Yunanıstanın paytaxtı Afinada Üzeyir Hacıbəylinin 125 illiyi qeyd olunmuşdur

 

Yunanıstanın paytaxtı Afinada görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş konsert təşkil edilmişdir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli AzərTAc-a bildirmişdir ki, Azərbaycanın Yunanıstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə xüsusi konsert proqramı təqdim olunmuşdur. Konsert dünyada Berlin Filarmoniyasından sonra ikinci konsert salonu hesab olunan Afina Dövlət Filarmoniyasında təşkil edilmişdir. Konsertdə Milli Simfonik Orkestrə dirijor Azad Əliyev rəhbərlik etmişdir.

Ü.Hacıbəylinin yubiley tədbirində tamaşaçılar pianoçu Fərhad Bədəlbəyli, solistlər Gülnaz İsmayılova, Səbinə Əsədova və bariton Cavid Səmədovun ifasını alqışlarla qarşılamışlar. Proqramda Üzeyir Hacıbəyli ilə yanaşı, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Fərhad Bədəlbəylinin əsərləri ifa olunmuşdur.

Konsertdən sonra yunanıstanlı mütəxəssislər Azərbaycan musiqisinə heyran olduqlarını bildirmişlər. Onlar sənətkarlarımıza yunan musiqiçiləri üçün ustad dərsləri keçməyi təklif etmişlər. Bu layihənin növbəti ildə də reallaşacağı, musiqiçilərimizin Yunanıstanda ustad dərsləri keçəcəyi gözlənilir.

Konsertdən əvvəlki günlərdə Yunanıstanın bir sıra televiziya kanallarında Azərbaycan musiqiləri ilə bağlı kliplər yayımlanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 7 oktyabr.- S. 8.