İtaliyalı mütəxəssis
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyinin dəvəti ilə ölkəmizdə səfərdədir
İtaliyalı mütəxəssis, Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans (İCOC) Akademik Komitəsinin sədri Alberto Boralevi Mədəniyyət və Turizm Nazirliyinin, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin dəvəti ilə oktyabrın 5-dən Bakıdadır.
Muzeydən AzərTAc-a bildirmişlər ki, oktyabrın 12-dək Bakıda olacaq italiyalı mütəxəssis keçirilməsi nəzərdə tutulan Azərbaycan xalçası üzrə beşinci simpoziumun İCOC-un iştirakı ilə beynəlxalq səviyyədə təşkili, həmçinin tədbir iştirakçıları üçün xalça turunun hazırlanması işində də yaxından iştirak edəcəkdir.
İCOC dünyada tanınan nüfuzlu təşkilatdır. Bu beynəlxalq qurumda müxtəlif ölkələr, o cümlədən Azərbaycan da təmsil olunur. İCOC-un fəaliyyəti Şərq xalçası və toxuculuq sənətinin dünyada təbliğinə istiqamətləndirilmişdir. Şərq xalçaları üzrə birinci Beynəlxalq konfrans 1976-cı ildə Londonda keçirilmişdir.
Alberto Boralevi muzeyin yeni binasının layihəsi və tikintisi ilə də tanış olacaq, burada aparılan işlər barədə məşhur "Hali" jurnalında material dərc etdirəcəkdir. Bu jurnalda Azərbaycan xalçası haqqında dəfələrlə yazı dərc olunmuşdur. Bütün dünya tərəfindən tanınan belə nüfuzlu jurnalda xalçalarımız haqqında məlumatların yer alması bizim üçün uğurlu addım kimi qiymətləndirilməlidir.
Bakıya səfəri
müddətində qonaq "Azərbaycan
Xalçaçıları" İctimai Birliyinin nümayəndələri
ilə də görüşəcəkdir.
Azərbaycan.- 2010.- 8 oktyabr.- S. 8.