpaqlar hesabına genişləndirməyi qərarlaşdırmışdılar. Sovetlər dönəminin bütün sonrakı illərində bu siyasət zaman-zaman, mərhələ-mərhələ ardıcıllıqla həyata keçirilmiş, torpaqlarımız parça-parça, bölgə-bölgə, region-region, kəndbəkənd ermənilərə verilmişdir. Beləliklə, Zəngəzur, Göyçə, Mehri, Dərələyəz və onlarca belə dədə-baba torpaqlarımız sovetlərin iradəsi ilə ermənilərə ötürülmüşdür. Uzun illər xalqımız yeni-yeni iddialara düşüb torpaqlarını ələ keçirən ermənilərin istəklərinə humanistcəsinə, beynəlmiləlçilik mövqeyindən yanaşdı, törətdikləri cinayətlərə dözdü. Hətta ötən yüzilliyin sonlarına yaxın Z.Balayanın \"Ocaq\"ı nəşr ediləndə burada torpaqlarımıza, o cümlədən \"Dağlıq Qarabağ\"a qarşı irəli sürülən uydurmaları və iddiaları ciddi qəbul etmədik, ermənilərin tarixi torpaqlarımıza qarşı uydurduğu saxtakarlıqların ifşasına səfərbər ola bilmədik. Çünki 70 ilə yaxın müddət ərzində bütün yeraltı və yerüstü sərvətlərimizi qardaş kimi bölüb pay verdiyimiz sovetlər birliyinin belə riyakarlığa rəvac verməsinə inana bilmirdik.
Bu humanistlik isə zaman-zaman erməniləri şirnikləndirmişdi. Erməni separatçıları bu dəfə də dəstək aldıqları qüvvələrin yardımı ilə yeni ərazilərimizi işğal etdi, bir milyondan artıq soydaşımız dədə-baba torpaqlarından deportasiya olundu. Yeddi rayonumuz, yüzlərlə kəndlərimiz işğala məruz qaldı. Mədəniyyət abidələrimiz, yaşayış binalarımız dağılıb viran qoyuldu. Ermənilər işğalçı siyasətlərinə nə qədər don geydirməyə cəhd göstərsələr də, beynəlxalq birlik Azərbaycan həqiqətlərini lazımınca dəyərləndirdi. Birləşmiş Millətlər Təşkilatı (BMT) özünün dörd tarixi qətnaməsində Ermənistanı işğalçı kimi çağıraraq Azərbaycan torpaqlarının dərhal azad olunması barədə özünün hələ əməl olunmamış qətnamələrini qəbul etdi.
Bu gün beynəlxalq aləmin haqq səsini qulaqardına vuran erməni separatçıları Dağlıq Qarabağla bağlı uydurmaları yenidən ölkə prezidenti səviyyəsində gündəmə gətirməklə Madrid prinsiplərinin qəbul olunması ərəfəsində manevr etməyə, erməni xalqını ötən illər ərzində özlərinin separatçı siyasəti sayəsində düçar etdikləri faciələrə haqq qazandırmağa və beynəlxalq ictimaiyyət qarşısında cinayət əməllərini ört-basdır etməyə yeni ümidlər bəsləyirlər. Prezident Serj Sarkisyan erməni diasporunu təmsil edən jurnalistləri Gorusa toplayıb onların qarşısında göstərdiyi \"teatr tamaşası\" öz məzmunu və mahiyyəti etibarilə ötən əsrin sonlarında apardıqları uydurma və saxtakarlıqlarla dolu şou ilə eyni olub, onun təkrarından başqa bir şey deyildir.
Yeni dövr erməni separatizminin R.Köçəryan, S.Ohanyan klanının əliqanlı lideri, Xocalı qətliamının təşkilatçılarından biri - Ermənistan prezidenti milli diasporun nümayəndələri qarşısına yeni cinayətkar - \"saxtakar tarixçi\" libasında çıxmışdır. Əcəba, Cənubi Qafqaz tarixi hara, S.Sarkisyan hara? Xalqını dilənçi vəziyyətinə salan, yüz minlərlə erməninin milli faciəsi üzərində özünə firavan həyat quran, böyük dövlətlərin narkobaronlarının mənafeyini milli mənafedən uca tutan, erməni tarixi və mədəni dəyərlərinə ifrat separatçı mövqedən yanaşan, xarici dövlətlərə səfərləri zamanı separatçılığın sağalmaz xəstəliyinə düçar olduğunu nümayiş etdirən S.Sarkisyan saxta bəyanatları ilə dövlətini yeni fəlakətlərə sürükləmirmi?
