Almaniyanın milli bayramı şərəfinə

 

Oktyabrın 5-də Almaniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Alman Birliyi Günü münasibətilə "Park İNN-Azərbaycan" mehmanxanasında rəsmi qəbul təşkil etmişdir.

Səfir Herbert Kvellen qonaqları salamlayaraq demişdir ki, Almaniya və Azərbaycan dinamik şəkildə inkişaf edir. Ölkələrimiz arasında əlaqələrin genişlənməsindən məmnunluğunu diqqətə çatdıran diplomat, son vaxtlar əməkdaşlığımızın inkişafının daha da sürətləndiyini bildirmişdir.

Almaniyada ölkəmizə marağın getdikcə artdığını qeyd edən H.Kvellen bildirmişdir ki, Azərbaycan hökumətinin əlverişli investisiya siyasəti almaniyalı sahibkarların diqqətini cəlb edir, müştərək şirkətlərin sayı artır, energetika, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələr getdikcə genişlənir. Prezident İlham Əliyevin bu ilin fevralında Almaniyaya səfərinin ölkələrimiz arasındakı əlaqələrin dərinləşməsinə böyük töhfə verdiyini deyən diplomat, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Kənd təsərrüfatı naziri İsmət Abasov əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, alman xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Almaniya ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirilmişdir. Ümummilli lider Heydər Əliyevin 1996-cı ildə Almaniyaya səfəri dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm addım olmuşdur. Nazir əlavə etmişdir ki, ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Almaniya ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 6 oktyabr.- S. 6.