Azərbaycan diplomatiyasının BMT uğuru

 

Prezident İlham Əliyevin BMT Baş Məclisinin 65-ci sessiyasındakı çıxışı dünyanın diqqətini növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinə yönəltdi

 

Beynəlxalq hüququn artıq kifayət qədər güclü, nüfuzlu müstəqil subyektinə çevrilmiş Azərbaycan diplomatiya sahəsində də çevik siyasəti, hadisələrin inkişaf axarının müəyyən olunmasında meydana qoyduğu fəal mövqeyi ilə də seçilir. Təsadüfi deyil ki, Azərbaycan üzv olduğu müxtəlif beynəlxalq təşkilatların işində hər zaman ən fəal dövlətlər sırasında yer alıb, həmçinin xarici münasibətlərində milli maraqlarının təmin edilməsi ilə ayrı-ayrı sahələri əhatə edən iki və çoxtərəfli əlaqələrin qurulmasında yüksək fəallıq nümayiş etdirib. Belə vəziyyət ölkəmizin dünya dövlətləri və təşkilatları ilə istər siyasi, istər iqtisadi, istərsə də digər vacib sferalarda qarşılıqlı münasibətlərini əhəmiyyətli dərəcədə gücləndirib və gücləndirməkdədir. Azərbaycana qarşı beynəlxalq diqqətin daim yüksək olması isə bu prosesə mühüm töhfələr verir.

 

Öz yüksək səviyyəli əlaqələrindən, beynəlxalq hüquq məkanında tutduğu mövqedən məharətlə istifadə edən Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalması, ərazisinin beşdə bir hissəsinin zəbt olunması faktını həmişə dünya ictimaiyyətinin diqqət mərkəzində saxlamaqdadır. Bunun nəticəsidir ki, dünya birmənalı şəkildə Ermənistanı işğalçı dövlət olaraq qəbul edir, onun təcavüzkar mövqeyini pisləyir. Azərbaycanın yürütdüyü fəal diplomatiya sayəsində bu, həm də Ermənistanın işğalçılıq siyasətini özündə ehtiva edən konkret qətnamələrdə, digər beynəlxalq sənədlərdə öz əksini tapır. Lakin indi Azərbaycan dünya ictimaiyyətinin, nüfuzlu beynəlxalq təşkilatların Ermənistanın işğalçı mövqeyi ilə bağlı təkcə münasibət ifadə etməməsini, həm də təcavüz faktının aradan qaldırılması üçün konkret addımlar atmasını, müvafiq tədbirlər görməsini istəyir.

Prezident İlham Əliyevin Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 65-ci sessiyasında etdiyi çıxış bu mənada kifayət qədər vacib əhəmiyyət kəsb edir. Dünyanın ən böyük təşkilatının tribunasından BMT-yə üzv ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi sessiyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri diqqətə çatdıran Prezident İlham Əliyev bununla Ermənistanı növbəti dəfə fakt qarşısında qoyub. Azərbaycanın dövlət başçısı eyni zamanda BMT-nin bu qəbildən olan, eləcə də qlobal xarakter daşıyan məsələlərin həllində daha güclü bir təşkilat kimi çıxış etməsinin vacibliyini bildirib: "Azərbaycan hesab edir ki, Birləşmiş Millətlər Təşkilatı dünyanın hər bir yerində bir çox qlobal məsələlərdə, eləcə də hər bir üzv dövlətin istəklərinin nəzərə alınması və narahatlıqların aradan qaldırılmasında daha güclü və bacarıqlı olmalıdır".

