Vətənpərvərlik,
nikbinlik və birlik
RAGT-nin vəzifəsi Azərbaycan
gənclərini Rusiya vətəndaş cəmiyyətinə
fəal inteqrasiyaya həvəsləndirmək və istiqamətləndirməkdir
Rusiya ilə Azərbaycanın münasibətlərində ictimai diplomatiyanın rolu ilbəil artır. İki ölkənin humanitar qarşılıqlı fəaliyyət prosesləri, politologiya dilində desək, soft-power mexanizmləri artıq dövlətlərin siyasi səylərinin sadəcə əlavəsi deyil, məmləkətimizi vətəndaş cəmiyyəti səviyyəsində birləşdirən müstəqil prosesə çevirmişdir.
Bu işdə Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu fəal iştirak edir. Fondun Rusiyada həyata keçirdiyi təşəbbüslərin əlaqələndiricisi prezident ailəsinin böyük qızı Leyla Əliyeva olmuşdur. O, fondun Moskvadakı nümayəndəliyinin rəhbəridir.
Azərbaycanın Rusiyada imicinin formalaşmasında və inkişaf etdirilməsində informasiyanın və praktiki tərkib hissənin güclənməsi Leyla Əliyevanın fəaliyyətinin sanballı nəticəsi olmuşdur. Mübaliğəsiz deyə bilərik ki, Leyla Əliyeva öz Vətəninin soft-powerinin həyata keçirilməsi üçün bir növ nadir, postsovet məkanında analoqu olmayan mexanizm yaratmışdır. Məhz onun təşəbbüsü ilə təsis edilmiş "Baku" jurnalı istedadlı qələm sahiblərinin yazdığı dolğun, maraqlı mətnlərin və yüksək keyfiyyətli fotoşəkillərin dili ilə həm Azərbaycanın ənənəvi mədəniyyəti haqqında, həm də ölkə həyatının müasir meyilləri və xüsusiyyətləri barədə söhbət açır. Jurnalda həm də tanınmış rusiyalı müəlliflərin oçerkləri dərc edilir. Bu materiallarda azərbaycanlıların dünyagörüşü, Bakı şəhər mədəniyyətinin koloriti heyrətamiz dərəcədə dəqiq və eyni zamanda, obrazlı şəkildə təsvir edilir. Bununla da, oxucu Azərbaycan dünyasının rəngarəng reallıqlarına dərindən bələd olmaq imkanı əldə edir.
Lakin Leyla Əliyevanın ən mühüm layihəsi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) adlanan ictimai qurumdur. RAGT Azərbaycan diasporunun mədəni həyatının inkişafında keyfiyyətcə yeni mərhələ, gənclərə doğru atılan cəsarətli addım olmuşdur. Bu layihədə təkcə diasporun həyatı deyil, Rusiyanın özünün gənclər siyasətinin bir sıra cəhətləri əhatə edilir.
Nəhayət, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin məxsusi fəaliyyəti barədə. Əgər Azərbaycanın beynəlxalq ictimai-siyasi tədbirlərinin bütün spektrini və ya Azərbaycan mədəniyyətində baş vermiş mühüm hadisələrlə əlaqədar təşkil edilmiş ayrı-ayrı tədbirlərə nəzər salsaq, heç şübhəsiz, Rusiya ictimai məkanında Azərbaycanın sosial və mədəni təşəbbüslərinin əsas əlaqələndiricisi rolunda məhz Heydər Əliyev Fondu çıxış edir.
