Avazı mülayim,
üslubu dürüst
Muğam bizim
hamımıza ilham verən və eyni zamanda hər birimizin ruhunu oxşayan ecazkar aləmdir.
Bu aləmin zənginliyi bizim
hamımızın mənəvi zənginliyi deməkdir.
Mehriban ƏLİYEVA
Azərbaycan opera səhnəsinə köhnə qiyafədə yeni Məcnun, milli musiqi xəzinəmizə, qədim muğamlarımıza maraqlı ifa tərzi, cilvə gətirən xanəndə Mənsum İbrahimovun ruhumuzu titrədən səsində qəribə bir şirinlik var. Bu əfsunlu səsin ahəngindəki cazibənin dairəsi elə geniş və qəribədir ki, dəfələrlə eşitdiyin muğamlar, xalq mahnıları sanki Mənsum İbrahimovun nəfəsində yeni bir ömür yaşayır. Bu xoş avazın sədaları adamı haralaradək aparmır?! Gözlərimiz qarşısında külli Qarabağın min bir gözəlliyi canlanır. Şuşa yollarının bir başındakı Laçın dağları ilə üzləşir, vətənə gedən yolların qucağına düşürsən.
Bu açılan mənzərələrin torpağında, daşında ulu babalarımızın arzuları göyərib, həyata keçib. Ürəkdən havalanan məlahətli səsin can titrədən nalələrində, harayında bir vətən həsrəti, yurd nisgili ruhumuzu dara çəkir:
Könlüm keçir Qarabağdan,
Gah o dağdan, gah bu dağdan,
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
İllərdir ki bu fəryadın sədası bizə əlimizdən zorla alınmış yurd yerləri haqqında bir ağı deyir. İfasında tez-tez eşitdiyimiz "Qarabağ şikəstəsi", "Simayi-şəms", "Heyratı", "Arazbarı"... ritmik muğamları Mənsum İbrahimov elə şirin nəfəslə, ustalıqla oxuyur ki, valeh olmaya bilmirsən. Bu heyranlığı doğuran nədir? Səsdəki həzinliyin iliyə qədər işləmək məharəti? Yoxsa bu səsin Qarabağdan gəlməsi?.. Hər iki fakt mövcuddur. Əlbəttə, bizim gözəl və məlahətli səsə malik xoş avazlı xanəndələrimiz çox olub. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski, Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Yaqub Məmmədov, Şahmalı Kürdoğlu, Arif Babayev...E kimi ustadlarımız muğam ifaçılığında özlərinə məxsus zirvələr fəth edərək bu sənətə möhürlərini vurublar. Sevindirici faktdır ki, bu möhtəşəm sırada Mənsum İbrahimovun da məhz öz yeri var. Səsindən oxuyanın kim olduğunu dərhal anlamaq hər ifaçıya məxsus deyil. Bu mənada Mənsum İbrahimov xoşbəxt sənətkardır. Üzünü belə görmədən ilk avazından kimliyi dərhal bilinir.
"Muğam mənim mənəvi dünyamdı, həyatımdı, taleyimdi, dünyaya baxışımdı, sevincimdi, şadlığımdı, qüssəmdi, şikayətimdi..." söyləyən xalq artisti Mənsum İbrahimovun bu gün 50 yaşı tamam olur. Yumşaq etirafı ürəyimizi titrətdi: "Heç bilmədim ömrüm necə gəldi, necə getdi..." O, muğam ifaçılığında elə bir zirvəni fəth edib ki, az qala onu dünyanın qocası bilirdik. "Leyli və Məcnun" operasında isə baş qəhrəmanı elə canlı, sevimli, yaddaqalan, pak və növcavan yaradıb ki, sanki Mənsum İbrahimovun 15-20 yaşı var. Əslində, bu, ziddiyyətli fikir yox, Mənsum İbrahimovun sənət dünyasında yaratdığı möcüzədir, uğurdur, nailiyyətdir.
Səsi ilə həmahəng olan ömrünün ilk ünvanı Qarabağdır. 1960-cı ilin oktyabrında Ağdamda doğulub. Çoxuşaqlı, sadə və zəhmətkeş bir ailədə tərbiyə alıb. Evlərində babasından qalma köhnə bir patefon olub. Elə ustadlarının səslərini də birinci dəfə val oxutmaqla eşidib. Sonralar toylarda Arif Babayevi, Əhsən Dadaşovu görüb. Günlərin birində isə evdəkilər xəbər tutublar ki, əlini qulağının dibinə qoyub şirin zümzümə ilə nəsə oxuyan Mənsumun çox məlahətli səsi var. Hətta onu toylara da aparardılar.