Prezident İlham Əliyevin çıxışında toxunduğu ən mühüm məqamlardan biri də Azərbaycanın qonşuları ilə, həmçinin coğrafi cəhətdən uzaq olan ölkələrlə yüksək səviyyəli dostluq münasibətlərinin saxlanmasına sadiq bir dövlət olması ilə bağlıdır. Həqiqətən də Cənubi Qafqaz regionunda mövcud mənzərəyə diqqət yetirdikdə bir daha aydın görünür ki, Azərbaycan Ermənistan istisna olmaqla, digər qonşuları ilə münasibətlərini daim inkişaf etdirir, onlarla qarşılıqlı əməkdaşlığını dərinləşdirir. Bu əməkdaşlıq həm Azərbaycana, həm də regionun digər ölkələrinə siyasi, iqtisadi, mədəni və digər sahələrdə mühüm dividendlər qazandırır. Yalnız Ermənistan həyata keçirdiyi işğalçılıq siyasəti üzündən regionda təcrid olunmuş bir vəziyyətdədir və hər keçən gün bu dövlətin bütün vacib sahələrdə, o cümlədən də sosial-iqtisadi sferada iflası daha böyük sürətlə gedir. Bununla Ermənistan Azərbaycan ərazilərini işğalda saxlamaqla özünün, eləcə də regionun təhlükəsizliyinə, burada sülhün bərqərar olmasına ciddi zərbə vurur. Regiondakı bu durum öz növbəsində beynəlxalq təhlükəsizliyə xələl gətirir. Qeyd edilənlərlə bağlı Prezident İlham Əliyev BMT Baş Məclisinin sessiyasında çıxışı zamanı bildirmişdir: "Müharibə və işğalın ağır nəticələrindən əziyyət çəkən bir ölkə kimi Azərbaycan qəti şəkildə inanır ki, dövlətlər arasında yaxşı qonşuluq, dost münasibətləri və əməkdaşlığa aid beynəlxalq səviyyədə qəbul olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə düzgün qaydada riayət edilməsi, eləcə də dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərin xoş iradə ilə yerinə yetirilməsi beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında çox böyük əhəmiyyətə malikdir. Ermənistan ilə Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə böyük təhlükədir".

Çıxışında Azərbaycan Prezidentinin nəzər saldığı ən önəmli məsələlərdən biri də Ermənistanın həyata keçirdiyi işğal nəticəsində 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrilməsi, təcavüzkar dövlətin ərazimizdə etnik təmizləmə siyasəti aparması ilə bağlı oldu. Dünya ictimaiyyəti ən mötəbər təşkilatlardan biri olan BMT tribunasından cənab İlham Əliyevin çıxışı vasitəsilə bir daha xəbər tutdu ki, azərbaycanlılara qarşı soyqırımları törədən Ermənistan Dağlıq Qarabağda, həmçinin onun ətrafında yerləşən işğal olunmuş digər 7 rayonda çox ciddi beynəlxalq cinayətlər törədib. Bununla kifayətlənməyən Ermənistan Azərbaycan ərazilərində monoetnik mədəniyyətin yaradılmasına çalışmaqda davam edir, zəbt olunmuş torpaqlarda tarixi mədəniyyət abidələrimizi, fauna və floranı məhv edir, təbii sərvətlərin talançılığını həyata keçirir. Bu isə o deməkdir ki, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində aparılan işlər beynəlxalq hüququn növbəti kobud pozuntusudur. Digər tərəfdən, bu hal Azərbaycan dövlət başçısının çıxışında qeyd etdiyi kimi, işğalın cari status-kvosunun daha da möhkəmləndirilməsinə, etnik təmizləmənin nəticələrinin saxlanmasına, zəbt olunmuş ərazilərdə məskunlaşmanın aparılmasına xidmət edir, o cümlədən münaqişənin dinc yolla həllinə ciddi maneə yaradır.

