Şərəfli yolun
şanlı səhifələri
Tibb Universiteti Azərbaycan Respublikası, xalqı qarşısında böyük
xidmətlər göstərmişdir
Heydər ƏLİYEV
Azərbaycan xalqının sağlamlığının təmin olunmasında, ölkə səhiyyəsinin inkişaf edib təşəkkül tapmasında, vətənimiz, həmçinin bir sıra xarici dövlətlər üçün 65 mindən çox yüksək ixtisaslı həkim və əczaçı kadrların, eləcə də dünya şöhrətli tibb alimlərinin, səhiyyə işçilərinin yetişdirilməsində misilsiz rol oynayan Azərbaycan Tibb Universitetinin 80 yaşı tamam olur.
Ölkə Prezidenti İlham Əliyev bununla əlaqədar aprel ayının 28-də ali təhsil ocağının 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalamışdır. Bu sərəncamdan sonra mətbuat orqanlarında ali məktəbin keçdiyi şərəfli yolun müxtəlif mərhələlərini arxiv sənədləri əsasında işıqlandıran çoxsaylı yazılar dərc olunmuş, "Azərbaycan Tibb Universiteti - 80" adlı kitab və prospekt çap edilmişdir.
Universitetimiz üçün ən əlamətdar hadisələrdən biri Prezident İlham Əliyevin 2007-ci il sentyabrın 18-də ATU-da təməlini qoyduğu çoxprofilli terapevtik klinikanın qısa müddətdə tikilib başa çatdırılması və onun dünya standartlarına uyğun səviyyədə müasir avadanlıqla təchiz edilməsi, habelə 2008-ci ildə ölkə başçısının sərəncamı ilə tikintisinə başlanan cərrahiyyə klinikasının inşa işlərinin planauyğun şəkildə davam etdirilməsidir.
Azərbaycanda tibb elminin, səhiyyənin tarixi kökləri eramızdan əvvəlki dövrlərə gedib çıxır. İlk yazılı mənbələrimizdən olan "Avesta"da, "Dədə Qorqud" boylarında, qədim kitablarımızda tibbə dair elmi məlumatların olması, eramızın
I və II minilliklərinin qovşağında Azərbaycanın təbabət sahəsində intibah dövrünün yaşanması, Şamaxıda, Urmiyada və digər yerlərdə tibb mədrəsələrinin, akademiyaların fəaliyyət göstərərək çoxsaylı həkim kadrları hazırlamaları barədə zəngin faktlar vardır. Lakin XVIII və XIX əsrlərdə Azərbaycanın parçalanaraq iki hegemon imperiya arasında bölüşdürülməsi ölkəmizin tibb elmi və səhiyyə sistemində kəskin tənəzzül yaratmışdı. Ona görə də müstəqil Azərbaycan Respublikasında tibb təhsilinin, elminin, səhiyyənin inkişafının bizə yaxın son mərhələsinin mənbəyi Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il iyunun 17-də yaratdığı Səhiyyə Nazirliyi və 1919-cu ildə fəaliyyətə başlayan Bakı Universitetinin tibb fakültəsi hesab edilir.
Onun yaradılmasında Bakı Universiteti və tibb alimlərindən Vasili Razumovskinin, İvan Şirokoqorovun, Mirəsədulla Mirqasımovun, Mustafa bəy Topçubaşovun, Əziz Əliyevin, Sergey Davidenkovun, Tağı Şahbazinin, Cahangir Abdullayevin, Fuad Əfəndiyevin, Ümnisə Musabəylinin, Kamil Balakişiyevin, Cəlil Hüseynovun, Zülfüqar Məmmədovun, Əbdüləhəd Həsənovun, Məmmədəmin Əfəndiyevin, Hüseyn Əliyevin, Əlibəy Əlibəyovun, İbrahim İsmayılzadənin, Möhsün (İsrafilbəyli) Qədirlinin (xalq səhiyyə komissarı), Nadir Məmmədlinin və başqalarının böyük rolu olmuşdur. 1922-ci ildə BDU-nun tibb fakültəsinin ilk buraxılışında 30 nəfərə həkim diplomu verilmişdir. Onlardan yalnız 3 nəfəri azərbaycanlı (1 kişi, 2 qadın) olmuşdur. Qadınlardan Adilə xanım Şahtaxtinskaya sonralar Azərbaycanda doktorluq dissertasiyası müdafiə edən ilk mama- ginekoloq, Ceyran xanım Sultanova isə praktik həkim olmuşdur.
