Naxçıvan folklor mühiti

 

Qədim və zəngin ənənələri olan folklorumuz Anadolu coğrafi regionundan başlayaraq Quzey və Güney Azərbaycanın oğuz ellərində məzmunca rəngarəng, üslub baxımından çeşidli yaradıcılıq ocaqları, mühitləri və məktəbləri yaratmışdır. Bu qaynaqlarda xalqımızın erkən dövr bədii yaradıcılıq nümunələri formalaşmış, yaxın və uzaq ellərə yayılıb nəsillərin yaddaşına həkk edilmişdir. Həmin erkən mədəni dəyərlər torpaqlarımızın əzəli və əbədi sakinləri olan aborigenlərin təkamülün psixoloji dərketmə dövründə yaratdığı gözəgörünmələr, ürəyədamma, qarabasma, eymənmə, göstərmə, nəzər, ruh, yuxu-röya, müdrik deyimlər, inanclar, ovsunlar, fallar, eləcə də psixoloji məqamlarda formalaşdırdığı kiçik janr paradiqmaları ilə zəngindir.

 

Ulu əcdadlarımız uzun tarixi zaman kəsimində yaratdığı bu mədəni dəyərləri özünün yaddaşına ötürmüş, sonralar onu zənginləşdirib, hər iki mərhələdə yaratdığı dəyər toplumunu fasiləsiz transfer yolu ilə bədii düşüncənin yaddaş saxlancına ötürmüşdülər. Beləliklə, xalqlar fasiləsiz olaraq bu yaradıcılıq nailiyyətlərindən özlərinin bədii dəyər yaradıcılığı prosesində sıx-sıx bəhrələnmişdilər. Bu bəhrələnmə iki formada - qlobal və regional qəliblərdə baş vermişdir. Daha qədim tarixi olan xalqlar qlobal, qismən sonrakı mərhələdə formalaşanlar isə regional qəliblərdə öz folklor yaradıcılığını formalaşdıra bilmişlər. Elə xalqlar da olmuşdur ki, onlar hər iki qəlibdə folklor yaradıcılığını inkişaf etdirmişlər. Bunlar dünyanın erkən antropogenez zonalarında yaşayan aborigenlərdir. Onlar fasiləsiz transfer yolu ilə həm qlobal, həm də regional gen yaddaşından bəhrələnməklə öz folklor mühitlərini yaratmış, bu mühitlərdə psixoloji dərketmə məqamlarından başlayaraq ərsəyə gətirdiyi ən qədim bədii paradiqmaları qoruyub saxlayaraq günümüzə gətirib çatdıra bilmişdir.

Belə zəngin yaradıcılıq qaynaqlarından biri də Naxçıvan folklor mühitidir. Onu çoxsaylı milli folklor mühitlərindən ayıran, fərqləndirən bir çox özünəməxsusluqları, fərdi cəhətləri və xüsusiyyətləri var. Bunlar içərisində ən başlıcası şüurlu fəaliyyətə doğru təkamül prosesində olan aborigenlərin erkən psixoloji dərketmə məqamları ilə bağlı yaratdığı ilkin bədii paradiqmalar silsiləsini mühafizəkarlıqla qoruyub saxlaması, bu dövrün yaradıcılıq üslubunun bədii dəyər formatını hifz etməsi və sonrakı inkişaf mərhələsində yaratdığı dəyərlərlə yanaşı şəkildə yaşadaraq hər cür assimillyasiya və deformasiyalardan qoruyaraq günümüzə yetirə bilməsidir. Naxçıvan folklor mühiti milli yaradıcılıq ənənələri ilə zəngin və şöhrətli bir mühitdir. Ona görə şöhrətli deyirəm ki, söz yaradıcılığının və maddi dəyərlərin yaranma və formalaşmasının başlanğıc mərhələsində yaradıb üzə çıxardığı maddi və mədəni dəyərlər toplumu dünyaşöhrətlidir, sivilizasiyanın başlanğıc mərhələsinin yadigarlarıdır...

