Azərbaycanda beynəlxalq standartlara cavab verən mükəmməl seçki sistemi formalaşdırılıb

 

7 noyabr Milli Məclisə seçkilər günüdür

 

Demokratik cəmiyyətlərdə hakimiyyətin mənbəyi xalqdır. Bu mənada demokratik seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların əsas iştirak formasıdır. İstənilən dövlətdə seçkilərin ədalətli və şəffaf keçirilməsi həmin cəmiyyətin demokratik mühitinin yüksək olmasından xəbər verir. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi qüvvə ilə bağlayır.

 

Ölkəmizdə seçkilərin demokratik keçirilməsi ilə bağlı böyük təcrübə və zəngin ənənə var

 

Təqdirəlayiq haldır ki, respublikamızda seçkilərin demokratik keçirilməsi ilə bağlı kifayət qədər təcrübə və zəngin ənənə mövcuddur. Bu ənənənin əsasının qoyulmasının tarixi 17 il əvvələ gedib çıxır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilmişdir. Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə xalqın öz rəhbərinə sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər, demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsasını qoymuşdur.

1993-cü ilin iyun ayından etibarən ölkəmizdə 4 prezident, 3 parlament, 3 bələdiyyə seçkisi, o cümlədən 4 referendum keçirilmişdir. Ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə əlavə və təkrar seçkilər də təyin olunmuşdur. Bütün bu seçki və referendumlara dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə vətəndaşların siyasi şüuru və seçki mədəniyyəti daha da yüksəlmişdir.

Demokratik ölkələrin seçki təcrübəsi göstərir ki, hər bir seçkinin uğurunu təmin edən şərtlər sırasında siyasi iradə və ictimai-siyasi sabitlik amilləri ilə yanaşı, təkmil seçki qanunvericiliyinin də olması vacibdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirmişdir. Əsas Qanunda təsbit olunmuş müddəalara istinadən Azərbaycanda seçkilərin hüquqi bazası formalaşdırılmışdır. Konstitusiyanın 4-cü maddəsinə əsasən, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və müraciət etmək hüququ yoxdur. Əsas Qanunun 56-cı maddəsinə əsasən, hər bir Azərbaycan vətəndaşının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.

Bütövlükdə respublikamızda demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi ötən illərdə uğurla həyata keçirilmişdir. Əlbəttə, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokratiyanın inkişafı ilə bağlı qətiyyətli və ardıcıl siyasəti dayanır. Ölkəmizdə keçirilmiş hər bir seçki əvvəlkinə nisbətən beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində irəliyə doğru atılmış addım kimi qiymətləndirilir. Bunu nüfuzlu beynəlxalq təşkilatların seçkilərə dair verdikləri rəylərin müqayisəli təhlili göstərir.

 

Mükəmməl seçki sisteminin təminatçısı olan Seçki Məcəlləsi

 

Respublikamz tarixi təkamül yolu ilə qazanılan nailiyyətlərlə kifayətlənməmiş, seçki təcrübəsinin demokratik standartlara uyğunlaşdırılması yönündə səyləri artırmış, beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini gücləndirmişdir. Azərbaycan iqtidarının siyasi iradəsilə 1997-ci ildən müasir standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə qurulmuş fəal işbirliyinin müsbət nəticələri bu nöqteyi-nəzərdən diqqəti xüsusilə çəkir. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına (AŞ) tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə ölkəmizin əməkdaşlıq hüdudları daha da genişlənmişdir. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində AŞ Venesiya Komissiyası da yüksək fəallıq göstərmişdir.