Universitetin tibb fakültəsində dərslərin ancaq rus dilində tədrisi, Azərbaycan dilində heç bir tibbi ədəbiyyatın olmaması, müəllimlər arasında milli kadr çatışmazlığı milli həkim kadrların, müxtəlif ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasının qarşısını alır, ciddi çətinliklər törədirdi. O, dövrdə milli tibb kadrları hazırlaya biləcək müstəqil ali tibb müəssisəsinin - institutun təşkilinə ciddi ehtiyac yaranmışdı.
1930-cu ildə Azərbaycan SSR Xalq Komissarları Sovetində təşkil edilən komissiya ADU-nun tibb fakültəsinin bazası əsasında Tibb İnstitutunun yaradılması haqqında sənədlər hazırladı və həmin il may ayının 9-da ATU-nun fəaliyyətə başlaması haqqında qərar qəbul edildi. Həmin qərara əsasən Tibb İnstitutu Xalq Səhiyyə Komissarlığının tabeliyinə verildi. İnstitutun rektoru vəzifəsi səhiyyə komissarı Möhsün Qədirliyə (İsrafilbəyliyə) həvalə edildi. Onun yeni yaradılmış institutda təşkilati işlərin inzibati cəhətdən təxirəsalınmadan maneəsiz yerinə yetirilməsində mühüm köməyi oldu. 1931-ci ilin mart ayında Tibb İnstitutunun rektoru vəzifəsi əvvəllər tibb fakültəsinin dekanı, institut yaradıldıqdan sonra isə rektorun tədris işləri üzrə müavini (prorektor) vəzifəsində çalışan həkim Nadir Məmmədliyə tapşırıldı. N.Məmmədli 1932-ci ilin iyun ayına qədər bu vəzifədə çalışdı və bir ildən sonra başqa işə keçirildi.
1932-ci ildə Tibb İnstitutunun rektoru vəzifəsinə görkəmli dövlət və elm xadimi Əziz Əliyev təyin edildi. Bundan sonra institutun həyatında əsl canlanma baş verdi. Təhsil ocağının kitabxanası zənginləşdirildi. Bu dövrdə artıq ATİ-də dərslər rus dili ilə yanaşı, Azərbaycan dilində də tədris olunurdu. Həmin dövrdə ATİ-nin kitabxanası birinci dəfə olaraq latın qrafikası ilə milli dildə yazılmış ilk tibbi dərslik və dərs vəsaitləri ilə təmin olundu. Əziz Əliyevin rektorluğu dövründə Azərbaycan alimləri tərəfindən əvvəl 45, sonra isə 80-ə qədər belə dərsliklərin yazılaraq istifadəyə verilməsi çox böyük nailiyyət idi. Görkəmli alim həmin illərdə Azərbaycanda tüğyan edən malyariya, traxoma kimi infeksion xəstəliklərin qarşısının alınmasında, bu sahədə müalicə və profilaktika tədbirlərinin həyata keçirilməsində müstəsna xidmətlər göstərmişdir. Əziz Əliyev institutun maddi-texniki bazasının genişləndirilməsi və möhkəmləndirilməsi məsələlərini də ön plana çəkmişdi. "Tibb şəhərciyi"ndə Azərbaycan Dövlət Tibb İnstitutunun ilk tələbə yataqxanaları, tədris binaları tikilib istifadəyə verilirdi. Öz monumentallığını indi də qoruyub saxlayan və 1953-cü ildə istifadəyə verilən indiki anatomiya korpusunun özülü XX əsrin 40-cı illərinin əvvəllərində xalq səhiyyə komissarı vəzifəsində çalışan Əziz Əliyevin təşəbbüsü ilə qoyulmuşdu.
