Musiqi salnaməsində silinməz izlər
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar Bakıda Beynəlxalq musiqi festivalı keçirildi. Artıq ikinci ildir ki, ölkəmizdə bu cür beynəlxalq əhəmiyyətli festivala start verilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Üzeyir Hacıbəylinin 125 illik yubileyi bu il daha geniş miqyasda təntənə ilə qeyd olunur. Bu möhtəşəm yubileyin xoş sədaları təkcə ölkəmizdə deyil, dünyanın çox möhtəşəm konsert salonlarından gəlməkdədir.
Dahi bəstəkarın doğum günündə - sentyabrın 18-də unudulmaz bəstəkarımızın yubileyi Heydər Əliyev Sarayında təntənəli şəkildə qeyd edildi. Geniş və zəngin yaradıcılıq irsinə malik olan, eləcə də Azərbaycan professional musiqisinin banisi kimi dünya şöhrəti qazanan Üzeyir Hacıbəylinin şərəfinə elə həmin gün Beynəlxalq musiqi festivalına start verildi. Bu əlamətdar hadisə münasibətilə keçirilən tədbirə Rusiya, Almaniya, Türkiyə, Hollandiya, İsveçrə, Sinqapur, Kanada, ABŞ-dan və Azərbaycanın özündən görkəmli ifaçılar, musiqi kollektivləri qatıldılar. On gün davam edən bu beynəlxalq tədbirdə Azərbaycan musiqi salnaməsində yeni izlər salındı. Eləcə də milli mədəniyyətimizin uğurları məharətlə nümayiş etdirildi. Bunu da qeyd etmək gərəkdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş "Üzeyir dünyası" layihəsi çərçivəsində "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası" kitabları, bədii və publisistik əsərləri, "Leyli və Məcnun", "Koroğlu" operalarının, "O olmasın, bu olsun" musiqili komediyasının klavir, liberetto və CD-ləri işıq üzü gördü.
Mərasimin ilk günündə Heydər Əliyev Sarayında keçirilən tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq bildirdi ki, bu festivalın proqramı olduqca zəngindir. Festival çərçivəsində dünya şöhrətli musiqiçilərin konsertləri təşkil ediləcək, müxtəlif tədbirlər həyata keçiriləcək, eləcə də bəstəkarın səhnə əsərləri nümayiş olunacaq. Elə həmin gün Beynəlxalq festival Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin, Dövlət Xor Kapellasının ifasında dahi bəstəkarın əsərlərindən nümunələr təqdim etdilər.
Festivalın ikinci günü paytaxtdakı mədəniyyət ocaqlarının demək olar ki, əksəriyyətində Üzeyir Hacıbəyli musiqisinin qüdrəti tamaşaçıları öz cazibəsinə salmışdı. Xüsusilə də Azərbaycan Dövlət Filarmoniyasında keçirilən qeyri-adi konsert tamaşaçıların yaddaşında dərin iz saldı. Türkiyədən gəlmiş "Orfeon" kamera xorunun konserti hamını məftun etdi. Bizim üçün xoşdur ki, həmin dünya şöhrətli musiqi kollektivinin dirijoru həmyerlimiz Elnarə Kərimovadır. 1994-cü ildən fəaliyyət göstərən və beynəlxalq festivallarda, müsabiqələrdə iştirak edərək müxtəlif mükafatlara, qızıl medallara, diplomlara layiq görülmüş belə bir məşhur musiqi ansamblının konserti həm də çox qeyri-adi idi. Heç bir musiqi alətindən istifadə etmədən yalnız səslər vasitəsilə "Koroğlu"nun məşhur uvertürasını tamaşaçılara məharətlə çatdıran "Orfeon" kamera xorunun bu gözlənilməz bəxşişi salondakıları heyrətə saldı. Tamaşaçılar ayaqüstə ifaçıları alqışladılar. Bizim üçün daha xoşdur ki, həmyerlimizin fəaliyyəti sayəsində dünya şöhrəti qazanmış bu musiqi kollektivi Üzeyir Hacıbəylinin başqa operalarından da parçaları və xalq mahnılarımızı ustalıqla ifa edirdi.
Həmin gün Abdulla Şaiq adına Dövlət Kukla Teatrı da qeyri-adi bayram içində oldu. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası ilk dəfə olaraq kuklaların iştirakı ilə tamaşaçılara çatdırıldı. Maraqlı burasıdır ki, Məşədi İbad və hambal obrazlarını yaradanlar aktyorlar idi. Xüsusilə də xalq artisti Yaşar Nurinin yaratdığı Məşədi İbad obrazı rəğbət və alqışlarla qarşılandı.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı isə öz səhnəsini "Koroğlu"ya vermişdi. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşçu rejissor olduğu bu möhtəşəm əsərdə baş rolları əməkdar artist Həsən Enami və İlahə Əfəndiyeva yaratdılar.