Gəmiqaya mədəniyyəti abidələrini, Oğlanqala-Gilan tarixi mədəni silsiləsini, sivilizasiyanın bu torpaqda yenidən boy atıb dünyaya səpələnmə həqiqətlərini qoruyub saxlayan "Nuh türbə yadigarı", "Əshabi-Kəhf" dini-mədəni komplekslərini, "İlandağ", "Cinçili", "Gəlin Qaya" abidələrini və onlarla bağlı çoxsaylı əski ağız ədəbiyyatı nümunələri Naxçıvan tarixi-mədəni mühitində hifz edilmişdir.

Azərbaycanda yaranan və zaman-zaman yazıya alınıb nəşr edilən söz sərvətinin qədim dövr Xaldey mədəniyyəti nümunələri ilə forma və məzmunca analoji oxşarlıq zəminində ortaya çıxmış erkən psixoloji dərketmə məqamlarını əks etdirən magik bədii nümunələrin - ovsunların (əfsunların) müqayisəli-tipoloji tədqiqi Naxçıvan folklor mühiti ilə bağlı bir sıra yeni tarixi həqiqətlərin açıqlanmasına imkan verir.

Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında AMEA-nın bölməsinin yaradılması barədə tarixi göstərişindən elə bir uzun zaman keçməmişdir. Ancaq Naxçıvan bölməsinin bazasında təşkil edilmiş elmi-tədqiqat institutlarının son illərdə əldə etdiyi nailiyyətlərdən iftixarla söz açılır. Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov AMEA-nın 2009-cu ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabatında göstərmişdir ki, 2009-cu ildə Naxçıvan bölməsinin tərkibindəki 6 elmi-tədqiqat institutunun 20 şöbə və laboratoriyasında 6 elmi istiqamətdə 6 problemə aid 7 mövzuya daxil olan 34 işin 98 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Bölmədə 275 nəfər əməkdaş çalışır ki, onlardan iki nəfəri akademik, 5 nəfəri müxbir üzv, 7 nəfəri elmlər doktoru, 28 nəfəri elmlər namizədi, 5 nəfəri aspirant, 23 nəfəri dissertantdır. Bölmə əməkdaşlarının 613 əsəri, o cümlədən 14 kitabı, 8 monoqrafiyası, 2 metodik vəsaiti, 6 bukleti, 2 xəritəsi, 554 məqaləsi, 24 tezisi nəşr edilmişdir ki, bunlardan 1 kitab, 126 məqalə, 11 tezis xaricdə çapdan çıxmışdır.

Ötən illərdə bölmənin başqa elmi-tədqiqat institutları kimi, İncəsənət, Dil, Ədəbiyyat İnstitutunun da uğurları ürəkaçandır. Muxtar respublikada milli-mənəvi dəyərlərin öyrənilməsi və təbliği sahəsində aparılan geniş və çoxcəhətli fəaliyyət sahəsində institutda yeni tədqiqat istiqamətləri müəyyən edilmiş və fundamental tədqiqatların aparılmasına başlanmışdır. Xalqımızın milli-mənəvi dəyərlərini dünyaya tanıtmağa yönəlmiş belə istiqamətlərdən biri də folklorşünaslıq şöbəsi tərəfindən öyrənilməkdə olan "Naxçıvan folklor mühiti" problemidir.