Ermənistanın işğal olunmuş ərazilərdə həyata keçirdiyi digər qanunsuzluqlar barədə də Prezident İlham Əliyev BMT Baş Məclisindəki çıxışında mühüm faktlara toxunub. Məhz bunun sayəsində dünya ictimaiyyəti bir daha xəbərdar oldu ki, Dağlıq Qarabağ münaqişəsinin başladığı andan ötən dövr ərzində çoxlu sayda insanlar azərbaycanlıların qovulduğu işğal altındakı bölgələrə köçməyə həvəsləndirilib. Bu, 2005-ci ildə ATƏT-in Azərbaycanın işğal edilmiş ərazilərinə göndərdiyi faktaraşdırıcı missiyası tərəfindən də təsdiq olunub. Həmin missiya orada insanların qanunsuz şəkildə məskunlaşması faktını müəyyən edərək Ermənistanı belə qanunsuz əməllərdən çəkinməyə də çağırıb.

Ancaq bütün bunlara rəğmən, təəssüf ki, Ermənistan hələ də işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni və tarixi köklərini nümayiş etdirən maddi sübutları yox etməyə çalışaraq həmin yerlərin tarixi və mədəni simasını dəyişmək məqsədilə ardıcıl tədbirlər görməkdədir. Nəticədə Prezident İlham Əliyevin də çıxışında bildirdiyi kimi, işğal olunmuş ərazilərdə Azərbaycanın elə bir tarixi və ya mədəni abidəsi, elə bir müqəddəs yeri qalmayıb ki, ona zərər dəyməsin, yaxud orada vandalizm aktları törədilməsin.

Azərbaycanın dövlət başçısı Ermənistanın işğal siyasətinin həm də insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunmasını diqqətə çatdırıb. Doğma yurd-yuvalarından didərgin düşən insanların hüquqlarının pozulmaqda davam etməsinin BMT tribunasından dünya ictimaiyyətinin diqqətinə çatdırılması isə xüsusi bir əhəmiyyətə malikdir. İlk növbədə, dünya bu insanların varlığından, onların üzləşdiyi problemlərdən xəbərdar olur, ikinci bir tərəfdən Ermənistan işğal siyasətinin hansı dəhşətli nəticələrə yol açması ilə real faktlar əsasında daha yaxından tanış olmaq imkanı qazanır. Bununla bağlı Prezident İlham Əliyev bildirmişdir: "İşğal edilmiş ərazilərə insanların köçürülməsi, eləcə də tarixi və mədəni irsin məhv edilməsi, mənimsənilməsi orada aparılan qeyri-qanuni fəaliyyətin müxtəlif formaları ilə yanaşı, məcburi köçkünlərin mülkiyyət hüquqlarına da birbaşa zərər vurur. Siyasi məsələlərə dair razılaşmanın olmaması, münaqişənin dondurulmuş vəziyyətdə qalması və uzun müddət davam edən danışıqlar münaqişə ilə bağlı beynəlxalq hüquqa və insan hüquqları sahəsində beynəlxalq qanunlara davamlı şəkildə bilərəkdən riayət edilməməsindən irəli gələn digər problemlərə diqqətin yetirilməməsi üçün bəhanə kimi istifadə edilməli deyildir". Bütün bunlar Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasına xidmət etməklə bərabər, bu siyasətin nə dərəcədə təhlükəli xarakter daşıdığından dünyanın bir daha xəbərdar olması üçün olduqca böyük önəmə malikdir.

Qeyd edildiyi kimi, dünya dövlətləri və təşkilatları Ermənistanın işğalçılıq mövqeyini pisləyən, Azərbaycanın ərazi bütövlünü tanıyan xeyli sayda qətnamə və digər müvafiq sənədlər qəbul edib. Bununla da Ermənistanın Azərbaycan ərazilərinin işğalına görə əsas və yeganə məsuliyyət daşıyan tərəf olması beynəlxalq səviyyədə etiraf edilib. Ancaq Ermənistan indiyə kimi həm beynəlxalq hüququn norma və prinsiplərinə, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş sənədlərə hörmətsizliklə yanaşaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edir. Bu fakt bir daha Prezident İlham Əliyev tərəfindən BMT Baş Məclisinin sessiyasında xüsusi olaraq vurğulanmışdır: "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini vermiş və torpaqların gücdən istifadə edərək ələ keçirilməsinin qəbuledilməzliyini vurğulamışdır. BMT həmçinin Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımış, işğalçı qüvvələrin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılmasına çağırmışdır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi və digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı eyni mövqeni tutmuşlar. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyinə baxmayaraq, Azərbaycan əraziləri işğal altında qalmaqda davam edir".

