"Atəşgah məbədi"ndə
yeni ocaq yeri aşkar olundu
Doğma vətənimizdə tarixi qədim olan memarlıq abidələrimiz, dini inanc yerlərimiz, milli arxitektura üslubunda inşa edilən binalarımız göz oxşayır. Bu tikililər keçmişimizi yaşatmaqla, ölkəmizə gələn əcnəbi turistlərin də diqqətini cəlb edir. Son illərdə tarixi, mədəniyyət abidələrinin qorunub saxlanılması, turizmin inkişaf etdirilməsi məqsədilə respublikamızda bir sıra uğurlu layihələr həyata keçirilir. Qədim Atəşgah məbədi də mədəniyyətimizin təbliğində, mədəni irsimizin qorunmasında diqqətdən kənarda olmadığına görə, bu dəfə yolumuzu Suraxanı-odlar məkanından saldıq. Tarixi abidə ilə yaxından tanışlıqdan sonra belə qənaətə gəldik ki, dünya əhəmiyyətli abidənin qorunması və nəhayət, burada arxeoloji qazıntılar nəticəsində aşkar edilən yeni ocaq yeri haqqında məlumatları oxucuların diqqətinə çatdıraq.
Atəşgah məbədi Bakının 30 kilometrliyində, Abşeron yarımadasının cənub-qərb hissəsində yerləşir. Bu məbəd XVII-XVIII əsrlərdə Atəşpərəst məbədinin qalıqları, ərazidə çıxan təbii qazın, sönməz alovun üzərində inşa edilmişdir. Belə ehtimal olunur ki, e.ə. 3-cü minillikdə Atəşgah məbədi mövcud olub. Zərdüştlərə məxsus olan Atəşgah məbədi ərəblərin Azərbaycana gəlişi müddətində, yəni VII əsrdə dağıdılıb.
V əsrdə Bizans diplomatı Panili Prisk, X əsrdə ərəb tarixçisi Əl-İstəxri, X əsrdə ərəb coğrafiyaşünası Əl-Məsudi, Zəkəriyyə Qəzvini (XIV əsr) Bakı ətrafında "sönməyən yanar qaz"ın və neftin olması haqqında məlumat vermişdir. Hindistanın Bombey Universitetinin professoru Modi qeyd etmişdir ki, "Xəzər dənizinin qərb sahilindəki Atəşpərəstlər məbədi haqqında qədim kitablarda yazılıb".
XVII əsrin 60-cı illərində Suraxanı od məbədinə həm gəbr-pars, həm də hindli atəşpərəstlər ziyarətə gəliblər. Tarixçi-alim Sara Aşurbəyli "Bakı şəhərinin tarixi" əsərində yazıb: "IX əsrdən başlayaraq ərəb, fars və hind mənbələrində Bakı və onun ətrafından, atəşpərəstlərin yaşadığı əbədi odlar şəhəri kimi danışılır. Ehtimal ki, Suraxanıda müqəddəs oda sitayişə gələn atəşpərəst zərdüştilərin ibadətgahı olmuşdur. Əhalinin İslamı qəbul etməsindən sonra Atəşgah süquta uğramış və mənbələr bir daha ondan danışmamışlar". Alimin fikrincə, vaxtı ilə "Atəşgah məbədi"ndə əcdadlarımız Zərdüşt dini ayinlərini icra edərək, yanar odu da özlərinə müqəddəs bilmişlər.
XVII-XIX əsrlərdə atəşpərəst dininə mənsub olan hindli səyyahlar da Bakıya gələrkən Suraxanı Atəşgahını ziyarət edərmişlər.
1683-cü ildə alman səyyahı E.Kempfer Bakıya gələrək, Suraxanı Atəşgahında qonaq olub. Səyyah burada gördüklərini qələmə almışdı: "Biz burada onlarla adamın olduğunu gördük. Kimsə yanan alovdan ocaq düzəldib, mis qazanlarda Suraxanı camaatı üçün xörək bişirir, digərləri isə əhəng yandırmaqla məşğul olurdu. İki nəfər qədim pars tayfasından olan kəs və gəlmə hind atəşpərəstlərindən olan adamlar tikdikləri hasar ətrafında oturaraq qaya çatlarından havaya yüksələn alova səcdə edərək ibadət edirdilər".
XVIII əsrdə Bakıya Hindistanın Multan vilayətindən həm ticarət, həm də əbədi odu sitayiş etmək üçün gələn hindli tacirlər Atəşgah məbədini bərpa edərkən burada hind məbədlərinə məxsus elementləri də inşa ediblər.
Tarixi mənbələrdə qeyd olunub ki, "Atəşgah məbədi" 1880-ci ilə qədər mövcud olmuşdur.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı şəhərinin Suraxanı rayonunda yerləşən, YUNESKO-nun Dünya irsinin ilkin siyahısına daxil edilən "Atəşgah" məbədinin ərazisi Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdi.
Hal-hazırda sönməz odlar məkanı "Atəşgah məbədi"ndə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xoşməramlı layihələr də həyata keçirilir. 2009-cu ildə "Bakı İslam mədəniyyətinin paytaxtıdır" mövzusunda keçirilən beynəlxalq tədbirdə "Atəşgah"da qonaq olan əcnəbi turistlər məbədgahla tanış olduqdan sonra şəhərimizin, Suraxanı rayonunun tarixinə həsr olunan "Sönməyən alovlar" adlı foto-sərgiyə də maraqla tamaşa etmişlər.