Lakin 1941-1945-ci illər müharibəsi zamanı tikinti dayandırılmış, onun inşasının bərpası müharibədən sonrakı illərdə mümkün olmuşdur. Son illərdə həmin binada bərpa və əsaslı təmir işləri də aparılmışdır.
Əziz Əliyevin rektorluğu dövründə elmi kadrların hazırlanmasına nəzarət əsaslı surətdə gücləndirilmiş, ATİ-yə xeyli sayda milli aspirantlar qəbul edilmişdi. Əgər tibb fakültəsinin fəaliyyəti dövründə doktorluq dissertasiyası müdafiə edən 27 nəfərdən yalnız 7-si - M.Mirqasımov, M.Topçubaşov, M.Sultanov, Ə.Əlibəyov, İ.İsmayılzadə, Ə.Cəfərov və Sona xanım Vəlixan milli kadr idisə, 1930-1940-cı illərdə ATİ-də doktorluq dissertasiyası müdafiə edən 40 nəfərdən 20-si azərbaycanlı alimlər olmuşdur. Sevindirici haldır ki, 1937-ci ildə Azərbaycan Tibb İnstitutu Moskvada keçirilən müsabiqədə SSRİ-də ən qabaqcıl ali məktəblərdən biri hesab edilmiş, Əziz Əliyevin doktorluq dissertasiyası dövlət mükafatına, bir neçə digər Azərbaycan aliminin elmi işləri müvafiq mükafatlara layiq görülmüşdür. Belə şanlı səhifələri vərəqləmək bizdə həmişə qürur hissi doğurur. Faktlar bir daha təsdiqləyir ki, Azərbaycan Tibb Universitetinin çox dəyərli keçmişi, gözəl ənənələri vardır. Həmin ənənələri öyrənmək, bu dəyərlərdən bəhrələnmək indiki və gələcək nəsillər üçün çox vacibdir.
Azərbaycan Tibb İnstitutuna 1938-1946-cı illərdə rəhbərlik edən alimlərdən Mahmud Əliyev və Zülfüqar Məmmədov Əziz Əliyev ənənələrini yaşatmışlar. 1941-1945-ci illər müharibəsində ATU bütün daxili imkanlarını səfərbər edərək növbəli iş rejiminə keçmiş, təhsilin ümumi müddətini qısaltmış, tələbata uyğun olaraq ildə iki dəfə qəbul və iki dəfə buraxılış apararaq ölkəni yüksək ixtisaslı tibbi kadrlarla təmin etməyə səy göstərmişdir. Həmin illərdə sıravi həkimdən tutmuş akademikə qədər hamı maksimum çalışmışdır. Cərrahiyyə sahəsində professorlardan M.Mirqasımov, M.Topçubaşov, F.Əfəndiyev, X.Hacıyev, terapiya sahəsində C.Abdullayev, M.Əfəndiyev və digərləri hərbi hospitallarda fəaliyyət göstərərək yaralı əsgərləri müalicə edir, onlara yeni həyat bəxş edirdilər.
Azərbaycanda 1945-ci ildə ilk dəfə Elmlər Akademiyası təşkil olunanda tibb alimlərindən 3 nəfəri (M.Mirqasımov, M.Topçubaşov, İ.Şirokoqorov) bu akademiyanın həqiqi üzvü, məşhur cərrah, akademik Mirəsədulla Mirqasımov isə Azərbaycan SSR EA-nın ilk prezidenti seçilmişdir. Sonralar ATİ-nin məzunlarından tibb üzrə akademiklərin sayı artmış, görkəmli cərrah Mustafa bəy Topçubaşov həm də SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Sonrakı mərhələlərdə Azərbaycan Tibb Universiteti məzunlarından Cahangir Abdullayev, Zərifə Əliyeva, Abdulla Qarayev, Vəli Axundov, Mirzərzabəy Nəzirov, Cəlil Hüseynov, Zülfüqar Məmmədov, Mirməmməd Cavadzadə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçiliblər. Hazırda alimlərimizdən Adilə Namazova, Rəhim Rəhimov, Böyükkişi Ağayev, Cəmil Əliyev Azərbaycan MEA-nın, xarici ölkədə yaşayan məzunlarımızdan Məmməd Əliyev, Aslan Kubatiyev Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvləridirlər.
