Moskvada MDB dövlətlərinin Mədəni Əməkdaşlıq Şurasının yubiley iclası keçirilmişdir

 

Moskvadakı Tretyakov qalereyasında Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının XXV yubiley iclası keçirilmişdir. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iclasın işində iştirak etmişlər.

Forum iştirakçıları MDB ölkələrinin mədəniyyət və incəsənət sahəsində əməkdaşlığının inkişafına dair 20-yə yaxın mühüm məsələni müzakirə etmişlər.

O cümlədən bu ilin may ayında Moskvada keçirilən qeyri-rəsmi sammitdə qəbul edilmiş "MDB-də humanitar sahədə tədbirlərin 2011-ci və 2012-ci illər üçün tematikası barədə qərar" haqqında məlumat dinlənilmişdir. Həmin qərara əsasən, 2011-ci il MDB-də Tarixi-Mədəni İrs İli, 2012-ci il isə İdmanSağlam Həyat Tərzi İli olacaqdır. MDB üzvü olan dövlətlərin hökumətlərinə, sahəvi əməkdaşlıq üzrə orqanlara və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna tapşırılmışdır ki, müvafiq tədbirlərin keçirilməsini nəzərdə tutsunlar. Məlumatda MDB ölkələrindən daxil olmuş təkliflər şərh edilmişdir.

Şura üzvləri "Birliyin Mədəni Paytaxtları" layihəsini də nəzərdən keçirmişlər. Bu layihədə mədəni resursların hər il MDB ölkələrinin bir şəhərində cəmləşdirilməsi əsasında həmin ərazini intensiv humanitarinfrastruktur inkişafın vasitəsinə çevirəcək zəngin və rəngarəng beynəlxalq mədəni proqramın hazırlanması nəzərdə tutulmuşdur. Bu tədbirlər dövlətlərin mədəni potensialını birləşdirməyə, əlaqələrini genişləndirməyə, inteqrasiyanı daha da gücləndirməyə kömək edəcək, iqtisadisiyasi əməkdaşlıq üçün əlverişli şərait yaradacaq, ayrı-ayrı şəhərləri və ölkələri inkişaf etdirəcək, beynəlxalq aləmdə MDB-nin statusunu yüksəldəcək, mədəniyyətlərarası dialoqa kömək edəcəkdir.

İclasda MDB dövlətlərinin mədəni irsi sayılan obyektlərdə bərpa və arxeologiya işlərində gənclərin iştirakı məsələsi ayrıca blok kimi müzakirə edilmişdir. Gənclərin bu cür işlərə cəlb edilməsinin vacibliyi YUNESKO-nun 2008-2013-cü illər üçün ortamüddətli strategiyasında qeyd edilir. Müvafiq müddəa Birlik dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlığı Konsepsiyasının layihəsinə də daxil edilmişdir. Bununla əlaqədar, MDB ölkələrində bərpa edilməsinə ehtiyac olan tarixi-mədəni irs obyektlərinin siyahısını tərtib etmək və artıq 2011-ci ildən başlayaraq bir neçə tələbə dəstəsi təşkil etmək təklif olunur.

Dünya mədəni irsinin qorunub saxlanması ilə əlaqədar bir məsələ də müvafiq mərkəzin yaradılması konsepsiyasının işlənib hazırlanması olacaqdır. Bu barədə təklif 2011-2012-ci illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər Planına daxil edilmişdir. Həmin Mərkəzin yaradılması YUNESKO konvensiyalarının müddəalarının həyata keçirilməsi ilə əlaqədar tədbirlərin gerçəkləşdirilməsi zərurətindən irəli gəlir. Mərkəz Dünya Mədəni İrsi siyahısına daxil edilmiş abidələr üzrə vaxtaşırı hesabatlar hazırlamaqla məşğul olacaq, həmin abidələrin qorunub saxlanması üzrə aparacaq, konfranslar və tədris seminarları təşkil edəcək, abidələrin bərpası işində yeni materialların və texnologiyaların tətbiqinə dair elmi-metodik tövsiyə və metodikalar hazırlayacaq, aktual problemlərə dair məruzələrdən ibarət məcmuələr, turistlər üçün reklam materialları dərc edəcəkdir.

Şura iclasının iştirakçıları mədəniyyət sahəsində əməkdaşlıq, mədəniyyət və incəsənət sahəsində təhsilin inkişafı konsepsiyalarının layihələri, "Birliyin günbəzləri: kitabxanalar" layihəsi, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi üzrə təşəbbüslər, 1941-1945-ci illərin Böyük Vətən Müharibəsi Veteranları İlinə hazırlıq və onun keçirilməsi üzrə əlavə tədbirlər və bir sıra başqa məsələləri müzakirə etmişlər.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi

müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 5 oktyabr.- S. 2.