Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur

 

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın üçüncü ongünlüyündə ABŞ-a işgüzar səfəri və səfər zamanı keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında mövcud əlaqələrə yeni stimul verdi. ABŞ-da müxtəlif səviyyəli görüşlər keçirən Prezident İlham Əliyev Azərbaycanda və dünyada cərəyan edən bir sıra məsələlərlə bağlı fikirlərini açıqladı, iki ölkə arasındakı əlaqələrin ən müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı geniş rotensial olduğunu vurğuladı. Dövlət başçısı İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama ilə görüşü, eləcə də BMT Baş Məclisinin 65-ci sessiyasındakı çıxışı dünya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı. Ölkəmizin başçısı Azərbaycanın bu günü və sabahı, gələcək rersrektivləri, həyata keçirilən qlobal eneryikommunikasiya layihələri, demokratik inkişaf və digər məsələlərlə bağlı fikirlərini bildirdi. Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfərinin yekunları ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

 

Mübariz Qurbanlı: - Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və BMT Baş Məclisinin 65-ci sessiyasındakı çıxışı ictimaiyyət arasında böyük rezonans doğurmuşdur. Ölkə başçısının çıxışında Ermənistanın Azərbaycana təcavüzü və bu təcavüzün ölkəmizə vurduğu ziyan, Azərbaycanın problemi sülh yolu ilə həll etmək istiqamətində atdığı addımlar bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

Ermənistanın tutduğu təcavüzkar mövqe sülh baxımından böyük təhlükə törədir. Bu təhlükə yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə bölgə və dünya üçündür. Təcavüzün qarşısı alınmazsa, bölgədə vəziyyət nəzarətdən çıxa bilər. Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qərarların yerinə yetirilməsi vacibdir. Ermənistanın beynəlxalq hüquqa məhəl qoymaması dünya birliyinə hörmətsizlikdir.

Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək üçün həyata keçirdiyi tədbirlər, ATƏT-in Minsk qrupu çərçivəsində gedən proseslər dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsi ilə əlaqədar atılacaq zəruri addımlar problemin həllinə kömək edə bilər. Ölkə başçısı bir daha bu məsələləri açıq şəkildə ifadə etdi. Bütövlükdə, Prezident İlham Əliyevin BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycanın sosial-iqtisadi uğurları, eləcə də Ermənistanın təcavüzü ilə əlaqədar yaranmış vəziyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırması olduqca böyük əhəmiyyət daşıyır. Dünya siyasətçiləri, analitiklər nüfuzlu mətbuat səhifələrində ölkə başçısının çıxışını çox yüksək dəyərləndirərək təhlil etməkdədirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a bu səfər çərçivəsində Prezident Barak Obama ilə keçirdiyi görüş də ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanla-ABŞ arasında ikitərəfli əlaqələr ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra yaradılmışdır. Bu əlaqələrin fundamental əsasları ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə qoyulmuşdur. Həmin dövrdə Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq səviyyəsində münasibətlər qurulmuşdur. Bu gün ABŞ dünyanın aparıcı ölkəsi olaraq Cənubi Qafqaza çox böyük diqqət yetirir. Aydın məsələdir ki, ABŞ-ın Cənubi Qafqaz bölgəsində nəzərdə tutduğu maraqları həyata keçirməsi üçün bu bölgənin lider dövləti olan Azərbaycanla münasibətləri əhəmiyyətli rol oynayır. Cənubi Qafqaz dövlətlərindən olan Ermənistan ağır sosial-iqtisadi böhran keçirir və Rusiyanın tam nəzarəti altındadır. Ermənistanın dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsindən də azdır. Faktiki olaraq Ermənistan strateji, iqtisadi baxımdan o qədər də əhəmiyyət kəsb etmir. Ermənistan və Gürcüstanın büdcələri birlikdə Azərbaycanın dövlət büdcəsinə yaxınlaşmır. Sovet dövründə isə həmin respublikaların büdcələrində fərq o qədər də böyük deyildi.

İndi Cənubi Qafqaz regionunun iqtisadiyyatının 75-80 faizi Azərbaycanın payına düşür. Azərbaycan həm iqtisadi durumu, həm geopolitik vəziyyəti ilə bölgənin lider dövlətinə çevrilmişdir. Belə bir ölkə ilə münasibətləri tənzimləmədən Cənubi Qafqazda hər hansı bir böyük layihəni həyata keçirmək mümkün deyil. ABŞ rəsmi dairələri bu reallığı yüksək dəyərləndirirlər. İndiki şəraitdə Azərbaycanın dünyada artan nüfuzu ABŞ-ın ölkəmizlə münasibətləri yüksək səviyyəyə qaldırmasını zəruri edibdir. Ona görə də erməni lobbisinin təsir dairəsində olan senatorların, konqresmenlərin müxtəlif çağırışlarına baxmayaraq, Barak Obama administrasiyası Azərbaycanla münasibətləri yüksək səviyyəyə qaldırmaq istiqamətində addımlar atmaqdadır.