Azərbaycanda seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə 2003-cü ilin mayında Seçki Məcəlləsinin qəbulu bu əməkdaşlığın gözəl bəhrəsidir. Sənədin hazırlanması ilə bağlı ilk növbədə AŞ Venesiya Komissiyası, ATƏT DTİHB və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. 2002-ci ilin ortalarında bu təşkilatlardan alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Demokratik məzmununa görə dünyanın ən inkişaf etmiş ölkələrinin seçki qanunvericiliyinə nümunə sayıla biləcək bu məcəllə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş, seçki üzrə ixtisaslaşmış təsisatların müsbət rəyini almışdır. Seçki qanunvericiliyi sahəsində böyük təcrübəyə malik AŞ Venesiya Komissiyasının və ATƏT-in DTİHB-in sənədlə bağlı yekun rəyində Seçki Məcəlləsinin seçkilərin və referendumun keçirilməsi üçün beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun olan hərtərəfli məqamları nəzərdə tutduğu vurğulanmış, bu sənədin qəbuluna nail olmuş Azərbaycan rəhbərliyinin siyasi əzmkarlığı alqışlanmışdır.

Bütün təkmilləşdirmələrdən sonra Seçki Məcəlləsi 2003-cü ilin mayında Milli Məclisdə qəbul edilmiş və Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə qüvvəyə minmişdir. Beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən, Seçki Məcəlləsi seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirmiş, Avropa standartlarına uyğun tərtib olunmuşdur. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumun keçirilmə qaydalarını müəyyənləşdirmişdir. Seçki Məcəlləsi eyni zamanda Mərkəzi Seçki Komissiyasının, eləcə də dairə və məntəqə seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirmişdir. Əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazisin yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə hazırlıq və seçki komissiyalarının formalaşdırılması, fəaliyyətinin təşkili prinsipi və mexanizmlərinin təkmilləşdirilməsinə imkan vermişdir.

2003-cü il oktyabrın 15-də azad, demokratik və şəffaf şəraitdə keçirilmiş prezident seçkiləri Seçki Məcəlləsinin mütərəqqi və təkmil sənəd olduğunu tam təsdiqlədi. Azərbaycan Respublikası prezidentliyinə bütün namizədlərə öz seçki kampaniyalarını qanunamüvafiq şəkildə aparmaq üçün lazımi mühit və bərabər imkanlar yaradıldı. Bununla yanaşı, fəal seçki kampaniyasının aparılması, seçkilərə texniki hazırlığın yüksək səviyyədə təşkili, MSK və dairə seçki komissiyalarının işi müsbət məqamlar kimi ATƏT, AŞ və ATƏT parlament assambleyalarından ibarət Beynəlxalq Seçki Müşahidəsi Missiyasının seçkilərə dair rəyində əksini tapdı. 15 oktyabr 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri xalqın demokratik seçiminin dönməzliyini və ölkədə demokratik islahatların davamlılığına sadiqliyini bir daha sübut etdi, demokratik cəmiyyət quruculuğunda mühüm irəliləyiş kimi tarixə düşdü. Bir sözlə, yeni Seçki Məcəlləsi Azərbaycanın seçki sisteminə verilmiş ən mühüm töhfələrdən biri oldu. Bu sənədin qəbulu ölkəmizdə möhkəm və səmərəli fəaliyyət göstərə bilən seçki sisteminin yaradılmasına gətirib çıxarmışdır.

Beynəlxalq miqyasda respublikamızın demokratik imicinin daha da yüksəlməsinə nail olan Prezident İlham Əliyev də seçki sisteminin daha da təkmilləşməsini və hər bir seçkinin ədalətli və şəffaf keçirilməsini diqqət mərkəzində saxlayır. Məhz cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra seçki sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər bunun əyani təsdiqidir.

 

Seçki qanunvericiliyinin daim təkmilləşdirilməsi diqqət mərkəzindədir

 

Dünyanın ən demokratik ölkələrində belə seçkilərin gedişində müəyyən nöqsanların meydana çıxması bir sıra Qərb politolqlarının elmi mülahizələrində də xüsusi olaraq vurğulanır. Hər dəfə keçirilən seçkilər seçki qanunvericiliyindəki boşluqların üzə çıxarılmasında və onların aradan qaldırılmasında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan hakimiyyəti keçirilmiş seçkilərdə qeydə alınmış nöqsanların və texniki xətaların aradan qaldırılması üçün Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə təşəbbüslərə həssaslıqla yanaşmışdır.