Azərbaycanın "mülayim qüvvə" siyasəti hansı istiqamətlərdən ibarətdir? Ölkənin hüdudlarından kənarda Azərbaycanın mədəni təsirini dəstəkləməyə qabil olan üç sahə məlumdur. Bunlardan birincisi çoxsaylı Azərbaycan diasporunun özüdür. Burada bir neçə mədəniyyət və informasiya istiqamətini fərqləndirmək lazımdır. Əvvələn, öz mədəni irsinə biganə qalmayan hər hansı ölkə kimi Azərbaycan da diasporun özündə ana dilinin öyrənilməsinə kömək etməyə yönəlmiş təşəbbüsləri dəstəkləməyə çalışır. Doğma Vətənlə əlaqə saxlamaq hər bir milli diaspora münasibətdə istənilən dövlət üçün ənənəvi vəzifədir. Lakin rusiyalı azərbaycanlılara münasibətdə Bakı hər şeydən əlavə onların Rusiya cəmiyyətinə daha keyfiyyətli inteqrasiyası üçün şərait yaratmağa çalışır və beləliklə, miqrantları qəbul edən dövlətin funksiyalarının bir qismini öz üzərinə götürür.
Rusiya azərbaycanlıları müxtəlif yaşlı, müxtəlif dünyagörüşlü, təhsil standartları müxtəlif olan, sosial proseslərə müxtəlif dərəcədə cəlb edilmiş insanlardır. Azərbaycanın müxtəlif regionlarından olan bu insanlar Rusiyanın ayrı-ayrı regionlarında məskunlaşmışlar. Bütün bunları nəzərə almaq zəruridir. Digər tərəfdən, ruslarda və Rusiyanın digər vətəndaşlarında Azərbaycanın həyatı və mədəniyyəti barədə daha keyfiyyətli informasiya formalaşdırmaq məqsədilə əzmlə iş aparmaq lazımdır.
Son illərdə məhz bu missiya Heydər Əliyev Fondu - RAGT tandeminin əsas məqsədinə çevrilmişdir. Rəmzi bayram tarixlərinin məzmununu Rusiya cəmiyyətinin fəal hissəsinə çatdırmaq və ölkənin müasir tarixindəki faciəli hadisələri tarixi mövqedən savadlı şərh etmək onların işinin prioritet istiqamətinə çevrilmişdir. Oxucuların yaşlı nəslinin yadındadır: burada söhbət mahiyyət etibarilə xarici ölkələrlə dostluq cəmiyyətlərində sovet dönəmində aparılan işdən gedir.
Azərbaycanın xarici aləmə mədəni inteqrasiyasının ikinci, birincidən heç də az əhəmiyyətli olmayan amili daim Rusiyanın informasiya məkanında olmaqdır. Bu halda söhbət təkcə Azərbaycan haqqında rəngarəng materiallar çap edən "Baku" jurnalı, yaxud "GEO" və "Vokruq sveta" kimi nəşrlərdə dərc edilən məqalələrdən getmir. Rusiya mətbuatının səhifələrində davamlı və müsbət informasiya mövqeyinə malik olmaq artıq qazanılmış nəticədir. Heydər Əliyev Fondu indi daha da irəli gedir. Qarşıya Azərbaycanın kütləvi mədəniyyətini və şou-biznes subyektlərini Rusiya mədəni məkanına daha çox cəlb etmək vəzifəsi qoyulmuşdur.
Burada ən müxtəlif iş formalarından istifadə edilə bilər: Azərbaycan ərazisində müxtəlif simfonik, caz və folklor festivallarının keçirilməsi, ayrı-ayrı musiqiçilərin və kollektivlərin Rusiyaya səfərləri - bütün bu tədbirlər nəticəsində iki ölkənin mədəni birlikləri bir-biri ilə nəinki tanış olur, qarşılıqlı zənginləşir, həm də Azərbaycan incəsənətinin pərəstişkarlarının, onun həqiqi sərraflarının davamlı birliyi formalaşır.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan musiqi sənəti (musiqinin bütün istiqamətləri - cazdan və klassik simfoniyadan başlamış müasir rəqs ritmlərinə qədər) artıq çoxdan öz auditoriyasını qazanmışdır. Rusiya cəmiyyətində bu sənət hələ sovet dövründən yüksək qiymətləndirilir. Eyni sözlər Azərbaycanın müasir təsviri incəsənətinə, kino sənayesinə, ədəbiyyatına da aiddir.
