Naxçıvan şəhərini
içməli su ilə təmin edəcək
su təchizatı sistemlərinin birləşdiyi
paylayıcı qurğu istifadəyə verilmişdir
Xəbər verdiyimiz kimi, oktyabrın 5-də Prezident İlham Əliyev Naxçıvan şəhərini içməli su ilə təmin edəcək su təchizatı sistemlərinin birləşdiyi paylayıcı qurğunun istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
Şəhər ictimaiyyətinin nümayəndələri dövlət başçısını hərarətlə qarşıladılar.
Məlumat verildi ki, son illərdə Naxçıvanda həyata keçirilən infrastruktur layihələri arasında əhalinin içməli suya olan tələbatının ödənilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanan kredit müqaviləsinə əsasən, Naxçıvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə tikilən supaylayıcı şəbəkə vasitəsilə əhalinin içməli suya olan ehtiyacı tam şəkildə ödəniləcəkdir. İçməli su şəhərə 17 kilometr məsafədən xüsusi boru xətləri ilə gətirilir, təmizləndikdən sonra supaylayıcı qurğu vasitəsilə əhaliyə verilir. Qurğunun suötürmə gücü saniyədə 600 litrdir.
Hazırda Naxçıvan şəhərinin daxili su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Layihə çərçivəsində 21 min 500 metr içməli su və 18 min 300 metr kanalizasiya xətti yenidən qurulmuşdur.
Supaylayıcı qurğunun yerləşdiyi ərazi şəhərin ümumi planına uyğun olaraq abadlaşdırılmış və yaşıllaşdırılmışdır.
Dövlət başçısı Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkələrinin, şəhəri içməli su ilə təmin edəcək sistemlərin baş planlarına baxdı.
Məlumat verildi ki, Naxçıvan çayı yatağının yaxınlığındakı yeraltı su mənbələrindən çəkilən yeni boru kəmərləri şəhərin içməli suya olan tələbatını ödəməklə yanaşı, gələcəkdə su qıtlığının yaranmasının da qarşısını alacaqdır.
Sonra dövlət başçısı içməli su sisteminin tikintisində istifadə olunan boruların nümunələrinə baxdı.
Prezident İlham Əliyev Naxçıvan şəhərini içməli su ilə təmin edən qurğunu işə saldı.
Şəhər ictimaiyyətinin nümayəndələrini təbrik edən Prezident İlham ƏLİYEV dedi:
- Bu layihənin birinci mərhələsi başa çatıbdır və indi artıq su gəlir. Yəqin ki, bir-iki ilə şəhərin bütün su problemi öz həllini tapacaqdır. Böyük əhəmiyyətə malik olan bir layihədir və uğurla icra olunur. Su həyat deməkdir. Biz elə etməliyik ki, hər bir yerdə insanlar içməli su ilə təmin olunsunlar. Şəhərlərdə, kəndlərdə indi müxtəlif tədbirlər görülür. Azərbaycanın müxtəlif bölgələrində ayrı-ayrı layihələr icra olunmağa başlamışdır ki, bütün şəhərlərdə içməli su, kanalizasiya problemi həllini tapsın. O cümlədən Naxçıvan Muxtar Respublikasında bu məsələyə çox böyük diqqət göstərilir və işlər artıq icra olunur. Bu gün biz sizinlə bərabər layihənin birinci mərhələsini qeyd edirik. Sizi təbrik edirəm və ümid edirəm ki, yaxın zamanlarda layihənin başa çatmasını sizinlə bərabər qeyd edəcəyik.
Şəhər sakini Əli NOVRUZOV dövlət başçısına ictimaiyyət adından təşəkkürünü bildirdi.
AzərTAc
Azərbaycan.- 2010.- 7 oktyabr.- S. 3.