Festivalın üçüncü günündə paytaxtda başlayan təntənənin sədaları bölgələrdən gəldi. Ağcabədi rayonunda "Qarabağ Muğam Mərkəzi"ndə "Arşın mal alan" musiqili komediyasının nümayişi oldu. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə dahi bəstəkarın anadan olduğu doğma ocaqda onun musiqilərini səsləndirdi. Paytaxtda isə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsi Rusiya, ABŞ, Hollandiya kimi ölkələrdən gəlmiş məşhur musiqiçilərin ixtiyarına verildi. "Röyalın təntənəsi" adlanan pianoçular kvartetinin proqramında klassik bəstəkarların əsərləri səsləndi.
Növbəti günlərin birində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri İsmayıl Hacıyevin dirijorluğu ilə Kanada musiqiçilərini müşayiət etdi. Bu konsert proqramında da Üzeyir Hacıbəylinin simfonik əsərləri səsləndirildi.
Festivalın yaddaqalan məqamlarından biri də MDB ölkələrinin Gənclər Simfonik Orkestrinin maraqlı konsert proqramı oldu. Dirijor Vladimir Spivakov, solistlər Fen Nin, Oksana Volkova həm Üzeyir Hacıbəylinin, həm də Paqaninin, Çaykovskinin əsərlərini tamaşaçılara təqdim etdilər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin yaxın dostu və görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin "Şah İsmayıl" operası tamaşaçılara təqdim olundu. Eyni vaxtda Azərbaycan Dövlət Filarmoniyasında baş dirijor Gülbacı İmanovanın bədii rəhbəri olduğu Azərbaycan Dövlət Xor Kapellasının konserti əcnəbi tamaşaçıların sürəkli alqışları ilə müşayiət edildi. Beynəlxalq Muğam Mərkəzində isə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri bir daha pərəstişkarlarının marağına səbəb oldu.
Azərbaycan musiqi salnaməsinə dərin izlər salan beynəlxalq festivalın proqramı həqiqətən elə zəngin tərtib edilmişdir ki, istər yerli tamaşaçılar, istərsə də qonaqlar milli musiqimizin, Üzeyir Hacıbəyli dühasının yaratdığı incilərdən doymaq bilmirdilər. Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən musiqi axşamı o qədər əsrarəngiz və yaddaqalan oldu ki, vaxt başa çatsa da, tamaşaçılar fortepianoda ifaçılıq qabiliyyətinə görə alqışlar və rəğbət qazanan Murad Hüseynovdan ayrılmaq istəmirdilər. Demək olar ki, beynəlxalq festivalın bütün günləri maraqlı və rəngarəng keçdi. Bu mərasimin zirvəsi isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əməkdar incəsənət xadimi Sevil Hacıyevanın dirijorluğu ilə təqdim edilən "Leyli və Məcnun" operası oldu. Baş rolları xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimov yaratmışdılar. Üzeyir musiqisinin, Füzuli sözünün ünsiyyətindən yaradılmış bu məhəbbət dastanı bir daha öz qüdrətini və əbədiyaşarlığını təsdiq etdi. Həmin gün Azərbaycan Dövlət Pantomima Teatrında isə Üzeyir Hacıbəylinin "Dulusçu" tamaşası növbəti pərəstişkarlarını məftun etməkdə idi. Tamaşa Üzeyir Hacıbəylinin "Biz nə tövr iş görürük" adlı felyetonu əsasında hazırlanmışdır. Quruluşçu rejissor əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadənin məharəti sayəsində felyeton ustalıqla səhnələşdirilərək pantomima teatr dilinə yaxınlaşdırılmış və şərti olaraq "Dulusçu" adlandırılmışdır.
Beynəlxalq Muğam Mərkəzinin səhnəsi festivalın sonuncu günlərində yenə də xarici ölkə musiqiçilərinin ixtiyarına verilmişdi. Sinqapurdan gəlmiş "Tang" simli kvarteti dünya mədəniyyətinin qızıl dövrünü yaradan əsərləri ifa etdilər.
Sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində musiqi festivalına yekun vuruldu. Adını çəkdiyimiz kvartetin təqdim etdiyi əsərlər bu beynəlxalq tədbirin nidasına çevrildi. Dünyanın bir çox ölkələrində uğurla çıxış edən məşhur kvartetin bu proqramı da tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
Son illər istər Bakıda, istərsə bölgələlərdə keçirilən müxtəlif səpkili musiqi müsabiqələri, beynəlxalq festivallar, müştərək konsertlər həm Azərbaycan mədəniyyət tarixinin yeni səhifələrini yaradır, musiqinin inkişafında növbəti mərhələnin əsasını qoyur, həm də sənət incilərimizin dünyaya tanıdılmasında böyük əhəmiyyət daşıyır. Əlbəttə, xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyət günlərində də bu ənənə məharətlə davam edir. Ölkəmizdə təşkil olunan beynəlxalq musiqi festivallarının başlıca əhəmiyyəti də odur ki, xarici müsafirlər təkcə musiqimizlə deyil, adət-ənənəmizlə, yurdumuzla, təbiətimizlə, mətbəximizlə, ən başlıcası isə qonaqpərvərliyimiz və insani münasibətlərimizlə, mənəviyyatımızla tanış olurlar. Bu cür sanballı layihələrin hazırlanmasında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin xidmətləri böyükdür və həyata keçirdikləri tədbirlər öz bəhrəsini verməkdədir.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 2 oktyabr.- S. 7.