2005-ci ilin fevral və mart aylarında Azərbaycanda ATƏT DTİHB, habelə AŞ Venesiya Komissiyası ekspertlərinin görüşləri keçirilmiş, bu istiqamətdə geniş müzakirələr aparılmışdır. Bu müzakirələrin yekunu kimi 2005-ci ilin may ayında Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılmış, sənədin 43 maddəsində əlavə və dəyişikliklər edilmişdir. Əlavə və dəyişikliklərə əsasən Azərbaycanda parlament, prezident və bələdiyyə seçkiləri eyni gündə keçirilə bilməz. Eyni zamanda, seçki komissiyaları üzvlərinin statusu daha da dəqiqləşdirilmişdir. Dəyişikliklər nəticəsində Azərbaycan praktikasında ilk dəfə olaraq təkrar səsvermənin qarşısını almağa yönəlmiş bir müddəa - vətəndaşlara seçici vəsiqələrinin verilməsi məsələsi öz əksini tapmışdır. Bundan əlavə, seçici siyahılarının MSK-nın internet saytında yerləşdirilməsi məsələsi də qanunda müddəa kimi əksini tapmışdır. Bununla da məqsəd tam aşkarlığı təmin etmək idi. Çünki seçkilərlə bağlı əsas tənqidlərdən biri də ondan ibarət idi ki, guya, seçici siyahıları bütün seçiciləri əhatə etmir və hətta dünyasını dəyişmiş insanların adları bu siyahılara salınır. Eyni zamanda, Seçki Məcəlləsində namizədlərin qeydiyyatı proseduru da sadələşdirilmişdir. Əgər əvvəllər deputatlığa namzədin qeydə alınması üçün 2000 imza toplaması tələb olunurdusa, Seçki Məcəlləsinə edilmiş dəyişiklik nəticəsində bu rəqəm 450-yə endirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il mayın 11-də parlament seçkilərindən bir qədər əvvəl imzaladığı "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" sərəncamı ölkəmizdə keçirilən seçkilərin daha da demokratikliyinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir. İlk gündən həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanan sərəncamda azad və ədalətli seçkilərin keçirilməsinə mane olan amillərin aradan qaldırılması yolları birmənalı göstərilmiş, eləcə də seçkiqabağı mühitin demokratikləşdirilməsi ilə bağlı konkret vəzifələr öz əksini tapmışdır. Sərəncamda seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədilə müvafiq proqramlar hazırlanması, bu sahədə bütün siyasi qüvvələrlə, beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlığın həyata keçirilməsi, seçki prosesinə qanuna zidd olaraq müdaxilə edən mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, digər dövlət məmurlarının hüquqi məsuliyyətə cəlb edilməsi, seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqibinə yol verilməməsi əksini tapmışdır. Televiziya kanallarında deputatlığa namizədlərin bərabər əsaslarla təbliği və siyasi platformaların müzakirəsini təmin edən proqramların hazırlanması, bütün deputatlığa namizədlərin kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələri və onlar üçün bərabər təbliğ imkanlarının yaradılması, ixtisaslaşmış ictimai rəyçilər tərəfindən "exit poll" prosesinin aparılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının təmini, seçici vəsiqələrinin çatdırılması, seçici siyahılarının dəqiq, dürüst tərtibi və açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlərin görülməsi kimi məsələlər sərəncamda göstərilmişdir.

Sərəncamdan sonra seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyinin artırılması, Seçki Məcəlləsinin müddəalarının seçkilərə hazırlıq dövründə və səsvermə günü tam və şərtsiz həyata keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2005-ci il oktyabrın 25-də "Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" növbəti sərəncam imzalamışdır. Sərəncamla MSK-ya seçici vəsiqələrinin paylanması və seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar yaranmış problemləri nəzərə alaraq, seçicilərin səsvermə günü seçki bülletenlərini aldıqları zaman barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarını hazırlamaq, seçicilərin ünvanlarının tam göstərildiyi seçici siyahıları ilə bütün maraqlı şəxslərin tanış olmaları üçün müvafiq şərait yaradılmasını təmin etmək tövsiyə olunmuşdur.

