AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutunda akademik Ramiz Mehdiyevin Moskvada dərc edilmiş "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" məqaləsinin müzakirəsi keçirilmişdir

 

Oktyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada təsisçisi və naşiri "Rodina" jurnalı olan "Vestnik aktualnıx proqnozov. Rossiya: tretye tısyaçeletiye" jurnalının 23-cü nömrəsində dərc edilmiş "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" məqaləsinin müzakirəsinə həsr olunmuş konfrans keçirilmişdir.

İnstitutun direktoru İlham Məmmədzadə tədbiri açaraq bildirmişdir ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada çıxan "Vestnik aktualnıx proqnozov. Rossiya: tretye tısyaçeletiye" jurnalında "Qonşuların təcrübəsi" rubrikası altında dərc edilmiş "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" məqaləsi son illər ölkəmizdə iqtisadi, siyasi, ideoloji münasibətlərin mənzərəsini yaradan və beynəlxalq əlaqələrin inkişafını əks etdirən sanballı bir əsərdir. Məqalənin əhatə etdiyi məsələlər haqqında ətraflı məlumat verən direktor onun Rusiya ictimaiyyətində müasir Azərbaycan haqqında dolğun təsəvvür yaratması ilə yanaşı, ölkəmizin elmi institutları qarşısında da mühüm vəzifələr qoyduğunu qeyd etmişdir.

Konfransda çıxış edənlər bildirmişlər ki, məqalədə Azərbaycan dövlətinin təşəkkülü və inkişafı faktoloji material əsasında yeni müstəqil dövlətlərin gündəliyində duran başlıca məsələ - totalitarizmdən demokratiyaya, komanda iqtisadiyyatından azad bazar münasibətlərinə, böyük bir imperiyanın tərkib hissəsindən milli dövlətə keçidin zəruri olması məsələsi təhlil edilmişdir. Azərbaycan bu yolda keçid dövrünün mürəkkəb şəraitində siyasi, iqtisadi və sosial böhranları dəf etməli olmuşdur. Məqalədə çox düzgün olaraq vurğulanır ki, Azərbaycan yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin hərtərəfli düşünülmüş və uzaqgörən siyasəti sayəsində XXI əsrə siyasi və iqtisadi cəhətdən sabit dövlət kimi qədəm qoya bilmişdir.

Modernləşmə xəttinin əsasının 2003-cü ildə Prezident İlham Əliyev tərəfindən qoyulduğunu qeyd edən natiqlər ölkəmizin bütün dünyanı silkələyən iqtisadi böhrandan da şərəflə çıxmasının məqalədə geniş yer aldığını vurğulamışlar.

Azərbaycanın iqtisadi uğurlarının da öz əksini tapdığı məqalədə 2009-cu ilin yekunlarına əsasən respublikamızda ÜDM-in 9,3 faiz artdığı qeyd edilir. Bundan əlavə, vurğulanır ki, nəzərdə tutulan bütün infrastruktur layihələri və sosial proqramlar həyata keçirilmişdir. Dünya iqtisadiyyatının heç də ürəkaçan olmayan mənzərəsi fonunda 9,3 faiz rəqəminin özü əyani şəkildə göstərir ki, 2009-cu il Azərbaycan üçün çox uğurlu olmuşdur. Məqalədə qeyd edilir ki, Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatmış, ölkədə onun öz resurslarına əsaslanan liberal, müstəqil, davamlı iqtisadiyyat qurulmuşdur.

Modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir. Ölkəmiz prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur.

Məqaləsində milli inkişafda intellektual dirçəliş məsələsinə toxunan akademikin fikrincə, Azərbaycan dövlətçiliyinin davamlı və sabit inkişafının əsas amili kimi, təhsilin və elmin səviyyəsini, gənclərin intellektual səviyyəsini daim artırmaq zəruridir. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı da bu mühüm vəzifənin yerinə yetirilməsinə xidmət edir.

Natiqlər məqalə müəllifinin Azərbaycan-Rusiya münasibətlərinin dinamizminə, ölkələrimiz arasında əməkdaşlığın tamamilə yeni müstəviyə - Azərbaycan-Rusiya strateji əməkdaşlıq müstəvisinə keçməsinə xüsusi diqqət yetirdiyini vurğulamışlar.

Məqalədə qeyd edilir ki, iki dövlət arasında hərbi və hərbi-texniki əməkdaşlıq inkişaf edir, iqtisadi sahədə olduğu kimi, qarşılıqlı faydalı əməkdaşlıq da Azərbaycan-Rusiya münasibətlərinin mühüm tərkib hissələrindən biridir. Müasir mərhələdə Azərbaycan-Rusiya münasibətlərinin bütün spektrini, o cümlədən humanitar əlaqələri də təsbit edən tərəfdaşlıq getdikcə zənginləşən, daha yeni çalarlar kəsb edən ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin varisliyini bir daha sübut edir.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, professor Əlikram Abdullayev bildirmişdir ki, məqalə müstəqillik illərində Azərbaycanın keçdiyi inkişaf yolunun yığcam şəkildə ciddi elmi qiymətini verir, qarşıdakı mərhələnin baş istiqamətlərini göstərir. Bu, istər iqtisadi, istər siyasi, istərsə də mənəvi sahənin inkişafının əsas istiqamətləridir və müəllif onu ən ümumi səciyyə kimi modernləşmə adlandırır. MDB üzvü olan ölkələrin elmi ədəbiyyatında bu termin yeni mahiyyət alır və onların inkişaf xüsusiyyətlərini dəqiq ifadə edir. Professor Ə.Abdullayev demişdir ki, məqalədə müəllif modernləşməyə nail olmağın başlıca yollarını təqdim edərək bu sırada azad vətəndaş, güclü dövlət, konsolidə olunmuş demokratiya, milli-mənəvi yüksəliş kimi məqamları xüsusi vurğulayır. Eyni zamanda, akademik R.Mehdiyev bu məqsədlərə nail olmağın əsas nüvəsini milli inkişafda intellektual sıçrayışda görür. Hesab edirəm ki, bu çox düzgünperspektivli bir qiymətdir.

Məqalədə, həmçinin Azərbaycan-Rusiya münasibətlərinin geniş xarakterizə olunduğunu qeyd edən professor Ə.Abdullayev vurğulamışdır ki, burada iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafı, onun əsas parametrləri öz əksini tapmışdır.

Müəllifin məqalədə Azərbaycanın gələcək inkişafının baş nişangahlarını müəyyən etdiyini diqqətə çatdıran professor bildirmişdir ki, ölkəmizdə fəaliyyət göstərən elmi tədqiqat müəssisələri əl-ələ verib məqalədən irəli gələn vəzifələrin həlli istiqamətində səmərəli fəaliyyətə səy göstərməlidirlər.

Konfransda çıxış edən institutun əməkdaşları məqalənin elmi əhəmiyyətini yüksək qiymətləndirmiş, onun Azərbaycanın elmi ictimaiyyəti üçün bir impuls rolu oynayacağını, yeni elmi tədqiqatlara, layihələrə təkan verəcəyini vurğulamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 oktyabr.- S. 2.