Altı gün qardaş məmləkətdə
Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin xəttiylə Türkiyəyə ezamiyyətə yollanacağımı eşidəndə iki "nostalji" duyğu içimdə baş qaldırdı. Birincisi, SSRİ dönəmində qırmızı imperiyanın bizim nəzərimizdə yaratmaq istədiyi "düşmən Türkiyə" obrazı, sovet təbliğat maşınının antitürk ovqatından doğan yalanı, böhtanı, cəfəngiyyatı. İkincisi, bu qardaş məmləkətə sevgi və marağımızın azalmamağı, əksinə, durmadan Türkiyəni görmək istəyimizin artmağı, bu ölkəyə sonsuz sevgimiz...
Neçə il öncə şəhərlər şəhəri saydığımız İstanbulda olmuşdum və iki qitəni birləşdirən bu qədim, nəhəng yaşayış məskəni elə saqqızımı oğurlamışdı ki, ölkənin digər görməli yerlərini yaddan çıxartmışdım. Bu dəfəki səfər ikiqat əhəmiyyət daşıyırdı. Həm TÜRKSOY-un sənət festivalında Ankarada olacaq, həm də Anadoluda - Tarsusda klassik ozan Qaracaoğlanın şərəfinə təşkil edilən şeir yarışmalarına qatılacaqdım. Deməli, altı gün müddətində qardaş ölkəni gəzib-dolaşacaq, bu bənzərsiz məmləkəti əməllicə tanımaq üçün fürsət qazanacaqdım...
Ankaranın hava limanında məni TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı qarşıladı. Ümumi tanışlıqdan sonra o, dərhal tədbir barədə məlumata keçdi: "Türk dövlətləri başçılarının, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də yaxınlarda qatıldığı rəsmi "Zirvə" toplantısından sonra bu keçiriləcək tədbir bir kültür-sənət yarışmasıdır. TÜRKSOY Ankara bələdiyyəsiylə bu festivalı birgə təşkil edib. Bu sahədə təcrübəmiz var. Bir neçə ay öncə İstanbul Uluslararası Opera festivalı keçirildi, həmin bayramda Azərbaycan tərəfi Üzeyir Hacıbəylinin ölməz "Koroğlu" operası ilə təmsil olunmuşdu. "Koroğlu" həqiqətən İstanbul tamaşaçılarını məftun etdi".
Budur, Ankaranın bazar meydanlarından biri. Türk Kültürü Təşkilatının yerli bələdiyyəylə birgə tədbiri açıq hava şəraitində keçirilir. Festivalda müxtəlif türk xalqlarının nümayəndələri iştirak edir. Müstəqilliyə qovuşmuş türk dövlətlərindən də gələnlər var, başqa ölkələrin tərkibində muxtar qurumlar şəklində yaşayan türk xalqlarının da sənət adamları tədbirə cəlb olunub. Balkanlardan, Rusiyadan, Ukraynadan, Moldovadan, Makedoniyadan və başqa yerlərdən. Bazar meydanına insan axını kəsilmək bilmir, iynə atsan, yerə düşməz.
Meydanın ətrafında müxtəlif çadırlar qurulub. Bu, yalnız simvolik məna daşıyır. Hər xalqın nümayəndələri bir çadırda təmsil olunub. Çadırın içi bəzədilib, müvəqqəti taxta döşəməyə xalça-palaz sərilib. Səliqəli süfrə açılıb. Hər xalqın adət-ənənəsinə uyğun milli mətbəxində hazırlanan təamlar, müxtəlif şirniyyat, şirələr yan-yana düzülüb. Divarlarda saz, qopuz, balaban, qara zurna, tütək, dəf asılıb. Bu çalğı alətlərinin eyniliyi elə türkdilli xalqların da soy-kök, adət-ənənə, dil-din eyniliyini bir daha ortaya qoyur.
Festivalı TÜRKSOY-un başqanı Düsen Kaseinov açır: o, hamını salamladıqdan sonra tədbirin əhəmiyyətindən, türkdilli xalqların mədəniyyət inteqrasiyasından, sənət-kültür yarışmasından, dəvət olunmuş qonaqlardan söz açır. Daha sonra tanış, doğma musiqi sədaları mülayim Ankara axşamına xüsusi təravət və rövnəq verir. "Qazax, qırğız, türkmən, özbək, azər bir boydu" misrası havada dalğalanır, yüzlərlə, minlərlə insan mahnının ahəngini tutur, müğənniyə qoşulub oxuyur. Qara zurna adamları coşdurur, saz izdihamı təlatümə gətirir, səslənən şeirlər ovqatı qaldırır, məclisin ovqatına rəng qatır...
