Bakıda "Qarabağ
daş dövründə" mövzusunda beynəlxalq elmi
konfrans keçirilir
Oktyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə Azıx paleolit mağara düşərgəsinin kəşfinin 50 illiyinə həsr olunmuş "Qarabağ daş dövründə" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov tarixi keçmişimizə dair həqiqətlərin üzə çıxarılmasında Azərbaycan arxeoloqlarının fədakar əməyindən, 50 il əvvəl görkəmli arxeoloq, tarix elmləri doktoru Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiyanın qədim Qarabağ bölgəsində Azıx paleolit dövrü düşərgəsini aşkar etməsindən danışmışdır. Akademik Mahmud Kərimov bildirmişdir ki, uzun illər Azıx mağarasında aparılan qazıntılar bu ərazidə ibtidai insanların hələ 2 milyon il əvvəl məskunlaşdığını və bu düşərgənin dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut etmişdir. M.Kərimov bu cür əhəmiyyətli tədbirin keçirilməsini təqdir etmiş və konfransın işinə uğurlar arzulamışdır.
Rusiya Elmlər Akademiyasının (REA) tarixi-filoloji elmlər şöbəsinin akademik-katibi, akademik Anatoli Derevyanko iki ölkə alimlərinin arxeologiya sahəsində elmi əməkdaşlığını, Azərbaycanda aparılan son arxeoloji tədqiqatların nəticələrini yüksək qiymətləndirmiş, AMEA və REA arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır. Rusiyalı qonaq Azərbaycanda paleolitşünaslığın əsasını qoymuş Məmmədəli Hüseynovla tanışlığından, Azərbaycan arxeologiya elminin inkişafında onun yüksək xidmətlərindən, böyük alimin işini hazırda yetirmələrinin uğurla davam etdirməsindən danışmışdır.
Tədbir çərçivəsində Məmmədəli Hüseynovun "Azərbaycanın qədim paleoliti" kitabının təqdimatı olmuşdur.
Azərbaycan alimləri ilə yanaşı, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrin tarixçi alimlərinin iştirak etdikləri tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimovanın "Qarabağın paleolit abidələri və dünya arxeologiyasında Azıxın yeri" mövzusunda məruzəsi dinlənilmişdir. Natiq Azıx mağara düşərgəsinin dünyada ən qədim insan məskənlərindən biri olduğunu, Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində Azıx düşərgəsinin, həm də bölgədəki digər tarixi-arxeoloji abidələrin elmi araşdırılmasının qarşısının alındığını, bu abidələrin əksəriyyətinin erməni barbarları tərəfindən yerlə-yeksan edildiyini diqqətə çatdırmışdır.
Akademik Anatoli Derevyankonun sədrliyi ilə keçən iclasda "Qarabağın paleolit düşərgəsi", "Qafqazın və Qərbi Asiyanın erkən paleolit dövrü: müqayisəli təhlil", "Dağıstanın paleolit dövrü: əsas mədəni-xronoloji mərhələlər" və s. mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Konfrans oktyabrın 5-də işini davam etdirəcəkdir.
Azərbaycan.- 2010.- 5 oktyabr.- S. 7.