Koreya Respublikasının milli bayramı şərəfinə

 

Oktyabrın 7-də Koreya Respublikasının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlətin yaranması günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində rəsmi qəbul təşkil etmişdir.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir Li Ci-Han Koreya -Azərbaycan əlaqələrinin sıx inkişafından və son illər daha da genişlənməsindən məmnunluğunu diqqətə çatdırmışdır. Diplomat ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat, siyasət, mədəniyyət, elm və təhsil sahələrində fəal əməkdaşlığın daha da sürətləndiyini bildirmişdir.

Səfir Koreya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulamış, bildirmişdir ki, ölkələrimiz arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi 2005-ci ildən bəri 9 dəfədən çox artmışdır. Diplomat əminliklə bildirmişdir ki, Azərbaycan ilə Koreya arasındakı ənənəvi dostluq və əməkdaşlıq dövlətlərimizin münasibətlərinin möhkəm əsası olaraq bundan sonra da ikitərəfli əlaqələrimizin inkişafına və möhkəmlənməsinə təkan verəcək, xalqlarımızın mənafelərinə, onların tərəqqisinə xidmət edəcəkdir.

Təhsil naziri Misir Mərdanov Azərbaycan Prezidenti İlham Əliyevin adından bayram münasibətilə Koreya xalqını təbrik edərək vurğulamışdır ki, dövlətlərimiz arasında əlaqələr möhkəm təməl üzərində qurulmuşdur.

M.Mərdanov dost ölkələr olan Koreya ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və danışıqlar münasibətlərin yüksələn xətt üzrə inkişafına əlverişli zəmin yaradır.

Təhsil sahəsində ölkələrimiz arasında sıx əməkdaşlığın qurulduğunu diqqətə çatdıran nazir bu gün 100-dək azərbaycanlı gəncin Koreya universitetlərində təhsil aldığını vurğulamışdır. Əlaqələrimizin siyasi, mədəni, elmi və digər sahələrdə inkişafının bundan sonra da davam edəcəyinə əminlik ifadə edən Misir Mərdanov ikitərəfli əlaqələrin nəticəsi kimi yaxın gələcəkdə Koreyanın Deu şirkətinin təşəbbüsü ilə Azərbaycan-Koreya peşə-təlim mərkəzinin açılmasının nəzərdə tutulduğunu söyləmişdir.

Mərasim Koreya və Azərbaycanın incəsənət ustalarının konserti ilə davam etmişdir.

Qəbulda hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 8 oktyabr.- S. 4.