Azərbaycanın Macarıstandakı səfirinin nüfuzlu "Magyar Nemzet" qəzetində müsahibəsi dərc
olunmuşdur
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin ölkənin ən nufuzlu qəzetlərindən biri "Magyar Nemzet" qəzetində müsahibəsi dərc olunmuşdur.
Müsahibədə səfir diqqəti sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin, Rumıniya Prezidenti Trayan Beseskunun, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və Macarıstanın Baş naziri Viktor Orbanın "Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector" (AGRİ) layihəsinə dair imzaladıqları Bakı Bəyannaməsinə yönəltmiş və bu təşəbbüsün Azərbaycanı Avropa ilə daha da yaxınlaşdıracağını qeyd etmişdir.
Səfir demişdir ki, son 18 ildə neft və qaz ehtiyatları Azərbaycanda həyat səviyyəsinin yüksəlməsinə kömək etmiş, həm də Bakının dünyadakı mövqelərini gücləndirmişdir. "AGRİ" layihəsinə gəldikdə, əgər 4 ölkənin rəhbəri bu müqaviləni imzalayıbsa, deməli, bu boş vaxt itkisi deyildir. Təsadüfi deyildir ki, imzalanmadan sonra keçirilən birgə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Biz böyük inkişafın ərəfəsindəyik və bizim güclü iradəmiz vardır". Dövlət başçısı bildirmişdir ki, Azərbaycanın enerji sahəsində nadir təcrübəsi vardır və tərəflərin maraqlarının tarazlığı AGRİ layihəsinin də həyata keçirilməsinin vacib şərtidir. Hazırda Azərbaycanın 7 neft-qaz kəməri vardır və bu kəmərlər ölkəmizin neft və qazını müxtəlif istiqamətlərə nəql edir.
Aydındır ki, imzalanmayadək əlaqədar tərəflər bu layihənin bütün cəhətlərini araşdırmış və belə bir nəticəyə gəlmişlər ki, Xəzər bölgəsinin enerji ehtiyatları Avropanın enerji asılılığının azalmasına kömək edə bilər. İştirakçılar bu layihəni bahalı hesab etmirlər. Bizim artıq belə layihələrin iştirakçı dövlətlər tərəfindən qarşılıqlı səmərəli maliyyələşdirilməsi sahəsində təcrübəmiz vardır.
Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın kifayət qədər ehtiyatları vardır. Ancaq qaz elə bir məhsuldur ki, onun ixracı üçün əvvəlcə istehlakçı tapılmalıdır. Bu şərtlər həyata keçəndən sonra, bizim ölkəmiz təminatı artırmağa hazırdır. Bizim ehtiyatlarımız buna imkan verir. AGRİ layihəsi çərçivəsində Azərbaycan Gürcüstana, Rumıniyaya və Macarıstana ildə 8 milyard kubmetr qaz ixrac edə bilər. Əgər tələb olunarsa, bu miqdarı artıra da bilərik. Bu layihə Macarıstanı da qaz ixrac edən ölkəyə çevirə bilər.
"Nabukko" ilə bağlı sualı cavablandıran səfir V.Quliyev diqqətə çatdırmışdır ki, Azərbaycanın həm AGRİ, həm də "Nabukko" layihələrini təbii qazla təmin etmək üçün ehtiyatları vardır. Yaxın vaxtlarda imzalanmış sazişə əsasən ölkəmiz 2011-ci ildən etibarən Rusiyaya qaz satışının həcmini iki dəfə artıracaqdır. Əlbəttə, biz hər üç layihəni dəstəkləyirik. Sadəcə, "Nabukko" layihəsi ilə əlaqədar Azərbaycan üzərinə hələ ki heç bir öhdəlik götürməmişdir. Bu layihənin həyata keçirilməsi yalnız Azərbaycandan asılı deyildir. "Nabukko" birgə layihədir. Etiraf etməliyik ki, "Nabukko"nun tikilməsi bizim üçün çox maraqlıdır. Hazırda Azərbaycanın 7 boru xəttinə çıxışı vardır. Bu onu göstərir ki bizim ixracatımız üçün maneə yoxdur. Ancaq biz, neft və qazımızın istehlakçılara çoxsaylı yollarla çatdırılmasında maraqlıyıq. Buna görə də "Nabukko" bizi çox maraqlandırır.
Müsahibədə Azərbaycan ilə Macarıstan arasında energetika sahəsi ilə yanaşı digər sektorlarda əməkdaşlığa toxunan səfir demişdir ki, biz sosial sahədə əməkdaşlığın gücləndirilməsini vacib hesab edirik. Biz Azərbaycanı Avropa ilə inteqrasiyaya aparacaq ikitərəfli siyasi dialoq haqqında danışırıq. Macarıstan burada mühüm rol oynaya bilər. Bu prosesdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı isə xüsusi əhəmiyyət daşıyır. Baş nazir Viktor Orbanın Azərbaycana səfəri ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün uğurlu başlanğıc ola bilər.
AzərTAc
Azərbaycan.- 2010.- 1 oktyabr.- S. 3.