Son vaxtlar ölkəmizdə xalqımızın dünəninə, keçmişinə, uzun tarixi zaman ərzində yaratdığı zəngin milli-mənəvi dəyərlərinin öyrənilməsinə diqqətin yüksəldilməsi, onun saxtalaşdırılıb mənimsənilməsinin qarşısının alınmasına yönəlmiş təşəbbüslərin genişlənməsi, milli-mədəni sərvətlərə sahiblik və varislik ruhunun yüksəlməsi bu dəyərləri öyrənməyə marağı artırmışdır. Beynəlxalq aləmdə də maddi və mənəvi dəyərlərimizə diqqətin yüksəlməsi, Qobustan və İçərişəhər abidə komplekslərinin dünya xalqlarının qorunan mədəni irsi siyahısına daxil edilməsi, Gəmiqaya rəsmlərinin dünyanın qədim mədəni dəyərləri içərisində özünə yer tutması, muğam sənətindən sonra aşıq sənətinin və Novruz bayramının beynəlxalq səviyyədə dəyərləndirilməsi, BMT Baş Məclisinin martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi bütün ölkədə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da milli-mənəvi və mədəni-maddi dəyərlərimizi öyrənmək, qoruyub saxlamaq sahəsində qarşıya yeni vəzifələr qoymuşdur. Elə bu məqsədlə ötən il Ali Məclisin Sədri tərəfindən folklor dəyərlərinə qayğı və diqqəti artırmaq üçün xüsusi sərəncam imzalanmışdır. Sənəddə göstərilir ki, "...tarixi mədəni və bədii irsimizin daşıyıcısı olan Azərbaycan xalq yaradıcılığı əsrlər boyu formalaşaraq və inkişaf edərək günümüzə gəlib çatmışdır. Xalqımızın həyatında elə bir əlamətdar hadisə yoxdur ki, o, şifahi yaradıcılıqda, aşıq poeziyasında, xalq musiqisində bu və ya digər dərəcədə öz əksini tapmasın. Dünyanın qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı ən qədim dövrlərdən başlayaraq öz tarixini bu və ya digər şəkildə əks etdirmişdir. Xalqımızın mifoloji bədii düşüncəsinin izləri indi də folklorda özünü büruzə verməkdədir". Sərəncamda ədəbiyyatın müxtəlif çeşidli sahələrinin Naxçıvan folklor mühitində özünü göstərməsindən bəhs edilərək qeyd olunur ki, "xalqımızın müstəqillik dövrünə qədəm qoyduğu indiki şəraitdə xalq yaradıcılığının əsrlər boyu yaratdığı maddi və mənəvi mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların yeni şəraitdə tətbiq və təbliğ edilməsi mühüm əhəmiyyət kəsb edir". Sənəddə muxtar respublikada Novruz bayramı zamanı xalq yaradıcılığı günlərinin keçirilməsi, region folklor materialının yenidən toplanılıb çoxcildliklər şəklində nəşri və Naxçıvan folklor atlasının hazırlanması vəzifələri də qarşıya qoyulur. Burada mühitin çoxsaylı problemlərinin - aşıq sənəti poetik dəyərlərinin yenidən öyrənilməsi, saz havalarının toplanılıb nota salınması ilə yanaşı, mühitdə qeydə alınan nəfəsli və simli musiqi alətləri, eləcə də digər çalğı alətləri və vasitələrinin mənşəyi ilə bağlı tədqiqatların aparılması da vacib hesab edilir. Eyni zamanda, folklor mühiti materiallarının ən son tələblər əsasında yazıya alınıb dünya elmi standartları səviyyəsində tədqiqinin vacibliyi də xüsusi vurğulanır.

Muxtar respublikada artıq folklor mühiti materiallarının toplanması, nəşri və tədqiqi sahəsində yeni mərhələ başlamışdır. Bu sahədə iki istiqamətdə iş aparılır. Birincisi, regionda yayılmış folklor materialları əsasında yeni elmi standartlara cavab verən tədqiqatlar aparmaq, ikincisi isə, regionun bütün folklor ocaqlarının materiallarını yenidən, ən müasir tələblər əsasında yazıya alıb nəşr etmək vacibdir. Qısa müddət ərzində əldə edilən uğurlar ürəkaçandır. Folklor mühitinin materialları üzərində aparılan müxtəlif istiqamətli tədqiqatların nəzəri səviyyəsində yeni bir yüksəliş özünü göstərməkdədir. Öncə mühitin bir çox ənənəvi folklor mətnlərinin saxtalaşdırılıb özününküləşdirilməsinin qarşısının alınması sahəsində ardıcıl iş aparılır. Naxçıvan regionunda yaranıb bütün Azərbaycanda dillər əzbəri olan "Sarı gəlin" xalq mahnısının xalqımızın yüksək əxlaqi dəyərləri əsasında yarandığını əks etdirən, mühüm tarixi faktlara söykənən tədqiqat işi erməni saxtalaşdırıcılarına qarşı kəskin ittiham kimi səslənir. Rəzalətə baxın ki, Xocalı qətliamının təşkilatçılarından biri olan Ermənistan prezidenti S.Sərkisyan "Sarı gəlin"in sədaları altında qonşu türk torpağına ayaq basır, ölkəsinin dövlət himninə etimadsızlıq göstərməklə tarixi saxtakarlığın daha da dərinləşməsinə rəvac verir. Bu isə separatçılığın dövlət səviyyəsində həyata keçirilməsindən başqa bir iş deyildir. Ona görə də belə riyakarlıqların qarşısının alınmasının ən doğru yolu, təbii ki, milli-mədəni dəyərlərimiz barədəki elmi həqiqətləri ortaya qoymaqdır. Nağıllarımızın, əfsanələrin, xalq mahnıları və başqa folklor nümunələrimizin saxtalaşdırılmasına qarşı mübarizəni məhz bu istiqamətdə davam etdirmək, saxtalaşdırıcıların mənfur əməllərini elmi əsaslarla dünyaya çatdırmaq çox vacibdir.