Bütün bunların nəticəsi idi ki, 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər demokratikləşmə prosesini sürətləndirən bir çox pozitiv yeniliklərlə yadda qalmış, həmçinin beynəlxalq müşahidəçilər və təşkilatlar seçkilərin şəffaflığına, ədalətliliyinə, demokratik prinsiplərə uyğun keçirilməsinə dair müsbət rəy vermişlər.

Cəmiyyətimiz gündən-günə daha inkişaf etdiyi, yeni demokratik dəyərləri əxz etdiyi üçün qanunvericiliyin, o cümlədən seçki qanunvericiliyinin təkmilləşdirilməsi təbii sayılmalıdır. Qeyd etdiyimiz kimi, Azərbaycan hakimiyyəti hər zaman seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərə həssaslıqla yanaşmışdır. Azərbaycan hakimiyyətinin AŞ Venesiya Komissiyası ilə seçki qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə apardığı işin yekun nəticəsi olaraq 2008-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla Seçki Məcəlləsinin 145 maddəsinə 91 əlavə və dəyişikliyin edilməsi sənədin daha da təkmilləşdirilməsinə, 15 oktyabr 2008-ci il tarixli prezident seçkilərinin tamamilə azad, ədalətli və obyektiv keçirilməsinə, vətəndaşların seçki hüququnun etibarlı təminatına xidmət etmişdir. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinə AŞ Venesiya Komissiyası və ATƏT DTİHB də müsbət rəy vermişdir. Həmin təşkilatların birgə rəyində təklif olunan əlavə və dəyişikliklər ölkənin seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində irəliyə doğru atılmış addım kimi dəyərləndirilmişdir.

Məcəllədə yarana bilən boşluqların və istənilən şübhənin aradan qaldırılmasına yönələn əlavə və dəyişikliklər ümumilikdə seçki institutlarının daha səmərəli fəaliyyət göstərməsinə, seçki prosesi ilə bağlı şikayətlərin daha çevik, operativ araşdırılmasına, seçici siyahılarının dəqiqləşdirilməsinə, seçkiləri müşahidə prosesinin asanlaşdırılmasına, seçkilərin daha şəffaf, demokratik şəraitdə keçirilməsinə, seçkilərin monitorinqi, namizədlərin təbliğat-təşviqat, vətəndaşların seçki hüququnun realizəsi imkanlarını yaxşılaşdırmağa xidmət etmişdir.

 

Son dəyişikliklərlə  daha qabaqcıl təcrübə tətbiq olundu

 

Seçki Məcəlləsi daim təkmilləşməyə ehtiyacı olan qanunvericilik aktıdır. Bu mənada bu məcəllə qəbul ediləndən sonra ona müəyyən əlavələrin və dəyişikliklərin edilməsi dövrün tələbi olmaqla yanaşı, respublikamızda ümumi prinsiplər baxımından dünyada qəbul edilmiş modelə uyğun seçkilərin keçirilməsinin daim diqqət mərkəzində olmasından xəbər verir.

Bu ilin iyununda Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan deputatlarının təklifi ilə respublikamızda seçki praktikasının daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırma və qabaqcıl dünya təcrübəsinin tətbiq olunması üçün Seçki Məcəlləsinə bir sıra əlavələr və dəyişikliklər edilmişdir. Bu əlavə və dəyişikliklər qabaqcıl təcrübənin tətbiqinə xidmət edirdi. Bunlardan biri seçki kampaniyasının 75 gündən 60 günə endirilməsidir.

