Davamlı iqtisadi
inkişaf strategiyasının
uğurları
Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın qüdrətli ölkələrindən birinə çevrilmiş Azərbaycan iqtisadi tərəqqi yolunda inamla irəliləyir
Beynəlxalq hüquq məkanının müstəqil və kifayət qədər dinamik inkişaf edən subyektlərindən biri kimi xarakterizə olunan Azərbaycan dünyanın yeni tarixinə həm də qısa zaman kəsiyində sosial-iqtisadi sahədə böyük nailiyyətlərə imza atan dövlət kimi daxil olmuşdur. Məhz bunun nəticəsidir ki, Azərbaycanın sözügedən sahə üzrə əsasını qoyduğu və özünəməxsus cəhətləri ilə seçilən inkişaf modeli təkcə yerli yox, həm də beynəlxalq miqyasda mühüm tədqiqat predmetlərindən birinə çevrilmişdir. Ötən il özünün zirvə nöqtəsinə çatmış qlobal maliyyə böhranı şəraitində Azərbaycanın ümumi daxili məhsulun artım sürətinə görə yenə dünya lideri statusunu qoruyub saxlaması və dünya dövlətlərinin böyük əksəriyyətinin böhranın yaratdığı mənfi fəsadlar üzündən resessiya dövrünə qədəm qoyduqları bir vaxtda ölkəmizin bazar iqtisadiyyatına keçid dövrünü başa vurması bu inkişaf modelinə marağı əhəmiyyətli dərəcədə artırmışdır.
Azərbaycana böyük müvəffəqiyyətlər qazandıran, onun qüdrətli bir dövlətə çevrilməsini təmin edən və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun daha da zənginləşdirilmiş formada uğurla davam etdirilməsi qarşıdakı dövr ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərin miqyasının daha da genişləndirilməsinə möhkəm zəmin yaradır. Bu da öz növbəsində belə bir tarixi təcrübəni növbəti dəfə əyani surətdə təsdiqləmiş olur ki, istənilən dövlətin uğurlarla dolu inkişaf yolunun müəyyən edilməsində, onun dünya birliyinə layiqli şəkildə inteqrasiya olunmasında lider amili həlledici əhəmiyyət daşıyan əsas faktorlardan biridir. Bəli, tam qətiyyətlə söyləmək mümkündür ki, Azərbaycanın hazırda dünyanın ən yüksək inkişaf tempinə malik ölkələrindən biri kimi çıxış etməsində, xüsusən də iqtisadi sahədə son 7 ildə möhtəşəm uğurlar qazanmış bir dövlət olaraq xarakterizə edilməsində cənab İlham Əliyevin liderlik keyfiyyətləri mühüm rol oynamışdır. Azərbaycan Prezidentinin ziddiyyətlərlə dolu mürəkkəb tarixi prosesləri kifayət qədər düzgün qiymətləndirməsi, hadisələrin inkişaf axarını əvvəlcədən müəyyənləşdirə bilmək bacarığı, milli maraqların təmininə yönəlmiş rasional, praqmatik siyasət həyata keçirməsi ölkəmizin uğurlarla zəngin inkişaf yolunda irəliləyə bilməsinin əsas təminatçısı olmuşdur.
Prezident İlham Əliyevin prinsipiallığı, qətiyyəti, yüksək intellekti və idarəçilik qabiliyyəti, novatorluğu, xarizması, hadisələrə pozitiv təsiri və bu qəbildən digər keyfiyyətləri Azərbaycanı bütün mümkün təhlükələrdən etibarlı şəkildə hifz etməklə yanaşı, onun dinamik templərə söykənən tərəqqisinin də sarsılmaz özülündə duran zəruri amillərdir. Bu tərəqqi ölkənin inkişaf həyatında bütün vacib sahələri, o cümlədən iqtisadiyyatı, siyasəti, təhsili, səhiyyəni, mədəniyyəti əhatə edir, qazanılmış uğurlara yenilərini gətirir, əhalinin maddi rifah halını, yaşayış səviyyəsini, daxili sabitliyi daha da möhkəmləndirir. Bu mənada Prezident İlham Əliyevin Azərbaycanın uğurlarını xarakterizə edərkən söylədiyi fikirlər xüsusi diqqət cəlb edir: "Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş uğurlarımızın əsas şərtidir. Biz iqtisadi, siyasi islahatları bu möhkəm əsas üzərində aparırıq. Ölkədə demokratikləşmə prosesləri çox uğurla gedir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir. Keçən il və bu il dünyada hökm sürən iqtisadi və maliyyə böhranı böyük iz qoymuşdur. Buna baxmayaraq, Azərbaycan bu sınaqdan da şərəflə çıxa bilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr, müəyyən edilmiş bütün proqramlar icra olunur. Ölkəmizin hər bir yerində quruculuq-abadlıq işləri aparılır, iqtisadi islahatlar davam etdirilir. Bu gün Azərbaycan inkişaf edən ölkədir".
