İqtisadi inkişaf daha dinamik xarakter alır

 

Beynəlxalq Valyuta Fondu cari ilin yekunları üzrə ölkəmizdə ümumi daxili məhsulun artım səviyyəsinin yenə yüksək olacağını bəyan edir

 

İqtisadi artım tempinə görə son bir neçə ildə dünya dövlətlərinin reytinq cədvəlində ilk yerdə dayanan Azərbaycan sözügedən sahə üzrə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirməkdədir. Bunun ən önəmli səbəblərindən biri bazar iqtisadiyyatı prinsiplərinin ölkəmizdə bərqərar olması və inkişaf modelində vacib yer tutmasıdır. Elə bundan irəli gələrək Azərbaycan postsovet ölkələri arasında möhtəşəm bir nailiyyətə imza ataraq iqtisadi sahədə keçid dövrünü ötən il başa vurub və bu, qlobal maliyyə böhranının özünün zirvə nöqtəsinə çatdığı bir dönəmdə baş verib.

 

Bütün bunlar təbii ki, ölkəmizin seçdiyi iqtisadi inkişaf yolunun kifayət qədər düzgün müəyyən olunduğunu, qarşıdakı dövr ərzində də Azərbaycana yeni uğurlar qazandıracağını qətiyyətlə deməyə əsas verir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Ölkə qarşısında duran bütün vəzifələr icra edilir. Keçən il və bu il dünyada hökm sürən iqtisadi və maliyyə böhranı böyük iz qoymuşdur. Buna baxmayaraq, Azərbaycan bu sınaqdan da şərəflə çıxa bilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr, müəyyən edilmiş bütün proqramlar icra olunur. Ölkəmizin hər bir yerində quruculuq-abadlıq işləri aparılır, iqtisadi islahatlar davam etdirilir".

Azərbaycanın həyata keçirdiyi antiböhran tədbirləri, apardığı iqtisadi islahatlar və görülən digər tədbirlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilməkdə, araşdırılmaqdadır. Məsələn, Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmiz üzrə missiyasının rəhbəri Ninke Oomes bildirib ki, ötən il Azərbaycan hökuməti büdcə siyasətində təsirli tədbirlər görərək qlobal böhrana düzgün reaksiya verib, Mərkəzi Bank isə maliyyə sabitliyini uğurla qoruyub. Dünya üzrə ölkələrin iqtisadi inkişafı ilə əlaqədar açıqladığı yeni hesabatında isə Beynəlxalq Valyuta Fondu Azərbaycanla bağlı yenə maraqlı proqnozlar verib. "World Economic Outlook - 2010" adlı hesabatdan aydın olur ki, Azərbaycanda iqtisadi artım Beynəlxalq Valyuta Fondunun cari ilin ilk yarısında verdiyi proqnozlardan fərqli olaraq, daha yüksək həddə olacaq. Xatırladaq ki, bu ilin aprel ayında fond Azərbaycanda 2010-cu ilin iqtisadi yekunları üzrə ümumi daxili məhsulun artımının 2,7 faiz olacağını bildirmişdi.

"World Economic Outlook - 2010" hesabatında isə fond etiraf edir ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ümumi daxili məhsulun artım göstəricisinin daha yüksək olacağından xəbər verir. BVF ekspertləri hesab edirlər ki, bu göstərici 4,3 faizə çatacaq. Lakin ölkəmizdə müşahidə edilən dinamik iqtisadi inkişaf ümumi daxili məhsulun artım göstəricilərinin ilin yekunları üzrə daha yüksək rəqəmlərlə ifadə olunmasını istisna etmir. Bu isə o deməkdir ki, Azərbaycan sözügedən makroiqtisadi göstərici üzrə yenə də dünya dövlətləri sırasında liderlər cərgəsində yer alacaq.

