Milli Kitabxanada yeni xidmət sahələri yaradılır

 

MDB məkanında ən böyük kitabxanalardan olan Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 2003-cü ildən avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılması bu mədəniyyət ocağının fəaliyyət imkanlarını daha da artırmışdır. Hazırda kitabxanada yeni xidmət sahələri yaradılır.

Kitabxanadan AzərTAc-a bildirmişlər ki, artıq not-musiqi şöbəsinin fondunda 121 mindən artıq not nəşrləri, 244 min nüsxə ədəbiyyat toplanılmışdır. Keyfiyyətli musiqi təqdim etməkdən ötrü şöbəyə yeni texniki vasitələr alınmışdır. Hər bir oxucu bura gəlib sərbəst şəkildə musiqi dinləyə, ona lazım olan ədəbiyyatla yaxından tanış ola, diferensial xidmətdən istifadə edə bilər. Hazırda şöbədə fonotekada olan qrammofon vallarının disklərə köçürülməsi prosesi gedir.

Milli kitabxananın nadir kitablar saxlanan şöbəsində də yeniliklər vardır. Əvvəllər oxuculara nadir kitablardan nəinki aparmağa, hətta zədələnməməsi üçün kitabxananın özündə belə oxumağa icazə verilmirdi. Artıq nadir kitablar fondunda oxuculara kitabların elektron forması təqdim olunur. Hər bir oxucu burada həmin nadir kitablardan lokal şəbəkədə istifadə edə bilər.

 

 

Azərbaycan.- 2010.- 8 oktyabr.- S. 7.