Hazırda inkişaf etmiş ölkələr sırasına daxil olmağı qarşıya əsas məqsədlərdən biri kimi qoymuş Azərbaycanın tezliklə bu hədəfinə çatacağı da heç bir şübhə doğurmur. Bunu şərtləndirən əsas cəhətlərdən biri də davamlı inkişafa malik Azərbaycan iqtisadiyyatının ölkəmizin sözügedən kateqoriyadan olan dövlətlər sırasında yer almasını təmin edəcək bütün zəruri resursları formalaşdırmağa imkan verməsidir. Digər tərəfdən, bu iqtisadiyyat əhalinin sosial rifah halının davamlı olaraq yaxşılaşmasına xidmət etməkdə, bu sahədə əldə olunan uğurları daha da möhkəmləndirməkdədir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin strateji məqsədlərindən biri də məhz sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, şaxələndirilmiş iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə ölkəmizin maraqlarının gözlənməsi şərti ilə inteqrasiyasının təmin olunmasıdır. Bu sahədə dinamik inkişaf məntiqinə əsaslanan siyasətin həyata keçirilməsi isə ona gətirib çıxarmışdır ki, Azərbaycan hər zaman makroiqtisadi sabitliyini qoruyub saxlayan və onu daha da möhkəmləndirən nümunəvi ölkələrdən birinə çevrilmişdir. Makroiqtisadi sabitliyin qorunması sayəsində Azərbaycanda iqtisadi artım səviyyəsi daim yüksək həddə olmuş, qeyri-neft sektorunun ümumi daxili məhsul istehsalında xüsusi çəkisi hər zaman artmış, əsas kapitala yönəlmiş investisiyaların miqdarı illər üzrə çoxalmaqda davam etmişdir. Bununla yanaşı, əhalinin nominal pul gəlirləri, eləcə də nominal orta aylıq əmək haqları yüksəlmişdir. Sözügedən kontekstdə son iki ildə Azərbaycan iqtisadiyyatı üçün səciyyəvi xüsusiyyətlərdən biri də ondan ibarət olmuşdur ki, əhalinin pul gəlirlərinin artması fonunda istehlak qiymətlərinin indeksi yüksək həddə çatmamış, qeydə alınan inflyasiya həddi pul gəlirlərinin artım səviyyəsi ilə müqayisədə bir neçə dəfə aşağı olmuşdur. Məhz bu da ölkəmizdə insanların həyat səviyyəsinin yüksəlməsinə təkan verən mühüm faktorlardan biri olmaqla yanaşı, əhalinin alıcılıq qabiliyyətinin daha da yüksəlməsinə, vətəndaşların xidmət sektorundan istifadə imkanlarının bir qədər genişlənməsinə rəvac vermişdir.
Daha bir önəmli cəhət ondan ibarətdir ki, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi şəraitində əhalinin bank sisteminin etibarlılığına inamı artmış, milli valyutanın sabitliyinin qorunub saxlanması isə vətəndaşların bir sıra digər ölkələrdə olduğu kimi, devalvasiya prosesinin yaratdığı problemlərlə üzləşməsinin qarşısını almışdır. Bütün bunların məntiqi nəticəsidir ki, artıq digərləri ilə müqayisədə əhali indi daha çox məhz milli valyutaya güvənir, banklarda yatırılan vəsaitlərin miqdarında Azərbaycan manatı ilə olan depozitlərin xüsusi çəkisi durmadan artır.