Üçüncü sahə Rusiya-Azərbaycan ziyalı forumlarını, tanınmış liderlərin görüşlərini, görkəmli ictimai xadimlərin iştirak etdiyi sair tədbirləri əhatə edir. Azərbaycanın tanınmış yazıçıları, rəssamları, rejissorları, aktyorları, musiqiçiləri, idmançıları Azərbaycanın ictimai diplomatiyasına getdikcə daha fəal cəlb edilir. Fond bu cür tədbirlərin əsas təşkilatçısıdır.
Bir il bundan əvvəl,
biz "İzvestiya" qəzetində RAGT-nin işə
başlaması barədə yazmışdıq. Ötən
dövr ərzində nələr olmuşdur? Deyə bilərik
ki, RAGT-ni formalaşdıran dəstək və birlik hissi
Rusiyadakı azərbaycanlı gənclərə fəal həyat
mövqeyi aşılayan kifayət qədər güclü
sosial-psixoloji stimulyatordur. Fəal vətəndaş mövqeyi
peşəkarlığın, özünü təmin etmək
qabiliyyətinin və ölkə qarşısında, cəmiyyət
qarşısında mənəvi məsuliyyətin təməlidir.
Bunu sübut etmək üçün hər hansı
xüsusi dəlillər axtarmağa ehtiyac yoxdur.
Bu ilin mayında Moskvada Rusiyanın bütün bölgələrində altmış yerli regional bölməni birləşdirən bu güclü təşkilatın ikinci konfransı keçirilmişdir. Forum Rusiyadakı azərbaycanlı gənclərin yüksək dərəcədə hazırlıqlı və mütəşəkkil olmasını göstərdi. Forumun seksiyalarında nümayiş etdirilmiş qeyri-standart qərarlar qəbul etmək bacarığı, öz fikrini sərbəst ifadə etmək, stereotiplərdən asılı olmamaq kimi keyfiyyətlər ümid etməyə əsas verir ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsinə ləyaqətlə xidmət edəcək, kreativ təfəkkürlü gələcək liderlərin keyfiyyətcə yeni nəsli formalaşmaqdadır.
RAGT-nin lideri
Leyla Əliyevanın çıxışının əsas
tezisləri mənəviyyatlılıq, vətənpərvərlik,
nikbinlik və birlik kimi yeni sosial-siyasi dəyərlərin
formalaşması problemləri ilə bağlı idi.
Bunların hamısı Rusiya cəmiyyətinin bütün
subyektləri üçün həyati əhəmiyyətli
oriyentirlərdir. Məhz onlar müasir dünyada fərdin ahəngdar
inkişafının rəhni və Rusiyada Azərbaycan
diasporunun səmərəli fəaliyyətinin
qarantıdır. Forum iştirakçılarından biri
demişdir: "RAGT-nin hər bir üzvü ölkənin
intellektual kapitalı, Rusiyada öz vətəndaş
potensialını reallaşdırmağa qabil olan güclü
diaspordur. Məhz bu səbəbdən RAGT-nin fəaliyyəti
və gələcək inkişafı çox böyük əhəmiyyət
kəsb edir. RAGT milli diaspor siyasətini tamamlamaqla bərabər, həm
də humanitar diplomatiyanın davamıdır".
Bu yaxınlarda
baş vermiş daha bir mühüm hadisəni xatırlatmaq zəruridir. Söhbət
Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin
Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı
şəkildə yenidən qurulmasından gedir. Bu, Rusiyanın sosial məkanında Azərbaycanın
humanitar təsirinin genişlənməsinin daha bir təzahürü
olmuşdur. Maraqlıdır ki, Azərbaycanın
bu cür təşəbbüsləri Moskvadan kənarda da
çox sürətlə inkişaf etməkdə,
bütün Rusiyada dərinləşməkdə və
genişlənməkdədir.
