Milli Məclisin payız sessiyası öz işinə başladı

 

Sentyabrın 30-da Milli Məclisin payız sessiyası Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə işinə başladı. Parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi, siyasi, mədəni və digər sahələrdə davamlı inkişaf etmiş və beynəlxalq aləmdə layiq olduğu yeri daha da möhkəmləndirmişdir. Milli Məclis də öz növbəsində qanun yaradıcılığı sahəsində səmərəli fəaliyyət göstərmiş, ölkəmizin qanunvericilik bazasının daha da təkmilləşdirilməsi istiqamətində böyük uğurlara nail olmuşdur. Ötən müddət ərzində qanunverici orqan tərəfindən 1058 qanun və qərar layihəsi qəbul edilmiş, Milli Məclisin beynəlxalq əlaqələri daha da genişlənmişdir. Milli Məclis Sədrinin sözlərinə görə, parlament nümayəndə heyəti dünyanın 70 ölkəsinə 820-ə yaxın səfər etmişdir. Ötən müddətdə parlamentin fəaliyyətini yüksək qiymətləndirən spiker Oqtay Əsədov Milli Məclisin 2010-cu il payız sessiyasının qanunverici işləri planını da təqdim etdi. Bildirdi ki, payız sessiyası qısa olacaqdır. Sədr noyabrın 7-də keçiriləcək dördüncü çağırış Milli Məclisə seçkilərlə əlaqədar seçki marafonuna qoşulan bütün deputat həmkarlarına uğurlar arzuladı.

Qeyd edək ki, Milli Məclisin 2010-cu il payız sessiyasının qanunvericilik işləri planına 12 məsələ - o cümlədən Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Ali Məhkəməsi, Baş prokuror, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və digər qanunvericilik təşəbbüsü ilə çıxış edən qurumların təqdim etdikləri qanun layihələri daxildir. Bu sessiyada Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, Tikinti Məcəlləsi, Şəhərsalma Məcəlləsi və Gömrük Məcəlləsi layihələri, "İnvestisiya fondları haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Bələdiyyələrin hesabatları haqqında", "Elm siyasəti haqqında", "Ali təhsil haqqında", bəzi rayonların inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi barədə qanun layihələri və digər məsələlər müzakirə ediləcəkdir.

Müzakirələrdən öncə deputatlar qanunverici orqanın ötən müddətdəki fəaliyyətinə toxundular. Deputat Əli Əhmədov Azərbaycan parlamentinin ötən beş ildə çox mühüm qanun layihələri və qərarlar qəbul etdiyini bildirdi. Qeyd etdi ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətli qanunlar qəbul edilib. Üçüncü çağırış Milli Məclisin fəaliyyətini bütövlükdə uğurlu sayan deputat Əli Əhmədov seçki prosesinə qatılan hər bir şəxsə uğurlar arzuladı.

"Üçüncü çağırış dövründə Milli Məclis səmərəli fəaliyyət göstərmiş, çox mühüm qanunlar qəbul etmişdir. İqtisadiyyat, sosial, təhsil, beynəlxalq münasibətlər və digər sahələrlə bağlı qəbul olunan qanunların hər biri Azərbaycan cəmiyyətinin inkişafına adekvat olmuşdur" - deyən deputat Siyavuş Novruzov payız sessiyası dövründə də parlamentdə mühüm qanunların qəbul ediləcəyinə inamını ifadə etdi.

Deputatlardan Elton Məmmədov, Aydın Mirzəzadə, Asəf Hacıyev, Fazil Mustafa parlamentin ötən beş ildəki fəaliyyətini qənaətbəxş saydılar. Bildirdilər ki, ölkəmiz inkişafının elə bir yüksək mərhələsinə çatıb ki, buna adekvat qanunların qəbul edilməsinə ehtiyac var.

Milli Məclisin 2010-cu il payız sessiyasının qanunvericilik işlər planını təqdir edən deputat Vahid Əhmədov bildirdi ki, Tikinti Məcəlləsi, eləcə də Şəhərsalma Məcəlləsi layihələrinin işlər planında yer alması müsbət haldır. Adıçəkilən sənədlərin qəbulu bu sahədə mövcud olan bir sıra çatışmazlıqların aradan qaldırılmasına xidmət edəcək.

Deputat Musa Quliyev parlamentin 2010-cu il payız sessiyasının qanunvericilik işləri planına dair təkliflərini verdi. Deputat təklif etdi ki, çoxuşaqlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsi, bu kateqoriyadan olan vətəndaşlara kommunal güzəştlərin tətbiq edilməsi, eyni zamanda ərzaq yardımının göstərilməsi və mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni bir qanunun qəbul edilməsinə ehtiyac var.

Qanunvericilik işləri planında "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin daxil edilməsini yüksək qiymətləndirən deputat Əli Məsimli bu qanunun payız sessiyası dövründə qəbul edilməsini vacib saydı.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin öncə müzakirə edilməsini məqsədəuyğun saydı.