Müharibədən sonra Azərbaycan Tibb İnstitutuna 17 ilə yaxın əməkdar elm xadimi, professor Bahadur Eyvazov rəhbərlik etmişdir və həmin illərdə paralel olaraq ATİ-nin tədris işləri üzrə prorektoru vəzifəsini ölkəmizdə elmi anatomiyanın banisi, əməkdar elm xadimi professor Kamil Balakişiyev yerinə yetirmişdir. Hər iki alim öz fədakar fəaliyyəti ilə universitetin tarixində dərin izlər qoymuşdur və hər zaman ehtiramla xatırlanırlar.
1964-1968-ci illərdə ATU-ya professor Xamis Həsənov, 1968-1972-ci illərdə isə professor Balababa Məcidov rəhbərlik etmişlər.
Ötən əsrin 70-80-ci illəri və ölkəmizin dövlət müstəqilliyi bərpa edildikdən sonrakı mərhələ tarixə qızıl hərflərlə yazılmışdır. Məhz bu dövrdə Azərbaycan Tibb Universiteti ilk dəfə hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, bu qayğının doğurduğu ruh yüksəkliyi ilə inkişaf davam etmişdir. Ona görə də belə şəraitdə işləmək ali təhsil ocağına daim yüksəliş və uğur gətirmişdir.
Ulu öndər Heydər Əliyev 1969-cu il iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra digər sahələrlə yanaşı təhsil sisteminin, o cümlədən tibb təhsili sisteminin inkişafını diqqət mərkəzində saxlayaraq, uzaqgörənliklə genişmiqyaslı plan və proqramları həyata keçirmişdir. Ümummilli liderin Sovetlər İttifaqı məkanında bir respublika çərçivəsində apardığı islahatlar, sovet yanaşma tərzindən fərqli olaraq, ümumbəşəri xarakter daşıyırdı. SSRİ qurumlarında heç kim böyük rəhbərin apardığı siyasətə zidd gedə bilmirdi, dahi Heydər Əliyevin siyasəti əsl bəşəri siyasət idi və bu siyasət insanların gələcək rifah halının yaxşılaşmasına yönəlmişdi. Ulu öndərin apardığı islahatların nəticələri xarici ölkə rəhbərlərində böyük maraq doğururdu. Məhz bu islahatlar sayəsində ölkəmizin minlərlə istedadlı gənci keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. Onların arasında ali tibb təhsili almağa göndərilənlər də var idi. O illərdə həmin tələbələr ali məktəbləri bitirdikdən sonra təhsil aldıqları ali məktəblərdə öz ixtisasları üzrə namizədlik və doktorluq dissertasiyaları müdafiə edir, kamil mütəxəssis, alim kimi vətənə dönür, burada müvafiq kafedralara rəhbərlik edir, öz elmi məktəblərini yaradırdılar. ATU-nun dünya şöhrətli məzunu, oftalmologiya üzrə ilk qadın akademik, eləcə də Averbax adına mükafata layiq görülmüş alim Zərifə xanım Əliyevanın da tibb elminin inkişafında böyük xidmətləri olmuşdur.
Tam əminliklə deyə bilərik ki, hazırda Azərbaycan Tibb Universitetinin kafedralarına rəhbərlik edənlərin hamısı ümummilli lider Heydər Əliyevin diqqət və qayğısından bəhrələnmiş alimlərdir.
Ulu öndər təhsil ocağının gündəlik qayğıları ilə maraqlanaraq 1976-cı ildə ATU-da olmuş, 1972-1983-cü illərdə ATU-nun rektoru vəzifəsində çalışmış professor Zəhra Quliyeva ilə birlikdə abituriyentlərlə səmimi söhbətlər aparmış, qəbul imtahanlarının gedişini daim diqqətdə saxlamışdır. Ulu öndərin keçən əsrin 70-80-ci illərində universitetin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğı nəticəsində burada Elmi-Tədqiqat Mərkəzinin binası, örtülü üzgüçülük hovuzuna malik idman kompleksi, tədris binaları və tələbə yataqxanaları tikilib istifadəyə verilmişdir.