Məsələn,
2010-cu ildə RAGT-nin regional bölməsi tərəfindən
Udmurtiyanın İjevsk şəhərindəki 66 nömrəli
ümumtəhsil məktəbi bazasında Azərbaycan bazar
günü məktəbi açılmışdır. Bu məktəbdə
Azərbaycan dili və Azərbaycan tarixi fənləri tədris
edilir.
Bütün
bunlar azərbaycanlıların və rusiyalıların
qarşılıqlı sosiomədəni fəaliyyətinə
yeni təkan verir. Heydər Əliyev Fondunun "Təhsilə
dəstək" layihəsi çərçivəsində
Ulyanovskda Rusiyanın adi bir məktəbinin yenidən
qurulması əyani şəkildə göstərir ki,
ölkələrimizin qarşılıqlı humanitar fəaliyyəti
keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuşdur. Bu həm də Heydər Əliyev
Fondunun və RAGT-nin Rusiya məkanında kompleks, səmərəli
və birgə fəaliyyətinin göstəricisidir. Məlum
olduğu kimi, bu iki qurumu birləşdirən onların
ideologiyasının oxşar olmasıdır: Fond Azərbaycanın
sosial və mədəni təşəbbüslərinin təbliğ
edilməsi üçün maliyyə və insan
resurslarını akkumulyasiya edir, RAGT isə gənclərin vətəndaşlıq
təşəbbüslərini əlaqələndirir. Bu qurumların təşkilatçılarının
başının ucalığıdır ki, onlar sosial
işin çox dəqiq və olduqca uğurlu vektorunu - azərbaycanlı
gəncləri Rusiyanın vətəndaş cəmiyyətinin
fəal üzvləri rolunda çıxış etməyə
həvəsləndirməyi və istiqamətləndirməyi
- seçmişlər. Əgər əvvəl
onların keçirdiyi tədbirlər diasporun obrazını
dəyişməyə yönəlmişdi və kifayət qədər
məhdud dairənin marağını cəlb edirdisə
(donor kimi qanvermə layihələri, xeyriyyə
yardımlarının toplanması və s.), indi buraya
Rusiyanın sosial həyatında fəal iştirak etmək
iddiasında olan daha bir tərkib hissə əlavə
olunmuşdur. Ulyanovskdakı məktəbin
açılışından sonra (xatırladaq ki, bu layihənin
ümumi dəyəri 25 milyon rubl olmuşdur) onu da qeyd etmək
olar və qeyd etmək lazımdır ki, Heydər Əliyev
Fondu və RAGT daha sadəcə olaraq, Rusiyanın "xeyirxah
qonaqları" deyildir, onlar ümumi evin inşa edilməsində,
rusiyalıların həyat keyfiyyətinin
artırılmasında və bir-birinin yeni müsbət
obrazının formalaşmasında tərəfdaş qurumlara
çevrilir.
