Prokurorluq işçiləri peşə bayramlarını qeyd etmişlər

 

Müstəqil dövlətçiliyimizin və Azərbaycanın ən yeni tarixinin yaradıcısı ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamına müvafiq olaraq hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə oktyabrın 1-də Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluğu orqanlarının kollektivləri Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra prokurorluq işçiləri Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Həmin gün Baş Prokurorluqda 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Mərasimdə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov, ilk növbədə, prokurorluq orqanlarının bütün əməkdaşlarını və təqaüddə olan veteranları peşə bayramı münasibətilə təbrik etmişdir. Qeyd edilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamına müvafiq olaraq, belə bir bayramın təsis edilməsi milli dövlətçilik dəyərlərinə və tarixi keçmişə hörmətin, prokurorluğun cəmiyyətimizdə tutduğu yerə münasibətin təzahürüdür.

Baş prokurorun məruzəsində xüsusi vurğulanmışdır ki, Azərbaycan Prokurorluğunun sivil və demokratik məzmunda yenidən formalaşması, müstəqil dövlətçiliyin maraqlarına xidmət edən dövlət təsisatı kimi təkmilləşməsi Heydər Əliyev dövlətçilik siyasəti, ulu öndərin qayğısı nəticəsində mümkün olmuşdur. Xalq Cümhuriyyəti dövründə müstəqil dövlət orqanı kimi hərtərəfli formalaşmağa imkanı olmayan, Sovetlər İttifaqı zamanında hakim partiyanın siyasətinə xidmət edən qurum kimi fəaliyyət göstərən, keçən əsrin 90-cı illərinin əvvəllərindəki anarxiya və xaos dövründə işini qanun çərçivəsində qura bilməyən və mütəşəkkil cinayətkar təzahürlərin, vətəndaşların hüquqlarının kütləvi şəkildə pozulması hallarının qarşısını almaqda aciz olan Azərbaycan Prokurorluğu yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra və onun hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində cəmiyyətdə öz layiqli yerini tutmağa nail olmuş, dövlətçiliyimizin sütunlarından hesab edilən mühüm təsisata çevrilmişdir. Azərbaycan Prokurorluğunun demokratik məzmunda yeniləşməsi və fəaliyyətinin təkmilləşməsi işində ümummilli lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi görüşün müstəsna əhəmiyyəti xüsusi qeyd edilmişdir.

Məruzədə göstərilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə bütün hüquq-mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, o cümlədən prokurorluq öz inkişafının məzmunca və keyfiyyətcə tamamilə yeni mərhələsinə qədəm qoymuş, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan həmin təsisatların işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılmışdır. Bu gün dövlətimizin başçısının dəstəyi ilə prokurorluqda yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsidir ki, Azərbaycan Prokurorluğu yeni tələblərə uyğun təkmilləşdirilmiş mütərəqqi normativ-hüquqi bazası olan, yeni mütərəqqi prinsipləri və metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına çevrilmişdir. Ədalətli prosedurlar əsasında kadr tərkibi mütəmadi olaraq yeniləşdirilən prokurorluğun kollektivinin və hər bir əməkdaşın məsuliyyət hissi artırılmaqla ciddi tələbkarlıq şəraiti formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmışdır.

Prokurorluq orqanlarının məzmunca yeniləşməsi və işinin müasir tələblərə uyğun tam yeni müstəvidə qurulmasında dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsinin müstəsna əhəmiyyəti diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, milli prokurorluğun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramı ölkəmizin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının artırılması, yeni nəsil prokurorluq işçilərinin yetişdirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün konkret tədbirləri özündə əks etdirmişdir.

Bütün səylərin, ilk növbədə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına istiqamətləndirilməsinin nəticəsidir ki, qısa müddət ərzində prokurorluq əməkdaşlarının sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəldilmiş "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, Baş Prokurorluğun strukturunda Elm-Tədris Mərkəzi, Hüquqi Təminat və İnformasiya İdarəsi və ağır cinayətlərə dair işlər üzrə dövlət ittihamının müdafiəsi şöbəsi, Hərbi Prokurorluğun strukturunun təkmilləşdirilməklə Zaqatala hərbi prokurorluğunun yaradılması təmin edilmişdir.