1980-ci ildə ulu öndər Heydər Əliyev 50 illik yubileyi münasibətilə "Qırmızı Əmək Bayrağı" ordenini ATİ-nin bayrağına sancmış, bir qrup işçisini fəxri adlar, orden və medallarla təltif etmişdir.
Sonrakı illərdə ulu öndər Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə digər sahələrlə yanaşı, SSRİ-nin səhiyyə sisteminə də rəhbərlik edirdi və hər zaman Azərbaycan səhiyyəsinin, tibb elminin, tibb təhsili sisteminin inkişafına öz töhfələrini verirdi.
1993-cü il iyun ayının 15-də ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan səhiyyəsi, tibb elmi, tibb təhsili sistemi tənəzzüldən çıxmaq üçün geniş imkanlar əldə etdi.
Ötən əsrin 90-cı illərinin ortalarında tədris otaqları sarıdan çətinlik çəkirdik. Ulu öndərə müraciət etdik ki, 80-ci illərdə onun tərəfindən tikintisinə başlanılan, lakin sonralar yarımçıq qalan tədris korpusunun inşa işlərini bərpa edək. Ümummilli lider dərhal binanın tikintisinin başa çatdırılması haqqında göstəriş verdi və 1998-ci il sentyabrın 28-də 11 mərtəbəli 5 saylı tədris binasının açılışı oldu. Açılışı ulu öndər Heydər Əliyev özü etdi və mərasimdə geniş nitq söylədi.
Ümummilli lider həkimlərə böyük rəğbət bəsləyirdi və onların həkim andı içmələrini müqəddəs bir mərasimə bənzədirdi. Ulu öndər həkimlərin mənəvi paklığını qoruyub saxlamaq məsələsinə xüsusi diqqət yetirirdi. Heydər Əliyev 2000-ci ildə ATU-nun 70 illik yubileyində çıxış edərkən bu haqda demişdir: "Mənəviyyat ən yüksək insani keyfiyyətdir. İnsanlar mənəviyyatı əsrlər boyu qoruyub saxlayıblar. Bu heç də o demək deyildir ki, keçmiş zamanlarda hamı yüksək mənəviyyata malik olub, amma mənəviyyatsızlar olmayıbdır. Yox. İnsan cəmiyyəti belədir ki, mənəviyyatlı ilə mənəviyyatsız arasında daim mübarizə gedir. Çünki mənəviyyatsızlıq cəmiyyətə zərbələr vurur, insanları pozur.
Mən bunu keçmişdə də demişəm, bu gün də deyirəm. Bu mənim həyatımın kredosudur: mənəviyyat insanı yüksəldir, mənəviyyatsızlıq alçaldır...
Həkim
yüksək mənəviyyata malik olmalıdır. Təsadüfi deyil ki, heç
bir sahədə "Hippokrat andı" kimi and yoxdur...
Yüksək mənəviyyatı
təmin etmək ancaq sizdən, hər bir kəsdən
asılıdır. Eyni zamanda, hər bir kollektiv rəhbərindən
asılıdır. İstər kiçik
və istər böyük kollektivin rəhbəri gərək
nümunə olsun. O, gərək mənəviyyat,
paklıq, düzlük nümunəsi olsun. Əgər
bu belə olmasa, o öz tabeliyində olan insanlardan mənəviyyat
tələb edə bilməz, onun buna sadəcə mənəvi
haqqı olmayacaqdır. İnsan
üçün dünyada mənəvi haqqı daimi saxlamaq
böyük bir şeydir. Əgər sənin
mənəvi haqqın varsa, sən başqasına deyə bilərsən
ki, yolundan çıxmasın. Əgər sənin mənəvi
haqqın varsa, sən tabeliyində olan adama deyərsən ki,
düz yolla get, əyrilik, rüşvətxorluq etmə,
dövlətin malını dağıtma, əxlaqsızlıq
etmə. Bunun üçün mənəvi haqq
olmalıdır.
