Parlamentin fəaliyyətinin əsas
istiqamətləri təməli ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş hüquqi, demokratik və
dünyəvi dövlətin yaradılması prosesini davam
etdirməkdən ibarət olmuşdur
Müsahibimiz Azərbaycan Respublikası Milli Məclisinin
Sədri, YAP Siyasi Şurasının üzvü Oqtay Əsədovdur
- Oqtay müəllim, artıq üçüncü
çağırış Azərbaycan Respublikası Milli Məclisinin
beşillik fəaliyyəti sona çatmaqdadır. Parlamentin
spikeri kimi ötən beş ili necə xarakterizə edərdiniz?
- Məlum həqiqətdir
ki, ölkəmizin əldə etdiyi uğurların
qazanılmasında milli dövlətçilik sistemində
özünəməxsus yeri olan Azərbaycan parlamentinin də
mühüm rolu var. Milli Məclis dünyadakı mütərəqqi
inkişaf meyllərinin Azərbaycanda öz əksini
tapmasında dövlət başçısına səlahiyyətləri
çərçivəsində dəstək verir.
Müstəqilliyimizin memarı, ulu öndər Heydər Əliyevin uzaqgörən ideyalarının reallığa çevrilməsi, bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğunlaşdırılması, qısa zaman kəsiyində ölkəmizdə milli-mənəvi dəyərlərə əsaslanan sivil cəmiyyət qurmağa imkan verdi. Bu nailiyyətin əldə edilməsi üçün ölkə parlamenti, o cümlədən üçüncü çağırış Milli Məclis də var qüvvəsi ilə çalışmışdır. Ulu öndərin ölməz ideyalarına sadiq qalaraq Avropa dəyərlərindən bəhrələnən qanunverici orqan ölkənin müasir inkişaf strategiyasının yaradılmasında özünəməxsus rol oynamışdır.
Bu baxımdan Prezident İlham Əliyev mütərəqqi prinsiplərə söykənən müasir cəmiyyət quruculuğunda, ölkənin rifahı naminə həyata keçirilən islahatların hüquqi bazasının yaradılmasında Milli Məclisin rolunu yüksək qiymətləndirmişdir.
Parlamentin ötən dövrdəki fəaliyyəti barədə danışarkən qeyd etmək lazımdır ki, demokratik əsaslarla seçilmiş üçüncü çağırış Milli Məclis ölkə qanunvericiliyinin inkişafı sahəsində yeni mərhələnin başlanğıcını qoymuşdur. Çoxpartiyalı sistem əsasında fəaliyyət göstərən Milli Məclis öz fəaliyyətini qüvvədə olan qanunvericiliyə uyğun surətdə həyata keçirmişdir. Parlamentin fəaliyyətinin əsas istiqamətləri təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi, demokratik və dünyəvi dövlətin yaradılması prosesini davam etdirməkdən ibarət olmuşdur. Bu gün inamla deyə bilərik ki, hazırda müstəqil Azərbaycanın bütün sahələr üzrə qanunvericilik bazası mövcuddur. Qəbul olunmuş Konstitusiya qanunları, məcəllələr, qanunlar, təsdiq edilmiş konvensiyalar və sazişlər cəmiyyət və dövlət həyatında yaranan münasibətləri tənzimləməyə xidmət edir.
Parlament həyatında ötən dövrün ən mühüm hadisələrindən biri 2009-cu il sentyabrın 25-də Milli Məclisin yeni korpusunun istifadəyə verilməsi oldu. Yeni korpusun açılışında Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva iştirak etdilər. Heç şübhəsiz, parlamentdə aparılan dünya standartlarına uyğun quruculuq və bərpa işləri müstəqil Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir.
Bu gün Milli
Məclisin siması tamamilə yenilənmişdir. Parlamentin
binası və maddi-texniki bazası yenidən qurulmuşdur.
Milli Məclisə gələn xarici qonaqlar
burada millət vəkilləri üçün
yaradılmış şəraitə heyran
qaldıqlarını dəfələrlə
vurğulamışlar. Burada müasir
İclas zalı, ümummilli lider Heydər Əliyevə həsr
olunmuş Xatirə zalı, zəngin kitabxana vardır.
