Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinə gətirilən yeni avtomobillərə baxış keçirmişdir

 

 Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə paytaxta Avropa standartlarına cavab verən müasir avtomobillər gətirilmişdir. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni avtomobillərə baxış keçirmişdir.

Dövlət başçısının Bakı şəhərinin və respublikamızın ayrı-ayrı bölgələrinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı göstərişlərinə əsasən paytaxtda yolların beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması, yeni körpülərin və yolötürücülərin tikilib istifadəyə verilməsi müasir ictimai nəqliyyat növlərinə ehtiyacı daha da artırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən Bakı şəhərinin və bölgələrin taksi parklarının müasirləşdirilməsi istiqamətində böyük işlərə başlanmışdır.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına avtomobillər barədə məlumat verdi. Bildirildi ki, taksi xidmətini təkmilləşdirmək məqsədi ilə Azərbaycana Avropa standartlarına cavab verən ən müasir avtomobillər gətirilmişdir. Bunların 12-si tanınmış "London Taksi" şirkəti tərəfindən istehsal olunmuş TX 4 modeli yalnız taksi məqsədləri üçün nəzərdə tutulan avtomobildir ki, bu da Avro-4 standartlarına tam cavab verir.

Şəhər daxilində yüksək manevr etmək imkanlarına malik avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf arakəsmə ilə ayrılması sərnişinlər üçün rahat mühit yaradır. Avtomobilin arxa hissəsində nəzərdə tutulmuş üzbəüz oturacaqlarda 5 sərnişin əyləşə bilər. Burada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır.

Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilmişdir. Avtomobillərə sayğaclar quraşdırılmışdır. Sərnişinlərin rahatlığı üçün müasir texnologiyalar əsasında qurulmuş "Call Center" istifadəyə verilmişdir. Gecə-gündüz işləyən dispetçer mərkəzi böyük sayda avtomobillərin səmərəli idarə edilməsi imkanına malikdir və maşınların yerinə, sürətinə, yanacaq sərfiyyatına, mühərrikin işlək olub-olmamasına on-line rejimində nəzarət edilir. Bunun sayəsində mərkəzdə hər bir sifarişin 40 saniyə ərzində qəbul edilib işlənməsi, hər 90 saniyədə sifariş yerinə yaxın olan avtomobilin avtomatik təyin edilməsi və hər 7-8 dəqiqədə avtomobilin sifariş yerinə çatması müəyyən edilir. Taksidən istifadə edən hər bir sərnişinin qəza zamanı 3 min manat sığortalı olması və maşınlarda "itmiş əşyaların tapılma" xidmətinin fəaliyyət göstərməsi də müasir xidmət növlərindəndir. Hər avtomobildə üç növbədə işləyən və "London Taksi" şirkətinin mütəxəssisləri tərəfindən sürücülük və davranış təlimləri keçmiş sürücülər taksi xidmətinin yüksək səviyyədə olmasını təmin edəcəklər.

Avtomobillərlə yaxından tanış olan dövlət başçısı "London Taksi" şirkəti tərəfindən istehsal olunmuş TX 4 modelli avtomobili idarə etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev "Daewoo" avtomobil şirkətinin istehsalı olan "Daewoo Lacetti" və "Daewoo Nexia", eləcə də "General Motors" şirkətinə məxsus "Chevrolet" avtomobillərinə də baxdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 1 oktyabr.- S. 2.