Azad sahibkarlığın
inkişafında yeni mərhələ
Son yeddi ildə Azərbaycan Prezidenti İlham Əliyev
bir daha sübut etdi ki, sahibkarların güvənc yeridir
Ötən
yeddi ildə iqtisadiyyatın liberallaşdırılması,
haqsız rəqabətin aradan qaldırılması, özəl
sektorun dəstəklənməsi, sahibkarlara güzəştli
kreditlərin verilməsi sahəsində ciddi addımlar
atılıb.
Prezident İlham Əliyevin bu illərdə
imzaladığı "Sahibkarlığa dövlət maliyyə
dəstəyinin göstərilməsi sahəsində əlavə
tədbirlər haqqında", "Azərbaycan Respublikası
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi
qaydalarının təkmilləşdirilməsi
haqqında", "Azərbaycan Respublikasında
sahibkarlığın inkişafı ilə bağlı bəzi
tədbirlər haqqında" və digər fərmanları,
sərəncamları, dövlət proqramları sahibkarlığın
inkişafına güclü təkan vermiş, bu sahədə
yeni mərhələ yaratmışdır.
Respublikamızda
sahibkarlığın inkişafı mühüm dövlət
siyasətinə çevrilib. Ölkəmizin
uğurlarında sahibkarların rolunu xüsusi dəyərləndirən
Prezident İlham Əliyev onlara süni problemlərin
yaradılmasının yolverilməzliyini qətiyyətlə
bəyan edib. Bakı Biznes Mərkəzində
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrasının
yekunları ilə bağlı müşavirə bir daha
sübut etdi ki, ölkəmizdə sahibkarlığın
inkişafına geniş imkanlar yaradılıb. Onlara mane olan yersiz yoxlamalar son dərəcə məhdudlaşdırılıb.
Sahibkarları gərəksiz müdaxilələrdən himayə
edən dövlət başçısı həmin
müşavirədə demişdir: "Dövlət
strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda
iqtisadi islahatlar sahəsində bütün işlər
görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq
bizim üçün, iqtisadi inkişaf üçün və
ümumiyyətlə, ölkəmizin inkişafı
üçün mühüm əhəmiyyət
daşıyır".
Əlbəttə, dövlət
başçısının uğurlu siyasətinə, cəsarətli
mövqeyinə güvənib biz iş adamları da yeni qlobal
layihələrin həyata keçirilməsinə təşəbbüskarlıq
göstərir, Azərbaycanda sahibkarlığın
inkişafı üçün münbit şəraitin
olduğuna inanırıq. İnanırıq ki,
ölkəmizdə həm şəffaf biznes mühiti var, həm
də fəaliyyətimizi tənzimləyən güclü
qanunvericilik bazası yaradılıb. Ölkəmizdə
hər bir işgüzar insan, sağlam təfəkkürə
və məntiqə güvənən iri və xırda
sahibkarlar perspektivli iş strukturu yaradırlar, fəaliyyətlərini
daha da genişləndirə bilirlər. Hər kəs
məşğul olduğu sahədə geniş imkanlardan qədərincə,
ən başlıcası isə şəffaflıq prinsiplərini
qorumaqla faydalanır.
Bizim
üçün ən böyük təsəlli, gələcəyə
inam üçün etibarlı zəmanət budur ki,
ümummilli liderin layiqli siyasi davamçısı - Prezident
İlham Əliyev yeddi illik fəaliyyəti ilə hər bir vətəndaşın
Prezidenti olduğunu sübut və təsdiq etdi. Özünün
tələbkarlığı, siyasi peşəkarlığı,
çevik diplomatik gedişləri ilə idarəçilik sahəsində
yeni mərhələ yaratdı, ölkəmizin dinamik
inkişafı üçün düzgün prinsiplər
müəyyənləşdirdi. Uğurlu
iqtisadi siyasətin nəticəsidir ki, dünyanı
bürüyən qlobal böhran Azərbaycanın
uğurlarını səngitmədi. Əksinə,
ölkəmiz regionun əsas iqtisadi əməkdaşlıq mərkəzinə
çevrildi. Prezident İlham Əliyev dəfələrlə
bəyan edib ki, "bu gün Azərbaycanın iştirakı
olmadan Cənubi Qafqazda heç bir ciddi layihə reallaşa
bilməz".
İş
adamı olaraq son illər Azərbaycanda müşahidə
olunan yüksəlişi, milli sahibkarlığa göstərilən
diqqət və qayğını vətəndaş təəssübkeşliyi
ilə dəyərləndirirəm. Bir faktı qeyd edim ki,
uğurlu iqtisadi siyasət nəticəsində özəl
sektorun ümumi daxili məhsulda payı 85 faizə yüksəlib.
