Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün "Xabad-Or-Avner" təhsil mərkəzinin açılışı olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

 Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Bakının Xətai rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və "Or-Avner" Fondu tərəfindən inşa edilmiş 450 yerlik "Xabad-Or-Avner" təhsil mərkəzinin açılış mərasimində iştirak etmişdir.

Mərasimə toplaşanlar - məktəbin açılışı münasibətilə respublikamıza gələn müxtəlif ölkələrdəki yəhudi icmalarının, Azərbaycandakı yəhudi icmasının nümayəndələri, məktəbin müəllim və şagird kollektivi Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev və MDB Yəhudi İcmaları Federasiyasının və "Or-Avner" Beynəlxalq Fondunun prezidenti Lev Levayev rəmzi açılışı bildirən lenti kəsdilər.

Təhsil mərkəzi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanın öz gələcəyini daha etibarlı və inamlı görmək əzmini nümayiş etdirir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən, elm və təhsilin inkişafını təmin edən layihələri dəstəkləyir. Xalqımızın ümummilli liderinin adını daşıyan Fond bu sahəyə diqqət yetirməklə və bir çox layihələri reallaşdırmaqla Azərbaycanın gələcəyini təmin etmək işinə layiqli töhfələr verir. Heydər Əliyev Fondu "Or-Avner" Fondu ilə birlikdə "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkəmizdə yaşayan yəhudi uşaqların təhsili üçün mərkəz inşa etmişdir. Ulu öndər Heydər Əliyev 2003-cü ildə binanın inşası ilə bağlı, Prezident İlham Əliyev isə 2004-cü ilin dekabrında yeni kompleksin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair göstəriş vermişlər. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və "Or-Avner" Beynəlxalq Fondunun prezidenti Lev Levayev arasında 3 il müddətində təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanmışdır. Elə həmin gün paytaxtın Xətai rayonunda Azərbaycanda yaşayan yəhudi uşaqlar üçün təhsil mərkəzinin təməlqoyma mərasimi olmuşdur. Bu layihənin reallaşması bir daha təsdiqləyir ki, Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlar tarixən mehriban ailə kimi yaşamışlar. "Xabad Or-Avner" təhsil mərkəzi ölkəmizdə çox böyük tarixə, ənənələrə malik olan yəhudi icmasının da özünün bənzərsiz mədəniyyətini, milli adət-ənənələrini qoruyub saxlaması üçün inşa edilmişdir.

Diqqətə çatdırıldı ki, üçmərtəbəli kompleks ən müasir tələblər səviyyəsində inşa olunmuşdur. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin yəhudi icmasının üzvləri ilə görüşlərini, təhsil mərkəzinin inşasını əks etdirən fotostend vardır.

Təhsil mərkəzinin açılışı münasibətilə İsrail Prezidenti Şimon Peresin videomüraciəti səsləndirildi. İsrail dövlətinin başçısı təhsil ocağının inşasına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Şimon Peres mərkəzin inşasını böyük hadisə adlandırdı, ümummilli lider Heydər Əliyevi və dövlətimizin başçısı İlham Əliyevi gələcəyi görmək qabiliyyətinə malik böyük tarixi şəxsiyyətlər kimi dəyərləndirdi. O, həmçinin tədbirdə iştirak edən bütün qonaqlara minnətdarlığını bildirdi.

Dövlətimizin başçısına və mərkəzin açılışında iştirak etmək üçün ölkəmizə gəlmiş yəhudi təşkilatlarının nümayəndələrinə məlumat verildi ki, mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyəti əsaslarının tədris olunmasıdır. Belə ki, mərkəz etno-mədəni komponentlidir. Təhsil ocağında şagirdlərə ivrit dili də öyrədiləcəkdir.

Mərkəzdə müasir avadanlıq və lazımi dərs vəsaitləri ilə təchiz edilən 30 sinif otağı vardır. Azərbaycan dili kabinetində ölkəmizin dövlət rəmzləri, paytaxtımızın görməli yerlərinə aid stendlər quraşdırılmışdır. Burada ulu öndərin xatirəsinə həsr edilmiş xüsusi stend vardır.

Təhsil ocağı ilə tanışlıq zamanı müəllimlər otağının ən son standartlara cavab verdiyi qeyd edildi. Bildirildi ki, mərkəzdə məktəbəqədər hazırlıq şöbəsi balacaların zövqünə uyğun qurulmuşdur.

Mərkəzdə məktəblilərin idmanla məşğul olmaları üçün 700 kvadratmetr sahədə süni örtüklü açıq stadion da vardır. Təhsil ocağının həyətində abadlıq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır.

Prezident İlham Əliyev mərasim iştirakçılarını - şagirdləri, müəllimləri, yəhudi icmalarının nümayəndələrini yeni, müasir məktəbin açılışı münasibətilə təbrik etdi. Dövlətimizin başçısı bildirdi ki, burada uşaqlar keyfiyyətli təhsil alaraq, Azərbaycanın layiqli vətəndaşları kimi yetişəcəklər. Prezident İlham Əliyev ölkəmizdə təhsilin inkişafına böyük diqqət yetirildiyini dedi. Dövlətimizin başçısı vurğuladı ki, bu təhsil mərkəzinin inşası ölkəmizdə tolerantlığın yeni bir təzahürüdür. Mərkəz Azərbaycan və yəhudi xalqları arasında dostluq münasibətlərinin inkişafına daha bir töhfədir. Prezident İlham Əliyev bu gün dinamik inkişaf edən Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını söylədi. Bizim məqsədimiz gənc nəslin də bu əmin-amanlığı qorumasına nail olmaqdır, - deyən Prezident İlham Əliyev Azərbaycanda yaşayan bütün xalqlara sülh və firavanlıq arzuladı.

MDB Yəhudi İcmaları Federasiyasının və "Or-Avner" Beynəlxalq Fondunun prezidenti Lev Levayev mərkəzin inşasına görə dövlətimizin başçısına və xanımına minnətdarlığını bildirdi. Qeyd etdi ki, ulu öndər Heydər Əliyev də təhsil sahəsinə böyük diqqət və qayğı ilə yanaşırdı. Lev Levayev Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya tolerantlığın və konfessiyalararası dialoqun inkişafındakı xidmətlərinə görə mükafat təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 5 oktyabr.- S.1, 2.