Azərbaycan Prezidenti İlham Əliyev İranın xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi heyəti qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də İran İslam Respublikası xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mohamməd Mehdi Axundzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Prezident İlham Əliyev Mohamməd Mehdi Axundzadəni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etməsinin Xəzərlə bağlı məsələlərin də həllinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirdi. Xəzəryanı ölkələrin Bakıda keçiriləcək zirvə görüşünə toxunan Prezident İlham Əliyev bu sammitin nəticələrinin müsbət olacağına əminliyini ifadə etdi.

İran İslam Respublikası xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mohamməd Mehdi Axundzadə Prezident Mahmud Əhmədinejadın və İran xalqının salamlarını dövlətimizin başçısına çatdırdı. O, yeni vəzifəyə təyin olunandan sonra ilk səfərini Azərbaycana etməsindən fəxr hissi keçirdiyini dedi.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 12 oktyabr.- S. 1.