"Əshabi-kəhf"
mineral suyu öz sirrini açıb
Naxçıvan Muxtar
Respublikasını "təbii bulaqlar muzeyi"
adlandıranlar heç də yanılmırlar. Hələlik bu "muzey"in 250-dən
artıq "eksponat"ı
aşkar olunub. İri çay
vadilərində və
onların yaxınlığında
yerləşən mineral su
mənbələri muxtar
respublika ərazisində
heç də bərabər səviyyədə
paylanmayıb.
Bu sarıdan
Şahbuz rayonuna daha çox pay düşüb. Babəkdə 50-yə yaxın mineral su mənbəyi qeydə alınıb.
Culfa rayonunda aşkar olunan mineral su yataqları da az deyil. Bu cəhətdən
bağlar diyarı Ordubad da fərqlənir.
Onu da qeyd edək
ki, hər damlasında həyat nişanəsi olan mineral bulaqlar insanlara qədim zamanlardan məlum olub. Elə o vaxtlardan
yerli əhali dirilik, şəfa suyu olan bu
qaynaqlardan bəhrələnib,
onların müalicə
qüdrətinə "tanrı
ocağı" deyərək
möhkəm inam bəsləyib. Tədqiqatçı alimlərin fikrincə, Naxçıvan şəhərinin
ilkin adı olan Naksuana və
Naşəva sözləri
də öz mənalarını "tanrı
ocağı"ndan götürüblər.
Naşəva farsca "xoş
su" anlamında olduğu kimi, Naksuana da türk
dillərində "xeyirxah
su yeri" deməkdir. "Sirab" sirli, sehrli su mənasında
olub.
Mütəxəssislərin dediyinə görə,
mineral bulaqların formalaşmasında
relyefin, çay şəbəkəsinin, yarandıqları
geoloji mühitin, iqlimin böyük əhəmiyyəti olub. Alimlər həm
də bu qənaətdədirlər ki,
mineral suların yüksək
kimyəvi-balneoloji xüsusiyyətlərə
malik olmalarında onların müxtəlif tərkibli və yaşlı çöküntülərdən
çıxması önəmli
rol oynayır. Bu halda bulaq suları yeraltı süxurların bütün
müsbət keyfiyyətlərini
üzə çıxarırlar.
Nəzərə alsaq
ki, ərazidə ən qədim süxurların yaşı
400 milyon illə
500-700 min il arasında
dəyişir, onda dediklərimizi xırdalamaqa
bir o qədər ehtiyac olmur.
AMEA-nın Naxçıvan bölməsinin
əməkdaşı, kimya
elmləri namizədi Fizzə Məmmədova deyir ki, mineral suların müalicəvi xüsusiyyətləri onların
tərkibindəki altı
əsas ionla müəyyən edilir: natrium, kalsium, maqnezium, xlor, sulfat və hidrokarbonat. Bu suların
tərkibinin müxtəlifliyi
isə bu altı elementin müxtəlif nisbətlərdə
birləşməsindən asılıdır. Əgər hidrokarbonat
və natrium ionu suda üstünlük
təşkil edirsə,
təbii ki, bu halda onlar
hidrokar-bonatlı-natriumlu, yəni
məhşur "Borjomi"
tipli suları təşkil edir. Naxçıvandakı "Sirab"la
yanaşı, "Dərəşam",
"Gülüstan" (Culfa),
"Nəvi", "Biləv",
"Bist", "Ələhi"
(Ordubad), "Bicənək"
(Şahbuz) mineral suları
bu tipə aiddir.
Ordubad rayonunda Anabad kəndi ərazisində, Gənzə çayın
məcrasındakı iysiz,
şəffaf, turşməzə,
xoş tamlı mineral
su isə tərkibinə görə
Rusiyanın məhşur
"Jeleznovodsk" suyuna
bənzəyir. Alimlərin fikrincə, Gənzə
suyu tərkibinə və minerallaşmasına
görə rayonun digər mineral su mənbələrindən əsaslı
fərqlənir.