Bir sözlə, Milli Məclisin
ötən beş ildəki fəaliyyətinə
nəzər saldıqda görürük ki, parlament ölkədə
uğurla həyata keçirilən islahatların və
demokratiyanın daha da inkişaf etdirilməsinə, qanunvericlik
fəaliyyətində dünyanın aparıcı ölkələrinin
təcrübəsinin tətbiqinə öz layiqli töhfələrini
vermişdir.
- Azərbaycanın üçüncü
çağırış Milli Məclisi bir sıra vacib qanunverici
aktların hazırlanıb qəbul edilməsində ciddi,
genişmiqyaslı fəaliyyət göstərmişdir.
Bununla yanaşı, Azərbaycanın bir sıra mühüm
qanunverici aktları Avropa standartlarına
uyğunlaşdırıldı. Bu sahədə
Milli Məclisin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, Azərbaycanın
qanunvericilik sistemində mühüm istiqamətlərdən
biri demokratiyanın daha da dərinləşməsi, insan
hüquq və azadlıqlarının təmin
olunmasının hüquqi bazasının yaradılması və
onun təkmilləşdirilməsindən ibarətdir. Təsadüfi deyildir ki, ölkə
Konstitusiyasının müddəalarının üçdə
ikisi məhz bu məsələlərə həsr
olunmuşdur.
Diqqətinizə
çatdırım ki, Üçüncü
çağırış Milli Məclisin fəaliyyəti
dövründə parlamentin 155 iclası keçirilmiş,
1058 qanun və qərar qəbul olunmuşdur.
Ötən dövrdə Milli
Məclis ölkə qanunvericiliyinin, o cümlədən
Seçki Məcəlləsinin təkmilləşdirilməsini
diqqət mərkəzində saxlamış, Seçki Məcəlləsinə
və “Sərbəst toplaşmaq azadlığı
haqqında” Qanuna zəruri dəyişikliklər və əlavələr
etmişdir. Bu dəyişikliklər vətəndaşların
əsas hüquqlarından biri olan seçmək, seçilmək
və siyasi azadlıqlardan istifadə etmək hüququnun daha
yüksək səviyyədə təmin olunması
baxımından əhəmiyyətlidir.
Milli Məclis ölkəmizdə
insan hüquqlarının qorunmasını, demokratik proseslərin
daha geniş vüsət almasını özündə ehtiva
edən bir sıra qanunları - “Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişikliklər
edilməsi barədə Konstitusiya qanununu, “Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar)
haqqında”, “Fərdi məlumatlar haqqında”, “Dini etiqad
azadlığı haqqında” sənədlərə əlavələr
və dəyişikliklər edilməsi barədə
qanunları qəbul etmiş, Avropa Şurasının
“İnsan alverinə qarşı mübarizə haqqında”
Konvensiyasını təsdiqləmişdir. Bu sahədə qəbul
edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin
təminatları haqqında” və “Məişət
zorakılığının qarşısının
alınması haqqında” qanunlar da mühüm sənədlərdəndir.
Ötən dövrdə
parlament söz və mətbuat azadlığını da diqqətdən
kənarda qoymamış, “Kütləvi informasiya vasitələri
haqqında”, “Televiziya və radio yayımı haqqında”,
“İctimai televiziya və radio yayımı haqqında”, “Məlumat
azadlığı haqqında”, “İnformasiya əldə etmək
haqqında” sənədlərə əlavələr və dəyişikliklər
etmişdir.
Milli Məclis
hüquq-mühafizə orqanlarının işinin təkmilləşdirilməsi,
cəmiyyətdaxili proseslərin nizama salınmasının
hüquqi tənzimlənməsi, milli təhlükəsizliyin
təmin olunması kimi məsələləri də daim diqqətdə
saxlamışdır. Milli Məclisdə bu sahədə
atılmış mühüm addımlardan biri İnsanlığa
qarşı cinayətləri müəyyən edən qanunun
qüvvəsinin geriyə şamil olunması məsələsinin
öz hüquqi həllini tapması olmuşdur. Siyasi və hüquqi əhəmiyyətə malik
olan bu məsələ “Beynəlxalq cinayətlərə
görə məsuliyyət müəyyən edən Qanunun
qüvvəsinin geriyə şamil olunması haqqında”
Konstitusiya Qanununda təsbit olunmuşdur.