Akademik Ramiz Mehdiyevin \"Gorus-2010: Absurd teatrı mövsümü\" məqaləsində erməni separatçılarının məzmun və mahiyyət etibarilə \"Daşnaksütyun\"un proqramı ilə eyni olan, ermənilərin dünyanın qədim xalqlarından olub geniş ərazilərdə dövlət yaratdıqları və bu gün \"Böyük Ermənistan\" adlı həmin uydurmaları qırğınlar, qətliamlar, tarixi saxtakarlıqlar yolu ilə necə olursa-olsun həyata keçirmək cəhdləri barədə hər bir oxucunu, Azərbaycan vətəndaşını düşündürən və narahat edən suallara dərin məntiqə, elmi faktlara əsaslanmaqla cavablar verilir. Müəllif mötəbər tarixi mənbələr və arxiv sənədlərinə əsaslanaraq Gorus görüşünün bütün bu və ya digər təfərrüatına soyuqqanlıqla aydınlıq gətirir. Məqalədə çıxışının əvvəlindən axırına qədər prezident Serj Sarkisyanın irəli sürdüyü mülahizələrinin faktların dili ilə əsassızlığı ifşa olunur. S.Sarkisyanın düşdüyü vəziyyətdən çıxmaq, öz cinayətkar əməllərini ört-basdır etmək, törətdiyi faciələrə, qətliamlara haqq qazandırıb gələcək beynəlxalq ittihamlardan yaxa qurtarmaq üçün göstərdiyi cəhdlərin əbəs və faydasız olduğu göstərilir. Gorus görüşündə Ermənistan prezidentinin tarixi faktları və həqiqətləri saxtalaşdırmasına cavab olaraq müəllif Cənubi Qafqazda yaşayan ovtoxonların, onların yaratdıqları qədim dövlət və mədəniyyətlərin elmi faktlara və mənbələrə söykənən real elmi mənzərəsini erməni liderinin nəzərinə çatdırır. Günümüz üçün aktual olan bu mülahizələrin bəzi qismini bir daha xatırlatmağı vacib hesab edirəm.
Akademik Ramiz Mehdiyev Serj Sarkisyanın Goruşdakı çıxışının xronologiyasına uyğun olaraq onun görüş iştirakçılarını erməni separatçılarının yeni saxtakarlıq planları ilə məlumatlandırması barədə müxtəsər tanışlıqdan sonra göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi barədə danışıqlar prosesinin davam etdiyi və bu münaqişənin təqsirkarı olan Ermənistanın 1975-ci il Helsinki Yekun Aktının müddəalarına əsaslanan yenilənmiş Madrid prinsiplərini qəbul etməsini hamının səbirlə gözlədiyi bir vaxtda, beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin parlamentləri bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını, millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin özbaşına interpretasiya edilməsinin yolverilməzliyini, Ermənistanın işğal etdiyi əraziləri azad etməsinin və məcburi köçkünlərin öz evlərinə qaytarılmasının zəruriliyini təsdiq edən qətnamələr qəbul etdiyi bir vaxtda, Serj Sarkisyan bütün bu sənədləri inadkarcasına görmədən və beynəlxalq birliyin mövqeyinə məhəl qoymadan, diaspordan olan qonaqlarına məsləhət görür ki, onlar öz səylərini \"ikinci erməni dövlətinin, Dağlıq Qarabağ respublikasının təşəkkülünə, möhkəmlənməsinə, inkişafına və beynəlxalq aləmdə tanınmasına\" yönəltsinlər. Ermənistan prezidenti ətrafına nəzər salmaq, beynəlxalq aləmdə təklənməsini dərk etmək və nahamar taxtaya vurulmuş mismarı çəkib çıxarmağa başlamaq əvəzinə, həmin mismarı sona qədər vurmağa çağırır, başa düşmür ki, gələcəkdə bu səhvlərin düzəldilməsi indikindən daha ağrılı olacaqdır. Ermənistan özünü dalana nə qədər çox təpirsə, oradan çıxmaq bir o qədər uzun və çətin olacaqdır. Buna görə də bütün məsuliyyəti dövlətin rəhbərləri daşıyacaqlar.
