TÜRKSOY ölkələrinin
YUNESKO milli komissiyalarının
toplantısı keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının 9-cu zirvə toplantısında Türk Mədəni İrsinin Qorunması Fondunun təsis edilməsi ilə bağlı təklifi tədbir iştirakçıları tərəfindən dəstəklənmişdi. Fondun fəaliyyətə başlaması istiqamətində artıq müəyyən işlər başa çatmaq üzrədir. Bu barədə TÜRKSOY-un Ankaradakı mərkəzi ofisində təşkilata üzv ölkələrin YUNESKO milli komissiyasının toplantısındakı çıxışında YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva məlumat verib. Fondun yaradılmasında məqsəd təkcə türkdilli ölkələrdə deyil, türk toplumlarının yaşadığı bütün ərazilərdə mədəni abidələrin bərpası, onların qorunması, tarixi araşdırmaların müdafiəsidir.
Türkiyə Prezidenti Aparatının baş katibi Mustafa İseni tədbirin açılışı zamanı türkdilli xalqların zəngin mədəni irsinin dünyada təbliği və İSESKO çərçivəsində birgə fəaliyyətinin zəruriliyini xüsusi vurğulayıb.
Toplantıda qeyd edilib ki, Azərbaycanda zəngin tarixi və mədəni irsin qorunması və dünyada tanıdılması, habelə YUNESKO ilə ölkəmiz arasında sıx əməkdaşlıq Heydər Əliyev Fondunun, onun prezidentinin, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə birbaşa bağlıdır.
Tədbirdə o da təəssüf hissi ilə vurğulanıb ki, Azərbaycan bütün dünyada maddi-mədəni irsin bərpasında iştirak etməsinə baxmayaraq, Ermənistanın işğal etdiyi 20 faiz ərazilərimizdə 400-dən artıq qarət olunmuş, ilkinliyini itirmiş, dağıdılmış, məhv edilmiş maddi-mədəniyyət nümunələrini qorumaq, bərpa etmək imkanlarından uzaqdır.
Tədbirdə türkdilli ölkələrin dövlət başçılarının 10-cu zirvə toplantısının yekun Bəyannaməsinə uyğun olaraq həyata keçiriləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
YUNESKO-nun Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan üzrə milli komissiyalarının təmsilçiləri türkdilli dövlətlərin adı çəkilən təşkilatla əməkdaşlığından, TÜRKSOY ilə birgə həyata keçirilən layihələrdən söz açıblar.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2010.- 9 oktyabr.- S. 6.