Bu gün AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklor şöbəsində qarşıda duran vəzifələrin həyata keçirilməsi sahəsində geniş iş gedir. Şöbənin müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Cəfərli, folklorşünas alim Rafiq Babayev, AMEA-nın müxbir üzvü Ə.A.Quliyev Naxçıvan folklorunu yeni toplama materialları əsasında nəşrə hazırlamaqdadırlar. Artıq yeni tərtib prinsipləri əsasında "Naxçıvan folklor antologiyası"nın ilk cildi işıq üzü görüb ("Naxçıvan folkloru", I cild, Naxçıvan, 2010, 510 s.). Sonrakı cildlərin nəşrə hazırlanması üzərində də iş gedir. Toplanılıb nəşr olunan materialların ən yeni metodlarla tədqiqi sahəsində araşdırma işləri də professor M.Cəfərlinin rəhbərliyi altında davam etdirilməkdədir. Təkcə onu qeyd etmək gərəkdir ki, tədqiqatçı alım son illərdə mühitin materialları əsasında özünün iki dəyərli tədqiqat əsərini başa çatdırıb nəşr etdirmişdir. Onlardan biri türk dilində qardaş ölkədə nəşr olunmuşdur: "Məhəbbət dastanlarının poetikası" (Ankara, 2007), ikincisi isə dastan yaradıcılığının aktual problemlərini əhatə edən "Məhəbbət dastanları" əsəridir.

Naxçıvan folklor mühitində diqqəti cəlb edən yaradıcılıq sahələrindən biri də aşıq sənətidir. Regionda çox qədimdən yaranıb yayılan aşıq sənətini son dövrlərdə ağız ədəbiyyatının bir sıra başqa yaradıcılıq nümunələrini üstələməsi hiss edilməkdə idi. Xeyli əvvəl muxtar respublikanın Aşıqlar Birliyinin təşkili bu sahədə də böyük dönüş yaratmışdır. 24 yaradıcılıq ocağının ustad sənətkarlarını birləşdirən birlik qısa müddətdə mühitin zəngin aşıq repertuarını bərpa etmiş və aşıq sənətini dünyada təbliğ edən mərkəzlərdən birinə çevrilmişdir.

Muxtar respublikada maddi və milli-mənəvi dəyərlərin öyrənilməsi sahəsində görülən işlər günü-gündən genişlənir. Regionun ən qədim aborigenləri tərəfindən yaranmış və günümüzə qədər gəlib çatmış nadir folklor incilərinin forma, məzmun, sənətkarlıq baxımından olduğu kimi, qədim dünya xalqlarının yaradıcılıq ənənələri ilə müqayisəli şəkildə öyrənilməsinə xüsusi ehtiyac duyulur. Naxçıvan folklor mühitində dünyanın beş antropogenez zonasından biri olan regionda yaranan ibtidai insana məxsus düşüncəni əks etdirən erkən folklor paradiqmaları, vahidləri özünü qoruyub saxlamış və onlar günümüzə qədər gəlib çatmışdır. Onların bir çoxu regionda tarixi təkamül mərhələsi keçmiş erkən sivilizasiya dəyərlərini yaradan soydaşlarımızın - tarixi aborigenlərin dünyanın dərki mərhələsində həyat, məişət, əxlaq və ictimai fikir tarixinin silsilə sirlərindən soraq verir. Bu mədəni dəyərlərin əsaslı şəkildə toplanıb araşdırılaraq yaxın gələcəkdə dünyaya təqdim ediləcəyinə dərin ümid bəslədiyimdən mühitin perspektivləri və öyrənilmə istiqamətləri barədə bəzi mülahizələrimi bildirməyi də vacib hesab edirəm.