Təbii ki, Azərbaycan ərazilərinin uzun müddət Ermənistanın işğalı altında qalması faktı ilə barışmaq niyyətində deyil. Lakin bölgədə yenidən müharibənin alovlanmaması naminə Azərbaycan problemin diplomatiya, danışıqlar müstəvisində həllinə hər zaman böyük önəm verib. Dinc yolla məsələnin çözümünə ümidlər tükənmədiyindən ATƏT-in Minsk qrupu vasitəsilə Ermənistanla danışıqlar prosesi davam etdirilir. Ancaq proseslərin təhlili göstərir ki, Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirmək siyasətindən əl çəkmir, müxtəlif bəhanələrlə mövcud status-kvonu qoruyub saxlamağa çalışır. Bununla işğalçı dövlət həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin regiona sülh və sabitliyin gətirilməsində göstərdikləri səylərə ciddi zərbə vurmuş olur. Ermənistanın indiyə qədər yeniləşmiş Madrid prinsiplərinə münasibət bildirməməsi də bunun real təsdiqi sayıla bilər. Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən 2009-cu ilin dekabr ayında Ermənistan ilə Azərbaycana təqdim edilmiş mərhələli variant prinsip etibarilə Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail olmaqda əsas kimi Azərbaycan tərəfindən qəbul edilib. Ermənistan tərəfi həmsədrlərin təklifinə aydın cavabını hələ də uzatmaqda davam edir. Hadisələrin bu səpkidə inkişaf edəcəyi təqdirdə Azərbaycanın digər vasitələrlə öz ərazi bütövlüyünü bərpa etmək məcburiyyətində qalacağı Prezident İlham Əliyev tərəfindən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb: "Bugünə qədər münaqişənin mümkün qədər tez və davamlı həll variantını tapmaq məqsədilə vicdanla danışıqlar aparmaq əvəzinə, Ermənistan vəziyyətin ağırlaşmasına üstünlük verir ki, bu da öz növbəsində gözlənilməz nəticələrə gətirə bilər". Hazırda Azərbaycanın malik olduğu qüdrətli ordu istənilən an işğal edilmiş əraziləri azad etməyə qadirdir və bütün digər vasitələr tükənəcəyi təqdirdə ölkəmiz məhz güc yolu ilə ərazi bütövlüyünü təmin emək iqtidarındadır.

Bununla yanaşı, Prezident İlham Əliyev BMT Baş Məclisinin sessiyasında çıxışı zamanı Azərbaycanda siyasi sabitliyin, demokratik inkişafın, iqtisadi çiçəklənmə və sosial rifahın təmin edilməsi istiqamətində qazanılan nailiyyətlərə də toxunub. Ölkəmizin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat və enerji dəhlizləri boyunca əsas ticarət marşrutlarının kəsişməsində yerləşdiyini, strateji-coğrafi mövqeyi sayəsində enerji və infrastruktur qovşağına çevrilməsini qeyd edib. Dövlət başçısı Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olması, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr barəsində də söz açıb. Ölkəmizin BMT çərçivəsində razılaşdırılmış inkişaf məqsədlərinin yerinə yetirilməsinə töhfəsini bundan sonra da davam etdirəcəyini bildirib.

Bütün bunlar bir daha dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin növbəti dəfə çatdırılması baxımından Prezident İlham Əliyevin BMT Baş Məclisinin sessiyasında etdiyi çıxışın nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu bariz şəkildə ortaya qoyur.

 

 

Rasim MƏZAHİROĞLU

 

Azərbaycan.- 2010.- 3 oktyabr.- S. 3.