ABŞ-da fəaliyyət göstərən
Qarabağ Fondunun dəstəyi
ilə Bakıda "Mənim Şuşam"
rəsm sərgisi açılmışdır
Sentyabrın 30-da S.Bəhlulzadə adına rəsm qalereyasında Qarabağ Fondunun dəstəyi ilə gənc rəssam Həlimə Ələsgərovanın əsərlərindən ibarət "Mənim Şuşam" rəsm sərgisi açılmışdır.
Tədbirdə çıxış edən Qarabağ Fondunun Avropa və MDB ölkələri üzrə nümayəndəsi Tural Kərimli bildirmişdir ki, təmsil etdiyi fond 2009-cu ilin noyabrında ABŞ-da yaradılmışdır və qeyri-hökumət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna malikdir. Fondun əsas məqsədi Qafqazın, o cümlədən Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Qarabağın mədəniyyəti və tarixi haqqında Amerika cəmiyyətini məlumatlandırmaqdır.
Natiq bildirmişdir ki, fond tərəfindən ilin sonunadək ABŞ-da bir sıra mədəni tədbirlər keçiriləcəkdir. Bu tədbirlərə gənc rəssam Həlimə Ələsgərovanın "Şuşa" adlı rəsm sərgisi və fotoqrafların əsərlərindən ibarət "Mənim Qarabağım" fotosərgisi daxildir.
Bundan əlavə, fond tərəfindən hazırlanmış və Qarabağ bölgəsinin mətbəxindən bəhs edən kitabın yaxın vaxtlarda Vaşinqton və Nyu-York şəhərlərində təqdimatları keçiriləcəkdir.
Tural Kərimli vurğulamışdır ki, fond Azərbaycanda ilk tədbirini "Mənim Şuşam" rəsm sərgisi ilə başlayır və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək H.Ələsgərovanın zəngin yaradıcılığından, Vətənə sonsuz sevgisindən danışmışlar.
Bildirmişlər ki, Bakıda dünyaya göz açan H.Ələsgərovanın böyük sənətlə ilk tanışlığı T.İsmayılov adına uşaq-gənclər yaradıcılıq sarayının "Uşaq dünyası" rəsm qalereyasından başlamışdır. Onun "Uşaqlar müharibə əleyhinə" işi bir çox yerlərdə sərgilənmiş və yüksək tirajlı kataloqlara daxil edilmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dizayner-rəssam ixtisası üzrə təhsil almış gənc rəssam kimi bir çox layihələrdə və sərgilərdə müvəffəqiyyətlə iştirak etmişdir.
Natiqlər belə sərgilərin tezliklə Şuşada, hazırda düşmən tapdağı altında inləyən digər yurd yerlərimizdə keçirilməsini arzulamış, gənc rəssama yeni-yeni yaradıcılıq uğurları diləmişlər.
Sonda sərginin iştirakçılarına minnətdarlığını bildirən Həlimə Ələsgərova ən böyük arzusunun Şuşaya getmək olduğunu və bu diləyini fırçanın "dili" ilə bütün insanlara çatdırmaq istədiyini söyləmişdir. O, bundan sonra da öz yaradıcılığında Qarabağa və onun insanları heyran edən füsunkar gözəlliyinə daim xüsusi yer verəcəyini diqqətə çatdırmışdır.
Sərginin iştirakçıları rəssamın Şuşanın meşələrinə, atlarına, xalçalarına həsr etdiyi rəsmlərə, həmçinin "Şuşa şəhəri", "Laçın-Şuşa yolu", "Xarı bülbül çiçəyi" və digər bir-birindən maraqlı tablolara baxmışlar.
Üç gün davam edəcək sərgidə rəssamın 40-a yaxın əsəri nümayiş etdirilir.
AzərTAc
Azərbaycan.- 2010.- 1 oktyabr.- S. 3.