Təbii ki, Azərbaycanın iqtisadi inkişafından bəhs edərkən xüsusi toxunulması lazım gələn vacib cəhətlərdən biri ölkənin strateji valyuta ehtiyatları və ondan səmərəli istifadədir. Sevindirici haldır ki, dünya bazarlarında neftin qiymətinin tez-tez dəyişməsinə rəğmən ölkəmizdə strateji əhəmiyyət daşıyan valyuta ehtiyatlarının miqdarı illər üzrə artmaqda davam etmiş və artıq 26 milyard dollara yüksəlmişdir. Bu, Azərbaycanın mövcud xarici dövlət borcundan 8 dəfə çoxdur. Deməli, Azərbaycanı heç bir təhlükə, o cümlədən dünya maliyyə qurumlarından asılı vəziyyətə düşmək problemi gözləmir. Əksinə, Azərbaycan irihəcmli valyuta ehtiyatları sayəsində artıq həm kreditor ölkəyə çevrilir, həm də beynəlxalq miqyasda donor ölkələr sırasına qoşulmaq imkanı qazanır. Artıq bir sıra xarici ölkələr tərəfindən Azərbaycana borc üçün müraciət halları qeydə alınıb və gələcəkdə bu kimi müraciətlərin sayının çoxalması istisna edilmir. Azərbaycanın isə müəyyən faizlərə borc verən kreditor ölkə kimi çıxış etməsi ölkəmizin maliyyə imkanlarının daha da genişlənməsinə xidmət edən vacib faktorlardandır. Digər tərəfdən, ölkəmizin strateji valyuta ehtiyatları Azərbaycanın həm də qüdrətli investorlardan birinə çevrilməsinə imkan vermişdir. Artıq ölkə daxilində yatırılan bütün investisiyalarda əsas pay sahibi kimi məhz Azərbaycanın özü çıxış edir. Bundan əlavə, ölkə xaricinə, məsələn, Gürcüstana, Türkiyəyə və bir sıra digər ölkələrə dəyəri yüz milyonlarla dollar olan Azərbaycana məxsus sərmayələr yatırılır. Belə vəziyyətdə ölkəmizin qloballaşan dünyadakı imkanları daim genişlənir, onun beynəlxalq imici daha da güclənir.
Azərbaycanın həyata keçirdiyi iqtisadi inkişaf modelinin strateji istiqamətlərindən biri də ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunmasıdır. Bu da öz növbəsində iqtisadiyyatın diversifikasiyasına yol açmaqla qeyri-neft sahələrinin, o cümlədən də regionların sürətli inkişafına yol açmışdır. Qeyd edilən prosesdə sahibkarlığın inkişafına yönəlmiş dövlət dəstəyinin güclənməsi də müstəsna rol oynamışdır. Yeni neft strategiyasını uğurla reallaşdıran Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirmək üçün regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və davamlı inkişaf, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və bir sıra konkret sahələr üzrə mühüm dövlət proqramları qəbul edilmişdir ki, onların bir çoxu indi də uğurla icra olunur. Buna konkret misal olaraq Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra digər proqramları göstərmək olar. Qəbul olunmuş proqramların fərqləndirici xüsusiyyətlərindən biri də onların əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə almaqla və gələcəyə hesablanmaqla hazırlanmasıdır. Bu zaman sosialyönümlülüyün gözlənilməsi də həmin proqramların səciyyəvi xüsusiyyətləri sırasında yer almışdır.
Görülmüş tədbirlər nəticəsində iqtisadiyyatın əsas sahələri sırasında yer alan kənd təsərrüfatı da özünün sürətli inkişaf yoluna qədəm qoymuş, bu sahədə hazırlanan məhsulların istehsalının stimullaşdırılması məqsədilə müvafiq addımlar atılmışdır. Nəticədə əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracının genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Bütün bunlar qarşıdakı dövr ərzində Azərbaycanın iqtisadi cəhətdən daha qüdrətli bir ölkəyə çevrilməsi üçün möhkəm bazis rolunu oynamaqla yanaşı, sözügedən sahə üzrə inkişaf dinamikasını da əhəmiyyətli dərəcədə sürətləndirir.
Cavanşir ABDULƏZİMOV,
"Bakısənayetikintitəchizat"
MMC-nin sədri
Azərbaycan.- 2010.- 6 oktyabr.- S. 5.