Bu dövrdə Mülki Məcəlləyə,
Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə,
Mülki Prosessual Məcəlləyə, İnzibati Xətalar
Məcəlləsinə, “Konstitusiya Məhkəməsi
haqqında”, “Məhkəmələr və hakimlər
haqqında”, “Məhkəmə hüquq Şurası
haqqında”, “Polis haqqında”, “Prokurorluq haqqında”, “Notariat
haqqında”, “Yol hərəkəti haqqında” qanunlara əlavə
və dəyişikliklər edilmişdir.
Parlament bələdiyyələrin
fəaliyyətini təkmilləşdirmək məqsədi ilə
də bir sıra qanun və qərarlar qəbul etmiş, bu sahədəki
qanunvericiliyi dövrün tələblərinə
uyğunlaşdırmışdır.
Üçüncü
çağırış Milli Məclis ordu quruculuğu və
hərbçilərimizin anti-terror əməliyyatlarda
iştirakını da diqqət mərkəzində
saxlamışdır. Belə ki, ilk dəfə olaraq müstəqil
Azərbaycanın Hərbi Doktrinası geniş müzakirələrdən
sonra təsdiq olunmuşdur. Ötən
dövrdə deputatlar fövqəladə hallar orqanlarında
xidmət keçən şəxslərin hüquqi vəziyyətini
əks etdirən mühüm sənəd kimi “Fövqəladə
hallar orqanlarında xidmət keçmə haqqında” qanun
layihəsini də müzakirə edərək qəbul
etmişlər.
Milli Məclis iqtisadi sahəyə
də xüsusi diqqət ayıraraq, sahibkarlığın
inkişafı, iqtisadi sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi
üçün “Sahibkarlıq fəaliyyəti subyektlərinin
dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə
uyğun təşkili ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi barədə” qanun qəbul
etmişdir.
Parlamentdə qəbul
edilmiş “Xüsusi iqtisadi zonalar haqqında”, “Əmanətlərin
sığortalanması haqqında” qanunlar dünyada baş verən
proseslər fonunda mühüm əhəmiyyətə malikdir. “Sığorta fəaliyyəti
haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”
qanunlar, “Xarici investisiyaların qorunması haqqında”,
“Gömrük tarifi haqqında” sənədlərə
edilmiş dəyişiklik və əlavələr ölkə
iqtisadiyyatının gücləndirilməsinə xidmət
edir.
Qloballaşan
dünyamızda ölkənin ərzaq təhlükəsizliyi
ilə bağlı dövlət proqramının həyata
keçirilməsində hüquqi bazanın
yaradılmasını, nəqliyyat sisteminin
inkişafının əhəmiyyətini nəzərə
alaraq, parlament bu sahələrdə də bir sıra vacib
qanunların qəbuluna nail olmuşdur.
Əhalinin
sosial müdafiəsinin gücləndirilməsi də həmişə
Milli Məclisin diqqət mərkəzində olmuşdur. Ölkəmizdə
aparılan pensiya islahatları çərçivəsində
qəbul edilən “Əmək pensiyaları haqqında” və
“Sosial müavinətlər haqqında” qanunlar əhalinin sosial
təminatının daha da gücləndirilməsinə,
sığorta-pensiya sistemində mütərəqqi dünya təcrübəsinə
uyğun mexanizmlərin qurulmasına şərait
yaratmışdır.
Sosial sahədə qəbul
olunmuş “Onkoloji yardım haqqında”, “Dərman vasitələri
haqqında”, “İnsanın immun
çatışmazlığı virusunun törətdiyi xəstəliklə
mübarizə haqqında” qanunlar, “Özəl tibb fəaliyyəti
haqqında” sənədə edilən dəyişikliklər də
əhalinin sağlamlığının qorunması və
tibb sahəsinin günün tələbləri səviyyəsində
inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir.
Parlament cəmiyyətimizin
azyaşlı üzvlərini də diqqətdən kənarda
qoymamış, onların sosial müdafiəsini gücləndirmək
məqsədilə “Əlilliyin və uşaqların
sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Gənclər
siyasəti haqqında”, “Uşaq hüquqları haqqında”,
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların sosial müdafiəsi haqqında”
qanunlara əlavə və dəyişikliklər etmişdir.