Bu aksiyanın
digər nəticəsi Rusiyadakı gənc azərbaycanlıların
özlərinə istiqamətlənmişdir. Heydər Əliyev Fondunun
proqramları çərçivəsində iş prosesində
başqa millətlərin nümayəndələrində
rusiyalılarla çiyin-çiyinə çalışmaq,
onların ümumi ölkəsinin sosial məkanında mütərəqqi
dəyişikliklər istiqamətində birgə səy
göstərmək bacarığı tərbiyə olunur. Qeyd edək ki, yuxarıda adını çəkdiyimiz
Ulyanovsk məktəbi "Azərbaycan məktəbi", yəni
etnik-mədəni komponentli təlim proqramını həyata
keçirən ümumtəhsil məktəbi deyildir (əslində
Rusiyada cəmi iki yerdə bu cür Azərbaycan məktəbi
vardır). Ulyanovskdakı adi ümumtəhsil məktəbində
şagirdlərə Azərbaycanın tarixi və mədəniyyəti
ilə əyani şəkildə
Məktəbdə
yaradılmış 3 kompüter sinfinə Azərbaycanda
"Gələcək üçün təhsil 1:1" layihəsi
çərçivəsində (bu layihə də Heydər Əliyev
Fondunun himayəsi ilə həyata keçirilmişdir) istehsal
edilən, internet şəbəkəsinə naqilsiz
qoşulmaq üçün qurğularla, zərbəyə
davamlı örtüklə və lisenziyalı proqram təminatı
ilə təchiz edilmiş 20 ədəd NEXUS noutbuku
verilmişdir. Bunların sayəsində rusiyalı yeniyetmələr
hələ ibtidai məktəbdə oxuyarkən Azərbaycan
haqqında, Cənubi Qafqazda yerləşən bu dövlətin
sənaye, o cümlədən texnoloji cəhətdən də
inkişaf etmiş, Rusiyaya dost ölkə kimi təsəvvürə
malik olacaqlar. Aydındır ki, gələcəkdə
həmin məktəb Bakı məktəbləri ilə
sıx əlaqələr yaradacaq, məktəblilərin Azərbaycana
və Rusiyaya qarşılıqlı ekskursiya səfərləri
başlanacaqdır.
Gənclərlə iş, hətta bu iş ayrı-ayrı tədbirlərdən
başlandıqda belə, öz məntiqinə görə
gec-tez inkişaf edərək konstruktiv vətəndaş fəallığına
çevriləcək, səmimi volonterlik və
könüllülük nümunələri göstərəcəkdir.
Yalnız bu əsasda həmin iş uğurlu ola
bilər. RAGT də məhz özünün
güclü təşkilati resurslarından istifadə etməklə
gənclərə bu cür təkan vermək, onlardan əsl vətəndaşlar
yetişdirmək, müsbət həyat mövqeyi, real işlər
görmək üçün əsl vətəndaş istəyi
formalaşdırmaq, onları dünyanı
yaxşılığa doğru dəyişməyi
bacaracaqlarına inandırmaq əzmindədir. Buna görə də təsadüfi deyildir ki, Rusiyanın
digər gənclər təşkilatları, məsələn
"Rossiya Molodaya" təşkilatı RAGT-nin
uğurlarına diqqət yetirir (bu iki təşkilat
arasında tərəfdaşlıq sazişləri
imzalanmışdır).
Sonda RAGT-nin
Rusiya cəmiyyətinin inkişafına verə biləcəyi
daha bir töhfəni qeyd edək. Gənclik
problemlərinə həsr edilmiş çoxsaylı tədqiqatlar
göstərir ki, Rusiya gəncləri haqqında hələlik
tam təsəvvür formalaşmamışdır. Eyni qayda ilə gənclərdə də gələcək
həyat yolu barədə təsəvvür çətinliklə
formalaşır. "Zəmanəmizin qəhrəmanı,
nümunə götürməyə layiq olan kumir necə
insandır?", "gəncləri hərəkətə gətirən
oriyentirlər hansılardır, merkantil praqmatik maraqlar gəncliyə
xas olan romantik idealları tam üstələmişdirmi?",
- bu kimi mühüm suallara hələlik dəqiq cavab yoxdur. Nəhayət, ən mühüm sual - çoxmillətli
ölkəmizdə gənclərin nəzərində yeni
rusiyalının dolğun obrazı mövcuddurmu, yoxsa bu obraz
ayrı-ayrı etnik seqmentlərə parçalanır?
Həmin suallara necə cavab verilməsindən və
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı
etnik mənşəyindən asılı olmayaraq, Rusiya vətəndaşının
inkişaf "sexinə", tolerant və fəal vətəndaşın
formalaşdığı məkana çevrilə bilər.
Oleq Sıqanov
Azərbaycan.- 2010.- 3 oktyabr.- S. 4.