Mən arzu edirəm
ki, siz, bütün səhiyyə işçiləri birincisi
yüksək mənəviyyata malik olasınız, ikincisi də
hər bir kollektiv rəhbərinin, hər bir insanın
alnı açıq, mənəvi hüququ olsun".
Ümummilli
lider Heydər Əliyevin qayğısı sayəsində
2000-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində ölkəmiz
üçün mühüm əhəmiyyət kəsb edən
hərbi-tibb fakültəsi yaradıldı. Fakültənin
tərkibinə dekanlıq, 4 kafedra, həmçinin hərbi-feldşer
kursu daxildir. Sovet hakimiyyəti
dövründə belə kadrlar ölkəmizdən kənarda
hazırlanırdı və bizim üçün əlverişli
sayılmırdı. Artıq son 10 ildə
ölkəmizdə xeyli yüksəkixtisaslı hərbi həkim
və hərbi feldşer kadrlar hazırlanmışdır.
Ümummilli lider 2000-ci ildə
ATU-da çıxış edərək Azərbaycanın tibb
işçilərini, Tibb Universiteti kollektivini ali
məktəbin yaranmasının 70 illik yubileyi munasibətilə
təbrik etmiş, kollektivimizin əməyini yüksək qiymətləndirərək
öz tövsiyələrini vermiş, gələcək
işlərimizin istiqamətini müəyyənləşdirmişdir.
Ulu öndər çıxışında demişdi:
"İndi yaxşı korpuslarınız, binalarınız
var, bundan sonra da yaxşıları olacaqdır". Onun dedikləri indi həqiqətə çevrilib.
Deyilənləri həqiqətə çevirən
ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev
oldu.
Azərbaycan Tibb Universiteti kollektivinin ən böyük arzularından biri öz klinikasının olması idi. Kollektivin bu arzusu da yerinə yetdi. Dövlət başçısının qayğısı sayəsində 2002-ci ildə ATU-da ilk Stomatoloji klinika açıldı. 2007-ci ildə Onkoloji klinika fəaliyyətə başladı. Ulu öndərin dediklərini təsdiqləyən daha bir fakt. ATU-nun yeni korpusu - çoxprofilli terapevtik klinika istifadəyə verilir. Beləliklə, ulu öndər Heydər Əliyevin ATU-ya töhfə etdiyi 11 mərtəbəli 5 saylı tədris binası ilə Prezident İlham Əliyevin ATU-ya bəxş etdiyi 14 mərtəbəli çoxprofilli terapevtik klinika qoşa qanad kimi eyni ərazidə əzəmətlə ucalır. Bu barədə bir qədər geniş danışmaq yerinə düşərdi.
Terapevtik klinikaya olan kəskin ehtiyac barədə 2007-ci ilin avqust ayında ATU-nun kollektivi Prezident cənab İlham Əliyevə müraciət etdi və ölkə başçısı müraciətimizə dərhal cavab verdi. Belə ki, 2007-ci il sentyabrın 11-də cənab Prezident 14 mərtəbəli çoxprofilli terapevtik klinikanın təşkil edilməsi və onun tikintisinə başlanılması haqqında sərəncam imzaladı. Sərəncamdan cəmi bir həftə sonra ATU-nun "Tibb şəhərciyi" sahəsində həmin klinikanın təməlqoyma mərasimi keçirildi. Təməlqoyma mərasimində Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak etdilər. Sonra ölkə rəhbəri geniş nitq söylədi. Cənab İlham Əliyev dedi: "Mən bu gün çox şadam ki, biz birlikdə bu gözəl, yeni korpusun təməlini qoyduq. Şübhə etmirəm ki, bu bina yaxın zamanlarda tikilib istifadəyə veriləcək... Mən əminəm ki, bu klinika ən yüksək dünya standartlarına cavab verəcək, burada çox gözəl müalicə imkanları yaranacaqdır".