\"İkinci (sonra da üçüncü, dördüncü...) erməni dövləti\"nin hansı beynəlxalq miqyasda tanınmasından söhbət gedə bilər və Ermənistanın rəhbərləri öz həmvətənlərini necə saxta ümidlərlə yaşadırlar ki, beynəlxalq birlik özünün çoxsaylı qətnamələri ilə artıq birmənalı şəkildə bildirmişdir ki, bu heç vaxt olmayacaqdır.
Məqalədə daha sonra göstərilir ki, Gorus görüşündə S.Sarkisyan jurnalistləri \"Arsax haqqında həqiqi və obyektiv məlumatı\" dünya birliyinə çatdırmağa, \"həqiqəti fəal göstərməyə, gerçəkliyə bəzək-düzək vurmamağa çağırmışdır\". Müəllifin dediyi kimi, \"yaxşı məsləhətdir, mübahisə etməyə dəyməz. Lakin hər dəfə müəyyən xarici telekanal və ya mətbu nəşr əsl həqiqəti - erməni talançıları tərəfindən dağıdılmış və yandırılmış Şuşanı, Dağlıq Qarabağa bitişik yeddi rayonda məhv edilmiş və təhqir edilmiş mədəniyyət abidələrini, boşaldılmış kəndləri, Serj Sarkisyanın keçmiş həmkarları tərəfindən Xocalıda törədilmiş vəhşiliklər haqqında videokadrları bəzək-düzəksiz işıqlandıranda həm Ermənistanda, həm də diasporda dərhal hay-küy qaldırırlar, çünki bu, Ermənistan rəhbərliyinin və diasporun məqsədlərinə cavab vermir\". Ermənilər \"gerçəklik\" deyəndə ancaq öz məqsədlərinə xidmət edən təbliğatın aparılmasını, Dağlıq Qarabağın - Arsaxın tarixən ermənilərə məxsus olduğunu əks etdirən illüziyaları başa düşürlər. Tarixin səhifələrinə diqqətlə qayıtsaq, Arsaxın faciələrini görmək çətin deyildir. Qafqaz Albaniyasının tarixi barədə tədqiqatlara nəzər salsaq, Arsax ətrafındakı qanlı döyüşlər nəticəsində albanların erməniləri Qarabağdan necə qovduqlarından xəbərdar olarıq.
Ölkə rəhbərliyinin \"Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır və heç vaxt mümkün olmayacaqdır - nə 20 il bundan əvvəl, nə bu gün, nə də yüz ildən sonra. Nə birbaşa, nə də qondarma \"müstəqillik\" sayəsində\" mesajından qəzəblənən Serj Sarkisyan Gorus görüşündə Azərbaycan torpaqları hesabına \"Ermənistanı çiçəkləndirmək\" istəyən S.Şaumyanın Azərbaycanda \"bandit\" adlandırılmasından hiddətlənərək onun cinayətkar əməllərini etiraf edib nəticə çıxarmaq, erməni jurnalistlərinə düzgün yol göstərmək əvəzinə, bundan sonra da onları separatizmə, tarixi faktları təhrif etməyə çağırmaqla düşdüyü bataqlıqdan xilas yolunu S.Şaumyan ənənələrini yeni tarixi şəraitdə davam etdirməkdə görür. Müəllif erməni prezidentinin bu qəzəbinə soyuqqanlıqla cavab verərək bildirir ki, \"...ermənilərə himayədarlıq edən və onlar üçün dövlət yaratmış kommunizm rejimi artıq tarixi keçmişdə qalmışdır. Bu gün biz öz keçmişimizdə baş vermiş hadisələri dərk etməkdə azadıq. Bu işdə arxiv materialları bizə kömək edir. Prezident Serj Sarkisyan keçmişə aid ideoloji mətnlərdən gətirdiyi sitatlarla pərdələnməyə nə qədər çalışsa da, faktları inkar etmək olmaz. XX əsrdə Azərbaycan xalqının tarixinin ən faciəli səhifələrindən biri Stepan Şaumyanın adı ilə bağlıdır. S.Şaumyan bolşevizm hərəkatının bayrağı altında çıxış edərək faktiki \"Daşnaksütyun\" partiyasının proqramını həyata keçirirdi. Bu partiyanın strateji məqsədi isə Azərbaycan və Türkiyə ərazilərinin xeyli hissəsində erməni dövləti yaratmaq idi. Bu məsələni yalnız azərbaycanlı və türk əhalisinin qırılması hesabına həll etmək mümkün idi\".