Qəbul
olunmuş qanunlar sırasında “Təhsil haqqında” Qanunun qəbulunu
üçüncü çağırış Milli Məclisin
ən böyük uğurlarından biri hesab etmək olar. Uzun illərdən
bəri geniş ictimaiyyətin böyük marağına səbəb
olan bu sənəd təhsil sistemi üzrə digər
qanunların qəbul edilməsində baza rolunu oynayacaqdır.
- Milli Məclisin beynəlxalq müstəvidə
fəaliyyəti haqqında nə deyə bilərsiniz? Xüsusilə Azərbaycan parlamentinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində
atdığı addımlar nədən ibarət olmuşdur?
- Hər kəsə məlumdur
ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata
keçirdiyi uğurlu xarici siyasət ölkəmizin beynəlxalq
arenada və regionda nüfuzunu yüksəltmiş, onun
mövqelərini möhkəmləndirmişdir. Parlamentlərarası əlaqələr də
dövlətimizin beynəlxalq əməkdaşlığının
mühüm istiqamətlərindən biri kimi fəaliyyət
göstərmiş, Azərbaycanın milli maraqlarının təmin
olunmasına yönəldilmişdir.
Milli Məclisin
nümayəndə heyətlərinin beynəlxalq qurumlarda
iştirakı, xarici ölkələrin parlament rəhbərliyi
və beynəlxalq təşkilatların təmsilçiləri
ilə keçirilən görüşlər ölkənin
xarici siyasətinin tərkib hissəsi olmaqla dövlətimizin,
o cümlədən parlamentin əlaqələrinin genişləndirilməsində
əhəmiyyətli rol oynayır. Bu görüşlər zamanı
aparılan danışıqlarda Azərbaycanın ən
ağrılı problemi olan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı məsələ əsas
mövzu kimi qabardılmış, bizi narahat edən məsələlərin
dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq
qurumların nəzərinin bu məsələyə cəlb
edilməsi diqqət mərkəzində olmuşdur.
Parlamentlərarası
əlaqələrin inkişafında xarici ölkələrin
qanunvericilik orqanları ilə dostluq qrupları mühüm
rol oynayır.
Bu gün parlamentdə 70-dən çox ölkənin
qanunvericilik orqanı ilə parlamentlərarası əlaqələr
üzrə işçi qrupları fəaliyyət göstərir.
Bu qruplar qanun yaradıcılığı sahəsində
təcrübə və informasiya mübadiləsinə,
parlamentlər səviyyəsində əməkdaşlığın
genişləndirilməsinə misilsiz töhfələr verirlər.
Bundan başqa,
parlament regionda və dünya miqyasında Azərbaycanın
milli maraqları ilə bağlı hadisələrə də
münasibət bildirmişdir. Azərbaycan parlamenti Fransa Milli Məclisində
“erməni soyqırımı”nın inkar
edilməsinə görə cəza müəyyən edən
qanun layihəsinin qəbulu ilə əlaqədar 2006-cı il
oktyabrın 13-də bu ədalətsiz aktın qəbul
olunmasına öz qəti etirazını bildirmişdi. 2007-ci
ilin fevralın 27-də Xocalı faciəsinin 15-ci
ildönümü münasibəti ilə parlament bəyanat
verərək Xocalı soyqırımını bütün
insanlığa qarşı ən ağır cinayət kimi dəyərləndirilmiş,
20-ci əsrin Xatın, Lidiçe, Babiy Yar kimi faciələri
ilə bir sırada dayandığı
vurğulamışdı. Milli Məclis özünün
2009-ci il 15 dekabr tarixli müraciətində
ABŞ Konqresi tərəfindən 2010-cu maliyyə ili
üçün Dağlıq Qarabağa maliyyə vəsaiti
ayrılmasına öz etirazını bildirmişdir.
Yadınızdadırsa,
2010-cu ilin əvvəlində ABŞ Konqresi Nümayəndələr
Palatasının Xarici əlaqələr komitəsinin qondarma
“erməni soyqırımı”na dair qəbul etdiyi qərar Azərbaycan
ictimaiyyətində dərin narahatlıq doğurmuşdu. Bunu
nəzərə alan Milli Məclis 2010-cu
il martın 5-də ABŞ Konqresinə müraciət edərək
erməni lobbisinin maraqlarına xidmət edən bu
addımı Cənubi Qafqazda yeni problemlərə yol aça
biləcək qərar kimi dəyərləndirmişdir. Məlum
olduğu kimi, sonrakı mərhələdə bu proses
dayandırıldı.