Möhtərəm
Prezidentin dedikləri qısa vaxtda reallaşdı. Bu ayın ilk
günü - oktyabrın 1-də tədris-terapevtik
klinikanın açılışı oldu. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
klinikanın açılış mərasimində iştirak
etdilər. Dövlət başçısı bina ilə
yaxından
Bu möhtəşəm
klinika Prezidentin qayğısı sayəsində qısa
müddətdə tikilərək dünya standartlarına
uyğun avadanlıqla təchiz edilib müəllim və tələbələrin
ixtiyarına verildi. Dövlət
başçısının sərəncamı əsasında
inşa edilən klinika respublikada analoqu olmayan tədris, elmi-tədqiqat,
müalicə və diaqnostika işlərini özündə
birləşdirən unikal bir universitet klinikasıdır.
Burada terapevtik, pediatrik və nevroloji
yönümlü bütün xəstəliklərin müasir
dünya standartlarına uyğun diaqnostikası, müalicəsi,
reabilitasiyası nəzərdə tutulur. Bunun
üçün klinikada Amerikanın, Yaponiyanın,
Almaniyanın, Cənubi Koreyanın aparıcı şirkətlərinin
istehsalı olan müasir angioqrafiya, kompüter tomoqrafiyası,
rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, densitometriya,
fibroqastroskopiya, fibrobronxoskopiya, kolonoskopiya, rektoromanoskopiya,
tredmil, dopler exokardioqrafiya, elektrokardioqrafiya, ultrasonoqrafiya,
elektroensefaloqrafiya, hemosorbsiya, plazmaferez, hemodializ, qaraciyərin
və böyrəklərin birbaşa punksion biopsiyası
aparatları, eləcə də klinik, biokimyəvi, immunoloji tədqiqatları,
zəncirvari proteaz reaksiyaları, genetik müayinələri
aparmaq üçün laboratoriya avadanlıqları
quraşdırılmışdır. Reanimasiya və
intensiv terapiya şöbəsi ən müasir avadanlıq, o
cümlədən süni tənəffüs aparatları,
defibrillyatorlarla təchiz olunmuşdur.
Ümumi sahəsi 25000
kvadratmetr olan 14 mərtəbəli, 400 çarpayılıq
stasionar şöbələrə və konsultativ diaqnostik
şöbəyə malik bu çoxprofilli klinikada
respublikanın bütün şəhər və
rayonlarından olan xəstələrə tibbi xidmət
göstəriləcəkdir. Klinikada hər gün stasionar
müalicə alan 400 xəstədən
başqa, gündə 300-350 xəstəyə (ayda 7500-8500 xəstə)
ambulator konsultativ-diaoqnostik və müalicəvi yardım
göstərilməsinə şərait
yaradılmışdır.
Klinikada
müalicə işi ilə yanaşı, tədris prosesi də
təşkil olunmuş, 15 klinik kafedra yerləşdirilmişdir. Eyni zamanda 640 tələbəni
qəbul edə biləcək 8 mühazirə zalı bir
gündə ən azı 1500 tələbəni qəbul edə
biləcək 70-ə qədər dərs otağında
universitetin III-VI kurs tələbələrinə terapiya,
pediatriya, ailə təbabəti, nevrologiya, klinik farmakologiya,
fizioterapiya, şüa diaqnostikası və klinik biokimya fənləri
tədris olunacaqdır. Göründüyü
kimi, bir gün ərzində klinikada 3000-3500 tələbə
dərs keçəcəkdir. Bundan əlavə,
klinikada rezidentura və doktorantura xətti ilə yüksəkixtisaslı
kadrların hazırlanması reallaşdırılacaqdır.
Klinika tamamilə
kompüterləşdirilmişdir. 204 kompüteri, 16 modul və PAKS
sistemini özündə birləşdirən kompüter şəbəkəsi
bütün tibbi sənədləşmə prosesini sürətlə
icra etmək, arxivləşdirmək, statistik işləmək,
görüntüləmə və laborator müayinələrin
nəticələrini müalicə həkimlərinə, eləcə
də dünyanın hər hansı ölkəsindəki
mütəxəssisə ötürmək imkanına malikdir. Burada xarici ölkələrin qabaqcıl
klinikaları və dünyanın görkəmli tibb mütəxəssisləri
ilə videobağlantı qurub, müzakirələr aparıb
məsləhətlər almaq mümkündür.