O, sənətin arxasınca getməmişdən öncə əsgəri xidmətdə olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin muğam şöbəsində (görkəmili xanəndə Vahid Abdullayevin sinfində) oxuyanda artıq 22 yaşı vardı. Sonralar isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
1985-ci il isə onun yaradıcılığında çox əlamətdar hadisə oldu. Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar keçirilən musiqi müsabiqəsində muğam ifaçılığı üzrə birinci yeri tutan Mənsum İbrahimovun sevincinin həddi-hüdudu yox idi. O günləri indi də ürək çırpıntısı ilə xatırlayan Mənsum İbrahimov söyləyir: "Münsiflər heyətinin sədri Şövkət xanım Ələkbərovanın səsimə, ifama verdiyi dürüst qiymət mənim həyat yolumu, sənət taleyimi müəyyənləşdirdi. Şövkət xanım sənət sərrafı idi". Mənsumun səsini çox bəyənən Şövkət xanım onu opera teatrına dəvət etdi. Həmin ilin sentyabrın 16-sı isə Mənsumun ömrünə yeni bir uğur yazdı. Onu bu teatrda işə götürdülər. Məcnuna gələn yollar isə bir sıra obrazların təqdimatından keçdi. Mənsum İbrahimovun ilk rolu "Leyli və Məcnun" operasında Zeyd olub. O, bu rolu ilə təkcə tamaşaçıları deyil, həm də teatrda Məcnun rolunun mahir ifaçıları olan Arif Babayevi, Baba Mahmudoğlunu, Canəli Əkbərovu valeh edib. Artıq obrazlar qalereyası genişlənməkdə idi. Ona etibar edilən bütün rolların öhdəsindən bacarıqla gələn Mənsum İbrahimov arzusunda olduğu Məcnuna yeddi ildən sonra çatdı. 1993-cü ildə Mənsum səhnəyə Məcnun qiyafəsində çıxdı. Bu görkəmli sənətkar haqqında "Məcnunun Məcnunu" kitabını yazan Mustafa Çəmənli Mənsum İbrahimovun yaratdığı baş obraz haqqında belə deyir: "Muğam xırdalıqları Mənsumu sevdirdi. Gənc müğənninin çoxunda olmayan bu cəsarətini tamaşaçılar sürəkli alqışlarla qarşıladılar. "Şam işığı" pərdəsində Mənsumun dərin qəlb hıçqırtıları ilə oxuduğu "Şahnaz"da yanıqlı zəngulələr və gözlənilməz xoş nəfəs çalarları Məcnunun faciələrini tam açıqladı". O vaxt bütün mətbuatda bir fikir də tez-tez vurğulanırdı ki, nəhayət, səhnədə Sarabskini xatırladan, poetik görkəmi və ifası ilə xoş təsir bağışlayan bir Məcnun göründü. Beləliklə, Məcnun obrazı təkcə Mənsum İbrahimovun sənət taleyində deyil, bu operanın da tarixində yeni bir zirvə yaratdı.
O, bu illər ərzində yeddi Leylinin Məcnunu olub: Gülyaz Məmmədova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Gülüstan Əliyeva, Simarə İmanova, Nəzakət Teymurova, Aygün Bayramova. Bu barədə Mənsumun fikirləri də maraqlıdır: "Mən yeddi Leylinin Məcnunu olmuşam. Demək olar ki, son illər ərzində oynanılan operada Məcnunun əsas yaradıcısı mən olmuşam. Sevinirəm ki, artıq tələbələrim də ardımca gəlirlər. İstər-istəməz yaşlaşırıq. Sevinirəm ki, Məcnun sarıdan operamızın heç vaxt çətinliyi olmayacaq".
Mənsum İbrahimovun pərəstişkarlarının coğrafiyası da genişdir. O, Şərqdən Qərbə, ərəb ölkələrində, okeanın o tayında keçirilən mədəniyyət günlərində iştirak edib, qastrol səfərlərində olub. Hətta YUNESKO-da xoş avazı eşidilib. O, Məcnun rolunu yüz dəfədən çox yaradıb. Muğamlara olan sonsuz məhəbbəti Mənsum İbrahimovu pedaqoji fəaliyyətə də sövq edib. Neçə illərdir ki, o, bir pedaqoq kimi opera səhnəsi üçün əsl ifaçılar hazırlayıb. Eləcə də respublikada keçirilən beynəlxalq muğam müsabiqələrinin münsif heyətinin üzvü kimi istedadlı və gözəl səsə malik gənclərin seçilib dəyərləndirilməsində böyük əmək sərf edib. O, sözün əsl mənasında sənətinin Məcnunudur. Ədəbiyyatşünaslar və tədqiqatçılar dəfələrlə bu faktı diqqətə çəkiblər ki, Məhəmməd Füzuli öz poemasında qəhrəmanı Məcnunun gözəl səsə malik olduğunu belə naxışlayıb:
Avazı idi bəsi-mülayim,
Üslubu dürüst, üsuli-qayim.
