Naxçıvan şəhərində
ulu öndər Heydər Əliyevin abidəsini
ziyarət
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Uzun müddətdir ki, blokada şəraitinin ağırlığına mətanətlə sinə gərən Naxçıvan Muxtar Respublikası bu gün dinamik inkişafı, tərəqqisi ilə seçilir. Təsadüfi deyil ki, bütün ölkəmizdə olduğu kimi, Naxçıvanda da uğurlu sosial-iqtisadi inkişaf müşahidə edilir. Azərbaycanın iqtisadi nailiyyətlərinin təmin olunmasında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikasında sistemli şəkildə reallaşdırılan islahatlar ümumi iqtisadi fəallığı daha da gücləndirmiş, investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlmişdir. 2010-cu ilin səkkiz ayında muxtar respublikada ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 772 milyon manatdan çox olmuşdur. Sənaye sahəsində aparılan islahatlar bu ilin səkkiz ayında 213 milyon manatdan çox məhsul istehsalı ilə nəticələnmişdir. Həmin dövrdə muxtar respublikada 300-ə yaxın müxtəlif təyinatlı obyekt, 10-dan çox inzibati bina tikilərək istifadəyə verilmiş, aqrar sahənin inkişafı diqqətdə saxlanılmışdır. Cari ildə əkilən taxıl zəmilərinin sahəsi əvvəlki dövrlə müqayisədə 362 hektar artırılmışdır.
Bu ilin səkkiz ayında Naxçıvan Muxtar Respublikası 125,5 milyon ABŞ dollarından çox xarici ticarət əməliyyatları aparmışdır. Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi və yenidən qurulması prosesi sürətlə davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikada aparılan təhsil və səhiyyə islahatlarına əsl töhfədir.
AzərTAc
Azərbaycan.- 2010.- 6 oktyabr.- S. 1.