Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
təhlükəsizlik məsələlərinə nəzarət
edən yüksək vəzifəli nümayəndələrin
Birinci Beynəlxalq görüşündə
iştirak etmişdir
Cari il oktyabrın 5-6-da
Soçi şəhərində təhlükəsizlik məsələlərinə
nəzarət edən yüksək vəzifəli nümayəndələrin
Birinci Beynəlxalq görüşü keçirilmişdir.
Görüşdə 43
ölkənin təhlükəsizlik şuralarının
katibləri, prezidentlərin və baş nazirlərin milli təhlükəsizlik
üzrə köməkçiləri, güc
qurumlarının rəhbərləri, habelə BMT Baş
katibinin müavini Y.Fedotov iştirak etmişlər. Rusiya
Federasiyası Təhlükəsizlik Şurasının katibi
N.Patruşev görüşü açaraq Rusiya
Federasiyasının Prezidenti Dmitri Medbedevin təbrik məktubunu
oxumuşdur. BMT-nin Baş katibi Pan Gi Mun da forum
iştirakçılarına təbrik məktubu göndərmişdir.
Görüşdə
ölkəmizi Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri,
Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz
Mehdiyev, Prezident Administrasiyasının xarici əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədov,
hüquq-mühafizə orqanları ilə iş şöbəsinin
müdiri Fuad Ələsgərov, siyasi təhlil və
informasiya təminatı şöbəsinin müdiri Elnur
Aslanov təmsil etmişlər.
Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
Birinci Beynəlxalq görüşdə "Transmilli cinayətkarlıq,
onun ən təhlükəli növləri arasında
qarşılıqlı əlaqə" və
"Formalaşan qlobal informasiya cəmiyyəti şəraitində
beynəlxalq informasiya təhlükəsizliyinə təhdidlər:
əməkdaşlıq istiqamətləri"
mövzularında mühazirələrlə
çıxış etmişdir. Akademik Ramiz Mehdiyev transmilli
cinayətkarlıq mövzusunda məruzəsində Azərbaycan
ərazisinin bir hissəsinin işğal olunması kontekstində
beynəlxalq mütəşəkkil cinayətkarlığın
doğurduğu təhlükələri diqqətə
çatdırmışdır. O demişdir ki, terrorçu
qrupların "boz zonalar" adlandırılan ərazilərdə
fəaliyyət göstərən müxtəlif profilli
kriminal təşkilatlarla birləşməsi cinayətkarlıq
üçün böyük potensial yaradır və çox
təhlükəli meyildir. Ermənistan silahlı qüvvələrinin
işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ
bölgəsi və onun ətrafındakı yeddi rayonunun ərazisində
məhz belə nəzarət olunmayan zona
yaradılmışdır. Daxil olan əməliyyat məlumatları
və prosessual şəkildə sübut olunmuş faktlar
israrla söyləməyə əsas verir ki, bu ərazidən
narkotik vasitələrin istehsalı, silah və insan tranziti və
alveri, qeyri-leqal miqrasiya, terrorçuların göndərilməsi
və gizlədilməsi, qanunsuz pul vəsaitlərinin
leqallaşdırılması və transmilli cinayətkarlığın
digər təhlükəli növləri üçün fəal
istifadə olunur. Milli və beynəlxalq hüququn təsir
dairəsindən kənarda qalan bu zona və digər belə ərazilər
qeyd olunan təhdidlərə adekvat və vaxtında
münasibət göstərilməsi üçün əlçatmaz
qalır. Buna görə də biz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar
məsələlərə milli və regional təhlükəsizliyin
təmin olunması, terror təhlükəsinin və digər
təhdidlərin aradan qaldırılması sahəsində
işin bir hissəsi kimi baxırıq.
İnformasiya cəmiyyəti
şəraitində əlaqələndirilmiş fəaliyyətin
zəruriliyini və aktuallığını qeyd edən Ramiz
Mehdiyev bildirmişdir ki, Azərbaycan tez-tez
açıq-aşkar informasiya təhrikləri ilə üzləşir.
Ümumdünya şəbəkəsində
separatçılıq fəaliyyətinə açıq
çağırışlar müşahidə olunur, dövlətin
ərazi bütövlüyü şübhə altına
alınır, dövlət rəhbərləri, ölkənin
ictimai-siyasi xadimləri təhqir obyektinə çevrilir. Qeyd
etmək lazımdır ki, bu cür hərəkətlər Azərbaycanın
müharibə şəraitində olduğu qonşu Ermənistanın
informasiya qurumları tərəfindən tez-tez həyata
keçirilir. "İnformasiya silahından" istifadə
olunması ilə əlaqədar qeyd edilən nümunələrlə
yanaşı, xüsusilə dinc Azərbaycan əhalisinin
1918-ci ilin martında, 1990-cı ilin yanvarında, habelə
1992-ci ilin fevralında Xocalı şəhərində erməni
separatçılarının silahlı qrupları tərəfindən
kütləvi surətdə qırılması ilə
bağlı faciəli günlərdə Azərbaycanın
informasiya resurslarına xaker hücumlarına daimi cəhdlər
göstərilir.
Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, Təhlükəsizlik
Şurasının katibi akademik Ramiz Mehdiyev səfər
çərçivəsində Türkiyə Milli Təhlükəsizlik
Şurasının baş katibi Sərdar Kılıç,
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə
Şurasının katibi Raisa Boqatıryova, Belarus Təhlükəsizlik
Şurasının dövlət katibi Leonid Maltsev,
İsveçrə Konfederasiyasının Müdafiə, Əhalinin
Qorunması və İdman Federal Departamentinin Təhlükəsizlik
Siyasəti İdarəsinin rəisi Kristian Katrina ilə ikitərəfli
görüşlər keçirmişdir. Görüşlərdə
geniş fikir mübadiləsi aparılmış, regionda və
dünyada vəziyyət və təhlükəsizlik məsələləri
təhlil olunmuş, habelə qarşılıqlı maraq
doğuran digər məsələlər müzakirə
edilmişdir.
Soçi
görüşündə təbii və texnogen qəzalar barədə
qabaqcadan xəbərdarlıq edilməsi və nəticələrin
aradan qaldırılması, transmilli cinayətkarlığın
müxtəlif formaları və təzahürləri -
terrorizm, narkotrafik, qeyri-leqal miqrasiya, silah və radioaktiv
materialların qanunsuz dövriyyəsi ilə mübarizə
sahəsində qarşılıqlı fəaliyyət, habelə
qlobal informasiya cəmiyyətinin formalaşdırılması
şəraitində beynəlxalq informasiya təhlükəsizliyinin
təmin edilməsi istiqamətində əməkdaşlıq
məsələləri diqqət mərkəzində
olmuşdur.
Soçi
görüşü beynəlxalq təhlükəsizlik sahəsində
çoxtərəfli əməkdaşlığın
qurulması istiqamətində ilk mühüm addımdır.
AzərTAc
Azərbaycan.- 2010.- 8 oktyabr.- S.2.