YAP-ın irəli sürdüyü bu təklifdə məqsəd seçki praktikasının daha da təkmilləşdirilməsi olmuşdur. Seçki Məcəlləsinə son dəyişikliklərə qədər Azərbaycanda seçki kampaniyası 75 gün davam edirdi. Amma son illərdə qazanılmış təcrübə və hazırlıq səviyyəsi imkan verir ki, seçki kampaniyası digər ölkələrdə olduğu kimi daha demokratik şəkildə keçirilsin, resurslar daha səmərəli şəkildə istifadə olunsun. O cümlədən də vaxt kimi çox əhəmiyyətli resursdan daha səmərəli istifadə edilsin. Bu dəyərləndirmə nəticəsində məlum oldu ki, Azərbaycan da, əksər ölkələr kimi, seçki kampaniyasını iki ay müddətində keçirməyə tamamilə hazırdır.

Bu dəyişikliyə qədər seçki kampaniyasının yarısı təxminən namizədlərin irəli sürülüb, qeydiyyata alınmasına ayrılmışdı. Bələdiyyələrə namizədlərin qeydə alınması üçün ərazi seçicilərinin sayından asılı olaraq 15-150 imza toplamaq lazımdır. Bu sayda imzanı toplamaqdan ötrü ay yarım, iki ay vaxtın ayrılmasına ehtiyac yoxdur. Bir halda ki bunu maksimum iki-üç günə də etmək mümkündür. Yaxud, parlament seçkilərində namizədlərin qeydə alınması üçün 450 imza toplanması tələb olunur. 450 imzanı istənilən namizəd və ya partiya bir neçə gün ərzində toplaya bilər. Belə olan halda imza toplanması üçün iki ay müddətin ayrılmasına da ehtiyac yoxdur. Beləliklə, YAP seçkinin iki ayda keçirilməsi təklifini irəli sürdü və parlament bunu qəbul etdi.

Digər mühüm dəyişiklik seçkilərə qoşulmuş vətəndaşlara və partiyalara MSK tərəfindən ayrılan vəsaitin ləğv edilməsidir. Heç bir ölkədə seçkiyə qoşulmuş namizədlərə dövlət tərəfindən vəsait ayrılmır. Əksinə, seçkiyə qoşulmaq niyyətinə düşən insanlar da, partiyalar da seçkinin keçirilməsi üçün lazım olan vəsaitləri ya özləri birbaşa hesablarına ayırırlar, ya da onları dəstəkləyən seçicilərin yardımı nəticəsində fond formalaşdırırlar. Dünya təcrübəsi məhz belədir.

Bununla yanaşı, indiyədək keçirilmiş seçkilər namizədlərə vəsait ayırlmasının neqativ tərəflərini də üzə çıxarıb. Bu da ondan ibarətdir ki, bəzi vətəndaşlar seçkiyə yalnız dövlət tərəfindən ayrılan vəsaiti əldə etmək niyyəti ilə qoşulurdular. Onların seçki kampaniyasında iştirakı namizədliklərini qeyd etdirib dövlət tərəfindən ayrılan vəsaiti alana qədər davam edirdi. Seçki kampaniyasının digər hissəsində isə bu namizədlərin hər hansı seçki hərəkəti müşahidə olunmurdu. Ona görə Azərbaycanın seçki praktikasını beynəlxalq təcrübəyə yaxınlaşdırmaq məqsədilə namizədlərə vəsaitlərin ayrılmasının ləğv edilməsi də olduqca təqdirəlayiqdir.

 

Seçkilərin demokratikliyinin təmin edilməsi istiqamətində görülən işlər çoxşaxəlidir

 

Təbii ki, respublikamızda seçkilərin demokratikliyini təmin etmək üçün görülən işlər yalnız seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə məhdudlaşmamışdır. Belə ki, son illərdə Azərbaycanda geniş vüsət alan quruculuq və abadlıq işləri seçki komissiyalarının da rahat fəaliyyəti üçün daha müasir iş şəraitinin yaradılmasına mühüm təsir göstərmişdir. Azərbaycanda mövcud olan əksər dairə və məntəqə seçki komissiyaları ən müasir tələblər səviyyəsində inzibati binalarla təmin olunmuş, bir qismi isə əsaslı təmir edilmişdir. Prezident və parlament seçkilərinin, referendumların, bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən əsas dövlət orqanı olan MSK-nın iyul ayından etibarən yeni binada fəaliyyət göstərməsi bu qurumun fəaliyyətinin daha səmərəli təşkilinə geniş imkanlar açıb. MSK-nın yeni binasının açılışında Prezident cənab İlham Əliyev də iştirak edib və dövlətimizin başçısı seçkilərin demokratikliyinin təmin edilməsi ilə bağlı görülən işləri təqdir edərək deyib: "Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər".