Sevindirici və diqqətçəkən məqamdır ki, bu obrazı sevə-sevə yaradan Mənsum İbrahimovun da avazı mülayim, üslubu çox dürüstdür. Bu səbəbdən də onun Məcnunu fərqli, maraqlı və yaddaqalan alındı. Bəzən adama elə gəlir ki, Mənsumun özü də Füzulinin misralarından süzülmüş bir surətdir. Yəqin onu səhnədə görənlər fikir veriblər. Qəlbi ilk eşqin cazibəsinə düşəndə Məcnunun sifətində nur və işıq yaranır. Bunu nə qrimlə, nə də süni effektlə yaratmaq mümkün idi. Bu gülüzlü sima Mənsumun içindəki işıqdan, nurdan qida almışdı. Onun sifətində sanki ay doğmuşdu. O qədər gözəl, cəzbedici, sevimli idi... Tamaşaçı hər şeyi unudurdu. İnanırdı ki, səhnədəki sözün əsl mənasında Məcnundur. Məhəbbətin böyüklüyünü, ucalığını bu dərəcədə inandırıcı yarada bildiyi üçün Mənsum İbrahimov özündən əvvəlki Məcnunların sırasında bir boy ucaldı. Dəlilik məqamına çatanda isə onun qara günü də eyni dərəcədə təsirli və yaddaqalan oldu.
Akademik Bəkir Nəbiyev söyləyir: "Mənsum oxuyanda, elə bilirəm ki, bütün dünya şahidi olduğumuz çox-çox eybəcərliklərdən xalidir, həyat gözəlləşib, cilvələnib. Bu dünyaya elə bil Mənsumun səsi ilə bir gözəllik, mehribanlıq, insanlıq, humanizm gəlir".
Şəxsiyyəti ilə səsi həmahəngdə olan Mənsum İbrahimov həyatda sadə və səmimi insandır. Gözəl ailə başçısı, üç övlad atasıdır. Əməyi dövlətimiz tərəfindən dəfələrlə qiymətləndirilib. Ən böyük arzusu Qarabağın işğaldan azad edilməsidir. Yəqin ki, həmin gün çox yaxın vaxtlarda qismətimizə çıxacaq. Onun "Heyratı"sını Cıdır düzündə eşidəcəyik. O, sadəcə olaraq muğam ifaçısı yox, həm də bu sahənin mahir bilicisidir. Belə məlumatlı, bilikli insanların varlığı isə Azərbaycan mədəniyyəti üçün bir xəzinədir. Onun bu gün Milli Konservatoriyada dərs deməsi neçə-neçə istedadlı kadrın hazırlanması ilə nəticələnir. Sənət dostları Elçin Həşimov və Elnur Əhmədovla birlikdə yaratdıqları üçlük hələ çox zirvələrin fəth edilməsi üçün çalışacaq. Onların Azərbaycan musiqisini təkcə vətənimizdə deyil, xarici ölkələrdə də ləyaqətlə təmsil etməsi bir daha təsdiqləyir ki, muğamlarımız məhz belə istedadların sayəsində həmişə yaşayacaq, var olacaq!
Xalq artisti Arif Babayev: "Mənsum İbrahimov haqqında nə qədər desən, xoş sözlər söyləmək olar. O, həm istedadlı xanəndə, həm gözəl pedaqoq, həm də opera müğənnisidir. Mən Opera və Balet Teatrından ayrılanda dedim: "Mənsum, Məcnunu sənə tapşırıb gedirəm". Haqq da öz yerini tapdı. Artıq neçə ildir ki, Mənsum səhnəmizdə Məcnun rolunun ən yaxşı ifaçısı kimi tanınır, sevilir".
Ustadlar heç zaman səhv etməzlər. Operadakı Məcnun
obrazı əslində
böyük Üzeyir
bəydən, unudulmaz
Sarabskidən bir əmanətdir. Nəsildən-nəslə ötürmək, onu nəinki yaşatmaq, qorumaq özü də bir fəxarətdir.
Bu mənada Arif Babayevin arxayın olduğu Mənsum İbrahimov sözün əsl mənasında Məcnunun Məcnunudur və mütəxəssislərin
də böyük ürəklə söylədiyi
kimi, avazı mülayim, üslubu dürüstdür!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 1 oktyabr.- S. 7.