Qeyd etmək
lazımdır ki, ölkəmizin nüfuzlu beynəlxalq
qurumlardakı nümayəndəlikləri ilə birlikdə
deputatlarımız da Azərbaycanın beynəlxalq arenada
siyasi imicinin yüksəlməsi naminə səmərəli fəaliyyət
göstərirlər. Parlamentlərarası əməkdaşlıq
müstəvisində aparılan bu siyasət artıq öz nəticələrini
verməkdədir. Bu gün BMT, Avropa
Şurası, ATƏT və digər qurumlarda ölkəmizlə,
regionla bağlı qəbul edilən sənədlərdə
Azərbaycanın milli maraqları öz əksini
tapmaqdadır. Heç də təsadüfi
deyildir ki, İtaliya və Almaniya kimi nüfuzlu dövlətlərin
qanunvericilik orqanları Cənubi Qafqazla əlaqədar qəbul
etdikləri qətnamələrdə Dağlıq Qarabağ
münaqişəsi ilə əlaqədar Azərbaycanın
haqlı mövqeyini dəstəkləmişlər. Bütün bunlar Azərbaycan parlament
diplomatiyasının uğurlarından xəbər verir.
Hazırda Milli Məclis
Parlamentlərarası İttifaqın, Avropa Şurası
Parlament Assambleyasının, MDB Parlament Assambleyasının,
ATƏT Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Məclisinin, GUAM Parlament
Assambleyasının, İslam Konfransı Təşkilatı
Parlament Məclisinin tam hüquqlu, NATO Parlament
Assambleyasının isə assosiativ üzvüdür. Milli Məclis
Avropa Parlamenti, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı”
proqramı çərçivəsində
yaradılmış Avronest parlament təşkilatı və
digər mötəbər beynəlxalq qurumlarla da sıx əməkdaşlıq
edir. Millət vəkilləri bu təşkilatlarda
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə həqiqətləri
dünya ictimaiyyətinə çatdırırlar.
Bu gün Milli
Məclis yeni regional qurumların yaradılmasında da fəal
iştirak edir.
Belə ki, 2009-cu il sentyabrın 29-da Milli Məclisdə
Türkdilli Ölkələrin Parlament Assambleyasının –
TürkPA-nın birinci plenar iclasının keçirilməsi
bütün türk dünyası üçün
mühüm əhəmiyyətli hadisə oldu. Belə
bir tədbirin Bakıda keçirilməsi isə həqiqətən
qürurvericidir. Bundan başqa, təşkilatın
Katibliyinin 4 il müddətinə Bakıda
fəaliyyət göstərməsi qərara
alınmışdır.
Ötən
dövrdə Milli Məclis rəhbərliyinin xarici ölkələrə
səfərləri, beynəlxalq qurumların tədbirlərində
iştirakı parlament diplomatiyamızın inkişafına
öz müsbət təsirini göstərmişdir. Milli Məclis Sədrinin
başçılığı ilə nümayəndə heyəti
Türkiyədə, Rusiyada, İranda, Polşada, Fransada,
İtaliyada, Cənubi Koreyada, Yunanıstanda, Rumıniyada,
Bolqarıstanda və digər ölkələrdə rəsmi
səfərlərdə olmuş, MDB PA-nın, AŞPA-nın,
QDİƏT PM-in tədbirlərində, Parlament Sədrlərinin
Avropa toplantısında və bir sıra ölkə parlamentlərinin
yubiley tədbirlərində iştirak etmişdir.
Ötən dövrdə
Türkiyə, Ukrayna, Gürcüstan, Polşa, Slovakiya, Koreya
Respublikası, Türkmənistan, İsveçrə
Konfederasiyası, Serbiya, Xorvatiya, Litva prezidentləri, bir
sıra ölkələrin və beynəlxalq təşkilatların
nümayəndə heyətləri parlamentdə olmuş, Milli
Məclisin Sədri ilə parlamentlərarası əməkdaşlığın
inkişafı barədə fikir mübadiləsi
aparmışlar.
