Ermənistanın təcavüzkar siyasəti beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir

 

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin Birinci Beynəlxalq görüşündə ölkəmizin münaqişə ilə bağlı ədalətli mövqeyini bir daha bəyan etmişdir

 

Müasir dövrdə qloballaşma meyilləri bütün mütərəqqi cəhətləri ilə yanaşı, dövlətlərin milli maraq və təhlükəsizliyi baxımından müəyyən potensial təhdidləri də ön plana çıxarır. Belə bir şəraitdə hər bir dövlətin milli təhlükəsizlik konsepsiyası onun iqtisadi imkanları, elmi-intellektual potensialı, dünya siyasətindəki rolu və yerindən asılı olaraq müxtəlif məqsədlər üzərində qurulur. Milli təhlükəsizlik problemi özlüyündə mürəkkəb strukturaquruluşa malik olmaqla, hər bir halda dövlətin, xalqın, ictimai quruluşun, insan hüquq və azadlıqlarının qorunması məsələlərini özündə ehtiva edir. Hazırda bütün dünya ölkələrinin etiraf etdiyi bir həqiqət məhz bundan ibarətdir ki, milli təhlükəsizliyin etibarlı təminatı məsələsi yalnız daxili imkanlar hesabına deyil, beynəlxalq birliyin qarşılıqlı əməkdaşlığı sayəsində mümkündür.

 

Şərqlə Qərbi birləşdirən geostrateji tranzit xətlərinin, qlobal enerji layihələrinin başlıca təminatçısına çevrilən, milli-etnikdini dözümlülüyün yüksək səviyyəsinə görə fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya gətirən Azərbaycan üçün milli təhlükəsizliyin hərtərəfli təminatı xüsusilə aktualdır. Bu aktuallıq bir tərəfdən ölkəmizin zəngin təbii resurslara malik olması, əlverişli coğrafi mövqedə yerləşməsi, digər tərəfdən isə Ermənistanın təcavüzü ilə üzləşməsi, müharibə şəraitində yaşaması ilə bağlıdır.

2003-cü ilin oktyabrından dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxilixarici siyasət də məhz Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq-azadlıqlarının, təhlükəsizliyinin təminatı baxımından dini, siyasi ekstremizmə, təcavüzkar separatçılığa, narkotiklərin, radioaktiv maddələrin və silahların qanunsuz dövriyyəsinə, insan alverinə, terrorçuluq kimi qlobal təhlükələrə qarşı effektli mübarizə tədbirlərinin daha da gücləndirilməsinə yönəlmişdir. Bu müddətdə bütövlükdə dünya siyasətinə təsir göstərən enerji layihələrinin və enerji-kommunikasiya sistemlərinin gerçəkləşdirilməsi, effektli sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, xaricidaxili siyasətin uzlaşdırılması, Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinin qarşısının alınması, diasporlobbi quruculuğu, ölkəmizin uğurlarının geniş təbliği, təcavüzkar Ermənistanın bütün səviyyələrdə ifşası istiqamətində atılan kompleks addımlar yalnız bir məqsədə - Azərbaycan xalqının milli təhlükəsizliyinin və mənafeyinin qorunmasına xidmət edir.

Bu günlərdə təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin Soçi şəhərində keçirilən Birinci beynəlxalq görüşündə Azərbaycanın nümayəndə heyətinin iştirakı da respublikamızın bölgədə sülhsabitliyin, enerji təhlükəsizliyinin təmin olunmasındakı müstəsna rolu ilə şərtlənir. Bu, bir daha göstərir ki, respublikamızda mövcud olan ictimai-siyasi sabitlik, transmilli cinayətkarlığa qarşı aparılan effektli mübarizə tədbirləri, habelə etnik-dini tolerantlıq beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, respublikamız Cənubi Qafqazda bir növ sabitləşdirici ölkə qismində çıxış edir.