Azərbaycan Prezidenti bu sahəyə dəstəyini
artırmaqla sahibkarların güvənc və kömək
yeri, himayədarı olduğunu bir daha təsdiqlədi.
Hökumət iş adamlarının fəaliyyətinə
yaxından kömək məqsədilə onlara ayrılan
güzəştli kreditlərin miqdarını xeyli
artırdı. Təkcə bu il Sahibkarlığa Kömək
Milli Fondunun vəsaiti hesabına 197 sahibkarlıq subyektinə
19,1 milyon manat güzəştli kredit
verilib.
Tikinti sektorunda
çalışan inşaatçı sahibkar kimi qürurla
deyə bilərəm ki, son yeddi ildə Bakıda həyata
keçirilən yeni tikinti layihələrində milli
üsluba üstünlük verilməsi, abadlıq-quruculuq
işlərinin keyfiyyətcə yeniləşməsi,
müasirliyin qədim Şərq memarlıq üsulu ilə
uzlaşması dövlət başçısının bu
sahəyə daha çox maraq göstərməsi ilə
bağlıdır. Bu gün Azərbaycanda
sahibkar ondan tələb olunan vəzifəni həm müstəqil
təhlil edə bilir, həm də hüquqi məsuliyyətini
tam dərk edir. Ona görə də
ayrı-ayrı vətəndaşlarla bağlanan müqavilənin
şərtlərini və tələblərini, cəmiyyət
qarşısındakı mənəvi məsuliyyəti
heç vaxt unutmur. Yaxşı bilir ki, hər bir iş
adamı sosial tədbirlərin adi iştirakçısı
yox, əsl təşkilatçısından biri
olmalıdır. Elə Azərbaycan Prezidenti hər
birimizdən eyni məsuliyyətlə, tələbkarlıqla,
işgüzarlıqla çalışmağı tələb
edir. Heç də təsadüfi deyil ki, dövlət
başçısı cənab İlham Əliyev iş
adamlarına müraciətlə demişdir: "İş
adamları, dövlətin bütün yerli icra orqanları -
hamımız birgə işləməliyik. Əlbəttə
ki, təbiidir, - bütün ölkələrdə belədir,
- iş adamları öz biznesləri haqqında
düşünməli, biznesi inkişaf etdirməlidirlər. Eyni zamanda, imkan olanda çətin vəziyyətdə
yaşayanlara da əl uzatmalıdırlar. Mən belə
biznesi, iş adamlarını təqdir edirəm
və sizi də bu işlərə çağırıram. Sizə deyə bilərəm ki, mən bundan sonra da
ölkədə biznesin inkişafı üçün əlimdən
gələni edəcək və bütün lazımi tədbirləri
görəcəyəm".
Əlbəttə,
bütün bunlar ölkədə sahibkarlıq və
investisiya mühitinin tənzimlənməsinə, bu sahənin
inkişafına təkan verəcək qanunçuluq
bazasının güclənməsinə kömək edir, əhəmiyyətli
dəyişikliklər yaradır. Təməli
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş və ciddi elmi əsaslara söykənən belə
iqtisadi siyasət son illərdə onun layiqli siyasi varisi - Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir və bütün sahələrdə yüksək səmərə
verir. Ayrı-ayrı sahələrdə
düzgün balanslaşdırılmış və həyata
keçirilmiş islahatlar bir daha sübut etdi ki, cənab
İlham Əliyev cəmiyyətdə böyük nüfuz
qazanmış, ölkədə alternativsiz liderə
çevrilmişdir. Onun
imzaladığı fərman və sərəncamlar, qəbul
olunmuş çevik qərarlar ölkənin potensial
inkişafına töhfələr vermiş, qarşıda
düzgün və zəruri vəzifələr müəyyənləşdirmişdir.
Bu gün Azərbaycanda
özəl sektor sərbəst bazar iqtisadiyyatının əsas
aparıcı qüvvəsinə çevrilib. Sərbəst
bazar münasibətlərinin güzəştsiz tərəfdarı
kimi Azərbaycan Prezidenti İlham Əliyev
sahibkarlığın inkişafını - kiçik və
orta biznes şəbəkəsinin genişlənməsini təmin
etmək üçün ardıcıl tədbirlər
görür. Güzəştli kreditlərin
ayrılması, sahibkarların iş əmsalını
yüksəltmək üçün yersiz müdaxilələrin
qarşısının alınması və digər problemlərin
həlli yolları düzgün araşdırılır, milli
iqtisadiyyatın dinamik inkişafına hərtərəfli zəmin
yaradılır.
Hələ 2005-ci il fevral ayının 11-də dövlət
proqramının bir illiyinə həsr olunmuş təntənəli
mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev ölkə
tarixində ilk dəfə olaraq bir qrup iş adamını
"Tərəqqi" medalı və digər dövlət təltifləri
ilə mükafatlandırmışdır.
