Misirdə Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın adını daşıyan eksperimental
dillər məktəbi bir
yaşını qeyd etmişdir
Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi tədrisin keyfiyyətinə görə Misirin aparıcı təhsil ocaqlarından biri hesab olunur. Fəaliyyətə başlamasının bir ili tamam olan məktəb qısa vaxtda bölgənin aparıcı təhsil ocağına çevrilmişdir.
Misirin Əl-Obur şəhərində yerləşən məktəbdə 1600 şagird təhsil alır. Onlara 80-dən artıq müəllim dərs deyir. Azərbaycan hökumətinin, Heydər Əliyev Fondunun birbaşa himayəsi və dəstəyi ilə məktəbdə xarici dillərin tədrisi yüksək səviyyədə həyata keçirildiyindən artıq ölkənin digər bölgələrindən də şagirdlər Mehriban Əliyeva adına eksperimental məktəbə üz tuturlar. Məktəbin texniki avadanlıq və dərs vəsaitləri ilə təchizatında da Azərbaycan tərəfi xüsusi rol oynayır. Bu yaxınlarda təhsil ocağına 10 dəst kompüter və 100-ə yaxın kitab hədiyyə edilmişdir. Bu xeyirxah missiya misirli məktəblilərdə Azərbaycana dərin sevgi hissi aşılayır.
Məktəbdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs edən fotostend qurulmuşdur. Ayrı-ayrı fotolarda Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təhsilə xüsusi diqqət və qayğısı əksini tapmışdır. Azərbaycanın birinci xanımının adını daşıyan bu təhsil ocağını Misirdə ölkələrimiz arasında möhkəm dostluq körpüsü adlandırırlar.
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bir yaşını qeyd edən məktəbdə olmuşdur. Təhsil ocağında həyata keçirilməsi nəzərdə tutulan yeniliklərlə bağlı müzakirələr aparılmışdır. Səfir Ş.Abdullayev Azərbaycan hökumətinin məktəbə dəstəyinin bundan sonra da davam edəcəyini vurğulamışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 6 oktyabr.- S. 6.