Xatırladırıq ki, Soçi görüşündə təbii və texnogen qəzalar barədə qabaqcadan xəbərdarlıq edilməsi və nəticələrin aradan qaldırılması, transmilli cinayətkarlığın müxtəlif forma və təzahürləri - terrorizm, narkotrafik, qeyri-leqal miqrasiya, silahradioaktiv materialların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət, habelə qlobal informasiya cəmiyyətinin formalaşdırılması şəraitində beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin həmin tədbirdə iştirakı, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, habelə Ermənistanın təcavüzkar siyasətinin ifşası baxımından vacib əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ardıcıl və barışmaz mövqe tutan dövlətlərdən birinə çevrilmişdir. Son illər respublikada beynəlxalq terrorçuluqla mübarizə sahəsində fəaliyyətin daha da gücləndirilməsi məqsədilə qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə, mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, terror niyyətlərinin vaxtında aşkarlanması üçün qabaqlayıcı məlumatların əldə olunmasına, terrora həssas sahələrin müəyyənləşdirilməsinə, həmin yerlərdə terror-təxribat fəaliyyətini çətinləşdirən və mümkünsüz edən şəraitin yaradılmasına diqqət artırılmışdır. Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədəki fəallığı, antiterror koalisiyasındakı iştirakı, ilk növbədə ölkənin milli maraqlarından, eləcə də beynəlxalq arenada sülhsabitliyin tərəfdarı olmasından irəli gəlir. Bu gün respublikamız nəinki öz təhlükəsizliyini təmin etməyə qadirdir, eyni zamanda Avratlantika məkanının ümumi təhlükəsizlik sisteminə töhfə verir.

Akademik Ramiz Mehdiyevin "Transmilli cinayətkarlıq, onun ən təhlükəli növləri arasında qarşılıqlı əlaqə" və "Formalaşan qlobal informasiya cəmiyyəti şəraitində beynəlxalq informasiya təhlükəsizliyinə təhdidlər: əməkdaşlıq istiqamətləri" mövzularındakı dərin məzmunlu, analitik ruhlu mühazirələri tədbir iştirakçılarında böyük maraq doğurmuş, respublikamızın bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti barədə aydın və dolğun təsəvvür formalaşdırmışdır. Ölkəmizin transmilli cinayətkarlığa, terrorçuluğa qarşı barışmaz mübarizə apardığını vurğulayan akademik Ramiz Mehdiyev demişdir ki, terrorçu qrupların "boz zonalar" adlandırılan ərazilərdə fəaliyyət göstərən müxtəlif profilli kriminal təşkilatlarla birləşməsi cinayətkarlıq üçün böyük potensial yaradır və çox təhlükəli meyildir. Prezident Administrasiyasının rəhbəri çıxışında demişdir ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonunun ərazisində məhz belə nəzarət olunmayan zona yaradılmışdır.

Ermənistanın işğal yolu ilə Azərbaycan torpaqlarında separatçı rejim, nəzarətsiz zona formalaşdırması, həqiqətən də regionda, ümumən Avropada sülhə və təhlükəsizliyə ciddi təhdidlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev də daim vurğulayır ki, separatçılıq fəaliyyətinin "Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək" arzusu kimi qələmə verməsi tamamilə absurd və beynəlxalq hüquq norma və prinsiplərinə ziddir.

Separatizm dövlətçiliyin, cəmiyyətin demokratik quruluşunun mövcudluğunun dağıdılmasına, dövlətin ərazi bütövlüyünə, qlobal aspektdə isə beynəlxalq təhlükəsizliyə qarşı yönəlmiş qəsddir. Bütün bu və digər həqiqətləri tədbir iştirakçılarının diqqətinə çatdıran akademik Ramiz Mehdiyev demişdir: "Daxil olan əməliyyat məlumatları və prosessual şəkildə sübut olunmuş faktlar israrla söyləməyə əsas verir ki, bu ərazidən narkotik vasitələrin istehsalı, silahinsan tranzitialveri, qeyri-leqal miqrasiya, terrorçuların göndərilməsi və gizlədilməsi, qanunsuz pul vəsaitlərinin leqallaşdırılması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün fəal istifadə olunur. Milli və beynəlxalq hüququn təsir dairəsindən kənarda qalan bu zona və digər belə ərazilər qeyd olunan təhdidlərə adekvat və vaxtında münasibət göstərilməsi üçün əlçatmaz qalır. Buna görə də biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar məsələlərə milliregional təhlükəsizliyin təmin olunması, terror təhlükəsinin və digər təhdidlərin aradan qaldırılması sahəsində işin bir hissəsi kimi baxırıq".

Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməklə özünü ifşa edir, özünü strateji layihələrdən kənarda saxlayır. Prezident cənab İlham Əliyevin bəyan etdiyi kimi, regionda milli düşmənçilik və ədavət yaradan təcavüzkar erməni separatizminin, erməni diasporulobbisi tərəfindən irəli sürülən cəfəng iddiaların, tarixi saxtakarlıqların qarşısının alınması qarşıda duran ən vacib vəzifələrdən biridir. Bu baxımdan akademik Ramiz Mehdiyevin informasiya cəmiyyəti şəraitində əlaqələndirilmiş fəaliyyətin zəruriliyini və aktuallığı ilə bağlı fikirləri də maraq doğurur.

Akademik Ramiz Mehdiyev məruzəsində vurğulamışdır ki, hazırda Azərbaycan tez-tez informasiya təhrikləri ilə üzləşir. Ümumdünya şəbəkəsində separatçılıq fəaliyyətinə açıq çağırışlar müşahidə olunur, dövlətin ərazi bütövlüyü şübhə altına alınır, dövlət rəhbərləri, ölkənin ictimai-siyasi xadimləri təhqir obyektinə çevrilir. Bu cür hərəkətlər Azərbaycanın müharibə şəraitində olduğu qonşu Ermənistanın informasiya qurumları tərəfindən tez-tez həyata keçirilir. Bu faktları tədbir iştirakçılarının nəzərinə çatdıran akademik Ramiz Mehdiyev daha sonra demişdir: "İnformasiya silahından" istifadə olunması ilə əlaqədar qeyd edilən nümunələrlə yanaşı, xüsusilə dinc Azərbaycan əhalisinin 1918-ci ilin martında, 1990-cı ilin yanvarında, habelə 1992-ci ilin fevralında Xocalı şəhərində erməni separatçılarının silahlı qrupları tərəfindən kütləvi surətdə qırılması ilə bağlı faciəli günlərdə Azərbaycanın informasiya resurslarına xaker hücumlarına daimi cəhdlər göstərilir".

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti rəhbərinin keçirdiyi müxtəlif səviyyəli görüşlər də ölkəmizin reallıqlarının təbliği baxımından az əhəmiyyət daşımır. Belə ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Soçidə Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Sərdar Kılıç, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Raisa Boqatıryova, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Leonid Maltsev, İsveçrə Konfederasiyasının Müdafiə, Əhalinin Qorunması və İdman Federal Departamentinin Təhlükəsizlik Siyasəti İdarəsinin rəisi Kristian Katrina ilə ikitərəfli görüşlər keçirmişdir.

Rəsmi Bakı bu gün istənilən dövlətlə əməkdaşlığını sivil diplomatik normalar çərçivəsində, beynəlxalq hüquq normaları əsasında qurmaqla, həm milli təhlükəsizliyini təmin etməyə, həm də beynəlxalq miqyasda sülhün, sabitliyin möhkəmlənməsinə, transmilli cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı əməkdaşlığın dərinləşməsinə çalışır. Təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin Soçi şəhərində keçirilən Birinci beynəlxalq görüşü də göstərir ki bu gün dünya siyasətinə təsir imkanları olan əsas güc mərkəzləri respublikamızla hesablaşır, Azərbaycanın Cənubi Qafqazın təhlükəsizliyində oynadığı müstəsna rolu birmənalı etiraf edir, respublikamızla konstruktiv, qarşılıqlı faydalı əməkdaşlığa böyük maraq göstərirlər.

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.- 2010.- 9 oktyabr.- S. 1. 2.