Azərbaycan və Özbəkistan əlaqələri uğurla inkişaf edir

 

Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisə oldu

 

Xarici siyasət sahəsində də uğurlara imza atan dövlətlərdən biri kimi xarakterizə olunan Azərbaycan müxtəlif dünya ölkələri, təşkilatları ilə iki və çoxtərəfli əlaqələrinin mütəmadi olaraq inkişaf etdirilməsinə hər zaman xüsusi önəm verib. Bunun nəticəsidir ki, ölkəmiz beynəlxalq hüquq məkanında yer alan dövlətlərin böyük əksəriyyəti ilə olduqca genişşaxəli əlaqələr sisteminə malikdir. Belə vəziyyət Azərbaycanın həm beynəlxalq imicinin möhkəmlənməsinə, həm də onun daha sürətli inkişafına mühüm töhfələr verir. Ölkəmizin xarici tərəfdaşları sırasında Azərbaycanla bir soykökdən gələn, onunla eyni dini, mədəniyyəti, tarixi paylaşan dövlətlər hər zaman mühüm yer tutub. Bu səbəbdən Azərbaycanın indi bütün türk dövlətləri ilə yüksək səviyyəli münasibətləri formalaşıb və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə ölkəmiz xüsusi diqqət yetirir.

 

Qeyd olunan kontekstdə Prezident İlham Əliyevin sentyabrın 27-də Özbəkistana baş tutan rəsmi səfəri Mərkəzi Asiyanın bu nüfuzlu dövləti ilə Azərbaycan arasında münasibətlərin yenidaha yüksək səviyyəyə çatdırılması baxımından olduqca böyük, zəruri əhəmiyyətə malik oldu. Səfər zamanı keçirilən görüşlər və imzalanan sənədlər qarşılıqlı əlaqələrin daha da güclənməsinə xidmət etməklə yanaşı, iki ölkə arasında mövcud münasibətlərin inkişafında həm də yeni bir səhifənin açılmasından xəbər verir. Ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin əsası isə ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtmasından sonra mümkün olub. Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr 1995-ci ilin oktyabrında yaradılıb. Bundan sonra hər iki ölkədə səfirliklərin fəaliyyətinə start verilib.

İki ölkə arasındakı ikitərəfli müqavilə 1996-cı ilin mayında Prezident İslam Kərimovun Azərbaycana rəsmi səfəri zamanı imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə" olub. Bütün bunlar bir daha təsdiqləyir ki, ölkələrimiz arasında qarşılıqlı maraqlara söykənən əlaqələrin formalaşaraq inkişaf etməsi Azərbaycanın ümummilli liderinin, eləcə də Özbəkistan Prezidenti İslam Kərimovun birgə fəaliyyətinin nəticəsidir. Bununla əlaqədar Prezident İlham Əliyev özbəkistanlı həmkarı ilə görüşündə bildirmişdir: "Hörmətli İslam Əbdüqəniyeviç, siz və Heydər Əliyev müasir Özbəkistanın və Azərbaycanın qurucususunuz. Bu ölkələrin necə olacağı məhz sizin uzaqgörənliyinizdən, müdrikliyinizdən və siyasi iradənizdən asılı idi. Çünki Sovet İttifaqının süqutundan sonra prinsip etibarilə bütün keçmiş sovet respublikaları, demək olar ki, bərabər vəziyyətdə idilər və eyni çağırışlar və problemlər qarşısında dayanmışdılar. Buna görə də ölkələrimizin indiki uğurlu inkişafı ilk növbədə bu ölkələrin liderlərinin fəaliyyətinin nəticəsidir".

Təqdirəlayiq haldır ki, ölkələrimiz arasında indiyədək siyasi, iqtisadi və digər sahələr üzrə münasibətlərdə hec bir problem yaşanmayıb, əksinə, qarşılıqlı əlaqələr daha da dərinləşib. Dövlətlərarası münasibətlər 2004-cü ilin martında Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Hazırda Azərbaycanla Özbəkistan həm ikitərəfli sferada, həm də beynəlxalq təşkilatlar səviyyəsində kifayət qədər fəal əməkdaşlıq edən dövlətlər kimi xarakterizə olunur. Prezident İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri isə, qeyd olunduğu kimi, qarşılıqlı əlaqələrin daha da güclənməsində mühüm rol oynayıb. Bunu Azərbaycan Prezidentinin növbəti səfəri zamanı imzalanan və müxtəlif sferaları əhatə edən sənədlər də təsdiq edir. Səfər çərçivəsində dövlət başçıları tərəfindən imzalanan Birgə Bəyannamə, aviasiya, teleradio, mədəniyyət, hüquq və digər sahələr üzrə imzalanan sazişlər ikitərəfli münasibətlərin daha möhkəm zəminlər üzərində qurulmasına töhfələr verən vacib sənədlərdir. Bununla yanaşı, artıq o da məlumdur ki, iqtisadi sahədə bundan sonra əməkdaşlıq daha yüksək səviyyəyə çatdırılacaq. Bu vaxta qədər isə sözügedən sahədə olan vəziyyət, ölkələrarası əmtəə dövriyyəsinin həcmi tərəflərin iqtisadi potensialını tam əks etdirmədiyini deməyə əsas verir. İndi həm Azərbaycan, həm də Özbəkistan ticarət əlaqələrinin, həmçinin iqtisadiyyatın digər mühüm sahələri üzrə münasibətlərin dərinləşməsində maraqlı tərəflər kimi çıxış edirlər. Bunu "2011-2015-ci illər üzrə Özbəkistan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"in imzalanması da əyani şəkildə nümayiş etdirir. Bu saziş Azərbaycan və Özbəkistanın qarşılıqlı iqtisadi əlaqələrini gücləndirməklə yanaşı, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artımında da mühüm əhəmiyyət kəsb edəcək. Digər tərəfdən, sözügedən sənəd iqtisadi əməkdaşlıq proqramının hökumətlərarası səviyyədə fəal əlaqələndirilməsini də özündə ehtiva edir.

