Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 71 illiyinə həsr edilmiş sərgi açılmışdır

 

Oktyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, professor Aida xanım İmanquliyevanın anadan olmasının 71 illiyinə həsr edilmiş sərgi açılmışdır.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli 18 il bundan əvvəl dünyasını dəyişmiş böyük alimin keçdiyi 53 illik həyat yolunda həm alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də qadın, ana, həyat yoldaşı kimi Azərbaycan xanımına örnək bir ömür yaşadığını qeyd etmişdir. O, Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan Aida İmanquliyevanın həyatı, elmi irsi və yaradıcılıq fəaliyyəti barədə geniş söz açmışdır.

Bildirmişdir ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində Azərbaycan mətbuatının görkəmli nümayəndəsi Nəsir İmanquliyevin ailəsində anadan olmuşdur. Bakıda 132 nömrəli orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində ali təhsil almışdır.

1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyaları müdafiə edən Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlmişdir. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü olmuşdur. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri idi.

Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin əhatə dairəsi geniş və çoxşaxəli idi. Onun elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunmuşdur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaratmışdır.

Üç monoqrafiya və 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur.

Aida xanımın doğulduğu, böyüdüyü ailənin və gəlin gəldiyi ocağın Azərbaycan xalqının ədəbi-mədəni fikrində öz yeri və sanbalı vardır. Belə bir mühit Aida xanım İmanquliyevanın ədəbi-elmi yaradıcılıqla gərəyincə məşğul olması üçün mənəvi zəmin yaratmışdır. Aida xanımın atası Nəsir İmanquliyev Azərbaycanın çox məşhur mətbuat nümayəndələrindən biri olmuşdur. Aida xanım görkəmli Azərbaycan yazıçısı, alimpedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin köçmüşdür. Boya-başa çatdığı mötəbər ziyalı mühitinin məlum təsirinin nəticəsidir ki, Aida xanım İmanquliyevanın həyat və yaradıcılığı milli ziyalı qadınlar içərisində bənzərsizliyi, yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi.

Aybəniz Əliyeva-Kəngərli diqqətə çatdırmışdır ki, Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru Aida xanım İmanquliyeva özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açmış, yeni bir məktəbin əsasını qoymuşdur.

Sərgidə alimin əsərləri ("Yeni ərəb ədəbiyyatı korifeyləri", "Qələmlər birliyi", "Mixail Nüaymə", "Cübran Xəlil Cübran" və s.), müxtəlif mövzularda məqalələri nümayiş etdirilmişdir. Burada müxtəlif dillərə tərcümə edilmiş 30-a yaxın kitab, 40-dan çox məqalə və görkəmli alimin elmi irsinin təhlilinə həsr edilmiş ədəbiyyat sərgilənmişdir. Həmçinin iştirakçılara professor A.İmanquliyevanın həyat və fəaliyyətinə, elmi yaradıcılığına həsr edilmiş kitablar da təqdim olunmuşdur.

Ümumilikdə 70-ə yaxın ədəbiyyat və fotomaterialın nümayiş etdirildiyi sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

 

 

Azərbaycan.- 2010.- 7 oktyabr.- S. 5.