"Sirab" güclü şirəqovma təsirinə
malik olduğundan hiperassit qastritlərin müalicəsində yüksək
səmərə verir. Onun mədəaltı
vəzinin funksional vəziyyətinə təsiri
də kliniki üsullarla təcrübədə
öyrənilib. Aydın olub
ki, karbon qazlı suyun təsiri ilə pankreoduodenal sekresiyanın
müddəti uzanır,
mədəaltı vəzinin
fəallığı artır.
Bu suyun köməyi
ilə öd kisəsinin ödqovma qabiliyyətini artırmaq,
öd əmələ
gətirmə funksiyasını
yaxşılaşdırmaq olur. O, həm də mədə və bağırsaqların
fəaliyyətinin aktivləşməsində
əhəmiyyətli rol
oynayır.
Son illər əsaslı surətdə təmir olunaraq yenidən qurulan müəssisədə
Rusiya və Türkiyə mənşəli
avadanlıqlar hesabına
iki axın xətti quraşdırılıb. Konveyer üsulu
ilə işləyən
xətlərdə saatda
7500 ədəd butulka
doldurulur. Müəssisənin yarım əsrlik fəaliyyəti dövründə
qazandığı ən
böyük mükafat
2005-ci ildə onun İsveçrənin Cenevrə
şəhərində yerləşən
"İş təcrübəsində
yüksək keyfiyyət
uğrunda" Beynəlxalq
Fondun Qızıl prizinə layiq görülməsi olub.
Adı dillər əzbəri olan, şəninə mahnılar bəstənilən
"Badamlı" mineral su
bulaqları füsunkar
Şahbuz dağlarında,
dəniz səviyyəsindən
1274 metr hündürlükdə
çağlayır. Şəffaf və iysiz xüsusiyyətlərə
malik olan bu su kimyəvi
tərkibinə görə
karbon qazlı, hidrokar-bonatlı-xlorlu-natriumlu-kalsiumlu sular qrupuna aiddir.
Bununla bərabər dadı və tamı ilə
seçilir. 5 saylı quyudan çıxan suyun tərkibi isə Rusiyanın məşhur
"Arşan" bulağının
suyuna yaxın olub, "Narzan" tipli sular qrupuna
aid edilir. Mineral suyun müalicə əhəmiyyəti tədqiq
olunaraq müəyyən
edilib ki, onu mədə-bağırsaq,
sidik yolları və qaraciyərin bəzi xəstəlikləri
zamanı içmək
faydalıdır. Buruq
quyularının
bəzilərində isə suyun minerallaşma dərəcəsi
az olduğundan onlar süfrə suyu
sayılır. Bu səbəbdən də "Badamlı"
mineral suyundan süfrə və müalicə məqsədilə
istifadə edilir.
"Badamlı"
mineral su yatağından Naxçıvan şəhərinə
25 kilometr məsafədən iki su xətti çəkilib.
Müəssisədə mineral suların
qablaşdırılması xətlərinin dünyada bir
nömrəli istehsalçısı olan Fransanın məşhur
"SİDEL" şirkətinin avadanlıqları
quraşdırılıb. istehsal sahəsinin həcmi 3 min 600
kvadratmetrdir. Su süzgəcdən keçirilərək
ionlaşdırıldıqdan sonra avtomatik üsulla butuikalara
doldurulur. Müəssisənin gündəlik istehsal
gücü 300 min ədəd qabdır.
Zavodun Almaniya avadanlığı ilə
təchiz edilmiş laboratoriyaları məhsulun keyfiyyətli
olmasına tam zəmanət verir.
Muxtar respublika Dövlət
Statistika Komitəsindən aldığımız məlumata
görə, cari ilin birinci yarısı ərzində 2159 min
dekalitr mineral su qablaşdırılaraq satışa göndərilib.