Göründüyü
kimi, parlament diplomatiyası ölkənin beynəlxalq aləmdə
milli maraqlarının təmin olunması baxımından
çox önəmlidir. Milli Məclis dünyanın mötəbər
beynəlxalq təşkilatları və parlamentləri ilə
uğurlu əməkdaşlığı davam etdirərək,
dövlətimizin və xalqımızın haqq işinin beynəlxalq
aləmdə dəstəklənməsi naminə öz səlahiyyətləri
çərçivəsində bütün imkanlardan istifadə
edir.
- Bu gün ölkəmiz iqtisadi, sosial inkişafına
görə dünyanın aparıcı dövlətlərindən
birinə çevrilmişdir. Əlbəttə ki, bu
uğurların kökündə əsası Ulu Öndər
Heydər Əliyev tərəfindən qoyulmuş və bu
gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
davam etdirilən siyasi kurs dayanır. Xalqımız Azərbaycanın
firavan gələcəyini, inkişafını müəyyənləşdirən
Heydər Əliyev siyasi kursunu birmənalı şəkildə
dəstəkləyir. Bu baxımdan, xalq-hakimiyyət
vəhdətinin qarşıdan gələn parlament seçkilərinin
nəticələrinə təsiri haqqında fikirlərinizi
bilmək istərdik. Ümumiyyətlə,
ölkəmizdə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz?
- Son illərdə ölkənin
ictimai-siyasi həyatında baş vermiş mühüm əhəmiyyətli
hadisələrdən biri də 2008-ci ilin 15 oktyabrında
keçirilmiş Prezident seçkiləri oldu. Bu seçkilərdə
Azərbaycan vətəndaşları ölkənin növbəti
beş ilə idarə olunmasını
milli tariximizdə görkəmli yer tutan ulu öndər Heydər
Əliyevin siyasi varisi İlham Əliyevə həvalə etdilər.
Xalqımızın bu seçimi ölkədə
ötən dövrdə görülən işlərin və
aparılan islahatların dəstəklənməsi anlamına
gəlir.
YAP olaraq biz dəfələrlə
bəyan etmişik ki, qarşıdan gələn parlament
seçkilərində bizim uğurlarımızın əsasında
dayanan ən böyük amil Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətin seçicilər tərəfindən
yüksək qiymətləndirilməsidir. Azərbaycan
iqtisadiyyatının sürətli inkişafı, bu
inkişafın əsasında digər sahələrdə əldə
olunan əhəmiyyətli irəliləyişlər,
insanların rifahının, yaşayışının
yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə
və regionda mövqelərinin güclənməsi -
bütün bunların hamısı onu deməyə əsas
verir ki, xalq-hakimiyyət vəhdəti qarşıdan gələn
parlament seçkilərinin nəticələrinə
birbaşa təsir edəcəkdir. Çünki
YAP-ın indiyədək həyata keçirdiyi siyasətin əsasını
insanlara xidmət amili təşkil etmişdir.
Bu gün Azərbaycandakı
seçkiqabağı mühitə gəlincə isə, onu
deyə bilərəm ki, mən ölkədəki
seçkiqabağı mühiti normal hesab edirəm. Bu gün həm
ölkəmizdəki siyasi şərait, həm də
lazımi seçki qanunvericiliyinin mövcudluğu demokratik, ədalətli
seçki keçirməyə münbit zəmin yaradır.
Ölkənin
aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyası da seçkiqabağı mühitə uyğun fəaliyyətini
davam etdirir. Artıq YAP müxtəlif dairələrdən
öz namizədlərini müəyyən etmiş və cəmiyyətə
açıqlamışdır. Bu gün
Azərbaycanda seçkinin azad, demokratik və şəffaf
keçirilməsi üçün dövlət tərəfindən
edilməli olan bütün işlər həyata
keçirilmişdir. Ona görə də əminəm
ki, qarşıdan gələn parlament seçkiləri də
tam demokratik, şəffaf və beynəlxalq standartlara
uyğun formada keçiriləcək, Azərbaycanın beynəlxalq
nüfuzunu daha da yüksəldəcəkdir.
Azərbaycan.- 2010.- 2 oktyabr.- S. 3.