Azərbaycan antiterror koalisiyasında iştirak edən dövlətdir. Bu koalisiyanın fəaliyyətində Azərbaycanın iştirakı çox əhəmiyyətli rol oynayır. Əfqanıstanda bu koalisiyanın hərbi qüvvələrinin təchizatının təqribən 25 faizindən çoxu Azərbaycanın hava məkanından həyata keçirilir. Ölkəmiz Əfqanıstanda gedən antiterror əməliyyatlarına dəstək verir. ABŞ-ın beynəlxalq neft şirkətləri Azərbaycanla ikitərəfli əlaqələrə malikdirlər. Bütövlükdə götürdükdə Azərbaycan bütün mənalarda ABŞ-ın bu bölgədə həyata keçirdiyi siyasətdə həlledici rola malikdir.

Prezident İlham Əliyev həm BMT Baş Məclisinin 65-ci sessiyasında çıxışında, həm Barak Obama ilə görüşündə bir nömrəli vəzifə kimi Ermənistanın ölkəmizə təcavüzünü bu təcavüzün aradan qaldırılması məsələsini gündəmə gətirdi. Yüksək səviyyəli görüşlərdə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, antiterror koalisiyasında iştirak, narkotik vasitələrinin yayılmasının qarşısının alınması, beynəlxalq cinayətkarlığa qarşı mübarizə kompleks şəkildə müzakirə olundu. Hesab edirəm ki, bu müzakirələr ABŞ-Azərbaycan münasibətlərində yaranmış olan bəzi ləngliyin aradan qaldırılmasına təsir göstərəcək iki ölkə arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edəcəkdir.

Zahid Oruc: - Azərbaycan Prezidentinin ABŞ-a işgüzar səfərini orada keçirdiyi yüksək səviyyəli görüşləri iki ölkə arasında münasibətlərin inkişafı baxımından önəmli sayıram.

Müstəqillik dövründə Azərbaycanın ABŞ-la əməkdaşlığının normal məcraya yönəldilməsi bilavasitə Neydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı olmuşdur. Ümummilli lider Heydər Əliyevin ABŞ-ın dövlət rəhbərləri ilə görüşləri apardığı siyasət Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Bəzi dairələr son dövrlər iki ölkə arasında münasibətlərin əvvəlki dövrlərə nisbətən bir qədər zəifləməsi ilə bağlı fikirlər səsləndirirdilər. Prezident İlham Əliyevin ABŞ Prezidenti Barak Obama ilə görüşündən sonra bu fikirlərin əsassız olduğu bir daha təsdiqləndi. Bu görüş Azərbaycan-ABŞ münasibətlərinin normal müstəvidə inkişaf etdiyini bir daha sübut etdi. Ölkə başçılarının görüşündə enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında əməkdaşlıq bir sıra iqtisadi məsələlər müzakirə edildi, Azərbaycan-ABŞ tərəfdaşlığının zəruri olması bildirildi. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ABŞ-ın problemin çözülməsində maraqlı olduğunu göstərməsi sübut etdi ki, iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur. ABŞ-Azərbaycan münasibətlərində hər hansı bir problemin yaranması ilə bağlı bəzi dairələrin fikirləri bununla da alt-üst oldu.

Ölkə başçıları arasında keçirilən görüşün yekunları deməyə əsas verir ki, qarşıdakı dövr üçün istər demokratik, istər insan haqları, istərsə iqtisadi məsələlərdə Azərbaycan-ABŞ münasibətləri inkişaf xəttini qoruyub saxlayacaqdır. Məhz bu münasibətlər hesabına bölgədə yaxşı bir arxitektura formalaşmış olur. Bu görüş Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivlərini müəyyənləşdirmişdir. Bölgənin əsas söz sahibi olan Azərbaycanın mövqeləri dünya miqyasında möhkəmlənməkdədir. Fikrimcə, gələcək dövr üçün ABŞ Azərbaycanla olan münasibətlərində bu prioritetləri əsas götürəcək. Azərbaycan öz mövqelərini gücləndirməyə davam edərək ABŞ-la bütün sahələrdə - iqtisadi, siyasi, enerji məsələlərində əməkdaşlığı möhkəmləndirəcəkdir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2010.- 5 oktyabr.- S. 4.