Azərbaycanın bölgələri
tərəqqi edir
II Dövlət Proqramının da uğurlu icrası
regionların davamlı inkişafını təmin etmişdir
Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması iqtisadi inkişafa zəmin yaradan başlıca amillərdəndir. Bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, sahibkarlığın inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Ötən dövrün iqtisadi mənzərəsi hökumət qarşısında müəyyənləşdirilmiş strateji vəzifələrin uğurla icra edildiyini deməyə ciddi əsaslar verir. Sosial-iqtisadi nailiyyətlərdən söhbət gedərkən Prezident İlham Əliyevin 6 il əvvəl - 11 fevral 2004-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" aktuallığına, əhəmiyyətinə və miqyasına görə hər zaman xüsusi diqqət mərkəzində olmuş, bu mükəmməl konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir. Dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan vermiş, iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır. Hökumət dövlət proqramı əsasında 2004-2008-ci illər ərzində regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərmiş, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu yeni iş yerinin açılmasını təmin etmişdir. Dövlət proqramı regionların tarazlı inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin həllini özündə ehtiva etmişdir.
Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin növbəti mərhələdə gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən analoji proqramın hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir. Dövlət proqramında, həmçinin, davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.
Dövlət proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün qarşıdakı müddətdə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi; infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi; iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul istehsalının stimullaşdırılması; müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması; əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması; əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi; yoxsulluğun səviyyəsinin azaldılması və digər zəruri tədbirlər nəzərdə tutulur.
2010-cu il martın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunları ilə bağlı keçirilən konfrans respublikamızda bölgələrin inkişafı sahəsində həyata keçirilən tədbirlərin sistemliliyini və səmərəliliyini bir daha təsdiqləyir. Konfransda dövlət başçısı İlham Əliyev II Dövlət Proqramı çərçivəsində ciddi uğurların əldə olunduğunu razılıqla qeyd etmişdir: "Dövlət proqramının birinci ilinin yekunları çox ümidvericidir. Baxmayaraq ki, 2009-cu il bütün dünya üçün çox çətin, ağır il olmuşdur, sınaq ili olmuşdur. Azərbaycan bütün bu çətin sınaqlardan şərəflə çıxa bilmişdir. 2009-cu ildə, bundan əvvəlki illərdəki kimi, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. 2009-cu ildə iqtisadi artım 9,3 faiz təşkil etmişdir. Sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya isə 1,5 faiz olmuşdurE2009-cu il bir daha göstərdi ki, dünyanın neft bazarında baş verən hadisələrdən asılı olmayaraq, Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir".
II Dövlət Proqramında özəl sektorun dəstəklənməsi ilə bağlı nəzərdə tutulan kompleks tədbirlər göstərir ki, dünyada baş verən iqtisadi prosesləri dərindən bilən Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu düzgün dəyərləndirir və onlara hərtərəfli dəstəyini əsirgəmir.
Azərbaycan tarixən arqar-sənaye respublikası kimi tanınmış və ixtisaslaşmışdır. Son illərdə institusional baxımdan torpaq və aqrar islahatlarının uğurla başa çatması, kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanların yaranması qarşıdakı illərdə də sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi ilə səciyyəvi olacaqdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edəcəkdir. Proqrama görə, Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalır. Aqrar bölmənin inkişafı istiqamətləri sırasında aqrar bölmənin normativ-hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi; aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması; aqrar bölməyə maliyyə dəstəyinin artırılması; aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi; aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi; kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması; torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi kimi tədbirlər mühüm yer tutur.
Regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə hesablanan II Dövlət Proqramında qarşıya qoyulan vəziflərin uğurla icra edilməsi bugünku nailiyyətləri şərtləndirmişdir. Əminlikə demək olar ki, proqramın icrasının tam başa çatdırılması regionlarımızın daha da tərəqqisinə gətirib çıxaracaqdır.
E.HACIALIYEV
Azərbaycan.- 2010.- 10 oktyabr.- S. 1.