Miqyasına görə ikinci böyük tədbir Şərqi Anadoluda - qədim Tarsus şəhərində baş tutdu. Bu tədbir "IX Uluslararası Qaracaoğlan Şəlalə şeir axşamları" adlanırdı. Vilayətin bələdiyyə başqanı Burhanettin Koçamazın təşəbbüsü ilə doğma vətənində hər il keçirilən Qaracaoğlan şeir günləri bu dəfə dörd gün fasiləsiz davam etdi. Proqram olduqca sıx və zəngin idi. Müxtəlif ölkələrdən təşrif gətirən türkdilli yazarlar gündüzlər qədim Tarsusla tanışlıq imkanı tapdılar, axşamlar isə saz-söz məclislərinə qatılırdılar.
Tarsusda Şərqlə Qərb qovuşub: qədim Şərq və Qərb. Axı deyilənlərə görə, şəhərin əsası on min il öncə Roma imperiyası dövründə qoyulub. Şəhəri gəzirsən, antik mədəniyyətin nümunələrilə addımbaşı rastlaşırsan. Şəhərin tarix muzeyində 7-8 min il yaşlı əşyalar qorunub saxlanılır. Tarsus - başdan-başa bir əski tarix muzeyidir. Şəhərin harasında qazıntı aparırsan, bir yeraltı Tarsus meydana çıxır. Görünür, zəlzələlər, dağıdıcı müharibələr şəhərin daşını daş üstə qoymasa da, Tarsus müasir görkəmdə əzəmətini saxlayıb.
Tarsus övliyalar, peyğəmbərlər, müqəddəslər şəhəridir. Bu torpaqda müxtəlif dövrlərdə yaşamış üç peyğəmbər dəfn olunub, onların məzarları dövlət tərəfindən qorunur. Biz eramızdan əvvələ məxsus Daniyal peyğəmbərin məzarını ziyarət etdik. Bu gor evi təxminən üç metr dərinlikdə salınıb, ona adi məzar demək düz deyil, bütöv bir abidə kompleksidir. Üstündə günbəzli, qülləli məscid inşa olunur. Şəhərin ən qədim memarlıq nümunələrindən biri də eramızdan əvvəl V-X yüzilliklərə məxsus Aziz Paulus quyusudur. Onun suyu Məkkədəki müqəddəs Abi-zəmzəmə bərabər tutulur. Maraqlıdır ki, bu "diri" abidəyə həm xristianlar, həm də müsəlmanlar eyni dərəcədə etiqad göstərir, ziyarət edirlər.
Tarsusun kənarında yerləşən "Əhsabi-Kəf" ("Mağara tərəfdaşları") mağarasını tarixçilər bizim Naxçıvanda tapılan eyniadlı mağaranın "qardaşı" adlandırırlar. Abidə sırf islam-müsəlman mədəniyyətinin yadigarıdır. Bunu sonradan üstündə ucaldılan came də təsdiqləyir. Deyilənə görə, "Əhsabi-Kəf" İspaniyada və İtaliyada da mövcuddur, təkallahlığın rəmzi kimi ona digər dindaşlarımız da etiqad bəsləyirlər.
Qaracaoğlan şeir axşamlarının birinci günü biz Tarsusdan, Adanadan, Ceyhandan dəvət alan şair və ozanları dinlədik. İkinci və üçüncü gün növbədə Ankaradan, Karsdan, İstanbuldan, Bursadan, Dənizlidən, Tokatdan, Elazindən, İspartadan, Əskişəhərdən gələnlərə çatdı. Yalnız sonuncu gün, sentyabrın 24-də ölkə xaricindən dəvət alanlar istedadlarını nümayiş etdirdilər. Azərbaycandan folklorçu-araşdırıcı Əli Şamilin, aşıq Aynur Qəzənfərqızının çıxışları məftunluqla qarşılandı.
Tarsus şəhərini ortadan Bərdan çayı iki yerə bölür. Bu bölgü zahirən nəzərə çarpır, gecə-gündüz çağlayan, aşıb-daşan şəlalə hər iki tərəfi birləşdirir. Qaracaoğlan şeir axşamlarında isə XVII əsrdə yaşamış klassik ozanın şeir, söz şəlaləsi bir daha Bərdan şəlaləsi ilə səs-səsə verdi...
Ağacəfər HƏSƏNLİ
P.S.
Yazının müəllifi, şair Ağacəfər Həsənli
həm TÜRKSOY-un festivalında, həm də ənənəvi
Qaracaoğlan şeir axşamlarında ölkəmizi təmsil
etmişdir. O, hər iki tədbirin qaliblərindən olmuş
və xüsusi ödüllərlə
mükafatlandırılmışdır
Azərbaycan.- 2010.- 8 oktyabr.- S. 7.