Məqalədə daha sonra 1918-ci il tarixi həqiqətləri, S.Şaumyanın ikili partiya məsuliyyəti üzərində dayanılır, onun cinayətkar fəaliyyəti nəticəsində günahsız tökülən qanlar, od vurulub yandırılmış və xarabazara çevrilmiş kəndlər və şəhərlər xatırlanır. Eləcə də onun xələfləri tərəfindən Şuşanın, Dağlıq Qarabağa bitişik yeddi rayonun viranəyə çevrilməsini, erməni separatçıları tərəfindən törədilmiş Xocalı qətliamını yada salır.
Azərbaycan neftinə göz dikən, ancaq əli çatmadığından sərvətlərimizin dünya bazarlarına çıxarılmasına qara böhtanlar atan S.Sarkisyanın bəyanatları statistik məlumatlar əsasında ifşa edilir. Məqalədə erməni rəhbərliyinin separatçı fəaliyyətinin ermənilərə necə baha başa gəldiyi, ölkənin bir çox layihələrdən kənarda qaldığı, ağır güzəran keçirən vətəndaşların böyük bir hissəsinin ölkəni tərk etmək məcburiyyətində olması faktları prezident S.Sarkisyanın diqqətinə çatdırılır.
Məqalədə erməni prezidentinin Cənubi Qafqazda baş vermiş tarixi demoqrafik proseslərdə ermənilərin iştirakı barədə uydurmaları mötəbər statistik hesabatlar əsasında alt-üst edilir. Məlum olur ki, istər inqilabdan əvvəl çar Rusiyasının erməniləri kütləvi şəkildə Azərbaycan ərazilərində yerləşdirdiyi zamanlarda, istərsə də inqilabdan sonra Dağlıq Qarabağda məskunlaşdırdığı dövrlərdə Azərbaycanda yaşayan ermənilərin azərbaycanlılarla nisbətdə sayı 5-7 faizdən yuxarı olmamışdır. S.Sarkisyanın ermənilərin xristianlığı qəbul edən ilk xalqlardan olması, onların dil və mədəniyyətlərinin antik qaynaqlarla bağlılığı, Azərbaycan və türk etnosları, eləcə də onların bu ərazidə yayılmış maddi və mənəvi dəyərləri barədə illüziyalarına aydınlıq gətirilir.
Gorus görüşündə S.Sarkisyan Balkan ərazisindən ermənilərin Azərbaycana köçüb gələrkən bu ərazinin avtoxonları - qədim azərbaycanlılar tərəfindən köçdən düşüb gələn xəstə və taqətsiz ermənilərə sığınacaq verməsini, əl tutmasını, özünün duz-çörəyinə qonaq etməsini gərək unutmayaydı. Sonralar kiçik toplumlar şəklində formalaşan bu köçəri ermənilərin Alban kilsələrinə pənah aparmaları, burada xristianlığı qəbul etmələri, sonralar isə Alban kilsə və monastırlarını özününküləşdirərək Qarabağ ərazilərində özlərinin ilkin dini mərkəzlərini yaratması tarixə yaxşı məlumdur. Erməni prezidentinin bütün bu tarixi həqiqətləri qəsdən təhrif edərək özlərinə saxta tarix yaratması dünən olduğu kimi, bu gün də perspektivsiz və absurddur.
Azərbaycan ərazisində tarixən mövcud məlikliklərin, knyazlıqların, çarlıq, şahlıq və padşahlıqların tarixini saxtalaşdırıb öz adına çıxmaq istəyən ermənilər bilməlidirlər ki, Cənubi Qafqaz tarixən Azıx etnosunun formalaşdığı, türk mənşəli etnosların iştirakı ilə bu ərazidə qüdrətli qədim dövlətlərin yaranıb formalaşdığı regiondur. Cənab Serj Sarkisyanın çıxışında bu həqiqətlər təhrif edildiyi kimi, sonrakı dövrlərdə qədim Alban dövləti tarixinin geniş bir dövrü də saxtalaşdırılır, onun tərkib hissəsi olan Arsax və Xaçın knyazlıqlarının tarixi, idarəçilik ənənələri və etnik tərkibi ermənilərin xeyrinə yeni uydurmalara məruz qalır.