Halbuki ötən il ərzində bu rəqəm cəmi 1826,5
dekalitr təşkil edib. Başhcası isə muxtar respublika
mineral su istehsalı sahəsində də artıq
ixracatçıya çevrilib. "Badamlı",
"Sirab" bir çox xarici ölkələrdə də
satılır.
"Gicdəsər",
"Karvansara", "Sələsüz", "Dingə",
"Nəsirvaz", "Başkənd",
"Qızılburun" bulaqları da "Narzan" tiplidir.
Onlar hələ ki, istehsala cəlb olunmayıb. Muxtar
respublikanın hələ də blokada şəraitində
olması bu sahədə də öz təsirini göstərir.
"Gülüstan", "Cınqıllı",
"Böyrək suyu" isə artiq yerli bazarda öz yerini
tutub.
Darıdağ mineral suyu
karbon qazlı, mərgümüşlü, yüksək
minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumlu sulartipinə
aid edilir. O, dəniz səviyyəsindən 800-900 metr
hündürlükdə yerləşən 5 bulaq və 32 kəşfiyyat
quyusundan ibarətdir. Yerin təkindən suyun 53-57 dərəcə
C temperatura malik qaynar halda çıxması onu termal sular
qrupuna daxil edir. O, maddələr mübadiləsini
yaxşılaşdırdığından ilk növbədə
müxtəlif mənşəli nevrologiya
ağrılarında yaxşı təsir göstərir. Bu
cür balneoloji vannalar bel-omba radikuliti, revmatizm, poliatrit,
osteoxandroz, dəri xəstəliklərində, eləcə də
bir çox qadın xəstəliklərinin müalicəsində
yüksək səmərə verir.
Mütəxəssislərin
fikrincə, "Darıdağ" mərgümüşlü
suyu isə bu qəbildən dünyada məhşur olan
İtaliyadakı "Cənubi Tirol",
"Ronçenyo", Fransadakı "Lya-Bulbul" arsenli
sularından həm keyfiyyətinə, həm də gündəlik
debitinə görə xeyli üstündür. Bütün
bunlar isə Naxçıvandakı mineral suyu Avropa ölkələrindəki
mərgümüşlü sular içərisində ilk yerə
çıxarır.
Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarına
uyğun olaraq muxtar respublikada həyata keçirilən
genişmiqyaslı quruculuq tədbirlərindən
Darıdağ arsenli su müalicəxanasına da pay
düşüb, burada yeni müalicəxana obyekti tikilib istifadəyə
verilib. Naxçıvan-Ordubad magistral şose xəttindən
sağlamlıq ocağınadək 5 kilometrlik yola asfalt
döşənib. Hər gün onlarla xəstə bu balneoloji
müalicəxanadan istifadə edir.
"Əshabi-kəhf"
mineral suyu da artıq öz sirrini açıb. Babək rayonu ərazisində,
Əshabi-Kəhf dağının ətəyində
çağlayan bu suyun tərkibi az minerallaşmış,
hidrokarbonatlı-xlorlu-sulfatlı, natriumlu-kalsiumlu olmaqla radonla
zəngindir. O, məhşur "Pyatiqorsk" (Şimali Qafqaz)
suyunun analoqu olmaqla yanaşı sinir, ürək-damar və
revmatizm xəstəliklərinin müalicəsində effektli
hesab olunur.
Debiti xeyli az olan bu bulaq
öz "sirli" aləmi ilə də seçilir. Bu mənada
onu möcuzəli su adlandıranlar da yanılmırlar. Hər
on beş dəqiqədən bir qaynayaraq qazlı halda yerin səthinə
çıxan su sonra yoxa çıxır. Son illər bu bulaq
üzərində köşk və kiçik hovuzlar düzəldilib,
insanların istirahəti üçün şərait
yaradılıb. Qazlı və köpüklü halda
çıxan mineral su hovuzlara yığılaraq balneoloji məqsədlər
üçün istifadə olunur.
M.MƏMMƏDOV
Azərbaycan.- 2010.- 8 oktyabr.- S. 7.