2010-cu il prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi ili elan edilmiş, hazırda yeni yaradılmış qurum kimi İnformasiya Texnologiyalarının Tətbiqi Xidmətinin mütəxəssislərinin yaxından iştirakı ilə Baş Prokurorluqtabe prokurorluqlar arasında elektron məlumat mübadiləsini təmin edəcək mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması istiqamətində zəruri işlər görülür. Azərbaycan Prokurorluğunun veb-saytının müasir tələblər və standartlar səviyyəsində yeni versiyası işlənilib-hazırlanmış və sentyabrın 28-də geniş şəkildə təqdim olunmuşdur.

Bildirilmişdir ki, prokurorluğun kollektivi və hər bir əməkdaş prokurorluğa dövlət səviyyəsində, Azərbaycan Respublikasının Prezidenti tərəfindən göstərilən etimadın məsuliyyətini dərindən dərk edərək, işini həmin etimada layiq səviyyədə quraraq, prokurorluqda formalaşmış sağlam mühitini daha da möhkəmləndirmək, cəmiyyətdə prokurorluğa artan ictimai etimadı qoruyub-saxlamaq üçün bütün qüvvəsini səfərbərliyə almışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Respublika hərbi və Naxçıvan Muxtar Respublikası prokurorluqları, habelə bütün tabe struktur qurumlar tərəfindən bundan sonra da "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işimizin səmərəliliyinin artırılması, Dövlət Proqramında nəzərdə tutulmuş tapşırıqların müəyyən edilmiş müddətdə və keyfiyyətli icrası istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunacaqdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan öz müstəqil inkişaf yolu ilə inamla irəliləyən, xalqının firavan həyatı üçün möhkəm iqtisadi əsaslar yaradan, həm ölkə miqyasında, həm də ayrı-ayrı regionlar səviyyəsində yüksələn xətlə sosial-iqtisadi inkişafa nail olan, dünyanı bürüyən böhran şəraitində iqtisadi inkişaf sürətini saxlayan, ölkə həyatının bütün sahələrində müasir məzmunlu demokratik yenidənqurma proseslərini gündən-günə sürətləndirən bir ölkəyə çevrilmiş, dünya dövlətləri birliyinə daha sıx inteqrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Xalqımızın son illər ərzində qazandığı bütün bu uğurlar 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasətinin məntiqi nəticəsi, Heydər Əliyev siyasi kursunun təntənəsidir.

Mərasimdə inam ifadə olunmuşdur ki, ölkə həyatının belə bir məsuliyyətli dövründə Azərbaycan Prokurorluğu respublikamızın yüksələn xətlə sosial-iqtisadi inkişafına istiqamətləndirilmiş dövlətçilik siyasətinin həyata keçirilməsində, ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlət müstəqilliyimizin və milli maraqlarımızın, xalqın mənafeyinin cinayətkar qəsdlərdən qorunmasında, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılması və vətəndaşların hüquqlarının müdafiə olunmasında yaxından iştirak edəcəkdir.

Peşə bayramı günüildönümü ilə əlaqədar xidmətdə fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarına baş prokuror Zakir Qaralov tərəfindən fəxri fərmanlar, qiymətli hədiyyələr və rütbə dərəcələri təqdim edilmişdir.

Mərasimin yekununda dövlətimizin başçısı İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

* * *

 

Prokurorluq işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaradılmasının 92-ci ildönümü ərəfəsində Şirvan Mingəçevir şəhər prokurorluqlarının inzibati binalarının əsaslı təmirdən sonra təntənəli açılış mərasimləri keçirilmişdir. Baş prokurorun müavini Namiq Əsgərovun kollegiya üzvü Eldar Əhmədovun iştirakı ilə keçirilən həmin tədbirlərdə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində görülən bu işlər prokurorluğa dövlət səviyyəsində göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-2 oktyabr.- S. 4.