2009-cu ildə Prezident İlham Əliyev Atəşgah Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsi və maddi-texniki təminatı barədə sərəncam imzalayıb. Həmin sərəncam ölkə başçısının dünya əhəmiyyətli "Atəşgah məbədi" ilə yanaşı, dövlət tərəfindən qorunan bütün tarixi abidələrimizə qayğısının bariz nümunəsi kimi dəyərləndirilməlidir.
Atəşgah-beşguşəli daxili həyəti əhatə edən hücrələrdən və üstü günbəzlə örtülən dördkünc "od məbədi"ndən - ibadətgahdan ibarətdir. Bu tikili şəhər karvansarası olması ilə də izah edilir. Buradakı hücrələrdə bir zamanlar kahinlər, zəvvarlar və xidmətçilər yaşamışdılar.
Qonaqlı-qaralı olan "Atəşgah məbədi"ndə xarici və yerli turistləri hər gün görmək mümkündür. Əsasən, burada əcnəbilər məbədin hücrələrinə, həyətinə daxil olaraq, həm də tarixi keçmişimizlə maraqlanır, qoruq əməkdaşlarının söylədiyi məlumatları alırlar. Həmçinin, məbədgahda qoruq rəhbərliyi tərəfindən ziyarətçilərin rahatlığı üçün səliqə-sahman da yaradılıb. "Atəşgah məbədi"ndə Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Rəşid Babayi ilə görüşərkən o, bildirdi ki, su quyusu hesab edilən yerdə qazıntı işləri aparılması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilmişdir. Mədəniyyət və Turizm Nazirliyi və Arxeologiya və Etnoqrafiya İnstitutunun Abşeron ekspedisiyası ilə birgə ərazidə baxış keçirmiş, sonra sözügedən ərazi ilə əlaqədar arxeoloji qazıntılara başlanılması məqsədəuyğun hesab edilmişdir. Aparılan tədqiqatlar zamanı məlum olmuşdu ki, mərkəzi məbədgahın yaxınlığındakı su quyusu, əslində uzun illər od yandırılan ocaq yeri olmuşdur.
Vaxtı ilə diametri 2 m 40 sm, dərinliyi 40 sm olan dairəvi tikilinin mərkəzindən alov çıxardı. Təəssüf ki, illər keçdikcə həmin ocaq yerinin üzəri qumla örtüldüyündən, o torpağın altında qalmışdı. XIX əsin əvvəllərində "Atəşgah məbədi"ndəki əsas mərkəzi ibadətgah tikiləndən sonra böyük ocaq yeri qədim atəşpərəst məbədgahının simvoluna çevrilir. Məhz indi aşkar edilən ocaq yeri də o illərdə əhəmiyyətini itirir.
Alman səyyahı E.Kempfer Atəşgahla bağlı xatirələrində ərazidə 7 quyunun olması haqqında məlumat vermişdir. Düşünmək olar ki, aşkar edilən ocaq yeri 7 quyudan biri olaraq qədim yüzilliklərin yadigarıdır.
Məbədgahda Abşeron ekspedisiyasının həyata keçirdiyi qazıntı işləri də uğurla həyata keçirilmişdir. Belə ki, ocaq yeri ətrafında tarixi əhəmiyyətə malik maddi mədəniyyət nümunələri də aşkar edilib. Arxeologiya və Etnoqrafiya İnstitutunun Abşeron ekspedisiyasının rəhbəri İdris Əliyevin bildirdiyinə görə, qazıntı işləri zamanı XVII-XIX əsrin əvvəllərinə aid saxsı nümunələri, xanlıqlar dövrünə aid edilən gümüş sikkə, rus imperiyasına məxsus 1 neçə ədəd mis pul, XVIII əsrə aid edilən iri tutumlu şüşə qab da qarışıq mədəni təbəqədən aşkar edilmişdi.
Qeyd edək ki, aparılan ilk tədqiqat xarakterli arxeoloji qazıntı nəticəsində turistlərin böyük marağına səbəb olan yeni eksponatlar torpağın altından üzə çıxmışdı. Bu qiymətli dəfinələr az da olsa sirli-sehrli "Atəşgah məbədi"nin tarixi haqqında bir çox mətləblərə aydınlıq gətirə bilər. Yəqin ki, çoxlu sayda turist axını maddi mədəniyyət nümunələrimizlə ilk tanışlıqdan Azərbaycan mədəniyyət tarixinin zənginliyinin də şahidi olar.
Tarixi abidənin elmi araşdırılmasının əsl zamanıdır. Ona görə ki, yerin altında sirli xəzinə yatır. Bu xəzinənin araşdırılması nəticə etibarı ilə məbədgahla bağlı bizə məlum olmayan məsələlərə də aydınlıq gətirər.
Ümumiyyətlə, Abşeronun şərq-qərb ərazilərində uzun müddət geniş tədqiqatlar aparılsa da təəssüf ki, indiyədək Suraxanı rayonu arxeoloji cəhətdən öyrənilməyərək, kənarda qalmışdır. Halbuki, Bülbülə, Əmircan, Zığ, Qaraçuxur, Hövsan və qədim Suraxanı kəndlərində hələ də aşkar olunmamış maddi mədəniyyət nümunələri torpağın altındadır.
Həmçinin, yaxın gələcəkdə "Atəşgah məbədi"nin daxilində və xaricində arxeoloji qazıntı işlərinə başlanılması qədim Bakının və bütünlüklə mədəniyyət tariximizə böyük töhfədir.
Təranə CƏBİYEVA,
Tarixçi
Azərbaycan.- 2010.- 7 oktyabr.- S. 7.