MSK-nın yeni binasında vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarətin artırılmasına, dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinin gücləndirilməsinə, seçki komissiyalarının fəaliyyətinə dair monitorinqlərin aparılmasına daha yaxşı şərait yaradılıb. Seçki komissiyalarının üzvləri üçün ixtisaslaşdırılmış kursların keçirilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi, ölkə elektoratının və digər seçki subyektlərinin məlumatlandırılması, beynəlxalq təşkilatlarla əməkdaşlıq, seçki prosesində aşkarlığın və şəffaflığın təmin olunması üçün binada hər cür şərait var.

Seçicilərlə maarifləndirmə işlərinin aparılması, seçki hüquqları ilə bağlı çoxsaylı sənəd nümunələrinin hazırlanması, seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar yeni üsulların tətbiq edilməsi də son illərdə həyata keçirilən uğurlu tədbirlərdəndir.

Azərbaycanın inkişaf edən seçki sistemində də demokratik ab-havanın, şəffaflığın təmin edilməsi üçün müasir informasiya texnologiyalarının tətbiqi hər zaman diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son prezident seçkilərində ölkəmizin seçki praktikasına daha bir yenilik əlavə edilmişdir. Regionda ilk dəfə məhz Azərbaycanda seçkinin gedişatının internet vasitəsilə birbaşa izlənilməsi sistemi yaradılmışdır. Azərbaycan hakimiyyətinin aşkarlığın daha çox təmin edilməsi üçün bütün təşəbbüslərə, yeniliklərə yüksək həssaslıq nümayiş etdirməsi dünyada təqdir olunur.

Respublikamız növbəti parlament seçkiləri ərəfəsindədir. Bu il üçüncü çağırış Azərbaycan Milli Məclisi səlahiyyət müddətini başa vurur və gələn ay növbəti parlament seçkiləri keçiriləcək. Prezident İlham Əliyevin sentyabrın 3-də imzaladığı sərəncamla Milli Məclisə seçkilər noyabrın 7-nə təyin edilib. Hazırda seçki kampaniyası kifayət qədər demokratikliyi, seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə səciyyələnir. Azərbaycan hökuməti parlament seçkilərində üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. MSK-nın sentyabrın 6-da təsdiq etdiyi Təqvim Planına əsasən, qeydə alınan namizədlər, o cümlədən namizədi qeydə alınan siyasi partiyalar, siyasi patiyaların blokları səsvermə gününə 23 gün qalmış seçkiqabaği təşviqata başlayacaqlar. Seçki kampaniyasının gedişatı Seçki Məcəlləsinə edilmiş son dəyişikliklərin həqiqətən seçki sisteminin təkmilləşdirilməsinə xidmət etdiyini təsdiqləyir.

 

Seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycanda formalaşdırılan demokratik seçki mühitinin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu, həm də onun təsdiqidir ki, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi üçün ölkə rəhbərliyinin güclü siyasi iradəsi var. Seçkilərdə demokratiyanın təmin olunması həm də respublikamızın beynəlxalq aləmdə yerinin möhkəmlənməsində əsas amillərdən biridir. Bu mənada qarşıdan gələn növbəti parlament seçkilərinin ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsinə töhfələr verəcəyi şübhəsizdir.

 

 

Alış QASIMOV,

BDU-nun kafedra müdiri,

hüquq elmləri doktoru, professor

 

Azərbaycan.- 2010.- 9 oktyabr.- S. 3.