İqtisadi sahədə əməkdaşlığın mühüm istiqamətlərindən biri də Özbəkistanın Azərbaycanın tranzit imkanlarından istifadə etməsi, istehsalhasilat məhsullarını ölkəmiz vasitəsilə dünya bazarlarına çıxarmasıdır. Xüsusən də Avropa bazarlarına çıxmaq baxımından Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi Özbəkistan üçün mühüm alternativ marşrutlardan biri kimi qeyd oluna bilər.

Azərbaycanın enerjidaşıyıcıları da Özbəkistanın karbohidrogen ehtiyatlarını yenə alternativ yolla dünya bazarlarına çıxarmaq üçün böyük əhəmiyyət daşıyır. Prezident İslam Kərimovun da qeyd etdiyi kimi, bu gün Mərkəzi Asiyadan Xəzər dənizi, sonra Qafqaz vasitəsilə Qara dəniz və Aralıq dənizi limanlarına nəql marşrutları getdikcə aktuallaşır. Bu baxımdan həmin marşrutda Cənubi və Mərkəzi Avropa bazarlarına çıxan yeni perspektivli Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə imkan verən mühüm nəqliyyat qovşağı kimi Bakı limanından istifadə olunmasına maraq artır. Yeri gəlmişkən qeyd edək ki, dövlət başçılarının görüşündə ölkələrimizin iri nəqliyyat-kommunikasiya, tranzit potensialından daha səmərəli və qarşılıqlı surətdə faydalı şəkildə istifadə olunması imkanlarının öyrənilməsi barədə razılıq əldə olunub. Bütün bunlar bir daha təsdiqləyir ki, ticarət-iqtisadi, sərmayə qoyuluşu sahələrində əlaqələrin dərinləşməsi Azərbaycanla Özbəkistanın ikitərəfli əməkdaşlığının prioritet istiqamətlərindəndir.

Təbii ki, dost Özbəkistanla Azərbaycanın münasibətlərində Mərkəzi Asiyanın bu aparıcı ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə necə yanaşması vacib rol oynayan amillərdən biri kimi çıxış edir. Azərbaycan və Özbəkistan prezidentlərinin imzaladığı Birgə Bəyannamədə digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə də toxunulur. Bəyannamədə həmçinin regional, beynəlxalq təhlükəsizlik, iqtisadi xarakterli digər mühüm məqamlar da qeyd edilir. Prezident İslam Kərimov bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyi dəyişməzdir: "Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyimiz birmənalı və dəyişməz qalır. Özbəkistan bu çoxillik münaqişənin sülh yolu ilə siyasi həllinə tərəfdardır və tərəfdar olaraq qalır. Eyni zamanda, Özbəkistan hesab edir ki, bu münaqişənin həllinin başlıca şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Zənnimcə, bu mövqe beynəlxalq normalara, tarixi paralellərə cavab verir. Özbəkistanın bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir: Azərbaycanın ərazi bütövlüyü müqəddəs anlayışdır və problemin bütün həll variantlarında onu əsas götürmək lazımdır".

Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində ən mühüm məqamlardan biri Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafına misilsiz töhfə vermiş, özbək xalqının böyük dostu Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı oldu. Azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, dövlət rəhbərləri ilə görüşlərini əbədiləşdirən fotosənədlər, görkəmli şəxslərin Heydər Əliyev haqqında fikirləri toplanıb.

Bütün bunlar Azərbaycanla Özbəkistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini, qarşılıqlı əməkdaşlığın daha da dərinləşdiyini göstərir. Ölkələrimiz arasında artıq strateji xarakter daşıyan əlaqələrin daha da möhkəmlənməsi Cənubi QafqazOrta Asiya regionlarında uzunmüddətli sabitliyin təmin olunmasına mühüm töhfə vermək iqtidarındadır.

 

 

R.BAYRAMOV

 

Azərbaycan.- 2010.- 3 oktyabr.- S. 1, 3.