BVF hesabatında cari ilin sonu üçün Azərbaycanda qeydə alınacaq inflyasiya göstəricisinə də nəzər salır. Qurumun ekspertləri hesab edirlər ki, Azərbaycanda qiymətlərin artım səviyyəsi birrəqəmli olacaq və istehlak inflyasiyası 5,5 faiz təşkil edəcək. Bu isə cari il üçün əhalinin nominal pul gəlirlərindən aşağıdır. Belə vəziyyət öz növbəsində əhalinin maddi rifah halının daha da yüksəlməsindən, həyat səviyyəsinin ötən illərlə müqayisədə bir qədər də yaxşılaşmasından xəbər verir. Bununla yanaşı, ölkəmizdə qeyri-neft sektorunun artım tempi, bu sahədə perspektivlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Xüsusən də kimya, alüminium sənayesi, kənd təsərrüfatı kimi mühüm sahələrdə qazanılan nailiyyətlər geniş təqdir olunur.

Sürətli iqtisadi inkişafla yanaşı, Azərbaycanın qanunvericilik bazasının da mütəmadi olaraq təkmilləşdirilməsi beynəlxalq miqyasda müsbət qarşılanır. Bu kontekstdə son günlər diqqəti daha çox cəlb edən hadisələrdən biri Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) Azərbaycanın "xüsusi monitorinq rejiminə" cəlb edilməsinə ehtiyac olmadığı barədə qərar qəbul etməsidir. Ekspertlər Komitəsinin 33-cü plenar iclasında MONEYVAL tərəfindən Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin inkişafı ilə bağlı irəli sürülmüş tövsiyələrin icra vəziyyətinə dair 2010-cu ilin may ayında təqdim olunmuş hesabatı müzakirə olunub. İclasda Azərbaycanı Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyinin də daxil olduğu nümayəndə heyəti təmsil edib. Nümayəndə heyəti tərəfindən Azərbaycanın bu sahədə son nailiyyətləri, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, institusional inkişaf, monitorinq iştirakçıları tərəfindən müvafiq qanunvericiliyin implementasiyası və digər aidiyyəti məsələlər barədə təqdimatlar olub. Nəticədə plenar iclasda Azərbaycanın MONEYVAL-ın "xüsusi monitorinq rejiminə" cəlb edilməsinə ehtiyac olmadığı haqqında qərar qəbul edilib.

Eyni zamanda, MONEYVAL-ın Katibliyi tərəfindən ölkəmizin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilik sisteminin inkişaf modelinin digər dövlətlər tərəfindən nümunə kimi qəbul olunması barədə fikirlər səsləndirilib. İclasda qəbul edilmiş digər əhəmiyyətli qərar isə Moldovanın cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fəaliyyətinə dair tərəqqi hesabatı üzrə Azərbaycanın qiymətləndirici ölkə təyin edilməsi ilə bağlı olub. Bu qərar Azərbaycan dövlətinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin inkişafı istiqamətində gördüyü işlərə, bu sahədə malik olduğu əhəmiyyətli potensiala, o cümlədən ixtisaslı mütəxəssislərin mövcudluğuna görə ölkəmizə beynəlxalq təşkilatlar tərəfindən göstərilən yüksək etimadın daha bir bariz nümunəsidir.

O da məlumdur ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlar daim təkmilləşdirilir, mübarizənin yeni üsul və metodları tətbiq edilir. Buna uyğun olaraq, sözügedən sahədə Azərbaycan Respublikasının qanunvericiliyi də mütəmadi olaraq yeniləşir.

Prezident İlham Əliyevin 2010-cu il 13 avqust tarixli fərmanı ilə cinayət yoluyla əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsini tənzimləyən qanunvericiliyə bir sıra vacib əlavə və dəyişikliklər edilib. Həmin əlavə və dəyişikliklər sözügedən problemə qarşı mübarizənin daha da güclənməsinə imkan verir.

Bütün bunlar sürətli iqtisadi inkişafa malik Azərbaycanın digər sahələr üzrə də böyük nailiyyətlərə imza atdığını və bunun beynəlxalq miqyasda diqqətlə izlənərək təqdir olunduğunu göstərir.

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 10 oktyabr.- S. 1.