Milli Məclis Sədrinin müavini Bahar Muradova parlamentin 2010-cu il payız sessiyasının qanunvericilik işləri planını yüksək qiymətləndirdi. Bildirdi ki, sessiyanın gündəliyində olan qanun layihələrinin qəbul edilməsi qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir. B.Muradova "Siyasi partiyalar haqqında" qanuna baxılmasının vacibliyinibildirdi. Eyni zamanda vətəndaşların əmanətlərinin qaytarılması ilə bağlı məsələyə də toxunaraq bunun üçün müvafiq komitələrdə daha optimal variantların hazırlanmasını vacib saydı.

Ailə Məcəlləsində dəyişikliklər edilməsi təklifi ilə deputat Qənirə Paşayeva çıxış etdi. Deputatın sözlərinə görə, bir sıra bölgələrdə qızların erkən yaşda nikaha daxil olması və irsi qan xəstəliyi ilə bağlı problemlər mövcuddur. Deputatın sözlərinə görə, gənclər ailə qurarkən tibbi arayış təqdim etməlidirlər. Bu kimi məsələlərin qanunvericilikdə yer alması son dərəcə vacibdir. Əmlak məsələlərinin tənzimlənməsi ilə bağlı da müvafiq dəyişikliklərin edilməsi zəruridir. Son vaxtlar baş verən boşanma halları bu məsələnin nə qədər aktual olduğunu göstərir. Q.Paşayeva payız sessiyası dövründə Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsini təklif etdi.

Deputat Xanhüseyn Kazımlı özəl ali məktəblərdə ödəniş sisteminin tənzimlənməsi üçün "Təhsil krediti haqqında" qanunun qəbul edilməsini vacib saydı.

Deputatlardan İqbal Ağazadə, Fazil Mustafa "Siyasi partiyalar haqqında" qanuna yenidən baxılmasını təklif etdilər.

Müzakirələrin sonunda deputatlar Milli Məclisin 2010-cu il payız sessiyasının qanunvericilik işlər planını təsdiq etdilər.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov gündəlikdəki ikinci məsələ - "Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Konstitusiya Qanunu (ikinci səsvermə) barədə məlumat vermişdir. Qanun layihəsi ikinci səsvermədə qəbul olunmuşdur.

Milli Məclisin fasilədən sonra keçirilən iclasında əvvəlcə Azərbaycanla bir sıra ölkələr arasında imzalanan sənədlər təsdiq olundu. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun məlumatından sonra "Azərbaycan Respublikası hökuməti və Avstriya Federal hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında", "Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların giriş vizasından azad edilməsi haqqında" və "Azərbaycan Respublikası hökuməti və Misir Ərəb Respublikası hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" sazişlər təsdiq olundu.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqi statusu haqqında" Konvensiyanın təsdiq edilməsi barədə" qanun layihəsini müzakirəyə təqdim etdi. Müzakirələr zamanı belə bir konvensiyanın Azərbaycanın maraqlarına cavab verdiyi qeyd olundu. Deputatlar məsələnin lehinə səs verdilər.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin təqdimatından sonra "Azərbaycan Respublikası hökuməti ilə Avropa Birliyi arasında hava xidmətlərinin müəyyən aspektlərinə dair" və "Azərbaycan Respublikası hökuməti və Çexiya Respublikası hökuməti arasında hava nəqliyyatı haqqında" sazişlər təsdiq edildi.

İclasda "Azərbaycan Respublikası PrezidentininBelarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikası PrezidentininSerbiya Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında" qanun layihələri də təsdiq olundu.

Parlament "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" Sazişi "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" Konvensiyanı, eləcə də Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında diplomatik və xidməti rəsmi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi, ticarət və iqtisadi əməkdaşlıq və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında sazişləri təsdiq etdi. Deputatlar "Azərbaycan Respublikası hökuməti və Finlandiya Respublikası hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq haqqında" Sazişə də müsbət münasibət bildirdilər.

Milli Məclisin iclasında bir sıra qanunvericilik aktlarına əlavələr və dəyişikliklər də edildi. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun təqdimatından sonra "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1053 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında", Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"nə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında", "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə", İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" qanun layihələri təsdiq olundu.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin məlumatından sonra isə "Auditor xidməti haqqında", "Notariat haqqında" Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi barədə", "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə", "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə", "Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 893-IIIQD nömrəli qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında", "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi haqqında" qanun layihələri təsdiq olundu.

Gündəlikdəki digər məsələlər barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verdi. İclasda "Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında", "Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"na dəyişiklik və əlavə edilməsi barədə" və "Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişiklik edilməsi barədə" qanun layihələri təsdiq olundu.

 

 

Azərbaycan.- 2010.- 1 oktyabr.- S.  2, 3.