Azad
sahibkarlığın inkişafına yönəldilmiş
sabitlik, tərəqqi və demokratikləşmə prosesi ildən-ilə
daha da güclənir, davamlı inkişafa çevrilir. Halal yolla maddi
imkanlarını artıran hər bir insan üçün
maneəsiz və sərhədsiz biznes mühiti
yaradılıb, özəl sektorun imkanları genişləndirilib.
Bunun nəticəsidir ki, son üç ildə
özəl sektorun ümumi daxili məhsulda payı 73 faizdən
81 faizə yüksəlmişdir.
Azərbaycan
iqtisadiyyatının dinamikası bazar mexanizminin hərəkətverici
qüvvəsi hesab edilən sahibkarlığın
inkişafı ilə uzlaşdırılır. Daha doğrusu,
sahibkarlara işgüzar şərait yaratmadan sosial xarakterli
ciddi problemlərin həllinə nail olmaq çətindir.
Təcrübə sübut edir ki, infrastrukturun yeniləşməsi,
iş yerlərinin açılması, rəqabət qabiliyyətli
məhsul istehsalının artırılması, bir sözlə,
əsaslı iqtisadi islahatların aparılması ölkədə
sağlam biznes mühitinin yaradılmasından daha çox
asılıdır. Ona görə də
sahibkarlara elə imkan yaradılmalıdır ki, onların hər
biri sərbəst rəqabətə tablaşa bilsin, şəffaf
biznes mühitinin formalaşmasında güclərini sınasınlar.
Ölkəmizdə
biznes ənənələrinin tarixi də qədimdir. Yaranmış
ənənələri varisliklə qorumaq, bu gün onu ləyaqətlə
davam etdirmək bizim hər birimizin işi və vəzifəsidir.
Ölkəmizin yerləşdiyi ərazi də
dünya ölkələrinin sınanmış iqtisadi
modelinin tətbiqinə geniş imkanlar yaradır. Şərqlə Qərbi qovuşduran əlverişli
coğrafi mövqe bizim əlaqələrdə müstəsna
rol oynayır.
Azad sahibkarlığın inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə başlayan yeni mərhələ sahibkarlar ordusunun milli iqtisadiyyatda rolunu daha da artırdı. Sahibkarlığın və biznes mühitinin dünya bazarı ilə əlaqə meridianı daha da genişləndi. Xarici dövlətlərin rəsmi və işgüzar dairələrinin iştirakı ilə ardıcıl və ənənəvi biznes-forumlar keçirildi. Böyük Britaniyada, İtaliyada, Çində, Latviyada, Rusiyada, Türkiyədə, Yaponiyada, Almaniyada və digər xarici ölkələrdə belə tədbirlərə üstünlük verilmiş, ölkəmizin çeşidli məhsullarının dünya bazarına ixrac imkanları yaranmışdır.
Ölkədə sahibkarlarla hökumətin faydalı əməkdaşlığını yaratmaq, iş adamlarının qlobal investisiya layihələrinə cəlb olunmasını təmin etmək üçün etibarlı bazar yaradılıb. Dövlət İnvestisiya Şirkətinin yaradılmasında başlıca məqsəd ondan ibarətdir ki, özəl sektora daha çox dəstək verilsin, yardım və kömək artırılsın. Artıq investorlar tam arxayındırlar ki, onların sərmayələri dövlət səviyyəsində etibarlı təminat mexanizmi ilə qorunur.
Azərbaycanda çoxpilləli biznesə keçid prosesi də uğurla davam edir. Ona görə ki, bu prosesə mane olan hər cür bürokratik əngəllərin qarşısı qabaqlayıcı tədbirlərlə alınır, sahibkarlıq subyektlərinin çevik fəaliyyətinə geniş imkanlar yaradılır. Azərbaycan Prezidenti cənab İlham Əliyev biznesin inkişafı üçün bundan sonra da faydalı və gərəkli addımlar atacağını bildirmişdir. Bunun üçün ölkəmizdə potensial imkanlar mövcuddur. O ki qaldı ondan faydalanmaq mexanizminə, bunun üçün də geniş perspektivlər var. İş adamlarına - biznesin inkişaf dayaqlarına dəfələrlə müraciət edən Azərbaycan Prezidenti birmənalı bəyan edib ki, ölkəmizdə sağlam biznes mühitini genişləndirmək üçün heç bir məhdudiyyət yoxdur. Ona görə də bizim hər birimiz gələcəkdə də yeni layihələrin reallaşmasına ümid və inamla baxırıq, etibarlı dövlət dəstəyini hər an hiss edirik.
Süleyman BABAYEV,
"Avrositi-Holdinq" MMC- nin
icraçı direktoru
Azərbaycan.- 2010.-6 oktyabr.- S. 5.