Naxçıvan folklor mühiti materialları üzərində apardığım çoxillik müşahidələr, müxtəlif dövrlərdə bölgənin Ordubad, Şahbuz, Culfa rayonlarında və digər qəsəbə və kəndlərində keçirdiyim elmi və fərdi ekskursiyalar belə bir qənaəti təsdiqləməyə əsas vermişdir ki, Naxçıvan regionu bütövlükdə dünya xalqlarının folklor yaradıcılığının erkən ocaqlarından biridir. O, eyni zamanda milli ictimai məntiqin və fəlsəfi fikrin ana qucağı, tükənməz məcrasıdır. Onun tarixi barədəki həqiqətləri akademik İsa Həbibbəylinin "...ədəbi düşüncə tarixinin az qala insanlığın yaranma tarixi ilə üst-üstə düşməsi" barədəki mülahizələri, eləcə də bir çox ədəbi-mədəni və tarixi mənbələr təsdiqləyir.

Naxçıvan folklor mühitinin indiyədək yazıya alınan və hələlik şifahi yaddaşda yaşamaqda olan materiallarının böyük bir qismi ibtidai insanın psixoloji dərketmə mərhələsində, fərd-kollektiv yaradıcılıq prosesindən çox-çox əvvəlki dövrdə meydana gəldiyini təsdiqləməyə əsas verir. Həmin mərhələdə bədii düşüncənin bütün paradiqmaları və bədii vahidləri isə daha erkən dövrlərə məxsus fərdi yaradıcılıq formatıdır və onların həmin qəlibdə folklor yaradıcılığının başlanğıc mərhələsi kimi öyrənilməsi hələ öz tədqiqini gözləyir.

Dünya xalqlarının yaratdığı ən qədim mif modellərinin qaynaqlarından biri də Naxçıvan folklor mühitidir. Həmin modelin ən erkəni və mükəmməli, sadəsi və mürəkkəbi bu mühitdə yaranıb yayılmış və günümüzə qədər özünü yetirə bilmişdir. Bu mifoloji düşüncə modeli Yunan-Egey, Misir və İkiçayarası ərazilərdə yaranmış mif düsturlarından xeyli əvvəlki dövrlərdə yaranıb meydana çıxmışdır.

Və nəhayət, regionun folklor atlasını nəşrə hazırlamaq istəyən həmkarlarımın diqqətini başqa mühüm bir məsələyə də cəlb etmək istərdim.

Unutmaq olmaz ki, regionda yayılan folklor nümunələrinin hər biri yaranma dövrü və janrlaşma səviyyəsindən asılı olmayaraq milli təfəkkürümüzün məhsuludur, Azərbaycan dilində yaranmışdır. Onlar Təbrizdə, Sərabda, Şirvanda, Dərbənddə, Borçalıda, Qarabağda, Şəkidə və başqa bölgələrdə də yayıla, müxtəlif variantlarda yaşayaraq toplayıcılar tərəfindən qeydə alınıb nəşr edilə bilər. Məsələn, miflər, ovsunlar (əfsunlar), erkən magik mətnlər, alqışlar, qarğışlar, inanclar, yuxular və başqa kiçik janr paradiqmaları kimi. Odur ki, həmin bədii dəyərlərin toplandığı yeni nəşrlərdə - toplu, antologiya və folklor atlaslarında bu bədii nümunələrin yayılma arealı, toplanma və nəşr rəngarəngliyi barədə məlumatların, pasport göstəricilərinin əksini tapması əhəmiyyətli olardı. Bu isə bütövlükdə Azərbaycan folklorunu qonşularımızın qəsdlərindən, saxtalaşdırılıb özününküləşdirməsindən xeyli qoruyar, zəngin milli-mədəni sərvətimizi qloballaşmaqda olan dünyaya daha mükəmməl və dürüst ünvanlarda təqdim etməyə, azərbaycançılığı geniş ölçü və qəliblərdə tanıtmağa imkan verərdi.

 

 

Azad NƏBİYEV,

Azərbaycan Milli Elmlər

Akademiyasının müxbir üzvü

 

Azərbaycan.- 2010.- 10 oktyabr.- S. 7.