Məqalədə akademik Ramiz Mehdiyev S.Sarkisyanın onlarca uydurma və saxta mülahizələrinə elmi baxış nümayiş etdirir. Onun bilərəkdən və ya bilməyərəkdən təhrif etdiyi faktları saf-çürük edir. Onlardan birini oxucuların nəzərinə yetirməyi vacib hesab edirəm. S.Sarkisyanın \"Arsax\" toponimi ilə bağlı fikirləri barədə müəllif haqlı olaraq yazır: \"Ermənistan prezidentinin Gorusda səsləndirdiyi tezis savadsızlıq dərəcəsinə görə adamı mat qoyur: \"Bu yerin erməni adı - Arsax miladdan əvvəl VIII əsrdə təsdiqlənmişdir və bunu Yerevanın təməlini qoymuş I Arqiştinin oğlu II Sarduri təsdiq etmişdir\". Əvvələn, I Arqişti və II Sarduri hay çarları deyil, Urartu çarları olmuşdur. Urartu və hay xalqları müxtəlif xalqlar olmuş və müxtəlif dil ailələrinə aid olan müxtəlif dillərdə danışmışlar. Görünür, Sarkisyan \"yeri gəlmişkən\" təkcə albanların deyil, həm də urartuluların mədəni tarixi irsinə tamah salmışdır\".
S.Sarkisyanın Gorus görüşündəki çıxışında belə üzdəniraq təhrifçi təqdimat və bəyanatlara tez-tez rast gəlmək olur. Digər tərəfdən, bu gün tarixin yaddaşında olan qədim xalqların, o cümlədən - yunanların, şumerlərin, hakanların, uqaritlərin, hetlərin, urartuların, elamların, albanların və başqalarının keçmiş mədəni irsi elmə kifayət qədər məlumdur. Onların hər birinin mədəni dəyərlərinə \"tamah salıb özününküləşdirmək\" tarixi saxtakarlıqdan başqa bir şey deyildir. Məhz ermənilər tarixən heç bir qohumluq əlaqələri olmadıqları haylardan özəlləşdirdikləri Hayk əfsanə qəhrəmanını Qarabağa gətirib türklərlə torpaq üstündə vuruşan cəngavər kimi təqdim etmək Hayk, Hayastan və gözəl Şəmiranla bağlı silsilə mifdən qəhrəmanlar yaratmışlar ki, onların erməni tarixi və mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur. S.Sarkisyan bu kimi illüziyalara uyaraq Cənubi Qafqazda, eləcə də Anadolu və Van gölü ətrafı ərazisində yaşayan etnosların bir çox mədəni nailiyyətlərini xristianlığı qəbul edən ilk xalqlardan biri kimi, ermənilərin adına çıxır. Erməni prezidenti bu illüziyaları \"gerçəklik\" kimi yaymağı jurnalistlərə tövsiyə edir.
Bütün bunlar isə erməni separatistlərinin köhnə məttahının yeni şapkada təqdimatından başqa bir şey deyildir. Onun mahiyyəti beynəlxalq birliyə yaxşı məlumdur. Bununla ermənilər dünya birliyinin fikrini bir daha çaşdırmaq, Azərbaycan torpaqlarında yol verdikləri qanlı cinayətlərə haqq qazandırmaq istəyirlər.
Təqdim edilən məqalədə Azərbaycan torpaqlarının mənimsənilməsinin xronologiyası açıqlanır, ermənilərin öz himayədarlarının təzyiqi ilə əlimizdən aldıqları hər bir desyatin torpağın xalqımıza məxsusluğu mötəbər mənbələr əsasında təsdiqlənir.
Akademik Ramiz Mehdiyevin aşağıdakı fikirlərində böyük həqiqət var: \"S.Sarkisyan Gorusdakı nitqi ilə özünü pis vəziyyətə salmış və qonaqlarına yanlış məsləhət vermişdir. Başa düşmək çətin deyildir ki, Ermənistanın gələcək nəsilləri bu səhvlərin ağır nəticələrini öz üzərlərində hiss edəcəklər\".
Azad NƏBİYEV
BDU-nun Folklor
kafedrasının müdiri,
Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü
Azərbaycan.-
2010.- 28 noyabr.- S. 4.