İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilmişdir

 

Oktyabrın 8-də Milli Məclisin növbəti iclası keçirildi. Parlamentin Sədri Oqtay Əsədov iclasın gündəliyinə təklif edilən məsələlər barədə məlumat verdi. Gündəlik təsdiq olunduqdan sonra müzakirələr başlandı.

Öncə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənildi. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirdi ki, "Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"na (2009-2013-cü illər) uyğun olaraq normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, bu sahədə dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, insan alveri cinayətlərinin profilaktikası, qurbanların müdafiəsi və sosial reabilitasiyası, müvafiq resursların əlaqələndirilməsi, əməkdaşlıq və maarifləndirmə tədbirlərinin icrası uğurla davam etdirilir.

Bir sıra dövlət qurumlarının, beynəlxalq təşkilatların və insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təklifləri əsasında "İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları", "İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorlar)" hazırlanıb təsdiqlənmişdir.

Nazir müavininin sözlərinə görə, Milli Fəaliyyət Planının iştirakçısı olan bir sıra nazirlik və dövlət komitələrinin əməkdaşlarından ibarət yaradılmış işçi qrup qarşıda duran vəzifələrin həllinə sistemli şəkildə yanaşaraq həmin sənəddən irəli gələn tədbirlərin ardıcıllıqla yerinə yetirilməsini təmin etmişdir. İnsan alverinə qarşı mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ölkəmiz cari ilin mayında "İnsan alverinə qarşı fəaliyyət üzrə Avropa Şurası Konvensiyası"na qoşulmuşdur. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə "İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları" hazırlanaraq təsdiq edilmişdir. İcrası təmin edilmiş tədbirlərdən biri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli qərarı ilə insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin 200 manata çatdırılması olmuşdur.

Vilayət Eyvazov məlumat üçün bildirdi ki, cari ilin ötən dövründə polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 611 azyaşlı müəyyən edilmişdir. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməmişdir.

Övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, uşaqlarını hüquqazidd əməllərə cəlb edən valideynlər barəsində qanunla müəyyən edilmiş tədbirlər görülmüş, əksəriyyəti profilaktik uçota alınmışdır

Xüsusi qeyd edilməlidir ki, insanların məcburi əməyə cəlb olunması ölkəmiz üçün xarakterik sayılmayan cinayətlərdən olmaqla yalnız bu ilin ötən dövründə bir analoji cinayət qeydə alınmışdır. Cari ildə ayrı-ayrı beynəlxalq təşkilatların hesabatlarında yer almış Bosniya, HersoqovinaMakedoniya respublikaları vətəndaşlarının Azərbaycanda məcburi əməyə cəlb edilməklə insan alverinin qurbanlarına çevrilmələri ilə əlaqədar məsələyə də aydınlıq gətirilmişdir. Nazir müavini qeyd etmişdir ki, Azərbaycan Respublikasında qanuni əsaslarla fəaliyyət göstərən "Serbaz Layihə və Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyət adları çəkilən ölkələrdən 750 nəfərə yaxın mütəxəssisin turist vizası ilə Azərbaycana gəlmələrini təşkil edərək onları Bakı və Mingəçevir şəhərlərində icarəyə götürülmüş, zəruri yaşayış normalarına cavab verən 27 mənzildə yerləşdirmişdir. Öz ölkələrinə sərbəst gedib-gəlmələri üçün həmin şəxslər aviabiletlər, gündə dörd dəfə yemək, yaşadıqları ünvanlardan yerlərinə və əks istiqamətə daşınmaları üçün zəruri nəqliyyat vasitələri, habelə pulsuz tibbi xidmətlə təmin edilmişlər. Qeyd olunmalıdır ki, şirkətdə 2009-cu ilin sonunda maliyyələşmədə müəyyən fasilə yaranmış və artıq işçi qüvvəsi yaranmışdır. Bununla əlaqədar görülən işlərin həcmi minimumadək azaldılaraq ixtisarlar aparılmış, habelə son hesablaşma həyata keçirilməklə mütəxəssislərin əməkhaqqı ödənilmişdir. Onlar Azərbaycandan getmək istəmədikləri halda belə, öz ölkələrinə qayıtmaları təmin edilmişdir.

Daxili işlər nazirinin müavini sonda bildirdi ki, ümumən ölkədə insan alverinin bütün formalarının aradan qaldırılması istiqamətində ən yüksək səviyyədə möhkəm iradə mövcuddur ki, bu da həm Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin, həm də beynəlxalq təşkilatların tövsiyələrinin məqsədyönlü şəkildə yerinə yetirilməsinə təminat verir. Deputatlar Milli Koordinatorun illik məlumatına müsbət münasibət bildirdilər.

Sonra Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarıldı. Milli Məclis Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının boş qalmış yerlərinə irəli sürülən namizədləri - heç bir siyasi partiyaya mənsub olmayan Arifə Muxtarovanı, Müsavat Partiyasından Gülağa Aslanlını, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Mikayıl Rəhimovu təsdiq etdi.

İclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası qanunlarına edilən əlavə və dəyişikliklər haqqında məlumat verdi. Sənəd səs çoxluğu ilə qəbul edildi.

Komitə sədri Əli Hüseynov "Məhkəmələr və hakimlər haqqında" qanuna edilən əlavə və dəyişikliklər haqqında da məlumat verdi. Bu sənədə də deputatlar müsbət münasibət bildirib, qəbul etdilər.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "İnvestisiya fondları haqqında" qanun layihəsini ikinci oxunuşda təqdim etdi. O, bildirdi ki, birinci oxunuşdan sonra deputatlar tərəfindən layihənin ayrı-ayrı maddələrinə dair verilmiş təkliflər nəzərə alınmışdır. Qanun layihəsi beynəlxalq standartlara cavab verir və qəbul ediləndən sonra bu sahədə meydana çıxan problemlərin həllinə yaxından kömək edəcəkdir.

Deputat Vahid Əhmədov qanun layihəsinin qəbul edilməsinin səhmdar cəmiyyətlərin daha geniş fəaliyyət göstərməsinə imkan yaradacağını bildirdi. O, qanun layihəsinin müvafiq bəndlərinə dair təkliflərlə də çıxış etdi.

Deputat Nazim Məmmədov qeyd etdi ki, sənəddə yeni anlayışların əksini tapması xüsusi maraq doğurur. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qanun layihəsində redaktə xarakterli dəyişikliklərin edilməsinin zəruri olduğunu bildirdi. Deputatlar qanun layihəsini əvvəlcə fəsil-fəsil, sonra isə bütövlükdə səsə qoyaraq qəbul etdilər.

 

 

Azərbaycan.- 2010.- 9 oktyabr.- S. 1. 2.