Bütün tədris otaqları, iş
kabinetləri, palatalar sürətli internet xəttinə
qoşulmuşdur. Tədris prosesinin əyaniliyini
artırmaq məqsədilə 18 mürəkkəb xəstəliyi
və onların çoxsaylı fəsadlaşmalarını
modelləşdirmək imkanına malik Tibbi Treninq Mərkəzi
yaradılmışdır. Havalandırma, isitmə,
soyutma sistemləri tam avtomatlaşdırılmış, təhlükəsizliyə
nəzarət etmək üçün 36 müşahidə
kamerası quraşdırılmışdır.
Onu da qeyd edim ki, Prezident
İlham Əliyev 2007-ci ildə təməlqoyma mərasimindəki
çıxışında həmçinin demişdi ki, cərrahiyyə
korpusunun tikintisinə də böyük ehtiyac var: "Biz bu məsələyə
də baxacağıq və sizin bütün problemlərinizi
həll edəcəyik". 2008-ci ilin əvvəllərində
Prezident tərəfindən bu məsələyə
baxıldı və həmin il martın
13-də ATU-nun Cərrahiyyə Klinikasının təşkil
edilməsi və tikintisinə başlanılması
haqqında sərəncam imzalandı.
Çoxprofilli
terapevtik klinika cənab Prezidentin ATU-nun 80 illik yubileyində
kollektivimizə, müəllim və tələbələrimizə
bəxş etdiyi ən dəyərli töhfə oldu. Cərrahiyyə
klinikasının tikintisi sürətlə davam etdirilir və
yaxın vaxtlarda onun inşası başa
çatdırılacaq.
Son illərdə
Azərbaycan Tibb Universitetinə göstərilən dövlət
qayğısı onun beynəlxalq əlaqələrinin
genişlənməsinə və daha da möhkəmlənməsinə
səbəb olmuşdur. Belə ki, Azərbaycan Tibb Universiteti Beynəlxalq Ali Məktəblər
Birliyinin reyestrinə daxil edilmiş, Qara dəniz hövzəsiətrafı
ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq
Ali Məktəblər, Avropa Universitetlər
assosiasiyalarının tamhüquqlu üzvü
seçilmiş, TEMPUS proqramında fəal iştirak edərək
müvəffəqiyyətlər əldə etmiş, bir
sıra xarici ölkələrin ali tibb müəssisələri
ilə müştərək müqavilələr
bağlayaraq tələbə, müəllim, mütəxəssis
mübadiləsi aparmışdır.
Ötən ayın 20-də
dövlət başçısı cənab İlham Əliyev
ATU-nun 80 illik yubileyi münasibətilə onun 80 nəfər əməkdaşının
orden və medallarla, fəxri adlarla, Prezident təqaüdü
ilə təltif olunması haqqında sərəncam
imzalamışdır. Sərəncama əsasən, əməkdaşlarımızdan
5 nəfər "Şöhrət" ordeninə, 2 nəfər
Prezident təqaüdünə, 20 nəfər "Tərəqqi"
medalına, 8 nəfər əməkdar elm xadimi, 20 nəfər
əməkdar həkim, 24 nəfər əməkdar müəllim,
1 nəfər əməkdar jurnalist fəxri adına layiq
görülmüşdür.
Azərbaycan Tibb Universitetinə
və onun kollektivinə göstərilən bütün bu
qayğılara görə Prezident İlham Əliyevə, eləcə
də tibb müəssisələrinin, təhsil
ocaqlarının tikilib istifadəyə verilməsində əvəzsiz
xidmətlər göstərən Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz
minnətdarlığımızı bildiririk.
Əminliklə deyə bilərik
ki, Azərbaycan Tibb Universitetinin kollektivi bundan sonra da yüksəkixtisaslı
tibb və əczaçı kadrlar, ali dərəcəli tibb
alimləri hazırlamaq, xalqımızın
sağlamlığı keşiyində ayıq-sayıq
dayanmaq ənənələrinə daim sadiq qalacaq və yeni,
daha böyük nailiyyətlər əldə edəcəkdir.
Əhliman ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət
mükafatı laureatı
Azərbaycan.- 2010.- 5 oktyabr.- S. 3.